Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-8125/2025 12.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Mehtiyev Əli Fikrət oğlunun katibliyi, İddiaçı LPO Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı LPO Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının Cavabdeh qarşı "xxxx" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: l. İşin mahiyyəti: İddiaçı LPO QCS “Bank Standard” KB-nın Cavabdeh qarşı "xxxx" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə, Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/114738/15 nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 1748,79 (bir min yeddi yüz qırx səkkiz manat, 79 qəpik) manat məbləğində əsas borc, 98,22 (doxsan səkkiz manat, 22 qəpik) manat məbləğində faiz borcu, 608,16 (altı yüz səkkiz manat, 16 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faiz məbləği ümumilikdə isə 2455,17 (iki min dörd yüz əlli beş manat, 17 qəpik) manat məbləğində pulun və 44,56 (qırx dörd manat, 56 qəpik) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC “Bank Standard” KB (bundan sonra – İddiaçı) ilə Cavabdeh (bundan sonra – Cavabdeh) arasında 03 iyul 2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/114738/15 nömrəli müqavilə (bundan sonra – Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə illik 28 (iyirmi səkkiz) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. Lakin, cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehin xx.xx.2024-cü il tarixinə Banka 1748,79 (bir min yeddi yüz qırx səkkiz manat, 79 qəpik) manat məbləğində əsas borc, 98,22 (doxsan səkkiz manat, 22 qəpik) manat məbləğində faiz borcu, 608,16 (altı yüz səkkiz manat, 16 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faiz məbləği ümumilikdə isə 2455,17 (iki min dörd yüz əlli beş manat, 17 qəpik) manat məbləğində borcu qalmışdır. ll. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən LPO QCS “Bank Standard” KB-nın-nin nümayəndəsi X2 bankın ləğv prosesində olması ilə əlaqədar vətəndaşların mövcud kredit öhdəliklərinin hansı qaydada ödənilməsi ilə bağlı maraq göstərmədiklərini və bu məsələni aydınlaşdırmaq üçün özlərinin banka müraciət etməli olduqlarını bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh kredit öhdəliklərini indiyədək vaxtında və gecikmə olmadan yerinə yetirdiyini, bankın ləğv prosesində olması səbəbindən ödəniş mexanizmi barədə məlumatı olmadığını, lakin mövcud kredit borcunu hazırda ödəməyə tam hazır olduğunu məhkəmənin diqqətinə çatdırdı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. lll. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş 3 iyul 2015-ci il tarixli 1xx/xx/114738/15 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, LPO QCS “Bank Standard” KB tərəfindən Cavabdeh həmin sənədlərə əsasən Bank tərəfindən illik 28 (iyirmi səkkiz) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş arayışa əsasən xx.xx.2024-cü il tarixində Cavabdeh ilə, QSC “Bank Standard” KB arasında bağlanmış 3 iyul 2015-ci il tarixli 1xx/xx/114738/15 nömrəli kredit müqaviləsi üzrə 1748,79 (min yeddi yüz qırx səkkiz manat 79) qəpik əsas borc, 608,16 (altı yüz səkkiz manat 16 qəpik) gecikdirilmiş vaxt üçün borc yaranmışdır. İş materiallarına əlavə olunmuş CBAR.AZ internet səhifəsində problemli kreditlərin sorğulanması xidmətindən istifadə edərək əldə olunmuş problemli kreditlərin kompensiyasiyası haqqında məlumata əsasən Cavabdeh kredit borcunun restrukturizasiya məbləği 1748,79 manat müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş 2 fevral 2016-cı il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh borca görə öhdəliklərin icrasının həyata keçirməsi qanunla müəyyən olunmuş qaydada tələb olunmuş, müqavilə üzrə öhdəliklərini icra etmədiyi təqdirdə qanunla müəyyən olunmuş qaydada məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. lV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Göründüyü kimi bank kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin tələblərinə görə bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Odur ki, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə hesab edir ki, sadalanan qanunvericilik normalarına əsasən, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, gecikdirilmiş vaxt üçün hesablanmış illik faiz məbləği borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, kredit alanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə Banklara tövsiyyə edilmişdir ki: 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.
8. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün: 8.1. fiziki şəxslərin xarici valyutada 10 000 (on min) ABŞ dollarınadək və ya milli valyutada 17 000 (on yeddi min) manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.2. 10 000 (on min) ABŞ dollarınadək və ya 17 000 (on yeddi min) manatadək məbləğ dedikdə müvafiq olaraq 10 000 (on min) ABŞ dollarının və ya 17 000 (on yeddi min) manatın da daxil olduğu məbləğ; 8.3. bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.4. bank dedikdə banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla); 8.5. ləğvetmə prosesində olan bank dedikdə ləğvetmə prosesində olan banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla); 8.6. vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar; 8.7. restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi; 8.8. güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər; 8.9. faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi; 8.10. məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, CBAR.AZ internet səhifəsində təqdim olunan “problemli kreditlərin sorğulanması” xidmətindən istifadə edilməklə əldə olunmuş məlumatlara əsasən Cavabdeh kredit öhdəliyi restrukturizasiya təklif edilən kreditlər kateqoriyasına aid edilmişdir. Həmin kredit üzrə gecikmə borcunun mövcud olmadığı müəyyən olunmuşdur. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, cavabdehin kredit borcu "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin Fərmanının" təsiri altına düşmüş və fərmana əsasən ona güzəşt tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcu ilə bağlı hissədə əsaslı və qanuni olduğundan təmin edilməli, cavabdehdən 1748,79 (min yeddi yüz qırx səkkiz manat 79 qəpik) manat əsas borc tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; 9.3-cü maddəsinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
V. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1748,79 (min yeddi yüz qırx səkkiz manat 79 qəpik) manat əsas borc və 37,48 (otuz yeddi manat 48 qəpik) manat dövlət rüsumu tutularaq, LPO QCS “Bank Standard” KB-nın-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Ruslan Mirzəliyev.