Məhkəmə qərarları › İş №e-2(009)-1052/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1052/2025

08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1052/2025 08.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi Ə.X.Muradovun iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ASCnin Qara Qarayev filialı ilə Cavabdeh arasında “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına uyğun olaraq bağlanmış xx.xx.2019-cu il tarixli MBNP ***-*******FİMSA100719-01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 5 il müddətinə, illik 1 faiz dərəcəsi ilə 7957,46 manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Kredit müqaviləsinin 1.1, 1.2, 1.3, 2.4.4 və 2.4.13-cü bəndlərinə əsasən Cavabdeh bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğləri və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciətlər olunmasına və xx.xx.2022-ci il tarixli **********355 nömrəli və xx.xx.2022-ci il tarixli **********416 nömrəli bildirişlərlə isə yazılı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bu səbəbdən də Cavabdeh xx.xx.2019-cu il tarixli MBNP ***- *******FİMSA100719-01 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka ödənilməmiş cəmi 7605,57 manat məbləğində borcu vardır, bundan 7493,52 manat əsas və 112,05 manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin 2.1.5 və 4.4-cü bəndlərinə əsasən borculan müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə bank birtərəfli qaydada bu müqaviləni vaxtından əvvəl ləğv etməklə kreditin geri qaytarılması ilə bağlı çəkdiyi və ya çəkməli olduğu bütün xərclərin (zərərin) əvəzinin, habelə əldən çıxmış faydanın ödənilməsi cavabdehdən tələb etmək hüququna malikdir. Göstərilənləri nəzərə alaraq iddiaçı xx.xx.2019-cu il tarixli MBNP ***-*******FİMSA100719-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 7605,57 manat məbləğində borcun, bundan 7493,52 manat əsas borcun və 112,5 manat faiz borcunun və iş üzrə ödənilmiş 96,06 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə “Kredit verən” qismində İddiaçı ASC ilə digər tərəfdən “Kredit alan” qismində Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, MBNP ***-*******FİMSA100719-01 saylı kredit müqaviləsinə əsasən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına uyğun olaraq bank tərəfindən Cavabdeh 5 il müddətinə, illik faiz dərəcəsi 1% ödənilməsi şərti ilə 7.957,46 manat məbləğində kredit verilmişdir. İş üzrə ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli bildiriş məktubuna əsasən xx.xx.2022-ci il tarixə Cavabdeh bank qarşısında olan öhdəliyi əsas borc üzrə 7493,52 manat, faiz borcu üzrə 89 manat təşkil etmiş, bank tərəfə 3 iş günü müddətində həmin öhdəliyi icra etməyi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə məlumat vermişdir. İş üzrə ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2024-cü il tarixə banka 7493,52 manat əsas, 112,05 manat faiz, 0 manat cərimə, cəmi 7605,57 manat borcu yaranmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və.i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 1% dərəcəsi tətbiq edilməklə, 5 il müddətinə 7.957,46 manat məbləğində kredit verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və banka 7.493,52 manat əsas, 112,5 manat faiz borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank yaranmış borcun cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Lakin məhkəmə hesab edir ki, cavabdehdən faiz borcu iddia tələbində qeyd edilən həddə deyil, müqavilənin ləğv edildiyi tarixinə hesablanmış həddə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair“ xx.xx.2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. X3 göstərilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (pul vəsaitindən istifadə haqqını (faizləri)) ödənilməsini tələb edə bilər. Qeyd edilən Konstitusiya Məhkəməsi Plenum Qərarında formalaşan hüquqi mövqeyə görə müqavilənin ləğv edilməsi bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi (ona bildirişin göndərilməsi) ilə həyata keçirilir və müqavilə üzrə pul vəsaitindən istifadə haqqı – faiz, həmin tarixə (müqavilənin birtərəfli qaydada ləğv olunduğu tarix) hesablanmalıdır. Həmin tarixdən sonra bank yalnız zərərin - pul vəsaitindən istifadə haqqının (faizləri - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin) ödənilməsini tələb edə bilər. Məhkəmə Plenum Qərarında formalaşan hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı olan faiz borcu maliyyə arayışında qeyd edilən tarixə xx.xx.2024-cü il tarixə yaranmış borc (112,05 manat) deyil, bildirişin göndərildiyi, müqavilənin birtərəfli qaydada ləğv edildiyi tarixə - xx.xx.2022-ci il tarixə yaranmış faiz borcu həddində (89 manat) olması nəzərə alınmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehdən müqavilə üzrə ödənilməmiş qalmış 7.493,52 manat əsas, 89 manat faiz borcu olmaqla, cəmi 7.582,52 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, məhkəmə xərcləri - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (95,82 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli MBNP ***- *******FİMSA100719-01 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə yaranmış 7.493,52 manat əsas borc, xx.xx.2022-ci il tarixə yaranmış 89 manat faiz borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 95,82 manat, cəmi 7.678,34 (yeddi min altı yüz yetmiş səkkiz manat, otuz dörd qəpik) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar