Məhkəmə qərarları › İş №e-2(008)-8870/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-8870/2021

30.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-8870/2021 30.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mahmudova Həqiqət Sahib qızı, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə kiçik iddia (sadələşdirilmiş icraat) üzrə icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı “borc” tələbinə dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 235 manat əsas borc, 35,25 manat cərimə borcunun, 30 manat dövlət rüsumunun və 0,40 qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının əvəzinin İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinə əsasən, cavabdeh 448 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə X1 arasında imzalanmış faktorinq müqaviləsi və həmin müqaviləyə əlavə olan sazişə əsasən, sonuncunun Cavabdeh qarşı olan 448 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda, tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə nisyə alğısatqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Qeyd olunan müqavilənin 2.4.4-cü maddəsinə əsasən, mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0,5 faizi miqdarında dəbbə pulu ödəməlidir. Borcun ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilsə də, o, borcunu ödəməmişdir. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti 18.11.2020-ci il tarixdə təşkilatihüquqi formasını dəyişərək, qapalı səhmdar cəmiyyətinə çevrilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284.1-ci maddəsinin tələblərinə uyğun olaraq, tərəf olduqları mülki işə, iddianın məbləği iki min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməsi xahiş edilmiş, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən, həmin Məcəllənin 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, iş materiallarında olan 11.03.2021-ci il tarixli, SRT006579 saylı Nisyə alqısatqı müqaviləsinə əsasən, ilkin ödənişsiz, dəyəri 448 manat olan məhsul 6 ay müddətinə aylıq 75 manat, sonuncu ay 73 manat ödənilməsi şərti ilə "xxxx" MMC tərəfindən Cavabdeh satılmışdır. İş materiallarında olan əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh məhsulu qüsursuz halda təhvil almışdır. İş materiallarında olan (müştəri) "xxxx" MMC ilə İddiaçı MMC (faktor) arasında bağlanmış 11.09.2019-cu il tarixli, R-149/19 saylı faktorinq (tələbin güzəşti barədə) müqaviləsinə əsasən, faktor borclu barəsində müştərinin borcluya mallar satmasından irəli gələn pul tələbinin hesabına müştəriyə pul vəsaiti verir, müştəri isə borcluya qarşı pul tələbini faktora güzəşt edir. Həmin müqaviləyə 15.03.2021-ci il tarixli, R-149/19 -0199 saylı əlavə sazişdən müəyyən olunur ki, "xxxx"MMC-nin Cavabdeh qarşı olan 448 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. İş materiallarından müəyyən olunur ki, Cavabdeh, onunla "xxxx" MMC arasında bağlanmış 11.03.2021-ci il tarixli, SRT006579 saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbinin hamısının İddiaçı MMC-yə güzəşt edilməsi barədə bildirişi imza etməklə almışdır. İş materiallarında olan 17.01.2021-ci il tarixli bildirişdən görünür ki, 11.03.2021-ci il tarixli, SRT006579 saylı müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirməyəcəyi təqdirdə, məhkəməyə müraciət olunacağı barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 16.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 11.03.2021-ci il tarixli, SRT006579 saylı müqavilə üzrə Cavabdeh İddiaçı QSC-yə borcu 235 manat əsas borc, 35,25 manat cərimə borcu olmaqla, ümumilikdə 270,25 manat təşkil edir. İş materiallarında olan 16.11.2021-ci il tarixli hesabdan çıxarışdan görünür ki, 11.03.2021-ci il tarixli, SRT006579 saylı müqavilə üzrə Cavabdeh İddiaçı MMC-yə 22.04.2021-ci il tarixdən 06.11.2021-ci il tarixədək ümumilikdə 213 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Göründüyü kimi, tərəflər arasında nisyə alğı-satqı müqaviləsi bağlanmaqla, həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, götürdüyü məhsulun ödənişlərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməli, Cavabdeh 11.03.2021-ci il tarixli, SRT006579 saylı Nisyə alqı-satqı müqaviləsi üzrə 235 manat əsas borc, 35,25 manat cərimə borcu olmaqla, cəmi 270,25 manat məbləğində borc İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı cavabdehə aid edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 11.03.2021-ci il tarixli, SRT006579 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 235 manat əsas borc, 35,25 manat cərimə borcu olmaqla, cəmi 270,25 (iki yüz yetmiş manat, iyirmi beş qəpik) manat məbləğində borc, ödənilmiş dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının əvəzi olan 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar