Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-7252/2024 24.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh X3 iştirakları ilə, İddiaçı Cavabdeh X5 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 13500 manat məbləğində pulun və 130,5 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X6 ilə 2020-ci ildə Bakı şəhərində tanış olmuşdur. Cavabdeh Qazaxstan Respublikası vətəndaşı olmaqla Azərbaycan Respublikasında Daimi yaşamaq icazəsi var. 2023-cü ilin təxminən əvvəlində cavabdeh bildirdi ki, o, elektron ticarətlə məşğuldur və bu sahədə yaxşı gəlir əldə etmək olar, iddiaçıya təklif etdi ki, ona müəyən məbləğdə pul versin, o da ticrarətini böyüdüb daha çox gəlir əldə etsin, bunun müqabilində iddiaçıya da gəlir versin və istənilən vaxtı iddiaçının ona verdiyi pulu geri qaytarsın. Bununla əlaqədar iddiaçı ona 2023-cü ilin aprel ayında 30000 manat pul verdi, may ayından 2023-cü ilin noyabr ayı qarışıq o, hər ay 1000 manat civarında qazanc verdi, həmçinin 3500 manat əsas məbləğdən qaytardı və iddiaçının onda 26500 əsas məbləğim qaldı. Bundan sonra 2023-cü ilin dekabr ayında o, bildirdi ki, onun hesabından ana məbləğ, yəni 26500 manat oğurlanıb və xahiş etdi ki, ondan qazanc istəməsin və o qısa müddətdə həmin əsas məbləği düzəldib qaytaracaq. Bundan sonra o, M10 vasitəsilə xx.xx.2024-cü ildə 500 azn və 500 azn, xx.xx.2024-cü ildə 800 azn və 200 azn, xx.xx.2024- cü ildə 3500 azn, xx.xx.2024-cü ildə 7500 azn cəmi 13000 manat qaytarmış, 13500 manat isə borclu qalmışdır. Dəfələrlə ondan qalan 13500 manat borcu istəsə də, o, bu günədək həmin borcu qaytarmamışdır. Bununla əlaqədar iddiaçı polis orqanına müraciıt etmiş, orada araşdırma aparılmış və mənə cavab verilmişdir ki, mübahisə mülki xarakterlidir. Polisə aparılan araşdırma zamanı cavabdeh güya iddiaçya olan borcunu tam qaytardığını qeyd etmişdir, halbuki bu yalandır. Cavabdeh iddiaçı ilə arasında olan digər hesablaşmaları əsas götürərək hesab edir ki, borcu qalmamışdır, halbuki onun izahatında qeyd etdiyi məbləğlərin sırf ona verdiyi 30000 manata aidiyyəti yoxdur. Belə ki, cavabdeh özü xx.xx.2024-cü il tarixdə vatsap vasitəsilə yazaraq 13500 manat borcu olduğunu etiraf etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X6 iddianı qəbul etməyərək qeyd etdi ki, onun iddiaçıya təxminən 2000 manatdan biraz çox borcu var, xahiş edir iddia qismən təmin edilsin. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. İddiaçı ilə cavabdehin arasında hər hansı müqavilə münasibətləri olmamışdır. Hazırki mübahisə ilə əlaqədar İddiaçı müraciəti əsasında Nəsimi rayon Polis İdarsinin 20-ci PŞ-nin təhqiqatçısı Z.H.Quliyev tərəfindən araşdırma aparılmış, xx.xx.2024cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Təhqiqaq araşdırması zamanı izahatı alınmış X6 bildirmişdir ki, 2023-cü ilin mart ayında dostu İddiaçı onun kriptovalyuta alveri ilə məşğul olmağını və pul qazanmağını görüb özü ona təklif etmişdir ki, onun pulunu da krirptovalyuta birjasında hərracda istifadə etsin və pul qazansın. Onunla razılaşmış və bu alverin risqləri barədə onu məlumatlandırmışdır. İddiaçı bütün şərtləri bilib və qəbul etdiyi üçün 2023-cü ilin mart ayında ünvan 1 ünvanında yerləşən birgə işlədikləri telefon satışı və təmiri yerində Samirdən 30000 manatı qəbul etmişd, razılaşmaya görə İddiaçı qazanc nə qədər olsa, hər ay hesablayıb verməli, istədiyi vaxt isə əsas məbləğini qaytaracağını demiş, həmin pulu işə yatırmış və mart ayının sonundan başlayaraq qazanc qaytarmış, hər ay Samirə 1200 manatdan az olmayan məbləğdə ödənişlər etmiş, həmin ödənişləri M10 hesabı ilə və nağd olaraq Samirə vermiş, ümumilikdə həm qazanc, həm də əsas məbləğ də daxil olmaqla Samirə 45100 manat qaytarmış və həmin pulun qəbzinin surətlərini təhqiqata təqdim etmişdir. İddiaçı bəzən özünün vacib işi olmasını deyib, qazancdan əlavə də əsas pulundan qaytarmağını demiş və ona pul göndərmişdir. 2023-cü ilin dekabr ayında hesabından onlayn qaydada 30000 manat pul oğurlandığı üçün işində problem yaranmış və Samirə ödəniş edə bilməmiş, baş vermiş oğruluqla bağlı hazırda DİN BMCMİ-də müraciəti araşdırılır. Oğurluq baş verən zaman Samirin onda təxminən 20000 manatdan bir az atrıq pulu olmuş, oğurluq barədə Samirə məlumat vermiş, hadisədən sonra isə ona əsas məbləğindən 12000 manatını qaytarmış, hazırda Samirə pul borcu qalmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş votsap yazışmadan görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixdə «Samirə borcum: 26500-500-500-800-3500-7500+13500 manat» məzmunda bildirişi iddiaçıya göndərmişdir. İddiaçı həmin köçürmələri təsdiq edən ödəniş qəbzlərini məhkəməyə təqdim etmişdir. Cavabdeh tərəfindən eyni votsap səhifəsi təqdim edilmiş, lakin sonradan əlavə 1000 manatı da qaytardığına dair bildiriş göndərmişdir. Bu yazıdan sonra hər iki tərəfin bildirdiyinə görə iddiaçı səsli mesajla əlavə 1000 manatın ona qaytarılmadığını bildirmişdir. Hər iki tərəf bunu etiraf etdiyinə görə məhkəmə həmin səsli mesaja qulaq asmağı zəruri hesab etməmişdir. Cavabdeh PashaPay vasitəsilə öz telefonundaki hesabdan iddiaçının telefonundakı hesaba elədiyi pul göndərişləri barədə çıxarışı məhkəməyə təqdim etmişdir. Həmin çıxarışdan ödənişlərin 2022-2023-cü illər ərzində edildiyi görünür. Hazırda iddiaçı 13500 manatın ona geri qaytarılmasını istəyir. Məhkəmə baxış iclasında cavabdeh 2000 manatdan biraz çox borcunu etiraf etsə də, məhkəmə hazırlıq iclaslarında iddiaçıdan götürdüyü pulu artıqlaması ilə ona qaytardığını bildirmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qanuni və əsaslı olduğu qənaətinə gəlmişidr. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Qeyd edildiyi kimi, tərəflərin arasında rəsmi müqaviləsi olmamışdır. Hazırki işin mübahisəsiz halları (hər iki tərəf təsdiq etdiyinə görə) ondan ibarətdir ki, iddiaçı 2023-cü ildə cavabdeh qazanc əldə etmək məqsədilə 30000 manat pul vermiş, cavabdeh həm qazanc, həm də əsas məbləğdən iddiaçıya müəyyən ödənişlər etmiş, 2024-cü ilin mart ayında cavabdehin iddiaçıya 13500 manat məbləğində borcu qalmışdır. Cavabdeh bütün borcu qaytardığını iddia etsə də, buna dair sübut məhkəməyə təqdim etməmişdir. Cavabdehin verdiyi izahatlar ziddiyyətli olmuş və hər hansı sübutla təsdiq edilməmişdir. Məhkəmə qeyd etmək istəyir ki, cavabdeh hətta polisə verdiyi izahatda oğurluq baş verən zaman Samirin onda təxminən 20000 manatdan biraz atrıq pulunun qaldığı, hadisədən sonra isə ona əsas məbləğindən 12000 manatının qaytardığı, hazırda Samirə borcunun qalmadığını bildirərək də ziddiyətli məlumat vermişdir. Belə ki, 20000 manatdan atrıq puldan 12000 manatının qaytardığı təqdirdə 8000 manatdan artıq borcun qaldığı müəyyən edilir, cavabdeh isə borcun qalmadığını bildirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı cavabdeh X4 hərəkətləri nəticəsində 13500 manat məbləğində zərərə düşmüş, nəticədə cavabdeh X6 həmin məbləğdə əsassız varlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etsin. Bu mənada birgə cavabdehlər torpaq üzərində mülkiyyət hüquqları (sənədləri) olmadan iddiaçının hesabına pul (əmlak) əldə etmişlər. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı eyni zamanda 130,5 manat dövlət rüsumunun tutulmasını istəyir. Məhkəmə hesab edir ki, həmin rüsum cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə işin faktiki hallarına və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməli,cavabdehdən iddiaçının xeyrinə 13500 manat pul və 130,5 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X2 13500 manat pul və 130,5 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-7252/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-7252/2024
24.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver