Məhkəmə qərarları › İş №e-2(008)-902/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-902/2024

16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-902/2024 16.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan 6840 manat pulun və 89 manat dövlət rüsumunun əvəzinin xeyrinə tutulması barədə qətnamə qəbul ediılməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçıya 6840 manat borcu vardır. Həmin pulu 2022-ci ilin dekabr ayında götürərək qaytarmamışdır. İddiaçı dəfələrlə pulun qaytarılmasını tələb etsə də, cavabdeh pulu geri qaytarmamışdır. Cavabdeh dəfələrlə aralarında olan vatsap yazışmalarında iddiaçıdan pulu aldığını və tezliklə qaytaracağını bildirmişdir. Bundan başqa, aralarında olan vatsap səs yazısında da cavabdeh iddiaçıdan pulu aldığını etiraf etmişdir. Cavabdeh pulu qaytarmamaqla iddiaçıya ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, tanışları arasında lotereya oyunlarının təşkili ilə məşğuldur. Cavabdeh ona zəng edərək Nabat adlı tanışının nömrəsini vermiş və bildirmişdir ki, anası xəstədir, müalicəsi üçün pul lazımdır. Lotereyadan oyun qurmasını istəyərək, oyundan yığılan pulu anasının əməliyyatına verməli olduğunu bildirmişdir. Bundan sonra cavabdeh onun təşkil etdiyi lotereya oyununa qoşulmuşdur. Eyni zamanda, cavabdeh müxtəlif məbləğlərdə olan həftəlik və aylıq lotereya oyununa qoşulmuşdur. Aralarında olan razılaşma belə olmuşdur ki, pul məbləğləri onun istifadəsində olan bank kartına göndərilməli və o da kartdan pulları çıxararaq sahiblərinə çatdırmalı idi. Cavabdeh əvvələr özünü yaxşı göstərmiş, hətta başqa bir şəxsi də qardaşı adı ilə lotereya oyununa qoşmuşdur. Həmin oyun heç bir faiz hesablanmadan, sadəcə olaraq oyunçuların öz pulları hesabına müxtəlif vaxtlarda və razılaşdırılmış vaxtda ödənilməsi ilə aparılmışdır. Oyunlar aylıq olanda hər ayın sonu, həftəlik olanda isə hər həftənin son günü pul götürülərək onun tərəfindən iştirakçı şəxslərə ödənilmişdir. Cavabdeh özü müxtəlif aylıq və həftəlik lotereyalarda iştirak etmişdir. 2022-ci ilin sonunda cavabdeh lotereyada aylıq ödənişlərdən birini götürmüş və həftəlik məbləğləri ödəsə də, imkansızlıq səbəbindən həmin ödənişi ödəməmişdir. Həmin məbləğ artıq 2023cü ilin aprel ayında 7000 manat təşkil etmişdir. Məcbur qalıb, həmin məbləği öz hesabına başqa şəxslərə ödəmişdir. Cavabdeh isə ona hər dəfə pulu ödəyəcəyini bildirmişdir. Bu barədə aralarında vatsap danışıqları və səsyazıları mövcuddur. 2023-cü ilin aprel ayında Cavabdeh ilə onun arasında aparılan danışıq zamanı cavabdeh 7000 manat məbləğində borcu olduğunu təsdiq etmiş, yəni həmin məbləği özü yazaraq onun telefonuna göndərmişdir. Məhkəmənin hazırlıq iclasında da Cavabdeh həmin yazının ona məxsus olmasını və həmin vaxt borcu olmasını etiraf edərək, iyun ayında pulları guya qaytararaq haqq-hesablarını başa çatdırdığını bildirmişdir. Lakin bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəf 2023-cü ilin aprel ayınadək olan müddətdə məhkəməyə qəbzlər təqdim etmiş, hər bir qəbzi saxladığını bildirmişdir. Əgər qəbzlərlə nəyi isə sübut etmək istəyirsə, 2023-cü ilin aprel ayının 1-dən sonra ona pul ödəməyi barədə də qəbz təqdim etməlidir. Bunu təqdim edə bilməmişlər, çünki belə bir qəbzin olması mümkün deyildir. Cavabdeh 7000 manat puldan əlbəəl may ayında ona 160 manat ödəmişdir. Dini inanclı və düzgün insan olması səbəbindən, həmin ödənişi etiraf edir və onu 7000 manat borcdan çıxır. Hazırda Cavabdeh ona 6840 manat borcu vardır. Həmin borc 2023-cü ilin aprel ayında etiraf edilmişdir. Həmin pulu Cavabdeh 2023-cü ilin dekabr ayında götürmüşdür. Bir daha qeyd etmək istəyir ki, Cavabdeh onunla birlikdə başqa həftəlik və aylıq bir neçə lotereya oyununda iştirak etmişdir. Cavabdehin təqdim etdiyi qəbzlər başqa həftəlik və aylıq lotereya ilə bağlıdır. Eyni zamanda cavabdehin özünün ondan götürdüyü pullarla bağlı 2023-cü ilin aprel ayında etirafı var. Həmin tarixdə və bundan sonra da dəfələrlə o, pulunu istəmişdir, lakin cavabdeh pulunu qaytarmamışdır. Məhkəmə iclasında həm özü, həm də nümayəndəsi olan həyat yoldaşı bildirmişlər ki, 2023-cü ilin iyul ayında 3200 manat məbləğində pulu ödəyərək onunla haqq-hesab etmişlər. Əgər doğrudan da, həmin ödəniş vardırsa, bu halda, qəbzləri təqdim edərdilər. Dəfələrlə cavabdeh aralarında olan votsap yazışmalarında ondan pulu aldığını və tezliklə qaytaracağını bildirmişdir. Ümumiyyətlə, cavabdeh heç vaxt pulu danmayacağını bildirsə də, məhkəmədə pulu danmaq istəyərək öz etirafları bir daha ona borclu olduğunu təsdiq etmişdir. Bundan başqa, aralarında olan votsap səs yazısında cavabdeh ondan pulu aldığını etiraf edir. Cavabdeh pulu qaytardığını bildirsə də, bunu sübut edə bilməmişdir. Məhkəmə iclasında telefon tədqiq olunarsa, səsyazıların məhz 2023-cü ilin aprel ayından sonra olması müəyyən edilər ki, həmin tarixdə cavabdeh pulun qaytarılması üçün möhlət istəmişdir. Bu barədə davamlı səsyazılar mövcuddur. Göstərilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi, iddiaçının izahatında qeyd olunanları təsdiq edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Cavabdeh onun həyat yoldaşıdır. Cavabdehi aldadaraq istifadə etmişlər, bu, böyük bir şəbəkədir. İddiaçı cavabdehi Nabat xanımın vasitəsilə tanımışdır. Onlar özləri cavabdehə lotereya oynamağı təklif etmişlər. Cavabdeh dekabr ayında 7000 manat götürmüş, mart ayına qədər isə ödəmişdir. Təqdim edilən qəbzlərdən görünür ki, cavabdeh bütün pulları ödəmişdir. Qarşı tərəfin təqdim etdiyi səs-yazısının tarixi bəlli deyildir. Cavabdeh lotereyanı 1000 manatdan, gətirdiyi adamlar 500 mantdan oynamışlar. Oyun dekabr ayında başlanılmış, 7 ay davam etmişdir, belə olan halda məbləğ düz qeyd olunmamışdır. Cavabdeh gətirdiyi adamların yerinə öz pullarını və 2600 manat pul qaytarmışdır. Əgər lotereya 1500 manatdan oynanılırdısa, yekun məbləğ 10.500 manat olmalı idi, 7000 manat deyil. İyun ayında 7000 manat qaytarılmamışdır, qalıq 3000 manat qalmış, həmin məbləğ də mart ayına qədər ödənilmişdir. Orada 4-5 nəfər adam olmuş, cavabdeh isə 3 nəfər gətirmişdir. Cavabdeh əvvəlki məhkəmə iclasında səs yazısının ona məxsus olduğunu demişdir, lakin 7000 manat borcu olduğunu deməmişdir. Pul mart ayına qədər ödənilmişdir. Mart ayından sonra haqq-hesab olunduğu üçün cavabdeh daha sonra ödəniş etməmişdir. Aprel ayında 3000 manat ödənilmişdir, ödənilən 2000 manat həmin pula daxil idi. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının bildirdikləri yalandır. İddia ərizəsində qeyd olunur ki, o, iddiaçıdan borc pul götürmüşdür, lakin elə deyil. O, lotareya oynamış, hər ay ödənişlər etmişdir. Sədrlik edənin sualına cavab olaraq cavabdeh bildirmişdir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli “8500-1500=7000” votsap yazısından sonrakı “Obşi sənə 7000 min” yazısı ona aiddir. İddiaçı tərəfin təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, onlar ailəvi tanıdıqları 20-30 nəfərlə lotereya oynayırlar, tanımadıqları adamları oyuna daxil etmirlər və hal-hazırda da oyun davam edir. İddiaçı onun ailəvi tanıdığı insandır, inzibatçı olaraq onu tanıyıb ona güvənmişlər, hətta oyunlarda məbləğ onun kartına yığılır, sonra kimin növbəsi olarsa, həmin adamın kartına vurulur. Cavabdeh Nabat adlı şəxsin vasitəsilə tanımışlar. Cavabdeh lotereyaya qoşularaq həftəlik, aylıq oyunlarda da iştirak etmişdir. Cavabdehi və ailəsini şəxsən tanımış, evlərinə də getmişdir. Cavabdeh həftəlik oyunlarda vaxtlı-vaxtında ödənişlər etsə də, iddiaçının etibarından suiistifadə etmişdir. Belə ki, cavabdehə məlum idi ki, iddiaçı boşanmışdır, bir uşağı var. Cavabdeh iddiaçının güvənini qazanmaq üçün məqsədli şəkildə qardaşı ilə tanış etmişdir ki, bu yollara əl atsın, yəni oyuna birinci nömrə ilə daxil olub pulları götürüb, sonra qaytarmasın. Ləman dəfələrlə demişdir ki, Aygün onların gəlinidir, ona heçkim heçnə deyə bilməz. Hətta Aygünü anası ilə tanış etmiş, bu yollarla onu ələ almışdır. Sözügedən oyun 8 nəfərlik lotereya oyunu idi. İddiaçı heç vaxt 1,2,3-cü nömrələri tanımadığı adamlara verməzdi. Cavabdeh iddiaçının etibarını qazandığından, lotereyada 1-ci olaraq 7000 manatı götürüb aradan çıxmış, nömrələrinə zəng çatmamışdır. İddiaçı pis vəziyyətdə qalmışdır. Belə ki, digər iştirakçılar iddiaçıdan pullarını tələb etmiş, o da borca girib həmin şəxslərin pullarını qaytarmışdır. Onun özünün də cavabdehlə yazışmaları var, orada cavabdeh iddiaçıya 7000 manat borcu olduğunu təsdiqləyir. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş tərəflər arasında olan xx.xx.2023-cü il tarixinə aid votsap yazışmalarının məzmunundan müəyyən olunur ki, Cavabdeh İddiaçı ümumilikdə 7000 manat ödəməli olduğunu qəbul etmişdir. Məhkəmə iclasında ona verilən suala cavabında Cavabdeh həmin yazının ona aid olduğunu etiraf etmişdir. Cavabdeh tərəfindən həmin pulun ödənildiyini təsdiq edən bank kartlarına köçürmələri təsdiq edən qəbzlər məhkəməyə təqdim edilsə də, təqdim edilmiş qəbzlər xx.xx.2023-cü il tarixindən əvvəlki dövrləri əhatə edir. Digər tərəfdən də, bank kartlarına köçürülmüş həmin pul vəsaitlərinin məhz hazırda tələb olunan 6840 manatın ödənilməsinə yönəldiyini müəyyən etmək mümkün deyil. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, tərəflər arasında lotereya oyununa görə həftəlik və aylıq ödənilməli pullar iddiaçının bank kartına köçürülmüş, daha sonra şərtləşdirilmiş qaydalara uyğun olaraq hər həftənin və ayın sonu növbə ilə iştirakçılardan biri tərəfindən götürülmüşdür. Cavabdeh növbəsinə uyğun olaraq 7000 manatı qəbul etmiş, lakin oyunun şərtlərinə uyğun olaraq davam etdirməyərək, oyun nəticəsində əldə etdiyi pullardan 2023-cü ilin mart ayından ödənişlər etməməyə başlamışdır. Cavabdehin votsap yazışmasında borcunun 7000 manat olduğunu etiraf etmişdir. İddiaçı, cavabdehin həmin puldan 160 manat qaytardığını bildirərək, qalan 6840 manat pulun ödənilməsini tələb edir. İş üzrə dindirilmiş şahid də tələb olunan pulun məbləği və yaranma səbəbləri barədə məhkəməyə ətraflı ifadə vermiş, onun ifadəsini şübhə altına alacaq məqam aşkar edilməmişdir. Cavabdehin tələb olunan pulu qaytarması ilə bağlı hər hansı sübut iş materiallarında mövcud deyil. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı hazırkı iddia tələbini irəli sürməkdə haqlı olmuşdur. Onun iddiası və təqdim etdiyi sübutlar işin faktiki halları ilə uzlaşıb, iddanın təmin edilməsi üçün mötəbər və yetərli hesab olunmalıdır. Cavabdeh 6840 manat məbləğində pulu əldə etməyə nə qanuni, nə də müqavilə üzrə əsası olmuş, həmin pulu əldə etməklə əsassız varlanmışdır. Odur ki, iddia əsaslı olduğundan, təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2-ci maddə). Həmin Məcəllənin 1092.1-ci maddəsində göstərilir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarından görünür ki, məhkəmədə hazırkı iddianın qaldırılması üçün iddiaçı tərəfindən 89 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 89 manat dövlət rüsumu cavabdehə aid edilərək, ondan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 6840 (altı min səkkiz yüz qırx) manat pul və 89 (səksən doqquz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6929 (altı min doqquz yüz iyirmi doqquz) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar