Məhkəmə qərarları › İş №e-2(008)-892/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-892/2025

18.03.2025 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-892/2025 18.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə mülkiyyət hüququndan məhrum edilməsi tələbinə dair mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə mülkiyyət hüququndan məhrum edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 çü) min) manat kompensasiya verilməklə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, İlyas Əfəndiyev küçəsi, ev 16 ünvanında 1/8 hissədə mülkiyyət hüququndan məhrum edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 Bakı şəhəri 1 saylı Ərazi İdarəsinin çıxarışına əsasən 4/8 hissədə iddiaçının əmisi Hüseynov Əkbər İbrahim oğluna, 8/2 hissədə iddiaçıya, 1/8 hissədə ərizəçinin qızı Hüseynbəyova Vüsalə Yaşar qızına, 1/8 hissədə Cavabdeh məxsusdur. Sözügedən ev bir ümumi həyətdən və bir neçə mənzildən ibarətdir. Cavabdeh ünvan 1 ünvanında yaşamır, Salyan rayonunda yaşayır. Onun həyat yoldaşı bəzən evə gəlib burada narahatçılıq yaradır. İddiaçı tərəfindən naturada bölgünün mümkün olub-olmamasını müəyyən etmək üçün ekspert dəvət olunmuşdur. Lakin ekspert naturada bölgünün mümkün olmadığı barədə rəy vermişdir. Cavabdehin qeyd olunan evdə yaşamağa ehtiyacı yoxdur. Onun həmin evdə cüzi payı vardır. O, öz mülkiyyət hüquqlarından düzgün istifadə etmir. İddiaçı ona görə öz mənzilinə ayrı-giriş çıxış düzəldib, ayrı istifadə qaydalarını müəyyən edə bilmir. Cavabdehin yoldaşı kənar şəxslərlə gecə evə gəlib qapını döyüb narahatlıq yaradır. Qapıda ümumi olduğu üçün iddiaçı məcbur qapını açmalı olur. Ona görə də, cavabdehə kompensasiya vermək yolu ilə onun ünvan 1 ünvanında ona məxsus olan mülkiyyət hüququndan məhrum edilməsini xahiş edir. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirdi ki, ev anasından qalıb, əgər 25-30 min manat versələr razılaşardı, ama hazırki iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, İlyas Əfəndiyev küçəsi, 16 nömrəli ev 4/8 hissədə Hüseynov Əkbər İbrahim oğluna, 8/2 hissədə İddiaçı, 1/8 hissədə Hüseynbəyova Vüsalə Yaşar qızına, 1/8 hissədə Cavabdeh məxsusdur. Çıxarışdan göründüyü kimi, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, İlyas Əfəndiyev küçəsi, 16 nömrəli ev 1/8 hissədə Cavabdeh məxsusdur. Beləliklə müəyyən olunan odur ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, İlyas Əfəndiyev küçəsi, 16 nömrəli ev birgə paylı mülkiyyət hüququ ilə iddiaçı, cavabdeh və daha bir neçə şəxsə mənsubdur. İddiaçı isə məhz payçılarda biri olan Cavabdeh payına kompensasiya verilməsini xahiş edir. Bunu onunla əsaslandırır ki, cavabdehin payı cüzidir və iddiaçıya mülkiyyət hüquqularını həyata keçirməyə mane olur. Müəyyən olunmalı hal ondan ibarətdir ki, ümumiyyətlə iddiaçının cavabdehə mülkiyyət hüququ ilə məxsus olan paydan məhrum etmək hüququ varmı. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (Mülki Məcəllə, 213.1-213.3-cü maddələr). Ümumi paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydasının müəyyən edilməsi – paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər, razılaşma əldə edilmədikdə isə əşyaya sahiblik və ondan istifadə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər (Mülki Məcəllə, 215.1-215.3-cü maddələr). Paylı mülkiyyətdə olan əşya üzərində mülkiyyət hüququndakı paya dair sərəncam verilməsi - hər bir mülkiyyətçi öz payı üzərində sərəncam vermək hüququna malikdir. Bununla belə, fərdi mülkiyyətçilərdən fərqli olaraq, paylı mülkiyyətçilər sərəncam səlahiyyətlərinin həyata keçirilməsində bəzi qanuni məhdudiyyətlərə tabedirlər. Belə ki, paylı mülkiyyətin hər bir mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər. Onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə isə payı satın almaqda üstünlük hüququ ilə bağlı Mülki Məcəllənin 218-ci maddəsində müəyyən edilmiş qaydalara əməl etməlidir (Mülki Məcəllə, 215.5- 215.6-cı maddələr). Paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi barəqə xx.xx.2024-cü il tarixli Qərardadında Qeyd olunmuşdur ki, hər bir mülkiyyətçi yalnız özünə məxsus payın ayrılmasını tələb etmək hüququna malikdir. Digər mülkiyyətçinin payının naturada ayrılması və ya kompensasiya ödənilməklə ümumi mülkiyyətdəki payına xitam verilməsi barədə iddia qaldırıla bilməz. Bu qaydanın yeganə istisnası Mülki Məcəllənin 220.4-cü maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilən maddənin tətbiqi ilə bağlı vurğulamışdır ki, ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllə, 220.4-cü maddə). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olubolmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Bununla, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 4 aprel tarixli qərarı). Yəni yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə qərara gəlir ki, cavabdehin payı iddiaçının və digər payçıların payına nisbətdə cüzi sayılmır və onun iradəsinə zidd olaraq mülkiyyət hüququndan məhrum olunması mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə ziddir və bu əsasla iddia təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə mülkiyyət hüququndan məhrum edilməsinə dair iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar