Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-864/2022 15.03.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X5 qızının, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nın Cavabdeh Tengiz oğluna qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Ləğv prosesində olan "xxxx" ASC Cavabdeh Tengiz oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 838,02 manat əsas, 706,45 manat faiz, 1675,87 manat cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 123,72 manat borc olmaqla ümumilikdə 3344,06 manat məbləğin və 53,45 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16.10.2014-cü il tarixli kredit kartının verilməsi və istifadəsi müqaviləsinə əsasən Cavabdeh Tengiz oğluna "xxxx" ASC tərəfindən 36 ay müddətinə 2000 manat məbləğində kredit xətti açılmışdır. Kreditin müddəti 28.11.2018-ci il tarixədək uzadılmışdır. Lakin, borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. 24.09.2021-ci il tarixinədək cavabdehin banka 838,02 manat əsas, 706,45 manat faiz, 1675,87 cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 123,72 manat borc olmaqla ümumilikdə 3344,06 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina edir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, 16.10.2014-cü il tarixdə "xxxx" ASC ilə Cavabdeh Tengiz oğlu arasında kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh Tengiz oğluna 2000 manat məbləğində kredit açılmışdır. İş materiallarında olan Bankın məhkəməyə təqdim etmək üçün tərtib etdiyi 05.10.2021-ci il tarixli arayışa əsasən Bank ilə Cavabdeh Tengiz oğlu arasında bağlanmış kredit müqaviləsi üzrə 838,02 manat əsas, 706,45 manat faiz, 1675,87 cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 123,72 manat borc olmaqla ümumilikdə 3344,06 manat borcu yaranmışdır. Hazırda iddiaçı cavabdehdən kredit borcunun tutularaq ödənilməsini istəyir. İş materiallarında olan bildirişdən görünür ki, bank tərəfindən cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan hesabdan çıxarışdan cavabdeh tərəfindən yaranmış borcun iddiaçıya ödənilməsi görünmür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Kredit müqaviləsindən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi üçün iddiaçı tərəfindən cavabdehə rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmiş, lakin buna baxmayaraq cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödənişlər edilməmişdir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə borc yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişlər. Bu əsasdan məhkəmə hesab edir ki, iddia əsas və faiz borcunun tutulması hissəsində tam təmin olunmalıdır. İddianın cərimənin tutulması hissəsinə gəldikdə isə məhkəmə həmin hissədə iddianın qismən təmin olunmasını əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə iddiaçı tərəfindən cərimənin 1675,87 manat məbləğində hesablanmasının yüksək olmasını nəzərə alaraq hesab edir ki, əsas və faiz borcuna nisbətdə 100 manat məbləğində cərimə pulu tutulmasını ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Tengiz oğlundan Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə 838,02 manat əsas, 706,45 manat faiz, 100 manat cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 123,72 manat borc olmaqla ümumilikdə 1768,19 manat və 53,45 manat dövlət rüsumu tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Tengiz oğlundan Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə 838,02 manat əsas, 706,45 manat faiz, 100 manat cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 123,72 manat borc olmaqla ümumilikdə 1768,19 manat və 53,45 manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-864/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-864/2022
15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver