Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-79/2023 06.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Polad-zadə Tahir Əhəd oğlunun iştirakı ilə İddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” KB-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB Cavabdeh 1754 manat məbləğində əsas borc, 1871.93 manat məbləğində faiz borcu, 2051.60 manat məbləğində cərimə borcu, ümumilikdə isə 5676.99 manat məbləğində pulun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı arasında xx.xx.2012-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/5227/12 saylı müqavilə bağlanmış və Kredit Müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 25 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 1754 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində onun xx.xx.2018-ci il tarixinə banka 1754 manat məbləğində əsas borc, 1871.93 manat məbləğində faiz borcu, 2051.60 manat məbləğində cərimə borcu, ümumilikdə isə 5676.99 manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 iddianı qəbul etmədiyini, ümumiyyətlə pulun onun oğlu tərəfindən götürülmədiyini bildirmişdir. O, həmçinin bildirir ki, kredit müqaviləsinin bağlanması tarixinə yaxın ərəfədə oğlunun şəxsiyyət vəsiqəsi itmişdir və güman edir ki, onun adından müqavilə bağlanıb. O, oğlunun pulu almadığını bildirmiş və iddianın rədd olunması barədə qətnamə qəbul ediməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmənin hazırlıq iclasda iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini, onlarda olan bütün sənədlərin məhkəməyə tədqim olunduğunu, məxaric erderini isə təqdim edə bilmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli, 1xx/xx/5227/12 nömrəli kredit müqaviləsindən görünür ki, kreditor borcalana 24 ay müddətinə 1754 manat məbləğində kredit verir. İşin mübahisələndirilən halı tərəflər arasında bağlanmış müqavilənin həqiqətən də cavabdeh tərəfindən bağlanması və pul məbləğinin cavabdehə verilib verilməməsidir. Belə olan halda sübutetmə yükü iddiaçının üzərinə düşür və pulun alınmasına dair məhkəməyə hər hansı sübut təqdim olunmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iclasında borcun cavabdehə verilməsini hər hansı şəkildə sübüt edən kassa məxaric orderi və ya Cavabdeh pulun verilməsi ilə bağlı onun imzası olan heç bir sənədin iddiaçıda olmadığı müəyyən olunmuşdur. Halbuki, kredit müqaviləsinə əsasən cavabdehin bank qarşısında öhdəliyi məhz kredit müqaviləsində qeyd olunan pul məbləğinin ona verilməsindən sonra yaranır. Pulun ona verilməsini təsdiq edən əsas sənəd isə məhkəməyə təqdim olunmamışdır. Belə olan halda iddia tələbi təmin olunmamalıdır. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi edilmədiyindən 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutula bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin omdığına göə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” KB-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia tələbi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №e-2(008)-79/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-79/2023
06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver