Məhkəmə qərarları › İş №e-2(008)-789/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-789/2024

24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-789/2024 24.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Ağayeva Səmayə Əbdürəhim qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 4214,24 manat əsas, 62,15 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Sabunçu filialı ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********48 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən X4 48 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə hesablanmaqla, 4300 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 2.1ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Borclu X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 16 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən X3 vərəsəsi Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2023-ci il tarixli maliyyə arayışına əsasən, X3 Banka ödənilməmiş qalan 4214.24 manat əsas borcu qalmışdır. Cavabdeh- X3 vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını, iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından müəyyən olunur ki, "xxxx" ASC ilə X2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya illik 18 % faiz dərəcəsi ilə 48 ay müddətinə 4300 manat məbləğində kredit vermişdir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh X2 arasında xx.xx.2020-ci il tarixli kredit müqaviləsi bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, X1 "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixə 4214,24 manat borcu vardır. İş materiallarına əlavə edilmiş iddiaçı "xxxx" ASC-nin Cavabdeh ünvanladığı bildirişdən görünür ki, cavabdehə bank tərəfindən müqavilə üzrə yaranmış kredit borcu barədə xəbərdarlıq olunaraq həmin borcun ödənilməsi üçün vaxt verilmiş, lakin cavabdeh, ona edilmiş xəbərdarlığa baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4 və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinin məzmunundan görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə görə, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən isə, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Rerspublikası Konstitusiya Məhkəməsinin 04 iyun 2018-ci il tarixli qərarında göstərilir ki, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 62,15 manat məbləğində dövlət rüsumu və xidmət haqqına görə 0,40 manat ödənilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 62,15 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq, iddia tələbi təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 4214,24 (manat əsas, dövlət rüsumuna görə ödənilmiş 62,15 manat, xidmət haqqına görə ödənilmiş 0,40 manat məbləğində pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 4214,24 (dörd min iki yüz on dörd manat, iyirmi dörd qəpik) manat əsas, dövlət rüsumuna görə ödənilmiş 62,15 (altmış iki manat, on beş qəpik) manat, xidmət haqqına görə ödənilmiş 0,40 (qırx qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar