Məhkəmə qərarları › İş №e-2(008)-8182/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-8182/2021

01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-8182/2021 01.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 428,65 manat qalıq borcu və 95,67 manat cərimə borcunun, ümumilikdə 524,32 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 28.04.2019-cuil tarixli, RTK06942 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 641 manat məbləğində məhsul nisyə satılmış və təhvil verilmişdir. Lakin, cavabdeh müqavilə şərtlərini pozmuş, ödənişlər etməmişdir. Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehlərə rəsmi qaydada göndərilmiş və bildirişi aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri (elektron qaydada verildikdə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq) məhkəməyə təqdim etmək təklif edilmişdir. Göstərilən müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, hazırkı iddia üzrə iddianın qiyməti 524,32 manat təşkil edir. Azəırbaycan Respublikası MPM-nin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-5.4-ci maddəsinə əsasən qarşılıqlı iddia verilərəsə, üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə,tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-6.1-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-cq maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 284-6.3-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda sadalanan xüsusatlara və qanunvericilik aktı normasına əsaslanaraq məhkəmə hesab edir ki, iddia sadələşdirilmiş icraat qaydasında baxılaraq təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 28.04.2019cu il tarixli, RTK06942 №-li nisyə alqı-satqı müqaviləsi və ona 1 №-li Əlavədən görünür ki, iddiaçı cavabdehə «Samsung SM-A750FZKUCAU Black» markalı telefon satmışdır. Ödəniş 12 ay müddətində ayda 50 manat olmaqla həyata keçirilməli idi. Həmin müqavilənin 5.6-cı bəndində gecikdirilən aylıq borc məbləğinə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Eyni tarixdə Cavabdeh1 ilə RTK06942-Z №-li zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehlə İddiaçı MMC-yə aralarında bağlanmış müqavilə üzrə qalıq borcu 524,32 manat təşkil edir. İş materiallarında olan İddiaçıMMC tərəfindən cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, onlar borc barədə xəbərdar edilmiş, borcun ödənilməsi ondan tələb edilmiş və əks halda barəsində qanunvericiliyə uyğun məhkəmədə iddia qaldırılacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdehlər iddiaçı ilə aralarında bağlanmış müqavilələrin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə iddiaçıya 524,32 manat məbləğində borcu yaranmış və bununla da cavabdehlər müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 428,65 manat əsas borc, 95,67 manat cərimə borcu, ümumilikdə 524,32 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçıMMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. 428,65 manat qalıq borc, 95,67 manat cərimə borcu, ümumilikdə 524,32 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçıMMC-yə ödənilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar