Məhkəmə qərarları › İş №e-2(009)-1027/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1027/2024

20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1027/2024 20.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış borc müqaviləsi əsasında yaranmış 77 000 manat məbləğində vəsaitin Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh iddiaçının oğludur. Qeyd etmək istəyir ki, cavabdeh nikaha daxil olmamışdan əvvəl, yəni 2015-ci ildən əvvəl, iddiaçı, ünvan 1 ünvanda yerləşən mənzil almışdır. Həmin mənzildə cavabdeh yaşayırdı. 2015-ci ildə Cavabdeh nikaha daxil olduqdan sonra onun arvadı X4 da həmin ünvana gəlin köçərək həmin mənzildə yaşamağa başlamışdır. Lakin 2022-ci ilin aprel ayında cavabdeh ailəsi ilə birgə daha böyük mənzilə köçməyi qərara almışdır. Cavabdeh yaşadıqları evi satmaq niyyətinin olduğunu və mənzilin satışından əldə olan vəsait əsasında ilkin ödəniş edərək daha böyük mənzil almaq fikrinin olduğunu bildirmişdir. İlk vaxtlar iddiaçı əri Çingiz Qədirovla bu fikrə qarşı çıxsalar da, daha sonra mənzilin satışından əldə olunan vəsaiti cavabdehə borc qismində verəcəklərini bildirərək razılaşmışlar. Borc verməkdə niyyət ondan ibarət olmuşdur ki, iddiaçnın kiçik oğlu Kamil Qədirovun səhhətində müəyyən nasazlıqlar olduğundan iddiaçı aldığı evi həmin oğluna verəcəkdi. Belə ki, Kamil Qədirov onurğa sütununda yaranmış sağlamlıq probleminə görə hərbi xidməti keçməmiş və bu səbəbdən də yalnız aşağı maaşlı işlərdə işləyə bilir və onun aldığı əmək haqqı qarşılığında daşınmaz əmlakın alınması mümkün deyil. Cavabdeh, iddiaçının böyük oğlu Cavabdeh iş həyatında daha uğurlu olduğundan və maddi imkanları daha yaxşı olduğundan, o, yeni mənzili öz maddi gücü ilə almaq iqtidarında olmuşdur. Bu şərtlər daxilində cavabdehə ünvan 1 ünvanda yerləşən mənzilin satılmasına dair iddiaçı tərəfindən razılıq verilmişdir. Bundan sonra cavabdehlə iddiaçı arasında şahidlərin iştirakı ilə borc müqaviləsi tərtib edilərək imzalanmışdır. 22 aprel 2022-ci il tarixli alqı-satqı müqaviləsi ilə iddiaçıya məxsus mənzil 77 000 manata satılaraq, həmin satışdan əldə olunan vəsait borc müqaviləsinə əsasən yeni mənzilin alınması üçün cavabdehə verilmişdir. Daha sonra cavabdeh həmin vəsait hesabına yeni mənzil alsa da, borcun geri qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Belə ki, iddiaçı tətəfindən cavabdehə borcun qaytarılmasına dair müvafiq pretenziya məktubu göndərilmiş, lakin sonuncu tərəfindən heç bir geri dönüş olunmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndə və vəkili Nümayəndə2 məhkəmənin hazırlıq iclasında iştirak edərək, iddia tələbini qismən 64.000 manat hissəsində qəbul etdiyini bildirmişdir. Lakin məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nın 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçının nümayəndə və vəkilinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakı əsaslara görə iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan olan pretenziya məktubunun surətindən görünür ki, cavabdehə borcun ödənilməsi, əks halda müvafiq tədbirlər görüləcəyi haqqında xəbərdarlıq edilmişdir. İş materiallarında olan "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2022-ci il tarixli, 003716/000712/1 nömrəli arayışından görünür ki, ünvan 2 ünvanında yaşayan Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prosp., 3166 məhəllə ünvanında tikilən 20 mərtəbəli B yaşayış binasının 7 blokunda 15 mərtəbədəki 7 saylı mənzilin dəyərindən 64 000 manat ödəmişdir, qalıq borc 72 095 manat təşkil edir. İş materiallarında olan "xxxx" Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında bağlanmış 22 aprel 2022-ci il tarixli, 000712 nömrəli payçı müqaviləsinin surətindən görünür ki, “MTK” pay qismində çıxış edən Bakı şəhəri, Yasamal rayonu. H.Zərdabi pr., 3166 məhəllə-ünvanında tikilməkdə olan B binasında 7 blok, 15 mərtəbə, 7 nömrəli, 2 otaqlı mənzili tikib payçının mülkiyyətinə verməyi öhdəsinə götürür. İş materiallarında olan Cavabdeh tərəfindən "xxxx" MTK-ya ünvanlanmış 22 aprel 2022-ci il tarixli ərizədən görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativinin Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr., 3166 məhəllə-ünvanında inşa etdiyi yaşayış binasında 2 otaqlı 68,7 kv.m. ümumi sahəsi olan mənzilin pulunu hissə-hissə və ya tam şəkildə ödəmək şərti ilə ona mənzil satılmasına icazə verilməsini xahiş etmişdir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 319 №-li, 25 aprel 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən Bank borc alana 120 ay müddətində illik 9% ödəmək şərtilə 72095 manat məbləğində kredit verməyi öhdəsinə götürür. İş materiallarında olan Bakı şəhəri 46 saylı notariat kontorunda təsdiq edilmiş 22 aprel 2022ci il tarixli, Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı qismində çıxış edən İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsi, ev 77, 17 saylı mənzili 77000 manata alıcı X1. İş materiallarında olan İddiaçı, Cavabdeh, X5 və X3 iştirakı ilə tərtib edilmiş 22 aprel 2022-ci il tarixli Aktdan görünür ki, İddiaçı ünvan 5 ünvanında yerləşən mənzilin satılmasından əldə edilən 77 000 (yetmiş yeddi min) manat məbləğində pulu Cavabdeh Gingiz oğluna borc verir. Cavabdeh həmin məbləği növbəti 3 (üç) il ərzində hissə-hissə geri qaytarmağı öhdəsinə götürür. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər (Mülki Məcəllənin 740-cı mad.). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə iclasında iş materiallarında olan sübutların tədqiqi ilə müəyyən edildi ki, Cavabdeh Gingiz oğlu ailə üzvləri İddiaçı, X5 və X3 iştirakı ilə tərtib edilmiş 22 aprel 2022-ci il tarixli Aktla anası, İddiaçı 77 000 (yetmiş yeddi min) manat məbləğində pulu növbəti 3 (üç) il ərzində hissə-hissə geri qaytarmaq şərti ilə borc almışdır. Lakin Cavabdeh Gingiz oğlu İddiaçı alınan pulu müqavilə (aktla) ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh Gingiz oğlu borc müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, onun İddiaçı 77 000 manat məbləğində borcu vardır və həmin borc Cavabdeh Gingiz oğlundan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 77000 (yetmiş yeddi min) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar