Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-894/2022 15.03.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2 iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə clasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq 3616 manat avtomobilin təmir bərpası üçün çəkmilmiş real zərər və 57 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, icarə müqaviləsi əsasında 99PD547 dövlət qeydiyyat nişanlı, Ravon Nexia R3 markalı avtomobil Cavabdeh istifadəsinə verilmişdir. Cavabdeh avtomobil ilə ehtiyatsız davranmış, mühərrikin temperaturunun yüksək olmasına baxmayaraq buna əhəmiyyət verməmiş, dərhal dayanacağa gətirməli olduğu olduğu halda avtomobili idarə etməyə davam etmiş, nəticədə mühərrik tamamilə sıradan çıxmışdır. Bunun nəticəsində avtomobilə 3616 manat ehtiyyat hissələrinə zərər dəymişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 1174 manat avtomobilin təmirinin bərpasına çəkilmiş real zərər, icarə müqaviləsi üzrə 10.11.2021-ci il tarixədək yaranmış 2652 manat icarə haqqı borcu, ümumilikdə 3826 manatın və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə iddia ərizəsində qeyd olunan ünvana bildiriş göndərilməklə məlumat verilsə də o, məhkəməyə gəlməmiş, iddia ərizəsinə münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək, tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı MMC (sonradan – MMC) ********** nömrə ilə dövlət qeydiyyatına alınmışdır. İddiaçı MMC İlə "xxxx" MMC arasında «Avtomobillərin müddətli satışı üzrə» 26.11.2019-cu il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC 99PD547 dövlət qeydiyyat nişanlı, Ravon Nexia R3 markalı avtomobili saz halda MMC-yə satmaq, MMC isə müəyyən edilmiş şərtlərlə və qaydada dəyərini ödəmək öhdəliyi götürmüşdülər. Müqavilənin 4.2.3-cü maddəsində MMC tərəfindən avtomobilin icarə və subicarə hüququ əsasında üçüncü şəxslərin sahiblik və istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. MMC ilə Cavabdeh arasında 29.07.2021-ci il tarixdə həmin avtomobilin icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən avtomobil 36 ay müddətinə cavabdehin istifadəsinə verilmiş, günlük icarə haqqı 26 manat nəzərdə tutulmuşdur. Müqavilənin 5.2-ci bəndində avtomobilin saz vəziyyətdə saxlanması üçün icarəyə götürənin icarəyə verənin qarşısında maddi məsuliyyətin daşıması nəzərdə tutulmuşdur. Eyni zamanda tərəflər arasında eyni tarixli müqaviləyə əlavə olaraq müəyyən şərtlərə dair razılaşma imzalanmışdır. İddiaçı tərəfindən məhkəməyə MMC-nin nəzarətçiləri və mühasibi tərəfindən tərtib edilmiş 21.02.2021-ci il tarixli Akt təqdim edilmişdir. Həmin Akta əsasən cavabdeh 01.08.2021-ci il tarixdə avtomobili evakuatorla MMC-nin ofis-servisinin duracağına gətirmiş, avtomobilin yüksək temperaturda sürüldüyü üçün mühərrikin sıradan çıxması müəyyən edilmiş, cavabdeh özü bu faktı təsdiq etmiş, lakin aktı imzalamaqdan imtina etmişdir. Aşağıda MMC-nin adları çəkilən əməkdaşları Aktı imzalamış, cavabdehin imzası olmalı yerdə «imtina etdi» qeyd edilmişdir. RS Avtoservis tərəfindən avtomobilə dəyən zərər 27.11.2021-ci il tarixdə 1474 manat məbləğində qiymətləndirilmişdir. MMC tərəfindən məhkəməyə maliyyə arayışı təqdim edilmişdir. Həmin arayışda cavabdehin icarə müqaviləsi üzrə MMC-yə olan borcu 10.11.2021-ci il tarixədək hesablanaraq 2652 manat müəyyən edilmişdir. Hazırda iddiaçı 1174 manat avtomobilin təmirinin bərpasına çəkilmiş real zərərin və icarə müqaviləsi üzrə 10.11.2021-ci il tarixədək yaranmış 2652 manat icarə haqqı borcu, ümumilikdə 3826 manatın tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanunsuz və əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir; 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, iddiaçı MMC avtomobili cavabdehə təqdim etməsini sübut etməmişdir, belə ki, aktomobilin təhvil-təsliminə dair tərəflər arasında akt imzalanmamışdır. Bundan başqa, iddiaçının mövqeyinə görə, avtomobil müqavilə bağlandıqdan iki gün sonra MMC-yə qaytarılmışdır. İki gün ərzində əmələ gələn qüsura görə cavabdehin məsuliyyət daşımasını iddiaçı sübut edə bilməmişdir. İddiaçının əməkdaşları tərəfindən tərtib edilmiş 21.02.2021-ci il tarixli Akta dair məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edildiyi kimi, müqavilə 29.06.2021-ci il tarixdə bağlanmış, avtomobilin qaytarılması barədə Akt müqavilədən dörd ay əvvəl tərtib edilmişdir. «21.02.2021-ci il» tarix texniki səhv kimi qəbul edilsə belə, yəni əslində 2022-ci il göstərməli olmalı halda 2021-ci il göstərilmişdir, yenə də məhkəmə həmin akta şübhə ilə yanaşır. Avqust ayının birində avtormobilin qaytarılması altı ay sonra rəsmiləşdirilə bilməzdi. Bundan başqa, Aktın mətnində cavabdehin imza etməkdən imtina etməsi qeyd edilmişdir, ki bu da yolverilməzdir, çünki akt tərtib edilən zaman cavabdehin imtina etməsi həlli bəlli deyildir. Bundan başqa, Aktı tərtib edən nəzarətçilər və mühasib avtomobil üzrə mütəxəssis olmadıqlarından avtomobilin nədən yararsız hala düşməsini müəyyən edə bilməzdilər. Bundan başqa, avtomobilin müqavilə bağlandıqdan iki gün sonra qaytarıldığı halda (iddiaçının mövqeyinə görə) icarə haqqının sonrakı üç ay üçün tələb edilməsinin əsaslarına dair hər hansı bir açıqlama verilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş rüsum iddiaçıya aid edlməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-894/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-894/2022
15.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver