Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-847/2024 24.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı ASC-nin (ləğv prosesindədir) cavabdeh X3 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC (ləğv prosesindədir) cavabdeh X3 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18776.44 manat əsas borc və 9810.10 manat faiz borcu olmaqla, cəmi 28586.54 manat məbləğində kredit borcunun və 176 manat məbləğində dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Nizami Nərimanov küçəsi, ev 23A, 7-ci blokunda 1-ci mərtəbəsində yerləşən 81.45 kv.m ümumi sahədən ibarət 66 saylı mənzilə yönəlməsi, yuxarıdakı əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin fərdi yaşayış evi boşaldılaraq, alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 182/ZB saylı kredit müqaviləsinə əsasən, cavabdehə 276 ay müddətinə, illik 8% faiz ödənilmək şərtilə 50000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq digər Cavabdeh ilə xx.xx.2010-cu il tarixli, 182/ZB/1 saylı alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Nizami Nərimanov küçəsi, ev 23A, 7-ci blokunda 1-ci mərtəbəsində yerləşən 81.45 kv.m ümumi sahədən ibarət 66 saylı mənzili İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehlərin Banka ödənilməmiş 18776.44 manat əsas borc və 9810.10 manat faiz borcu olmaqla, cəmi 28586.54 manat məbləğində borcu mövcuddur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X4 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı ASC (ləğv prosesindədir) ilə X4 arasında xx.xx.2010-cu il tarixdə bağlanmış kredit müqaviləsindən görünür ki, Bank Borcalana 276 ay müddətinə illik 8 faiz ödənilməsi şərtilə 50000 manat məbləğində kredit vermişdir. - İddiaçı ASC (ləğv prosesindədir) ilə X4 arasında xx.xx.2010-cu il tarixdə bağlanmış İpoteka müqaviləsindən görünür ki, İpoteka saxlayanla borclu arasında bağlanmış xx.xx.2010-cu il tarixli Kredit müqaviləsinə əsasən 50000 manat məbləğində veriləcək kreditin və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilələr üzrə nəzərdə tutulmuş digər ödənişləin qaytarılmasının təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. İpoteka ilə yüklü edilmiş əmlak 4 otaqlı ümumi sahəsi 81,45 kv.m, o cümlədən yaşayış sahəsi ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli, 7 bloklu binanın 7-ci blokunda, 1-ci mərtəbəsində yerləşən, 66 saylı mənzildir. İpoteka müqaviləsinin 1.4-cü bəndinə görə ipoteka ilə yüklü edilmiş əmlak 60000 manat məbləğində qiymətləndirilir. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X1 banka əsas borc üzrə 18776.44 manat əsas borc və 9810.10 manat faiz borcu olmaqla, cəmi 28586.54manat məbləğində borcu var. - İş materiallarından görünür ki, İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2023-cü ildə cavabdehə göndərilmişdir. - Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-847/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli, 7 bloklu binanın 7-ci blokunda, 1-ci mərtəbəsində yerləşən 66 saylı mənzilin xx.xx.2024-cü il vəziyyətinə bazar dəyəri 146.610 manat, likvid dəyəri 124.619 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit və ipotaka müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Tərəflər arasında hüquq münasibətləri yaranan zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, kredit müqaviləsi üzrə Cavabdeh 18776.44 manat əsas borc və 9810.10 manat faiz məbləğində əsas borc tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Məhkəmə cavabdehdən tutulmalı olan 18776.44 manat əsas borc və 9810.10 manat faiz borcu olmaqla, cəmi 28586.54 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Odur ki, qeyd olunan tələbin ipoteka predmetinə yönəldilməsi hissəsi ilə bağlı iddia tələbinə dair məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məcəllənin 319.6-ci maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Qanunun 10.4-cü maddəsinə görə ipoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. İstinad olunan qanunun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. İşin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün həmin müqavilə üzrə yaranan borc məbləğinin ödənilməsi üzrə tutma bağlanmış İpoteka Müqaviləsinə uyğun olaraq ipoteka predmeti olan mənzilə yönəldilməli, mənzilin satışından əldə olunacaq pul vəsaiti cavabdehin iddiaçıya olan kredit borcunun ödənilməsinə yönəldilməli, ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, cavabdehlər çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlak açıq hərracda satılarkən ilkin satış qiyməti kimi əmlakın likvid dəyəri əsas götürülməlidir. Çünki ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 iyul 2020-ci il tarixli qərardadı ilə müəyyən olunur ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. Buna görə də, məhkəmə iddianı həmin hissədə də təmin edir. Belə ki, evin likvid dəyəri 124.619 manat iddia tələbində göstəriən borcdan azdır və borcun tam ödənilməsinə kifayət etmir. İpoteka predmeti olan əmlakla tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin fərdi yaşayış evi boşaldılaraq, alıcıya təhvil verilməsi barədə də iddia tələbi təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, ipoteka qoyan mülkiyyətçinin hüquqlarına xitam verilmədən onun mənzildən çıxarılması Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququnun pozuntusu kimi qəbul edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun əvəzi 176 manat Cavabdeh tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 18776 (on səkkiz min yeddi yüz yetmiş altı) manat, 44 (qırx dörd) qəpik əsas borc və 9810 (doqquz min səkkiz yüz on) manat, 10 (on) qəpik faiz borcu olmaqla, cəmi 28586 (iyirmi səkkiz min beş yüz səksən altı) manat, 54 (əlli dörd) qəpik məbləğində kredit borcu və 176 (yüz yetmş altı) manat məbləğində dövlət rüsumu tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tutma ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Nizami Nərimanov küçəsi, ev 23A, 7-ci blokunda, 1-ci mərtəbəsində yerləşən, 81.45 kv.m ümumi sahədən ibarət, 66 saylı mənzilə yönəldilsin. Mənzil açıq hərracda satılsın və satışdan əldə edilən vəsait İddiaçı ASC-nin (ləğv prosesindədir) hesabına ödənilsin. İpoteka predmeti olan, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Nizami Nərimanov küçəsi, ev 23A, 7-ci blokunda 1-ci mərtəbəsində yerləşən 81.45 kv.m ümumi sahədən ibarət 66 saylı mənzilin ilkin satış qiyməti 124.619 (yüz iyirmi dörd min altı yüz on doqquz min) manat müəyyən edilsin. Satışdan əldə olunmuş vəsait kredit borcuna yönəldilsin və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulsun. İipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evi boşaldılsın, alıcıya təhvil verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №e-2(008)-847/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-847/2024
24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver