Məhkəmə qərarları › İş №e-2(008)-939/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-939/2025

25.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-939/2025 25.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "vurulmuş maddi ziyanın əvəzi olaraq 2011,91 manat, ödənilmiş 55 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "vurulmuş maddi ziyanın əvəzi olaraq 2011,91 manat, ödənilmiş 55 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, cavabdehlə bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən, cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2021-ci ildə administrator vəzifəsinə keçirilmiş, tərəflər arasında "Tam maddi məsuliyyət haqqında müqavilə" imzalanmış və xx.xx.2022-ci il tarixli 329 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 "b" (əmək müqaviləsinin müddətinin qurtarması ilə) maddəsinə əsasən işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. xx.xx.2022-ci ildə aparılmış inventarizasiya (mağaza sayımı) nəticəsində cavabdehin "xxxx" MMC-nin "OBA Bakıxanov 22" mağazasında çalışdığı zaman 3319,35 manat zərər vurması müəyyən edilmiş, həmin tarixli "İnventarizasiya nəticələrinə" dair aktda yekun ziyan məbləği öz əksini tapmışdır. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Cavabdeh halhazırda "xxxx" MMC-yə ümumilikdə 2011,91 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən, həmin iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə tərəfindən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi ona təklif edilmişdir. Cavabdeh məhkəməyə verdiyi xx.xx.2024-cü il tarixli ərizədə bildirmişdir ki, onun həqiqətən "xxxx" MMC-yə 2011,91 manat borcu vardır. O, borcu ödəməkdən yayınmır, imkanı olmadığı üçün borcu ödəyə bilməmişdir. Cavabdeh ərizədə qətnamə qəbul edilən zaman bunun nəzərə alınmasını və borcunu hissə-hissə ödəməyə köməklik olunmasını xahiş etmişdir. Bundan sonra müəyyən edilmişdir ki, iddiaçı tələb etdiyi maddi ziyanın vurulmasında cavabdehin təqsirini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir və onun təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmir. Ona görə də məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən, hazırkı işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Hazırlıq iclası əvvəl xx.xx.2025-ci ilə, sonra isə xx.xx.2025-ci ilə təyin edilmiş, iddiaçı həmin iclaslarda nümayəndəsinin iştirakını təmin etməmiş, xx.xx.2025-ci il tarixli ərizəsində isə hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsini və cavabdehin elektron kabinetə əlavə etdiyi borcu etiraf etməsi ilə bağlı ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh isə məhkəməyə verdiyi xx.xx.2025-ci il tarixli ərizədə bildirmişdir ki, o, xx.xx.2021-ci ildə "xxxx" MMC-nin ərzaq mağazasına satıcıkassir kimi işə qəbul olunmuş, xx.xx.2021-ci ildə administrator vəzifəsinə keçirilmişdir. Administrator vəzifəsində işlədiyi müddətdə heç bir intizam xətasına yol verməmiş, bir dəfə də olsun töhmət almamış, mağazaya maddi ziyan vurmamış və müdiriyyətin bütün tapşırıqlarını layiqincə yerinə yetirmişdir. Lakin xx.xx.2022-ci ildə öz xahişi ilə tutduğu vəzifədən ayrılmaq üçün ərizə ilə müraciət etdikdə ona təhvil-təslim aktında 2011 manat məbləğində malın çatışmaması ilə bağlı məlumat vermişlər və qeyd olunan məbləği öz üzərinə borc kimi götürməsini tələb edərək həmin aktı imzalatdırmışlar. O, xx.xx.2024-cü ildə "xxxx" MMC-nin onu artıq narahat etməməsi üçün ərizədə bildirmişdir ki, həmin borcu üzərinə götürür və ödəməkdən yayınmır. Əslində onun borcu yoxdur. O, xx.xx.2024-cü il tarixindəki ərizədən imtina edir. Artıq onu narahat etdikləri üçün, "xxxx" MMCnin onunla əlaqəsi olmaması üçün ərizəyə qol çəkmişdir. Cavabdeh həmin ərizədə iddianın araşdırılmasını və rədd olunmasını xahiş etmişdir. Məhkəmə baxışı xx.xx.2025-ci ilə təyin edilmiş, lakin iddiaçı nümayəndəsinin iştirakını təmin etmədiyinə görə məhkəmə baxışı təxirə salınaraq təkrarən xx.xx.2025-ci ilə təyin edlmişdir. İddiaçı məhkəməyə göndərdiyi xx.xx.2025-ci il tarixli ərizədə bildirmişdir ki, cavabdeh ərizə yerləşdirərək borcunun olduğunu etiraf etmiş və hissəhissə ödəyəcəyini bildirmişdir. Həmçinin, iş materiallarında olan tam maddi məsuliyyət müqaviləsindən və inventarizasiya aktlarından da görünür ki, cavabdehin məsuliyyətsizliyindən mağazaya maddi ziyan vurulmuşdur. İddiaçı cavabdehin borcu qəbul etdiyinin nəzərə alınmasını və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəməyə göndərdiyi xx.xx.2025-ci il tarixli ərizədə məhkəmə baxışının iştirakları olmadan keçirilməsini və iddianı tam şəkildə müdafiə etdikləri nəzərə alınaraq iddianın təmin olunmasını xahiş etmişdir. Ona görə də məhkəmə baxışı iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirildi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı etiraf etməyərək bildirmişdir ki, o, iddiaçıya maddi ziyan vurmamış və ümumiyyətlə, ziyanın nəyin nəticəsində vurulduğunu, iddiaçının ondan niyə pul tələb etdiyini bilmir. Belə iddialar "xxxx" MMC-nin digər mağaza müdirlərinə qarşı da qaldırılmışdır. O, iddia tələbi ilə bağlı xx.xx.2024-cü ildə məhkəməyə ərizə verdiyi zaman onun məhkəmə haqqında təsəvvürü bundan ibarət olmuşdur ki, məhkəmədə onu dərhal tutub həbs edəcəklər. O, tutulmaqdan qorxduğuna görə, eləcə də "xxxx" MMC-dən canını qurtarmaq üçün borcu etiraf etməsi barədə məhkəməyə ərizə vermiş, lakin məhkəmə işi araşdırmağa başladıqdan sonra o, həmin ərizədən imtina etmişdir. Əslində o, iddiaçıya heç bir ziyan vurmamışdır. Onun işlədiyi mağazada kameralar mövcud olmuşdur. Əgər o, ziyan vurmuş olsaydı, kamera bunu çəkərdi. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. Müəyyən edildi ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2021-ci ildə satıcıkassir vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2021-ci ildə isə administrator vəzifəsinə keçirilmişdir. İddiaçı ilə cavabdeh arasında "Tam maddi məsuliyyət haqqında müqavilə" bağlanmışdır. Cavabdehin məsul olduğu "OBA- Bakıxanov 22" mağazasında xx.xx.2022-ci ildə inventarizasiya aparılmış, nəticədə 3319,35 manat məbləğində çatışmazlıq aşkar edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci ildə xitam verilmişdir. İddiaçı tərəfindən güzəştlər tətbiq edildikdən sonra cavabdehdən 2011,91 manat məbləğində borc tələb olunur. İşdə olan "Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi"ndən görünür ki, Cavabdeh xx.xx.2021-ci ildə "xxxx" MMC-də satıcıkassir vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan "Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi"ndən görünür ki, Cavabdeh xx.xx.2021-ci ildə "xxxx" MMC-də administrator vəzifəsinə keçirilmişdir. İşdə olan "Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi"ndən görünür ki, Cavabdeh və "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci ildə xitam verilmişdir. İşdə olan, "xxxx" MMC və Cavabdeh arasnda bağlanmış xx.xx.2020-ci il tarixli "Tam maddi məsuliyyət haqqında müqavilə"dən görünür ki, cavabdeh ona etibar edilmiş əmlakı, maddi sərvətlərin tam qayğısına qalmağı, işəgötürənə ziyan vurmamağı, öhdəsində olan maddi sərvətlərin hesabatını dəqiq aparmağı və rəhbərliyə təqdim etməyi öz öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli "İnventarizasiya nəticələrinə dair yekun akt"dan görünür ki, cavabdehin məsul şəxs olduğu "OBA-Bakıxanov 22" mağazasında aparılmış növbədənkənar inventarizasiya nəticəsində 3319,35 manat məbləğində çatışmazlıq aşkar edilmişdir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli "Arayış"ından görünür ki, cavabdehin işlədiyi dövrdə aşkarlanmış çatışmazlıq məbləğinə güzəştlər tətbiq edildikdən sonra borcun ümumi məbləği 2011,91 manat təşkil edir. İşdə olan "xxxx" MMC-nin "Xəbərdarlıq" məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə 2011,91 manat ziyanın ödənilməsi təklif olunmusdur. Məhkəmə hazırkı mübahisənin həlli üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin aşağıdakı normalarına istinad olunmasını zəruri hesab edir. Maddə 191 (1-ci hissə). Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Maddə 191 (2-ci hissə). Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə 192 (2-ci hissə). Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Maddə 203 (1-ci hissə). İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Maddə 203 (2-ci hissə). Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında aşağıdakılar qərara alınmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə və 199-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinin tələbinə uyğun olaraq, işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda aşağıdakı hüquqi mövqeyi ifadə etmişdir: "Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə deyillər. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, intizam sanksiyalarının yalnız işçiyə münasibətdə tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Belə ki, mülki hüququn təməl prinsipini hüquq subyektlərinin tam bərabərliyi təşkil edir. Bu baxımdan, işçinin işəgötürənə münasibətdə tabeli vəziyyətdə olması, habelə hüquqi və maddi imkanlarına görə adətən daha zəif tərəf olduğu nəzərə alınmaqla, dövlət tərəfindən işçilərin hüquqlarını və sosial müdafiəsini təmin etmək, onları işəgötürənin mümkün sui-istifadələrindən qorumaq məqsədilə əmək qanunvericiliyində xüsusi imperativ qaydalar müəyyən edilir. ... Qeyd edilməlidir ki, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi prinsipi həm əmək münasibətlərinin yaranması, həm dəyişdirilməsi, həm də xitamı ilə əlaqədar bütün mərhələlərinə eyni dərəcədə şamil edilir. Həmin prinsipdən irəli gələrək qanunverici tərəfindən bir sıra münasibətlərin bilavasitə əmək münasibəti hesab edilməsi və həmin münasibətlərin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi müəyyən edilmişdir (Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsi). Xüsusilə də Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.8-ci hissəsinə görə, müqavilədə bu Məcəllənin 10, 77, 112, 179 və 186-cı maddələrində göstərilən məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda, belə müqavilə (münasibətlər) mülki hüquqi müqavilə qaydasında rəsmiləşdirilə bilməz. Əmək Məcəlləsinin 10-cu maddəsinin 1-ci hissəsinin (ç) bəndinə əsasən isə işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə aid edilmişdir. Əmək Məcəlləsinin "İşəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyəti" adlanan Vİİİ bölməsinin normaları işçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyətini, habelə işəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyətini tənzimləyir. Hüquqi məsuliyyətin bir növü olan maddi məsuliyyət əmək müqaviləsinin bir tərəfinin (işçinin və ya işəgötürənin) digər tərəfə əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi zamanı təqsirli, hüquqazidd hərəkətləri nəticəsində vurduğu ziyanı qanunvericiliklə müəyyən olunmuş qaydada və həddə ödəmək vəzifəsini nəzərdə tutur. Qeyd edilməlidir ki, əmək münasibətlərində maddi məsuliyyət məqsəd və vəzifələrinə, subyektlərinə, maddi məsuliyyətin həddi və onun müəyyən edilməsi şərtlərinə və qaydasına görə mülki hüquqi məsuliyyətdən fərqlənir. Belə ki, əmək hüququnda yalnız vurulmuş faktiki (həqiqi) ziyanın ödənilməsi nəzərdə tutulur, işçi yalnız qanunda nəzərdə tutulmuş hallarda tam maddi məsuliyyətə cəlb olunur. Bir qayda olaraq, işçi bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Mülki hüquq münasibətlərində isə vurulmuş ziyan tam həcmdə ödənilir, habelə əldən çıxmış fayda da ödənilə bilər və s. Ümumiyyətlə, əmək qanunvericiliyində maddi məsuliyyətin iki növü müəyyən edilmişdir: məhdud məsuliyyət (bu halda zərər əvvəlcədən müəyyən edilmiş məhdud həcmdə ödənilir) və tam maddi məsuliyyət (bu halda vurulan zərər tam həcmdə ödənilir). Məhdud məsuliyyət yalnız işçilərə münasibətdə nəzərdə tutulub, işəgötürənin məsuliyyəti isə bundan fərqli olaraq Əmək Məcəlləsinin 195-ci maddəsinə əsasən tam xarakter daşıyır. Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə görə, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Göründüyü kimi, istər işəgötürən, istərsə də işçi əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə mülki qanunvericilik normaları əsasında deyil, əmək qanunvericiliyi normaları əsasında maddi məsuliyyət daşıyır və vurulmuş ziyanın ödənilməsi ilə bağlı tərəflər arasında hər hansı mülki hüquqi müqavilənin bağlanması tələb olunmur. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. İşəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyətinin yaranması üçün yuxarıda qeyd olunan şərtlərin eyni zamanda mövcud olması zəruridir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyətin yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyətin yaranması üçün vacib hesab edir. Bu, Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin "b" və "c" bəndlərindən, 192-ci maddəsinin 2-ci hissəsindən, eləcə də 194-cü maddəsinin 1-ci hissəsindən irəli gəlir ("Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair" 2011-ci il 15 iyul tarixli Qərar). Qanunverici həmçinin təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyətin yaranmasının sübut edilməsi yükü tərəflər arasında bölünür. İşəgötürən konkret işçinin ona ziyan vurduğunu iddia etdikdə, həqiqətən həmin işçi tərəfindən ziyan vurulduğunu və bu ziyanın məbləğini, işçi isə ziyanın onun tərəfindən vurulmadığını sübut etməlidir. Əmək Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa bütün digər hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 199-cu maddəsinin 1-ci hissəsinə görə, işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər (Əmək Məcəlləsinin 203 və 205-ci maddələri). Beləliklə, işçi əmək münasibətləri prosesində işəgötürənə ziyan vurmuş və bu lazımi qaydada rəsmiləşdirilmişdirsə, işçi ziyanı ödəməkdən imtina edərsə işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İşəgötürənə ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilmişdirsə, işəgötürən bu halda da ziyan vuran işçidən ziyanın məbləğinin tutulması üçün məhkəmədə iddia qaldıra bilər. Belə ki, Əmək Məcəlləsinin 194-cü maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinin 199-cu maddəsi ilə işçinin işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı hallar dəqiq göstərilmişdir. Bu baxımdan, məsələ əmək qanunvericiliyi ilə tam tənzimləndiyindən, Mülki Məcəllənin 2.3-cü maddəsinin tələbləri baxımından işçinin işəgötürənə vurduğu ziyan həmin Məcəllənin 882-ci maddəsi ilə nəzərdə tutulan mülki müqavilə ilə rəsmiləşdirilə bilməz. O da qeyd edilməlidir ki, Əmək Məcəlləsinin qeyd edilən 199-cu maddəsi ilə nəzərdə tutulan məhdud hallar sırasında yalnız bir növ müqavilənin - tam maddi məsuliyyət götürülməsi barədə müqavilənin bağlanması göstərilmişdir. Bu növ müqavilənin bağlanması qaydaları isə Əmək Məcəlləsinin 200-cü maddəsi ilə müəyyən edilmişdir. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər." Hazırkı mülki işdə iddiaçı "xxxx" MMC-nin dəlillərindən biri bundan ibarətdir ki, cavabdeh tam maddi məsuliyyət haqqında müqavilə imzaladığına görə maddi ziyana görə məsuliyyəti yalnız o daşıyır. Məhkəmə bununla razılaşmır və ilk növbədə bunu qeyd edir ki, Cavabdeh "xxxx" MMC-də satıcı-kassir vəzifəsinə xx.xx.2021-ci ildə qəbul olunduğu, administrator vəzifəsinə isə xx.xx.2021-ci ildə keçirildiyi halda, iddiaçının məhkəməyə təqdim etdiyi "Tam maddi məsuliyyət haqqında müqavilə" bundan təxminən bir il əvvəl xx.xx.2020-ci ildə bağlanmışdır. Müqavilədə qeyd olunan Cavabdeh şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi (AZE********) onun xx.xx.2017-ci ildə aldığı və xx.xx.2021-ci ilədək qüvvədə olmuş şəxsiyyət vəsiqəsinə aiddir. Cavabdeh işə qəbul olunduğu vaxt həmin şəxsiyyət vəsiqəsi artıq mövcud deyildi və onun yeni vəsiqəsinin nömrəsi başqa idi. İddiaçının nümayəndəsi məhkəmə iclaslarına gəlmədiyinə görə bu uyğunsuzluğun səbəbini müəyyən etmək mümkün olmamışdır. Digər tərəfən, məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarda ifadə edilmiş hüquqi mövqeyinə əsaslanaraq qeyd edir ki, işçi ilə işəgötürən arasında bağlanmış tam maddi məsuliyyət haqqında müqavilənin mövcudluğu ziyanın vurulmasında işçinin təqsirliliyi prezumpsiyasını yaratmır. Ziyanın işçidən tələb edilə bilməsi üçün, həmin müqavilə mövcud olsa belə, ziyanın vurulmasında işçinin təqsiri işəgötürən tərəfindən sübut olunmalıdır. Tam maddi məsuliyyət haqqında müqavilə, işçinin təqsiri sübuta yetirildiyi halda, yalnız onun maddi məsuliyyətinin həcmini müəyyən etməyə xidmət edir. Lakin iddiaçı "xxxx" MMC tərəfindən məhkəməyə ona maddi ziyanın məhz Cavabdeh təqsiri nəticəsində vurulduğunu təsdiq edən sübut təqdim olunmamışdır. İddiaçının təqdim etdiyi sənədlər, o cümlədən inventarizasiya aktı maddi ziyanın kim tərəfindən vurulduğunu deyil, yalnız onun məbləğini və vurulmasının təqribi vaxtını müəyyən etməyə yardım edə bilər. Həmçinin, müəyyən edildi ki, iddiaçı "xxxx" MMC inventarizasiya keçirərək ona ziyan vurulduğunu müəyyən etsə də, cavabdehdən bununla bağlı yazılı izahat tələb etməmiş və almamış, eləcə də dəymiş ziyanla cavabdehin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni araşdırmamışdır. İddianın bir dəlili də ondan ibarətdir ki, Cavabdeh inventarizasiya zamanı tərtib olunan bütün sənədləri imzalamaqla ziyan vurduğunu etiraf etmişdir. Məhkəmə bununla da razılaşmır və qeyd edir ki, əvvəla, həmin sənədlərin heç birində cavabdehin maddi ziyan vurduğunu etiraf etməsinə dair hər hansı müddəa yoxdur, cavabdeh imzaladığı sənədlərdə yalnız mağazada çatışmazlığın aşkar edildiyini təsdiqləmişdir. Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun yuxarda istinad olunan Qərarında işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılmasının istisna edildiyi göstərilmişdir. İşçinin işəgötürənə vurduğu ziyana görə məsuliyyət daşıması məsələsi əmək qanunvericiliyi ilə tam tənzimləndiyindən, mülki qanunvericiliyin normaları, o cümlədən Azərbaycan Respublikası Mülki Məcəllənin 882-ci maddəsi ilə nəzərdə tutulan mülki müqavilənin normalarının tətbiq edilməsi yolverilməzdir. Belə olan halda, cavabdeh borcun etirafına dair sənəd imzalamış olsa belə, bu, iddiaçının tələbini təsdiq edən müstəsna bir sübut kimi qiymətləndirilə bilməz. Eyni zamanda, məhkəmə Cavabdeh iddianı etiraf etməsi barədə məhkəməyə verdiyi xx.xx.2024-cü il tarixli ərizəyə də münasibət bildirməyi zəruri hesab edir. Cavabdeh məhkəməyə verdiyi sonrakı xx.xx.2025-ci il tarixli ərizədə xx.xx.2024-cü il tarixli ərizəsindən imtina etdiyini bildirmiş və bunu belə əsaslandırmışdır ki, o, işlədiyi müddətdə heç bir intizam xətasına yol verməmiş və mağazaya maddi ziyan vurmamışdır. "xxxx" MMC digər mağaza müdirlərinə qarşı da belə iddialar qaldırmışdır və o, "xxxx" MMC-nin onu narahat etməməsi, artıq onunla əlaqəsinin olmaması üçün, habelə məhkəmədə həbs olunmaqdan qorxduğuna görə həmin ərizəni vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsində deyilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan normalardan göründüyü kimi, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən o halda qəbul edilə bilər ki, etiraf qanuna zidd olmasın və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmasın. Lakin göründüyü kimi, Cavabdeh iddianı etiraf etməsi barədə xx.xx.2024-cü il tarixli ərizəni hazırkı iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə əlaqədar məhkəmənin bildirişini aldığı gün yazmış, işə iddia icraatı qaydasında baxılmağa başlandıqdan sonra verdiyi ərizədə isə həmin ərizədən imtina etmiş, iddiaçıya borcunun olmadığını bildirmiş və işin mahiyyəti üzrə araşdırılmasını xahiş etmişdir. Göründüyü kimi, cavabdehin iddianı etiraf etməsi davamlı olmamış, o, həm xx.xx.2025-ci il tarixli ərizədə, həm də bütün məhkəmə iclaslarında verdiyi izahatlarda iddianı etiraf etmədiyini və iddiaçıya zərər vurmadığını bildirmişdir. Ona görə də məhkəmə cavabdehin xx.xx.2024-cü il tarixli ərizəsinin etiraf kimi qiymətləndirilməsini və həmin ərizə əsasında iddianın təmin olunmasını mümkün hesab etmədi. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddiaçı cavabdehdən maddi ziyanın ödənilməsini tələb etməkdə haqlı deyil, bu səbəbdən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin edilmədiyinə görə iddiaçı tərəfindən ödənilmiş 55 manat mediasiya xərci ona aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "vurulmuş maddi ziyanın əvəzi olaraq 2011,91 manat, ödənilmiş 55 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi" barədə iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X3.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar