Məhkəmə qərarları › İş №e-2(009)-1034/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1034/2022

03.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1034/2022 03.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçının nümayəndəsi C.Y.Cavadovun iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 06.07.2018-ci il tarixli 163/18 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin təminatı olaraq tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 18 saylı evin, 1 saylı mənzili ipoteka götürülmüş və bununla bağlı tərəflər arasında 18.07.2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. İpoteka ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin 2898 nömrəli reyestr kitabının 270362 nömrəli vərəqində (reyestr nömrəsi **********5-05301-093018, qeydiyyat nömrəsi **********) 13.08.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh 12.04.2022-ci il tarixə əsas borcu 89656,39 manat, faiz borcu 3382,11 manat təşkil edir. Cavabdeh tərəfindən 06.07.2018-ci il tarixli, 163/18 saylı kredit müqaviləsi üzrə öhdəliklər vaxtlı-vaxtında yerinə yetirmədiyi üçün ona pretenziya məktubu göndərilmiş və bunun heç bir nəticəsi olmamışdır. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubu, o cümlədən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş də cavabsız qalmışdır. Bununla da cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirmədiyindən kredit müqaviləsi üzrə yaranmış borcun məhkəmə qaydasında tələb edilməsi zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh İddiaçı ASC-nin xeyrinə 89656,39 manat əsas, 3382,11 manat faiz, cəmi 93038,5 manat pul, iddia ərizəsinə görə ödənilmiş 370 manat dövlət rüsumun və bildirişin ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsi qeydiyyatı ilə bağlı 45 manat ödənişin tutulması, ipoteka predmeti olan Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 18 saylı evin, 1 saylı mənzilinin ilkin satış qiymətinin müəyyən edilməsi, tutmanın Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 18 saylı evin, 1 saylı mənzilə yönəldilməsi, ipoteka predmetinin açıq hərrac vasitəsi ilə satılması və bankın kredit tələbi satılmış əmlakın hesabına ödənilməsi, Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 18 saylı evin, 1 saylı mənzilinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh və digər şəxslər 1 ay ərzində həmin evi tərk etmədikləri halda onlar məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının etibarnamə əsasında nümayəndəsi X5 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, məhkəmə bildirişi cavabdeh tərəfindən alındıqdan sonra cavabdeh banka müraciət etmiş, ona bildirmişlər ki, artıq məhkəməyə iddia verilmişdir, bununla əlaqədar məhkəmə proseslərində iştirak etsin. İpoteka müqaviləsində tərəf "xxxx" MMC tərəfindən ipoteka predmetinin qiymətləndirilməsi barədə ilkin rəyi ilə razı olaraq məbləğ ipoteka müqaviləsində əks olunmuş və imzalanmışdır. Bununla bağlı hesab edir ki, mübahisə yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş üzrə «Kreditor» qismində İddiaçı ASC-nin “Mərkəz” filialı ilə digər tərəfdən «Borcalan» qismində Cavabdeh arasında bağlanmış 06.07.2018-ci il tarixli 163/18 No-li kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 211 ay müddətinə, illik 7%-lə, 100.000 manat məbləğində kredit verilmişdir. Kredit borcalana ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın alınmasına verilmişdir. İş üzrə “Kreditor-İpoteka saxlayan” qismində İddiaçı ASC ilə “Alıcı-İpoteka qoyan” qismində Cavabdeh və “Satıcı” qismində X2 arasında bağlanılmış 18.07.2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən “Satıcı” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakı “Alıcı-İpoteka qoyan”ın mülkiyyətinə vermiş, daşınmaz əmlakın satış qiyməti 160.000 manat təşkil etmiş, mənzilin dəyərinin 60.000 manat məbləğində olan hissəsi “Alıcı-İpoteka qoyan”ın özü tərəfindən, 100.000 manat məbləğində olan hissəsi isə “Kreditor-İpoteka saxlayan” tərəfindən 06.07.2018-ci il tarixli, 163/18 saylı kredit müqaviləsinə əsasən “Alıcı-İpoteka qoyan”a verilmiş kredit vəsaiti hesabına ödənilmişdir. “Kreditor-İpoteka saxlayan”la “Alıcı- İpoteka qoyan” arasında bağlanmış 06.07.2018-ci il tarixli, 163/18 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsində yerləşən 18 saylı evin 1 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 1.8-ci bəndinə əsasən "xxxx" MMC tərəfindən 02.07.2018-ci il tarixdə tərtib edilmiş daşınmaz əmlakın qiymətləndirmə aktına (hesabatına) əsasən ipoteka predmeti 245.000 manat dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, 20.07.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsində yerləşən 18 saylı evin 1 nömrəli mənzili tam mülkiyyət hüququ əsasında Cavabdeh adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, 13.08.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, Cavabdeh mülkiyyət hüququ əsasında xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsində yerləşən 18 saylı evin 1 nömrəli mənzili 06.07.2018-ci il tarixli, 163/18 nömrəli kredit müqaviləsinə əsasən 06.02.2036-cı il tarixədək ipoteka müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş üzrə X4 tərəfindən notarial qaydada yazılmış 11.07.2018-ci il tarixli ərizənin surətindən görünür ki, o, X1 məxsus olan ünvan 2 ünvanda yerləşən mənzilin həyat yoldaşı Cavabdeh tərəfindən alınmasına və ipoteka qoyulmasına etiraz etmir. İpoteka/girov qoyulmuş əmlaka ödəniş yönəldiyi halda onu heç bir məhkəmə qətnamə tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd şərtsiz tərk etməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh 02.03.2022-ci tarixdə ünvanlanmış bildirişin surətindən görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən öhdəlik icra edilmədiyi təqdirdə tutmanın öhdəliyin icrasının təminatı kimi Banka ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsində yerləşən 18 saylı evin 1 nömrəli mənzilinə yönəldilməsi barədə Bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş üzrə İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 14.03.2022-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsində yerləşən 18 saylı evin 1 nömrəli mənzilinə tutmanın yönəldilməsini xahiş etmişdir. İş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ASC-yə ünvanlanmış 31.03.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsində yerləşən 18 saylı evin 1 nömrəli mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh 06.07.2018-ci il tarixli kredit müqaviləsi üzrə 12.04.2022-ci il tarixə əsas borcu 89656,39 manat, 3382,11 manat faiz, cəmi 93038,5 manat borcu var. İş üzrə Cavabdeh sifarişi əsasında "xxxx" MMC tərəfindən tərtib edilmiş qiymətləndirməyə dair 02.07.2018-ci il tarixli, M-0505/ATB saylı hesabatın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsində yerləşən 18 saylı evin 1 nömrəli mənzilinin 02.07.2018-ci il tarixinə olan bazar dəyəri 245.000 manat, likvid qiyməti 215.000 manat təşkil etmişdir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında bağlanılmış 02.07.2018-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 211 ay müddətinə, illik 7% dərəcəsi ilə 100.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi tərəflər arasında 18.07.2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsində yerləşən 18 saylı evin 1 nömrəli mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməmiş və bununla da onun banka borcu yaranmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, bank cavabdehdən kredit müqaviləsi üzrə yaranmış 89656,39 manat əsas, 3382,11 manat faiz, cəmi 93038,5 manatın tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, cavabdeh bağlanılmış kredit müqaviləsi üzrə bankdan kredit vəsaiti almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə borc məbləğini və müəyyən edilmiş faizləri Banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır. Lakin Cavabdeh kredit vəsaitinin və kreditdən yaranan faiz borclarını ödəməli olmasına aid vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi 89656,39 manat əsas və 3382,11 manat faiz borcunun tutulması hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin tutulacaq borcun kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslıdır və təmin edilməlidir. AR Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Bu Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Göstərilən Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləq borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər pozulduğundan, iddiaçının tələbin ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır və bu barədə müvafiq bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. «İpoteka haqqında» AR Qanunun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Məhkəmə yuxarıda göstərilən qanunvericilik aktlarına və iş materiallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh tutulmalı olan borc məbləği ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməli, həmin əmlak ixtisaslaşdırılmış müəssisəsi vasitəsi ilə satılmalı, bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməli və borc ödənildikdən sonra artıq qalan məbləğ müvafiq olaraq ipoteka qoyana qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, “İpoteka haqqında” AR Qanununun tələblərinə görə ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə qətnaməsində müvafiq olaraq göstərilməlidir. Belə ki, «İpoteka haqqında» AR Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Tərəflər arasında bağlanılmış alqı-satqı və ipoteka müqaviləsinin şərtinə əsasən "xxxx" MMC tərəfindən 02.07.2018-ci il tarixdə tərtib edilmiş daşınmaz əmlakın qiymətləndirmə aktına (hesabatına) əsasən ipoteka predmetinin bazar dəyəri 245.000 manat kimi, eyni zamanda həmin hesabatında ipoteka predmetinin likvid dəyəri 215.000 manat kimi müəyyən edildiyindən, “İpoteka haqqında” AR Qanununa əsasən isə ipoteka predmetinin ilkin satış qiyməti deyəndə onun bazar dəyəri deyil, likvid dəyəri nəzərdə tutulduğundan, həmçinin tərəflər arasında razılaşmış qeyd edilən qiymətlərlə bağlı mübahisənin olması məhkəmə tərəfindən müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti (likvid dəyər) 215.000 manat nəzərə alınmaqla hərraca çıxarılmalıdır. Məhkəmə iddia tələbinin ipoteka qoyulmuş mənzili satıldıqda ipoteka qoyan bir ay ərzində həmin evi tərk etmədiyi halda onun məcburi qaydada çıxarılması hissəsində də təmin edilməlidir. “İpoteka haqqında” AR Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Göstərilən Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutalaraq hesab edir ki, ipoteka ilə yüklü edilmiş mənzilə tutma yönəldildikdən sonra həmin mənzilinin 1 ay ərzində Cavabdeh tərəfindən boşaldılmalı, əks təqdirdə o, məcburi qaydada mənzildən çıxarılmalıdır. Məhkəmə iddia tələbinin digər şəxslər tərəfindən ipoteka predmetinə tutma yönəldildikdən sonra həmin mənzilinin 1 ay ərzində boşaldılması və digər şəxslərin məcburi qaydada mənzildən çıxarılması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Belə ki, “digər şəxslər” anlayışı mücərrət olduğundan, həmin şəxslər müəyyən edilib maraqlı şəxs qismində işə cəlb edilə bilmədiyindən, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi 370 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 45 manat rüsum da tutulmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə…. QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 163/18 saylı, 06.07.2018-ci il tarixli kredit müqaviləsi üzrə 12.04.2022-ci il tarixə yaranmış 89656,39 manat əsas borc, 3382,11 manat faiz borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 370 manat, ipoteka haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumu, cəmi 93453,5 (doxsan üç min dörd yüz əlli üç manat, əlli qəpik) manat məbləğində pul tutulsun. Həmin tutma Cavabdeh mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsində yerləşən 18 saylı evin 1 nömrəli mənzilinə yönəldilsin, həmin əmlak ilkin satış qiyməti (likvid dəyəri) 215.000 (iki yüz on beş min) manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilsin. Borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq ipoteka qoyan Cavabdeh qaytarılsın. İpoteka predmeti olan əmlak açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılsın, Cavabdeh həmin mənzilindən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar