Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-761/2023 01.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan qeyriqanuni istifadəyə görə hesablanmış 6121,99 manat məbləğində dəymiş ziyan, 2509,95 manat debitor borcu və 106,32 manat dövlət rüsumu olmaqla, cəmi 8738,26 manat məbləğində pul vəsaitinin məcburi qaydada tutularaq, İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı aralarında bağlanmış xx.xx.2013-cü il tarixli “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Müqavilədə qeyd olunan ünvana İddiaçı tərəfindən **********00001 nömrəli abonent kodu verilmişdir. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin və Qazdan istifadə qaydalarının 6.5-ci bəndlərinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz sayğacına müdaxilə edilməsi faktı aşkar olunmuş, qeyd olunan faktla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar əsasında cəmi 6121,99 manat dəymiş ziyan, 2509,95 manat isə debitor borcu hesablanmışdır. Cavabdeh ziyan məbləğini ödəmədiyindən məhkəməyə müraciət olunmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş olunmuşdur. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, məhkəmədən təmin edilməsini xahiş etdi. Cavabdeh, məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, faktiki olaraq 11 ildir ki, yoldaşından ayrı yaşayır, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən isə rəsmi ayrılmışdır. Barəsində aktların tərtib edildiyi ünvan 1 ünvanında yaşamır. Hətta bununla bağlı İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamentinə ərizə belə ünvanlamışdır. Ona görə də, hesab edir ki, hazırkı iddiaya cavab verməli olan şəxs o deyildir, ona görə də, iddianın rədd olunmasını xahiş edir. Məhkəmə proses iştirakçılarını izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013cü il tarixli, “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən, paylayıcı həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2013-cü il tarixdən xx.xx.2020-ci il tarixədək tərtib edilmiş çoxsaylı aktlardan görünür ki, ünvan 1 ünvanında yerləşən evə baxış keçirilərkən, abonentin təbii qazdan qeyriqanuni sayğacdan kənar istifadə etməsi aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamələrə əsasən cəmi 6121,99 manat dəymiş ziyan məbləğləri hesablanmışdır. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, X3 ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsində bağlanmış 43 nömrəli akt qeydli nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü İlknur və xx.xx.2011-ci il təvəllüdlü Nuray adlı uşaqlarının ananın yanında saxlanmaları qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir Rayonu İcra Hakimiyyəti başçısının Şəmkir şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli arayışından məlum olur ki, Cavabdeh, ünvan 3 ünvanında qeydiyyatdadır, 2012-ci il tarixdən hal-hazıra kimi həmin ünvanda yaşayır. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını, iş materiallarını və qanuni əsaslarını araşdırıb. aşağıdakılara əsasən hesab edir ki, iddianın haqlı sayılması və təmin edilməsi üçün əsas yoxdur. Çünki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Məhkəmə vurğulayır ki, şəxsin delikt normaları çərçivəsində məsuliyyət daşıması üçün tələb olunan zəruri şərtlərdən biri də səbəbli əlaqədir. Səbəbli əlaqə dedikdə, həyat təcrübələrinə görə bir əməlin hadisələrin normal axışında meydana gətirə biləcəyi zərərlərlə olan məntiqi əlaqə zənciri başa düşülür. Məntiqi əlaqə zənciri (bağı) içərisində bir səbəbin zərəri meydana gətirməyə uyğun bir səbəb olub-olmadığı araşdırılmalıdır. Zərərlə əməl arasında uyğun səbəbli əlaqə bağının varlığını qəbul edə bilmək üçün həyat təcrübələrinə görə hadisələrin normal axışında əməlin bu zərəri meydana gətirə biləcəyi nəticəsinə gəlmək lazımdır. Bu zaman önəmli olan, əməli törədən şəxsin nəticələri əvvəlcədən görə bilməsi deyil, obyektiv olaraq hərəkətin həmin zərəri (nəticəni) meydana gətirə biləcəyinin hadisələrin normal axışına görə qəbul edilməsidir. Lakin, hazırkı işdə davamlı olaraq deliktin – təbii qazdan qeyri-qanuni şəkildə istifadə faktının məhz Cavabdeh tərəfindən törədilməsi halı iddiaçının məhkəməyə təqdim etdiyi və məhkəmə tərəfindən araşdırılmış sübutlarla öz təsdiqini tapmamış, orada göstərilənlər sübuta yetirilməmişdir. Buna görə də, iddia tələbi dəymiş maddi ziyana görə hesablanmış pul məbləğinin ondan tutulması hissəsində təmin edilə bilməz. Eyni zamanda, Cavabdeh 2012-ci ildən bəri ünvan 1 ünvanında yaşamaması mövcud iş materialları ilə təsdiqləndiyindən, sözügedən ünvan üzrə yaranmış sərfiyyat borcu da cavabdehdən tələb edilə bilməz, ona görə iddia göstərilən hissədə də rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 106,32 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və iddianın təmin edilmədiyini nəzərə alaraq hesab edir ki, 106,32 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddaçı İddiaçınə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-761/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-761/2023
01.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver