Məhkəmə qərarları › İş №e-2(008)-7240/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-7240/2025

13.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-7240/2025 13.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Rəhmanova Ləman Rizvan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2 qarşı “kreditin və ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1, Cavabdeh2 qarşı “kreditin və ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 19 oktyabr 2013-cü il tarixli, BAL1416925/13 saylı müqaviləyə əsasən 498.77 manat əsas cəmi 498.77 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, BAL1416925/13 saylı müqaviləyə əsasən 1000 manat məbləğində kredit verilmişdir. Hazırda mərhum X1 banka 498.77 manat borcu vardır. X3 29 dekabr 2015-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 4 saylı “ASAN xidmət” notariat qurumunun verdiyi şəhadətnaməyə əsasən cavabdehlər borclu X1 vərəsələri olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında onlara keçmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmuna uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir (qəbzin nömrəsi: **********). - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli BAL1416925/13 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən X2 1000 manat məbləğində bolkart kartı vasitəsilə kredit verilmişdir. X3 kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - xx.xx.2013-cü il tarixli məxaric orderindən görünür ki, X3 bank tərəfindən verilmiş 1 ədəd bolkart kartını təhvil almışdır. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X1 xx.xx.2013-cü il tarixli kart kredit müqaviləsinə əsasən 498.77 manat borcu vardır. - xx.xx.2016-cı il tarixli 2V-398 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi Cavabdeh1 və Cavabdeh2dır və onların hər biri miras əmlakdan bərabər hissələrdə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 30.25 kv.m olan 2 otaqlı mənzildən ibarətdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında xx.xx.2013-cü il tarixli BAL1416925/13 nömrəli kart kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən X2 1000 manat məbləğində kredit verilmişdir. X3 krediti müqavilədə göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. X3 xx.xx.2015-ci il tarixdə ölmüş və sonuncudan qalmış miras əmlaka dair Cavabdeh1 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hazırda iddiaçı yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə ödənilməmiş borcu X1 vərəsələri – hazırkı iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin X3 xx.xx.2015-ci il tarixdə ölmüş, bu səbəbdən kredit öhdəlikləri icra edilməmişdir. X1 kreditoru olan iddiaçı qarşısında onun vərəsələri – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məsuliyyət daşıdığından, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun ödənilməsini vərəsələrdən tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, mövcud şəraitdə iddianın təmin edilməsinə mane olan hal yoxdur, işdə olan sübutlar əsasında qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2013-cü il tarixli BAL1416925/13 nömrəli kredit müqaviləsi üzrə 498.77 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2013-cü il tarixli BAL1416925/13 nömrəli kredit müqaviləsi üzrə 498.77 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar