Məhkəmə qərarları › İş №e-2(008)-896/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-896/2022

11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-896/2022 11.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi (vəkili ) Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə clasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq 1550 manat məbləğində maddi zərər, 36,50 manat məbləğində dövlət rüsumu və hüquqi yardımla əlaqədar ödənilmiş 100 manat məbləğində xidmət haqqı, ümumilikdə 1686,50 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, 15.09.2021-ci il tarixdə cavabdehlə aralarında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən 13000 manat ödəyərək «Ravon Nexia R3» markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobili almış, avtomobilə **-CE- *** dövlət qeydiyyat nişanını almışdır. İddiaçı alqı-satqıdan bir neçə gün sonra avtomobili idarə edərkən surətlər qutusunda texniki qüsur olduğunu aşkarlamışdır. «Performance Center» avtomobil servis mərkəzində surətlər qutusunun əvvəllər açıldığı, təmir işlərinin görüldüyü, həmin vaxt qutunun plastmasının qırıq olduğu, datçikinin və feredosunun yararsız olduğu, bublikin qaynaq olduğu və furuksionlarının yeyildiyi aşkar olunmuşdur. İddiaçı qutunun təmirinə 1550 manat məbləğində pul xərcləmişdir. Cavabdeh iddia ərizəsinə etiraz verərək, qeyd etmişdir ki, iddiaçı avtomobili bütün yoxlamalardan keçirdəndən sonra almışdır. Belə ki, cavabdehi oğlu Rəhimili Əmprahla «9933» Taksi şirkətinin əməkdaşları ilə birlikdə şirkətə məxsus avtoservisdə surətlər qutusu, mühərrik qabaq oxlar, avtmobilin zərbə alıb-almaması, kondisioneri, istilik sistemi, işıq sistemi həmin şirkətin əməkdaşları tərəfindən yoxlanılmışdır. Daha sonra, cavabdehin oğluna 100 manat beh verilmiş və avtomobil bir sutka ərzində cavabdehə məxsus servisdə saxlanılmışdır. Sonrası gün onla alqı-satqıya getmişdilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək, tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Etiraza münasibət bildirərək, qeyd etdi ki, avtomobil yooxlamalardan keçsə də, surətlər qutusuna baxış keçirilməmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, qeyd etdi ki, o, özü də avtmobili başqa bir satıcıdan almışdır. Heç bir vaxt surətlər qutusunu açmayıb. Avtomobil iddiaçıya satılan zaman saz vəziyyətdə olub. O, avtomobili müəyyən bir vaxta iddiaçıya sınaqdan keçirtmək və yoxlatdırmaq məqsədilə vermişdir. İddiaçı avtomobili diaqnostikadan keçirdib sonra almışdır. Hazırda avtomobili geri almaq və 10000 manat ödəmək istəyər, belə ki, avtomobil artıq səkkiz aydır ki iddiaçı tərəfindən istismar edilir. İddianın rədd edilməsini xahiş edir. İş üzrə ifadə verən şahid X2 qeyd etdi ki, avtomobili servis mərkəzində o, təmir etmişdir. Surətlər qutusundakı qüsurlar, qaynaqlar uzun müddət bundan əvvələ təsadüf edir. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. «Ravon Nexia R3» markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobil, buraxılış ili 2017-ci il, 15.09.2021-ci il tarixdə Cavabdeh tərəfindən İddiaçı satılmış, avtomobilə **- CE-*** dövlət qeydiyyat nişanı verilmişdir (DİN Baş X5 İdarəsi tərəfindən verilmiş kompüter çıxarışı). Həmin avtomobili cavabdeh 12.10.2019-cu il tarixdə "xxxx" MMC-dən almşdır. RS Avtoservis tərəfindən verilmiş 23.09.2021-ci il tarixli aktdan görünür ki, avtomobilin surətlər qutusunun təmirinə 1550 manat məbləğində vəsait tələb olunur. Hazırda iddiaçı 1550 manat məbləğində pulun tutulmasının iəstəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2-ci maddəsinin birinci cümləsinə əsasən alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Bəlli haldır ki, avtomobillərin alqı-satqısı notarius tərəfindən deyil, X5 tərəfindən həyata keçirilir, və həmin müqavilənin hər-hansı bir məzmunu və ya şərtləri nəzərdə tutulmur. Yəni, alqı-satqı müqaviləsində keyfiyyət barəsində hər hansı bir şərt nəzərəd tutulmamışdır. Belə olan halda, cavabdeh iddiaçıya istismara yarayan avtomobil verməyə borclu idi. Həmin Məcəllənin: 586.1-ci maddəsinə əsasən qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində əşyanın keyfiyyətinin yoxlanması nəzərdə tutula bilər. 586.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır. 586.3-cü maddəsinə əsasən əgər qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində satıcının alıcıya verilən əşyanın keyfiyyətini yoxlamaq vəzifəsi (sınama, analiz, müayinə və i.a.) nəzərdə tutulmuşdursa, satıcı əşyanın keyfiyyətinin yoxlanıldığına dair alıcıya sübutlar təqdim etməlidir. 586.4-cü maddəsinə əsasən istər satıcı, istərsə də alıcı tərəfindən əşyanın keyfiyyətinin yoxlanmasının qaydası, habelə digər şərtləri eyni olmalıdır. Qeyd edildiyi kimi, alıcı aldığı avtomobilin keyfiyyətini yoxlamış və sonradan almışdır, yəni keyfiyyət onu qane etmişdir. Həmin Məcəllənin 587.1-ci maddəsinə əsasən ggər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Adıçəkilən maddələrdən görünür ki, satıcı o zaman məsuliyyət daşıyır ki, əşyanın qüsuru barədə özünün məlumatı olsun və qabaqcadan alıcıya bunu bildirməsin. Buna dair məhkəmə qeyd etməyi zəruri hesab edir ki, avtomobilin buraxılışı 2017-ci ilə təsadüf edir, satıcı özü həmin avtomobili buraxılış ilində avtosalondan deyil, lizinq şirkətindən buraxılış ilindən iki il sonra almışdır və həmin qüsur o zamandan mövcud ola bilərdi və cavabdeh onu bilməyə bilərdi. Bundan başqa, alıcı çəkdiyi xərcin əvəzinin ödənilməsini istəyə bilər, iddiaçı isə çəkdiyi xərcə dair məhkəməyə sübut təqdim etməmişdir. Servis mərkəzində ziyan aktının tərtib edilməsi bunun üçün kifayət deyil. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 36,50 manat məbləğində rüsum iddiaçıya aid edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, iddia rədd edildyindən 100 məbləğində xidmət haqqı cavabdehdən tutula bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Ödənilmiş 36,50 manat məbləğində dövlət rüsumu və 100 manat məbləğində xidmət haqqı iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar