Məhkəmə qərarları › İş №e-2(008)-951/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-951/2024

06.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-951/2024 06.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə iddiaçı "Azəriqaz" İB-nin Cavabdeh qarşı "dəymiş zərərin əvəzinin və debitor borcunun ödənilməsi" barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "Azəriqaz" İB Cavabdeh qarşı "dəymiş zərərin əvəzinin və debitor borcunun ödənilməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı "Azəriqaz" İB-yə vurulmuş 11537,80 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 2165,36 manat pulun və 131,11 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 13834,27 manat pulun cavabdehdən tutularaq iddiaçı "Azəriqaz" İB-nin Azərbaycan X3 şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2023-cü ildə 04/5811 nömrəli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə"si imzalanmış və həmin Müqavilə əsasında "Azəriqaz" İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana "Azəriqaz" İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********10000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən Müqavilənin 2.3.2-ci yarımbəndinin (həmin Müqavilənin və "X2"nın tələblərinə əməl etmək) və "X2"nın tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacına qanunsuz olaraq müdaxilə etmişdir. Belə ki, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - xx.xx.2018-ci il tarixli 000344 saylı akt əsasında 331,80 manat; - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 284,40 manat; - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 20,20 manat; - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat; - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 230,40 manat; - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat; - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 100,80 manat; - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 97,20 manat; - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 97,20 manat; - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 100,80 manat; - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 252 manat; - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat; - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 210 manat; - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 84 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 8812,80 manat, cəmi 11537,80 manat məbləğində "Azəriqaz" İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Həmçinin, 2020-ci ilin mart-dekabr ayları üzrə 546,70 manat sərfiyyat borcu və limitdən əlavə 14,70 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 840,05 manat sərfiyyat borcu və limitdən əlavə 24,10 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 694,70 manat sərfiyyat borcu və limitdən əlavə 51,55 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-mart ayları üzrə 13,56 manat sərfiyyat borcu, cəmi 2185,36 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin mart ayından 2023-cü ilin oktyabr ayına qədər cavabdeh 10 manat məbləğində ödəniş etmişdir. Qeyd olunanlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 2165,36 manat məbləğində debitor borcu mövcuddur. Beləliklə, cavabdehin "Azəriqaz" İB-yə ödənilməli borc məbləği hazırda "Abonentin saldo”su üzrə ümumi 13703,16 manat təşkil etməkdədir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X4 iddianı müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 04/5811 nömrəli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqaviləsi"nin 1-ci maddəsinə əsasən, Paylayıcı həmin Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin Müqavilənin 2.3.4-cü maddəsinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə həmin Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək İstehlakçının vəzifəsidir. - Cavabdeh tərəfindən xx.xx.2023-cü ildə "Azəriqaz" İB-nə ünvanlanmış ərizədən görünür ki, cavabdeh borcu ilə tanış olmuş və hesablanmış 16306,46 manat borcu qəbul edir, maddi durumunu nəzərə alaraq borcun müəyyən müddət ərzində hissə-hissə tutulması üçün karta keçiriləcək ödənişin təmin olunmasını öhdəsinə götürür. - "Təbii X2nın pozulması haqqında" xx.xx.2018-ci il tarixli 000344 nömrəli aktın surətindən görünür ki, istehlakçı təbii qazdan sayğacdan kənar xətdən istifadə edir. - 07.03.2023-cü il tarixli "Abonent saldosu"ndan görünür ki, **********10000 abonent kodu olan Cavabdeh 2020-ci ilin mart-dekabr ayları üzrə 546,70 manat sərfiyyat borcu və limitdən əlavə 14,70 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 840,05 manat sərfiyyat borcu və limitdən əlavə 24,10 manat sərfiyyat borcu, 2022-ci ilin yanvardekabr ayları üzrə 694,70 manat sərfiyyat borcu və limitdən əlavə 51,55 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-mart ayları üzrə 13,56 manat sərfiyyat borcu, cəmi 2185,36 manat borcu mövcuddur. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə cavabdeh Elşən Mircəfərzadə arasında bağlanmış "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqaviləsi" əsasında cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təmin etmiş, istifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilmiş, istifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə Cavabdeh üzərinə öhdəlik götürmüş, lakin üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, təbii qazdan istifadə nəticəsində 2165,36 manat borcu yaranmışdır. 2020-ci ilin mart ayından 2023-cü ilin oktyabr ayına qədər 10 manat məbləğində ödəniş etmişdir. Həmçinin, sayğacdankənar təbii qazdan istifadə etməsi səbəbi ilə aktlar üzrə ona 11537,80 manat borc yazılmışdır. xx.xx.2018-ci ildə tərtib olunan ilk akt sayğacdankənar təbii qazdan istifadə etməsi səbəbi ilə tərtib olunub ə həmin akta görə abonentə 331,80 manat maddi ziyan hesablanıb. Məhkəmə ilk öncə sərfiyyat borcuna münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. "Qaz təchizatı haqqında" Qanunun 11-ci maddəsinin 6-cı hissəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. X2 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqaviləsi"nin 2.3.1-ci bəndinə əsasən, istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən ona təqdim olunmuş hesab üzrə qazın dəyərini tam ödəməlidir. Göründüyü kimi, cavabdehin təbii qazdan istifadəyə görə borcu 2175,36 (2185,36 – 10 = 2175,36) manat təşkil etsə də, iddiaçı 2165,36 manat pulu tələb edir. Beləliklə, cavabdeh təbii qazdan istifadəyə görə 2165,36 manat pulu iddiaçıya ödəməlidir. Bundan başqa, aktlar əsasında sayğacdankənar təbii qazdan istifadə etməsinə görə istehlakçıya 11537,80 manat borc hesablanmışdır. Bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. "Qaz təchizatı haqqında" qanunun 6.2-ci maddəsinə əsasən, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin "Azəriqaz" İB tərəfindən abonentə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən yeni akt tərtib etməsi həmin aktın mötəbərliyi barədə şübhə doğurur. Məhkəmə iddia tələbində qeyd olunmuş aktlara əsasən, dəymiş zərərin tutulması hissəsinə qiymət verərkən qeyd edir ki, tərtib edilmiş aktlarda cavabdehin imzasının olmadığını, ona məxsus evə dəfələrlə baxış keçirilsə də, iştirakının təmin edilməməsini nəzərə alır. Həmçinin işdə olan fotoşəkillərin çəkilmə tarixi göstərilmədiyindən hansı aktları əsaslandırdığını müəyyənləşdirmək qeyri-mümkündür. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən, yəni təqdim edilən aktlar arasında yalnız qanunsuz qoşulmanın aşkar olunma faktına görə ilk tərtib olunmuş xx.xx.2018-ci il tarixli 000344 nömrəli akt üzrə təmin edilməli, həmin akt üzrə hesablanmış 331,80 manat pul cavabdehdən tutulmalıdır. Cavabdehin xx.xx.2023-cü ildə 16306,46 manat borcunun olmasına dair ərizəsinə münasibət bildirərək qeyd edir ki, həmin ərizə borcun etirafı kimi qəbul edilərək heç bir araşdırma aparmadan süni şəkildə şişirdilmiş borcun tutulması ilə nəticələnə bilər. Belə ki, cavabehə ərizə imzaladılarkən onun hüquqularının izah edilməsi ərizədə öz əksini tapmır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim etməsə də, "Elektron məhkmə" informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzlə 131,11 manat dövlət rüsumu ödənilmişdir. Cəmi 13703,16 manat məbləğində iddianın 2497,16 manat hissəsi (18,22 faizi) təmin olunduğuna görə dövlət rüsumunun 18,22 faizi, yəni 23,88 manatı cavabdehə aid edilməli və həmin məbləğ ondan alınaraq iddiaçıya qaytarılmalı, qalan 107,23 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "Azəriqaz" İB-yə vurulmuş 331,80 manat məbləğində zərər, təbii qazdan istifadəyə görə hesablanmış 2165,36 manat debitor borc, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 23,88 manat hissəsi, ümumilikdə 2521 (iki min beş yüz iyirmiz bir) manat 04 (dörd) qəpik məbləğində pul İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 107,23 manat hissəsi iddiaçıya aid edilsin. Tutulmuş məbləğ İddiaçı Azərbaycan X3 şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ**********99********) bank hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar