Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1059/2023 06.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1802 (bir min səkkiz yüz iki) manat maddi ziyan, hüquqi yardımla əlaqədar ödənilmiş 100 (bir yüz) manat məbləğində xidmət haqqı, ümumilikdə 1902 (bir min doqquz yüz iki) manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: "xxxx" MMC ilə onun arasında bağlanmış 11 oktyabr 2017-ci il tarixli AL-1675 saylı "X4” əsasında lizinqə verilmiş "RAVON NEXİA R3 MİNİK” markalı, **- PL-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AC984298 seriyalı, 2017-ci il buraxışlı, Ban: XçXWBTF69V9HA039460, ağ rəngli) avtomobil etibarnamə ilə idarə olunması üçün Cavabdeh1 istifadəsinə verilmişdir. Digər Cavabdeh2 həmin sürücünü onunla tanış etmiş və onun öhdəliklərinin tam olaraq yerinə yetirilməsinə dair şifahi öhdəlik götürmüşdür. Cavabdeh1 hərəkətləri nəticəsində avtomaşına zərər dəymişdir. Belə ki, Cavabdeh1 21 fevral 2022-ci il tarixdə avtomobili geri qaytarmaq istədiyini deyərək ona təqdim etdi. O həmin vaxt avtomobildə nasazlıqlar olduğunu aşkar etdi və avtomobilin təmir olunması üçün “RS Avtoservis”-ə müraciət etdi. Orada avtomobilə baxış keçirilərkən avtomobilin arxa sağ stop, sol dumannı fara, çaşka, feredo, gidrousilitel, sol çöl qranat, ön sağ-sol stupitça poçemnik və digər bir neçə detalların yararsız vəziyyətdə olduğu, həmçinin avtomobildə dəmirçi, rəngsaz, plasmasçı, çilingər işlərinin görülməli olduğu müəyyən edildi. "RS Avtoservis” tərəfindən verilən qüsur aktına əsasən avtomaşının təmir bərpası üçün 1802 (bir min səkkiz yüz iki) manat tələb olunmuşdur. Lakin Cavabdeh1 yuxarıda qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Buna görə də o həmin vaxt avtomobili “RS Avtoservis”-də 1802 (bir min səkkiz yüz iki) manat ödəyərək öz hesabına təmir etdirdi. Göründüyü kimi Cavabdeh1 hərəkətləri nəticəsində avtomaşına 1802 (bir min səkkiz yüz iki) manat zərər dəymişdir. Cavabdeh1 yuxarıda qeyd olunan məbləği ödəməkdən imtina edir. Digər Cavabdeh2 şifahi öhdəliklərindən imtina edərək bu məbləği ödəməkdən imtina edir. Cavabdeh1 ilə onun arasında bağlanmış 28 aprel 2021-ci il tarixli icarə müqaviləsinin 1,6-cı bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini istifadə etmə məsuliyyətini öz üzərinə götürməklə hərəkəti və ya hərəkətsizliyi nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə borcludur. Həmin müqavilənin 1.8-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini ödəməyə borcludur. Bu səbəbdən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1802 (bir min səkkiz yüz iki) manat maddi ziyan, hüquqi yardımla əlaqədar ödənilmiş 100 (bir yüz) manat məbləğində xidmət haqqı, ümumilikdə 1902 (bir min doqquz yüz iki) manat pul vəsaiti tutulmalıdır. Həmçinin bildirir ki, o Şuşa şəhərindən məcburi köçkündür. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikasının 01 yanvar 2002-ci il tarixli qanununun 9-cu maddəsinə əsasən məcburi köçkünlər məhkəmədə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Buna görə də, o cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsinə dair məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu ödəməməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Etirazın dəlilləri: Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında maşını taksi fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə götürdüyünü, lakin qazanc əldə edə bilmədiyi üçün ödənişləri gecikdirdiyini, sonuncu dəfə ona zəng edərək pulu ödəməyini, əks halda maşını təhvil verməsi ona bildirilmiş və o da borcunu ödəyə bilmədiyindən maşını qaytardığını, maşını Eltona təhvil verdiyini, həmin vaxt maşının yoxlanılması və zərər müəyyən edilməsi barədə ona məlumat verilmədiyini bildirərək iddiaya etiraz etmiş və təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, iddiaçı ilə birlikdə avtomobillərin icrəyə verilməsi sahəsində işləyir, hər iki tərəfi tanıyır. Cavabdeh1 avtomobil icarəyə verilmiş, idarəsində olan müddətdə daha əvvəl də maşında problemlər olduğuna görə ona təmir edilməsi bildirilmiş, o isə təmir etmək üçün vaxt verilməsini istəmiş, daha sonra isə icarə haqqını ödəyə bilmədiyi üçün və maşını təmir edə bilmədiyi üçün maşını qaytarması tələb edilmişdir. O, maşını təhvil verdikdən sonra maşına baxış keçirilmiş, onun özünə də iştirak etməsi üçün məlumat verilmiş, lakin iştirak etməmişdir. Bununla bağlı akt tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, iddiaçı ilə birlikdə avtomobillərin icrəyə verilməsi sahəsində işləyir, maşınlarda dəyişikliklərin vəziyyətinə nəzarət edir, ayda bir dəfə maşına baxış keçirilir. Hər iki tərəfi tanıyır. Cavabdeh1 avtomobil icarəyə verilmiş, idarəsində olan müddətdə əvvəl də bir neçə dəfə maşında olan nasazlıqların aradan qaldırılması üçün ona vaxt verilmiş, sonradan isə icarə haqqını ödəyə bilmədiyi üçün və maşını təmir edə bilmədiyi üçün maşını qaytarması tələb edilmişdir. O, özü maşını Cavabdeh1 olduğu yerə gedərək təhvil almışdır. Təhvil aldıqdan sonra maşına baxış keçirilmiş, onun özünə də iştirak etməsi üçün məlumat verilmiş, lakin o iştirak etməmişdir. Bununla bağlı akt tərtib edilmişdir. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada dəfələrlə xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə digər Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AC N984298 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Ravon Nexia R3 markalı, 90PL413 nömrəli qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-yə məxsusdur. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, AL-1675 nömrəli X4ndən görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında lizinq müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, AL-1675 nömrəli X4nə əlavədən görünür ki, dəyəri 13800 manat olan Ravon Nexia R3 markalı avtomobil İddiaçı lizinqə verilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli etibarnaməsindən görünür ki, verilir "Azevrocar” MMC tərəfindən Azərbaycan Respublikası vətəndaşı olan X2. (Bərdə r. H.Aslanov k ev 9 qeydiyyatda olan, sürücülük vəsiqəsi AC N° 916368 saylı, xx.xx.2018 il tarixində DİN BDYPİ Qİ1 Bərdə ASANx.m tərəfindən verilib) ondan ötrü ki, "xxxx" MMC ilə İddiaçı Oqtay oğlu arasında bağlanmış xx.xx.2017 il tarixli CAR-1675 saylı "X4 ” əsasında lizinqə verilmiş 1 (bir) ədəd Ravon Nexia R3 markalı, 90PL413 qeydiyyat nişanlı (qeydiyyat şəhadət naməsi AC 984298 seriyalı, 2017 il buraxilışlı, ban Mt039460, mühərrik Ns 0074, AC rəngli) maşınının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. İş materiallarında olan vəsiqənin surətindən görünür ki, İddiaçı məcburi köçkündür. İş materiallarında olan 28 aprel 2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı Ravon Nexia R3 markalı, 90PL413 nömrəli qeydiyyat nişanlı avtomobili Cavabdeh1 icarəyə vermişdir. İcarə müqaviləsinin 1.6-cı bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini istifadə etmə məsuliyyətini öz üzərinə götürməklə hərəkəti və ya hərəkətsizliyi nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə borcludur. Həmin müqavilənin 1.8-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini ödəməyə borcludur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Ravon Nexia R3 markalı, 90PL413 nömrəli qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir, Cavabdeh1 dəfələrlə zəng edilib ofisə yaxınlaşması barədə məlumat verilmişdir. İş materiallarında olan “RS Avtoservis” tərəfindən verilən qüsur aktından görünür ki, Ravon Nexia R3 markalı, 90PL413 nömrəli qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin dəyəri 1802 (bir min səkkiz yüz iki) manat təşkil edir. İş materiallarında olan 484405 saylı 25 fevral 2022-ci il tarixli qəbzdən görünür ki, ehtiyat hissələri və zəhmət haqqı olmaqla ümumilikdə 1802 manat ödəniş edilmişdir. İş materiallarında olan pretenziyadan görünür ki, onun hərəkətləri nəticəsində avtomaşına dəymiş 1802 (bir min səkkiz yüz iki) manat məbləğində zərəri 20 aprel 2023cü il tarixədək iddiaçıya ödəməsini xahiş etmişdir. Əks təqdirdə bununla bağlı dəymiş zərərin ondan tutulması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Belə olan halda əlavə olaraq məhkəmə xərcləri və hüquqi yardım xərcləri də ondan tutulacaq ki, bu da ondan tutulmalı olan pul məbləğinin əsaslı surətdə artmasına səbəb olacaqdır. Ona görə də, dəymiş zərəri ödəməsi onu artıq xərclərdən azad edəcəkdir. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı 14 saylı Vəkil Bürosunun hesabına 100 manat pul köçürtmüşdür. Əsaslandırıcı hissə: İşin müəyyən edilmiş hallarından görünür ki, "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış 11 oktyabr 2017-ci il tarixli AL-1675 saylı "X4” əsasında lizinqə verilmiş "RAVON NEXİA R3 MİNİK” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AC984298 seriyalı, 2017-ci il buraxışlı, Ban: XçXWBTF69V9HA039460, ağ rəngli) avtomobil etibarnamə ilə idarə olunması üçün iddiaçı Cavabdeh1 istifadəsinə vermişdir. Tərəflər arasında icarə müqaviləsi bağlanmışdır. Cavabdeh1 2022-ci ilin fevral ayında icarə haqqını ödəyə bilmədiyi üçün avtomobili geri qaytarmışdır. Avtomobil cavabdehin istifadəsində olan müddət ərzində avtomobilə zərər dəymişdir. Avtomobil iddiaçı tərəfindən təmir etdirilərək 1802 manat məbləğində xərc çəkilmişdir. Məhkəmə iddianın tələbinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Mülki qanunvericiliyə görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi tərəflər arasında icarə müqaviləsi bağlanmış və onlar üzərilərinə müqavilə şərtlərinə uyğun müvafiq öhdəliklər götürmüşlər. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 28 aprel 2021-ci il tarixli icarə müqaviləsinin 1.6-cı bəndinə əsasən, nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini istifadə etmə məsuliyyətini öz üzərinə götürməklə hərəkəti və ya hərəkətsizliyi nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə borcludur. Həmin müqavilənin 1.8-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini ödəməyə borcludur. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış münasibətlər Mülki Məcəllənin aşağıdakı müddəaları baxımından aralarında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yarandığı üçün iddiaçının hazırki tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 21.1-21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üzün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə Müqaviləsinin şərtlərini, qüsur aktını və ödəniş qəbzini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 1802 (bir min səkkiz yüz iki) manat maddi ziyanın tələb etməsi tam əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 1802 (bir min səkkiz yüz iki) manat məbləğində pulu Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə, iddianın Cavabdeh2 maddi ziyanın tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh2 hər hansı bir öhdəlik götürməsinə dair sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh2 maddi ziyanın tutulması hissəsində iddia təmin edilə bilməz. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən 14 saylı Vəkil Bürosuna hüquqi xidmət haqqı kimi ödənilmiş 100 (bir yüz) manatın, 50 (əlli) manat hissəsi, Cavabdeh1 tutularaq İddiaçı ödənilməli, 50 (əlli) manat hissəsi isə iddiaçıya aid edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. (maddə 9) Məhkəmə iddianın qismən təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən 39 (otuz doqquz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, avtomobilə dəymiş ziyana görə 1802 (bir min səkkiz yüz iki) manat məbləğində pul vəsaiti, hüquqi yardım üçün ödənilmiş xidmət haqqının 50 (əlli) manat hissəsi Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməlidir, hüquqi yardımın 50 (əlli) manat hissəsi iddiaçıya aid edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Avtomobilə dəymiş ziyana görə 1802 (bir min səkkiz yüz iki) manat məbləğində pul vəsaiti və hüquqi yardım üçün ödənilmiş xidmət haqqının 50 (əlli) manat hissəsi Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi Cavabdeh1 tutularaq dövlət büdcəsinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1059/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1059/2023
06.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver