Məhkəmə qərarları › İş №e-2(009)-1012/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1012/2022

15.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1012/2022 15.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Rufullayeva Rövşanə Elşən qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcu” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 425.96 ABŞ dolları (dörd yüz iyirmi beş ABŞ dolları doxsan altı sent) əsas borc, 1415.93 ABŞ dolları (min dörd yüz on beş ABŞ dolları doxsan üç sent) faiz, 2505.74 ABŞ dolları (iki min beş yüz beş ABŞ dolları yetmiş dörd sent) cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 62.16 ABŞ dolları (altmış iki ABŞ dolları on altı sent) faiz borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 94.97 manat (doxsan dörd manat doxsan yeddi qəpik) dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı ASC-nin Binəqədi filialı ilə Cavabdeh arasında bağlanmış 04 fevral 2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən 30 ay müddətinə 30% dərəcəsi ilə 4503 ABŞ dolları (dörd min beş yüz üç ABŞ dolları) məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 4313.45 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2019-cu il tarixinədək uzadılmışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh Mirzə oğlu müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2022-ci il tarixə Cavabdeh Mirzə oğlunun kredit üzrə 425.96 ABŞ dolları əsas borc, 1415.93 ABŞ dolları faiz, 2505.74 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 62.16 ABŞ dolları faiz borcu yaranmışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsa idi, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbinin həcminin artırılması barədə ərizə verərək Cavabdeh 425.96 ABŞ dolları (dörd yüz iyirmi beş ABŞ dolları doxsan altı sent) əsas borc, 2593.44 ABŞ dolları (iki min beş yüz doxsan üç ABŞ dolları qırx dörd sent) faiz, 2505.74 ABŞ dolları (iki min beş yüz beş ABŞ dolları yetmiş dörd sent) cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 62.16 ABŞ dolları (altmış iki ABŞ dolları on altı sent) faiz borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 114.99 manat (yüz on dörd manat doxsan doqquz qəpik) dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 30 ay müddətinə, illik 30% olmaqla 4503 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli Əlavə Sazişdən görünür ki, 4313.45 ABŞ dolları illik 30% olmaqla 46 ay müddətinə xx.xx.2019-cu il tarixədək ödənilməsi şərti ilə dəyişiklik edilmişdir. İş materiallarında olan Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin İdarə edilməsi departamentinin Problemli kreditlərlə iş idarəsinin 10 mart 2022-ci il tarixli, **********085 saylı arayışından görünür ki, xx.xx.2022-ci il tarixə Cavabdeh kredit üzrə 425.96 ABŞ dolları (dörd yüz iyirmi beş ABŞ dolları doxsan altı sent) əsas borc, 1415.93 ABŞ dolları (min dörd yüz on beş ABŞ dolları doxsan üç sent) faiz, 2505.74 ABŞ dolları (iki min beş yüz beş ABŞ dolları yetmiş dörd sent) cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 62.16 ABŞ dolları (altmış iki ABŞ dolları on altı sent) faiz borcu yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 iyul 2022-ci il tarixli, 9/4823 nömrəli rəyindən görünür ki, Cavabdeh müqavilə müddətinin bitdiyi xx.xx.2019-cu il tarixə İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 425.88 ABŞ dollar, faiz borcu üzrə 2593.44 ABŞ dollar, müqavilə müddətinin bitdiyi xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 60.39 ABŞ dollar təşkil edir. (ekspertiza dəyəri 100 manat) Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmış, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək razılaşdırılmış kredit vəsaitini cavabdehə versə də, cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyini tam icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Prosessual Məcəlləsinin 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Sadalanan qanunvericilik normalarına əsasən, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliyə malik olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam və vaxtında icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə iş üzrə verilmiş ekspert rəyini əsaslı hesab edir, onun qeyri-mötəbər olması ilə bağlı hər hansı şübhə mövcud deyildir. Ona görə də belə nəticəyə gəlir ki, kredit müqaviləsi üzrə Cavabdeh banka olan əsas borcu 425.88 ABŞ dollar, faiz borcu 2593.44 ABŞ dolları məbləğində pul tutulmalıdır. Məhkəmə hesab edir ki, gecikdirilmiş 425.88 ABŞ dolları borca görə 2505.74 ABŞ dolları cərimə (dəbbə pulu) yüksək məbləğdir. Odur ki, tərəflərin əmlak mənafeləri nəzərə alınmaqla cavabdehdən 21 ABŞ dolları cərimə tutulmalı, həmin tələb qalan hissədə rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən MM-in 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Belə ki, icra borclu tərəfindən gecikdirildirilmiş, bunun nəticəsində kreditora zərər dəymişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarına əsasən illik 5 faiz hesablanmaqla 60.39 (altmış ABŞ dolları otuz doqquz sent) faiz məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehdən tutulması tələb olunan pul məbləği xarici valyuta ilə göstərildiyindən, tutulacaq məbləğ Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı tərəfindən ********* saylı qəbz üzrə 94.97 manat, ********* saylı qəbz üzrə 20.02 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 80 manatı cavabdehə aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası xərci, 100 manat məbləğində pulun 20 (iyirmi) manatı İddiaçı ASC-dən, 80 (səksən) manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəllilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 425.88 ABŞ dolları (dörd yüz iyirmi beş ABŞ dolları səksən səkkiz sent) əsas borc, 2593.44 ABŞ dolları (iki min beş yüz doxsan üç ABŞ dolları qırx dörd sent) faiz, 21 ABŞ dolları (iyirmi bir) cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 62.16 (altmış iki ABŞ dolları on altı sent) manat faiz borcu (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və ödənilmiş dövlət rüsumunun 80 (səksən) manatı tutularaq ləğv prosesində olan İddiaçı ASC-nə ödənilsin. Keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası xərci, 100 manat məbləğində pulun 20 (iyirmi) manatı İddiaçı ASC-dən, 80 (səksən) manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar