Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1062/2025 05.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 və nümayəndəsi S.N.Kulievanın iştirakları ilə İddiaçı cavabdeh “X8” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X8” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, uzun illərdir ki, Panama qanunvericiliyi əsasında təsis olunmuş və Panama Respublikasında fəaliyyətdə olan "X9" şirkətinin Azərbyacan Respublikasındakı Nümayəndəliyində WS seqmentinə Təmir üzrə menecer vəzifəsində çalışıram. Sözü gedən şirkətlə arasında 239/xxxxxxx000103 №-li, xx.xx.2017-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. O, 18 ilə yaxındır ki, bu şirkətdə çalışır, işlədiyi sahə üzrə professional bir mütəxəssisdir. Sahəsi üzrə göstərdiyi xidmətlər hər zaman yüksək səviyyədə olmuş və bu xidmətləri sahəsində əldə olunan nailiyyətlərə görə şirkət hər zaman rəqabət aparan şirkət arasında ön sıralarda olmuşdur. Bununla bağlı hər zaman rəhbərlik tərəfindən təşəkkürnamələr, təltiflərə nail olmuşdur. Şirkətin daxili təlimatlarına uyğun olaraq iş barədə məlumatlar, diskussiyalar, müzakirələr, qərarlar, iclaslarla bağlı bütün məlumatlar, iş komandasına belə minnətdarlıq mesajları, təşəkkürnamələr hamısı e-mail vasitəsi ilə aparılır, bütün işçi heyəti e-mail vasitəsilə yazışaraq bir-birinə fikirlərinə çatdırırlar. İşlə bağlı aldığı bir neçə təşəkkür məktubunu əyani sübut kimi göstərə bilər. Bütün bu təşəkkürnamələr, təltifnamələr bu da əlbəttə ki, bir mütəxəssis olaraq işində daha məsuliyyətli, daha çevik olmağına, şirkətindən daha da yeni nailiyyətlərə çatması üçün ona və komandaya böyük bir müsbət stimul olmuşdur. Belə ki, bütün şirkətlərdə olduğu kimi çalışdığı şirkətdə də mütəmadi olaraq aparıcı mütəxəssislər tərəfindən ilin yekununa görə illik hesabatlar olur. Həmin illik hesabatlar komanda kimi nəyə nail olduğunu göstərir. Buna misal olaraq 2025-ci ilin fevral ayının 7-də tamamlanmış hesabatlar şirkətin meneceri Seymur Nəbiyev tərəfindən paylaşılıb, heç bir nöqsanı aşkarlanmamışdır. Həmçinin onun və bütün WEC komandaya e-mailinə onun tərəfindən “Həqiqətən, bu, 2018-ci ildən bəri komanda olaraq əldə etdiyimiz mükəmməl nəticədir. Belə mürəkkəb əməliyyat mühitində 0 NPT və 0 SQ, HSE hadisələri ilə illəri başa vurmaq istisnavidir. BP əməliyyatlarında iştirak edən hər biriniz (PSD, PSD dəstəyi, LAB, Bulk Plant, TLM, P&SC) bu uğurda mühüm rol oynayıb və biz bunu sizin bağlılığınız, peşəkarlığınız və nöqsansız icranız olmadan əldə edə bilməzdik. Bu nailiyyətlə qürur duymalısınız. Mən şəxsi olaraq bütün zəhmətiniz və möhtəşəm xidmət təqdimatınız üçün ən dərin təşəkkürlərimi bildirmək istəyirəm. Gəlin, bu irəliləyişi davam etdirək və 2025-ci ildən sonra da istisna nəticələr əldə etməyə davam edək” məzmunlu təşəkkür məktubu göndərilmişdir. Belə ki, bir müddət sonra rəhbərlik tərəfindən şirkətə AZE KZU WEC TLM-ə X10 adlı yeni menecer təyin olunmuşdur.Menecer təyin olunduqdan sonra onun illərdi gördüyü işlər Fernando Navarro tərəfindən aşağı qiymətləndirilmiş, görülən işlərdə əsassız və lazımsız nöqsanlar tutmağa başlayaraq etik olmayan davranışlar edərək ona mənfi, neqativ təsirlər etməyə başlamışdır. Əlbəttə ki, bu mütəxəssis olaraq onun işgüzar nüfuzuna təsir edir, onda gərginlik yaradaraq işə qarşı həvəssiz yanaşmasına gətirib çıxarır. Bütün bunlar səbəbindən komanda yoldaşları arasında yaranmış işgüzar mübahisələr şəxsi məsələlərə çevrilərək onlar arasında zəhərli münasibətlər yaranır. Şübhəsiz ki, bütün bunlar bir başa şirkətin inkişafına bir başa mənfi təsirdir. Göründüyü kimi, onun vəzifəsi menecer əsas idarəedici olduğundan o, vəzifəsindən sui-istifadə edir, hətta onları iş yükündən daha artıq işlərə cəlb edir. Çalışdığı qədər səbrli davranaraq, hüquq, qanun çərçivəsində məsələni yoluna qoymağa çalışır. Bir müddət sonra birgə çalışdığı Zaur adlı iş yoldaşı rəhbər vəzifəsinə təyin olunmuşdur. Zaurla onun arasında bəzi danışıqlar olmuşdur. Zaur həmin danışıqlar zamanı ona bildirmişdir ki, “sənin adın pis işlərdə hallanır, barəndə xoşagəlməz söhbətlər gəzir.Hansı ki, sən sənə tabe olan işçilərdən pul alaraq onları platformaya yazır, onlar da daha çox gəlir əldə edə bilirlər.Habelə sən də, bunun sayəsində rəhbərlik tərəfindən yüksək qiymət, əlavə bonus, pul qazanmağa nail olursan”. Həmçinin Zaur ona “rəhbərliyin səni işdən çıxartmaq istdəkilərini, lakin buna mən müdaxilə edərək işdən çıxarılmağının qarşısını aldığını” bildirmişdir. Belə ki, tabeliyində olan işçilərin iş bölgüsündən başqa, işlə bağlı bütün məsuliyyət onun üzərində olacağını söyləyərək əlavə etmişdir. O, isə Zaura öz etirazını bildirərək, müdaxilə etməməsini, qoy onu işdən çıxarardılar, bütün bu məsələni qanun çərçivəsində yoluna qoyardı deyərək öz fikrini bildirmiş və “icra etmədiyi işə görə məsuliyyət daşımağı nə dərəcədə düzgündür?” deyərək etirazını bildirmişdir. Bütün bunlarla əlaqəli e-mail vasitəsi ilə rəhbərliyə məktublar yazmış, narazılıqlarını bildirmişdir. Lakin məsələ ilə bağlı heç bir təbdir görülməmiş, müsbət nəticə əldə olunmamışdır. Göründüyü kimi uzun illər nümunəvi işçi olmağına, həmişə rəhbərlik və digər şirkətlər tərəfindən yüksək qiymətləndirildiyi halda bu böhtanlar ucbatından işgüzar nüfuzu ləkələnmiş, xidməti vəzifəsi aşağı qiymətləndirilmişdir.Şirkətdaxili yaranmış bu gərginliklərlə bağlı dəfələrlə şirkət rəhbərliyini məlumatlandırılmış, hətta bir komanda olaraq öz imzası ilə təsdiq edərək şikayətləri rəhbərliyə ünvanlanmışdır. Belə ki, Nikolay Maslovetsə məxsus mailto:olannmaslovets@slb.comElektron ünvan 1 adlı elektron poçt ünvanından “AZE WCF TLM” komandasının adından xx.xx.2024-cü il tarixdə “X14, Biz bu hesabatı AZE WCF TLM komandasının adından, yerləşdiyimiz yerə təyin edilmiş AZT KZU WEC TLM X5 Patino ilə bağlı narahatlıqlarımızı və uyğunluq məsələlərimizi qeyd etmək üçün yazırıg. Komanda olaraq, biz şirkət siyasətlərində, etik davranışda, şəxsi və maliyyə idarəetməsində və hüquqi uyğunluqda əhəmiyyətli uyğunsuzluqlar aşkar etmişik. İlk növbədə, biz WEC TLM Menecerinin yaratdığı toksik mühit səbəbindən özümüzü çox aşağı qiymətləndirilmiş hiss edirik. Bu, komandaya tam etibarın olmaması (şəxslərin haqsız ittiham edilməsi), komanda üzvlərinin uyğun kompensasiya almadan yüklənməsi, həddindən artıq mikromənafeetmə və digər komandalarla müqayisədə AZE WCF TLM komandasına açıq-aşkar ayrı-seçkilik tətbiq edilməsini əhatə edir. Bu amillər, komanda ilə rəhbərlik arasında, həmçinin komanda üzvləri arasında toksik münasibətə səbəb olmuşdur. Mövcud problemləri konstruktiv şəkildə həll etmək yerinə, WEC TLM Meneceri komanda üzvləri ilə birbaşa müzakirələr aparır, məsələləri böyüdür və iş problemlərini şəxsi narazılıqlara çevirərək əməkdaşları qorxutmağa çalışır. Yuxarıda qeyd olunan amillər komanda ilə rəhbərlik arasında, həmçinin komanda daxilində toksik bir atmosfer yaradıb. Nəticədə, biz aşağıdakıları yaşayırıq: Komanda üzvləri arasında əhəmiyyətli demotivasiya, İşə marağın azalması, Effektivliyin azalması riski, Ətraf mühit, təhlükəsizlik və sağlamlıq (HSE) hadisələrinin artması riski. Bundan əlavə, WEC TLM Menecerinin ünsiyyət yanaşması yerli mədəniyyətimizə və milli normalarımıza açıqca uyğun gəlmir. Bu, məsələləri daha da ağırlaşdırmış və komanda daxilində münasibətləri daha da gərginləşdirmişdir.Keçən bir neçə ay ərzində, üz-üzə görüşlər, onlayn konfranslar və yazılı daxili hesabatlar daxil olmaqla ardıcıl səylərimizə baxmayaraq, davam edən problemlərimiz və narazılıqlarımızla bağlı hər hansı müsbət dəyişikliklər müşahidə etməmişik. Buna görə də, məsələləri dövlət orqanlarına yüksəltməzdən əvvəl, biz sizin köməyinizi ricaedirik ki, bu məsələləri şirkət daxilində daxili şəkildə həll edəsiniz. Bu narahatlıqlara diqqət yetirdiyiniz üçün təşəkkür edirik və bu məsələləri effektiv şəkildə həll etməkdə sizdən kömək gözləyirik” şikayət məzmunlu məktub göndərilmişdir. Xüsusi ilə diqqətinə çatdırmaq istəyir ki, bütün bu baş verən hadisələr onun sağlamlığından da yan keçməmişdir. İşdə yaşadığı bütün bu əsəb, stress sinirlərinə mənfi təsir göstərərək onda xəstəlik yaranmasına səbəb olmuşdur. Bununla bağlı həkim müayinələrində olmuş, həkim tərəfindən müalicələr yazılmışdır.Həmin həkim reseptləri də mövcuddur. Bütün bunlara baxmayaraq rəhbərliyə etdiyi şikayətlər də nəticəsiz qalmış, vəziyyətin düzəlməsi ilə bağlı heç bir müsbət addımlar atılmamışdır. Səbəbsiz yerə Fernando Niətavarro tərəfindən töhmət almışdır. Bununla bağlı aidiyyatı üzrə Əmək Müfəttişliyinə müraciət əsasında həmin töhmət aradan götürülmüşdür. Tərəflərindən xx.xx.2025-ci il tarixində cavabdehə pretenziya məktubu yollasar da, bu günə qədər buna rəsmi şəkildə heç bir münasibət bildirilməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh tərəfindən onun işgüzar nüfuzuna və sağlamlığına dəymiş ziyanı nəzərə alaraq ona 150.000 manat məbləğində maddi və mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, 18 il işlədiyi müddətdə müəssisəyə xeyir vermiş, külli miqdarda gəlir gətirmişdir, heç vaxt töhmət almamış və ona irad bildirməmişlər. İşlədiyi müddətdə 4 dəfə ixtisar olub, lakin ona şamil olunmayıb. Meneceri dəyişərək xarici vətəndaş Fernando təyin edildikdən sonra ona əsassız iradlar tutmağa başlamış, etik olmayan davranışlar edirdi. Sonda ona töhmət verilmiş, o, töhməti qəbul etməkdən imtina etmiş, ƏMAS-a şikayət etdikdən sonra bildirmişlər ki, töhməti götürülmüşdür. Fernandonun da rəhbəri Zaur Əliyev təyin edilmiş, həmin şəxslər ona bildirmişlər ki, iş nəticələri yaxşı deyil. Sonra Zaur ona bildirmişdir ki, məlumat var ki, o, rüşvət müqabilində dənizə işçi göndərir. O, bir neçə dəfə rəhbərliyə bununla bağlı elektron sistem vasitəsi ilə müraciət etmişdir. Son nəticədə onun haqqında rüşvət alan bir şəxs kimi mənfi imic formalaşmış, onu vəzifəsi ixtisara düşdüyü üçün işdən azad etmişlər, halbuki gördüyü işi digər bir şəxsə həvalə etmişlər. Haqqında rüşvət alan şəxs kimi yayılan məlumatlara görə o, məcbur olmuşdur ki, Azərbaycanda deyil Gürcüstanda işləsin, ona gələn işlə bağlı təkliflərə görə şirkətlərə müraciət edərkən “artıq bizə işçi lazım deyil” demişlər. O, hesab edir ki, yayılan məlumat onun şərəf, ləyaqət və işgüzar nüfuzuna toxunmuşdur, 1 illik qazancı kimi maddi ziyana görə 100.000 manat, mənəvi ziyana görə isə 50.000 manat təzminat istəyir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, iddiaçı 18 ildir cavabdeh təşkilatda qüsursuz olaraq işləyir. Həmişə işinə ciddi yanaşıb, nizam-intizama riayət edib, təşəkkürnamə alıb və bütün bunlar da şəxsi işinə əlavə olunub. Yaxın iki ildə şirkətə Fernando adlı Kolumbiya vətəndaşı gəlib və iddiaçının işlərinə mənasız müdaxilələr edir və iddiaçı da etiraz edəndə ona qarşı problemlər yaradır. Qeyd edir ki, hər bir şəxsin konstitusion hüquqları vardır. İddiaçı bu barədə bir neçə dəfə rəhbərliyə deyib. Rəhbərlik buna məhəl qoymayıb. İddiaçı barəsində işəgötürənin işçiləri tərəfindən rüşvət alan şəxs kimi məlumatlar yayıldığından onlar bu məlumatların yayılmasında məhz şirkətin cavabdehlik daşımasını hesab edirlər və tələbi də şirkətə qarşı qaldırmışlar. İddiaçı yayılan məlumatlara görə məcbur olunb Azərbaycan Respublikasını tərk edib başqa ölkə ərazisində işləyir. İddiaçı baş verənlərlə bağlı əsəb-stres keçirib. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək və iddiaya dair yazılı etirazı məhkəməyə təqdim edərək izahatında göstərmişdir ki, iddiaçı ərizəsində bildirmişdir ki, cavabdeh ona əsassız töhmət vermişdir. Lakin, həmin intizam tənbehinin ona elan edilməsi barədə əmri, qeyd edilən əmrin Əmək Müfəttişliyinin göstərişinə əsasən ləğvi barədə heç bir yazılı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin iddiaçı bildirmişdir ki, ona rəhbərlik etmiş menecerlər onun şərəf və ləyaqətini alçaltmışdılar, onun haqqında böhtan demişdilər. Lakin, bu faktları və həmin faktların məhz cavabdehin iştirakı ilə icra edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Ümumiyyətlə nə Fernandonun, nə də ki Zaurun iddiaçı barəsində onun rüşvət almasına dair məlumatın ictimailəşdirilməsi olmamışdır, bununla bağlı sübutlar mövcud deyil. Digər tərəfdən şirkət özü hazırkı tələb üzrə cavabdehlik daşıya bilməz. Əgər iddiaçı barəsində hər hansı bir işçi fikir bildirirsə, buna görə işəgötürən heç bir məsuliyyət daşıya bilməz. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim edilən və lazımi qaydada tərcümə olunub təsdiq olunmayan sənədlər də sübut kimi dəyərləndirilə bilməz. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi və vəkili iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X7 izahatında göstərmişdir ki, uzun müddətdir iddiaçını tanıyır, onun yaxşı işçi olmasını bilir. İddiaçı rəhbəri xarici vətəndaş olan Fernando təyin olunarkən onlar arasında iş əsnasında konflikt yaranmışdır. Belə ki, Fernando iddiaçının işçiləri ilə birlikdə başqa otaqda yerləşməsini təklif etdikdə İddiaçı buna etiraz etmişdir və belə hallar konfliktin yaranmasına səbəb olmuşdur. Fernando ciddi adam idi, yalnız iş tələb edirdi, hazırda işləmir. Töhmətlə bağlı məsələ isə belə olmuşdur ki, yuxarıdan göstəriş gəlmişdir ki, iş vaxtından artıq işlərə işçilər cəlb olunmasın. Lakin əmrdən bir gün sonra iddiaçı bir şəxs barəsində işdən artıq işləmə barədə məlumat vermişdir. Onlar bu səbəbə görə Bəxtiyar müəllimə demişlər ki, rəhbərliklə danışsın, o, rəhbərliklə danışdıqdan sonra töhmət verilməmişdir. Nümayəndə həmçinin göstərmişdir ki, nə Fernandodan, nə də X11 Babayevin rüşvət alması barədə məlumat eşitməmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İş üzrə “X8” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 239/xxxxxxx000103 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı Panama qanunvericiliyi əsasında təsis olunmuş və Panama Respublikasında fəaliyyətdə olan "X9" şirkətinin Azərbyacan Respublikasındakı Nümayəndəliyində WS seqmentinə Təmir üzrə menecer vəzifəsini icra edən vəzifəsinə işə qəbul olunmuşdur. İşçinin şirkətdaxili dərəcəsi G11 müəyyən olunmuşdur. İşçinin aylıq əmək haqqının məbləği 3885 Azərbaycan manatına bərabərdir. İş üzrə “X8” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin kadr yerdəyişməsi haqqında xx.xx.2018-ci il tarixli əmrinə və əmək müqaviləsinə əlavəsinə əsasən “WS” şöbəsində Təmir üzrə menecer vəzifəsini icra edən (İxtisas dərəcəsi G11) vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək şərtlərinə xx.xx.2018-ci il tarixdən etibarən dəyişiklik tətbiq edilmiş, İddiaçı “WS” Seqmentində Təmir üzrə menecer vəzifəsinə (İxtisas dərəcəsi G12) təyin edilmiş, aylıq əsas əmək haqqı 4468 manat müəyyən edilmişdir. İş materiallarında əlavə edilmiş e-mail vasitəsilə elektron yazışmalardan görünür ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə Hector Echetoya məxsus “HElektron ünvan 2” elektron poçt ünvanına ME əvəzlənməsinin olmaması, yanlış planlaşdırma, texnikaların azlığı, iş yeri problemi, məsuliyyət və bonus problemi ilə bağlı məktub ünvanlanmışdır. İş üzrə “AZE WCF TLM” komandasının adından Nikolay Maslovetsə məxsus “mailto:olannmaslovets@slb.comElektron ünvan 1” elektron poçt ünvanına göndərilmiş xx.xx.2024cü il tarixli məktubundan görünür ki, “X14, Biz bu hesabatı AZE WCF TLM komandasının adından, yerləşdiyimiz yerə təyin edilmiş AZT KZU WEC TLM X5 Patino ilə bağlı narahatlıqlarımızı və uyğunluq məsələlərimizi qeyd etmək üçün yazırıg. Komanda olaraq, biz şirkət siyasətlərində, etik davranışda, şəxsi və maliyyə idarəetməsində və hüquqi uyğunluqda əhəmiyyətli uyğunsuzluqlar aşkar etmişik. İlk növbədə, biz WEC TLM Menecerinin yaratdığı toksik mühit səbəbindən özümüzü çox aşağı qiymətləndirilmiş hiss edirik. Bu, komandaya tam etibarın olmaması (şəxslərin haqsız ittiham edilməsi), komanda üzvlərinin uyğun kompensasiya almadan yüklənməsi, həddindən artıq mikromənafeetmə və digər komandalarla müqayisədə AZE WCF TLM komandasına açıq-aşkar ayrı-seçkilik tətbiq edilməsini əhatə edir. Bu amillər, komanda ilə rəhbərlik arasında, həmçinin komanda üzvləri arasında toksik münasibətə səbəb olmuşdur. Mövcud problemləri konstruktiv şəkildə həll etmək yerinə, WEC TLM Meneceri komanda üzvləri ilə birbaşa müzakirələr aparır, məsələləri böyüdür və iş problemlərini şəxsi narazılıqlara çevirərək əməkdaşları qorxutmağa çalışır. Yuxarıda qeyd olunan amillər komanda ilə rəhbərlik arasında, həmçinin komanda daxilində toksik bir atmosfer yaradıb. Nəticədə, biz aşağıdakıları yaşayırıq: Komanda üzvləri arasında əhəmiyyətli demotivasiya, İşə marağın azalması, Effektivliyin azalması riski, Ətraf mühit, təhlükəsizlik və sağlamlıq (HSE) hadisələrinin artması riski. Bundan əlavə, WEC TLM Menecerinin ünsiyyət yanaşması yerli mədəniyyətimizə və milli normalarımıza açıqca uyğun gəlmir. Bu, məsələləri daha da ağırlaşdırmış və komanda daxilində münasibətləri daha da gərginləşdirmişdir.Keçən bir neçə ay ərzində, üz-üzə görüşlər, onlayn konfranslar və yazılı daxili hesabatlar daxil olmaqla ardıcıl səylərimizə baxmayaraq, davam edən problemlərimiz və narazılıqlarımızla bağlı hər hansı müsbət dəyişikliklər müşahidə etməmişik. Buna görə də, məsələləri dövlət orqanlarına yüksəltməzdən əvvəl, biz sizin köməyinizi ricaedirik ki, bu məsələləri şirkət daxilində daxili şəkildə həll edəsiniz. Bu narahatlıqlara diqqət yetirdiyiniz üçün təşəkkür edirik və bu məsələləri effektiv şəkildə həll etməkdə sizdən kömək gözləyirik”. İş üzrə “X8” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Azərbaycan və Türkmənistan üzrə İnsan Resursları X1 tərəfindən WS Seqmentində Təmir üzrə Menecer vəzifəsini tutan İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli iş yerinin ixtisar olunmasına barədə xəbərdarlıq məktubundan görünür ki, Azərbaycan fəaliyyətin olmaması səbəbindən “X8” WS Seqmentində Təmir üzrə Menecer vəzifəsini azalmasını və B.X3 (11/034, xx.xx.2011) xx.xx.2024-ci il tarixdən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70(b) bəndinə (...ştatların iştisarı) uyğun olaraq ləğv etmək məcburiyyətindədir (son iş günü xx.xx.2025-ci il). Məlumat üçün bildirirlər ki, xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli əmək haqqı birdəfəlik almaqla əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən etibarən xitam verə bilər (son iş günü xx.xx.2025-ci il olmaqla) Öu vaxt İddiaçı AR Əmək Məcəlləsinin 77-ci maddəsinin 3 bəndinə əsasən orta aylıq əmək haqqının azı 2 misli miqdarında işdən çıxarma müavinəti veriləcəkdir. Şirkət Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə nəzərdə tutulan bütün normaların təmin ediləcəyinə və son hesablaşmaların Əmək Məcəlləsinin müəyyən etdiyi qaydalara əsasən aparılacağına zəmanət verir. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Panama qanunvericiliyi əsasında təsis olunmuş və Panama Respublikasında fəaliyyətdə olan "X9" şirkətinin Azərbyacan Respublikasındakı Nümayəndəliyi arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı WS Seqmentində Təmir üzrə menecer vəzifəsinə G11 dərəcəsi ilə işə qəbul olunmuşdur. xx.xx.2018-ci il tarixdə onun dərəcəsi G11-dən G12-yə qaldırılmış və əmək haqqısı da artırılmışdır. xx.xx.2025-ci il tarixdə İddiaçı vəzifəsinin ixtisarı barədə bildiriş göndərilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, 18 ilə yaxındır ki, həmin şirkətdə çalışır, işlədiyi sahə üzrə professional bir mütəxəssisdir. Sahəsi üzrə göstərdiyi xidmətlər hər zaman yüksək səviyyədə olmuş və bu xidmətləri sahəsində əldə olunan nailiyyətlərə görə şirkət hər zaman rəqabət aparan şirkət arasında ön sıralarda olmuşdur. Bununla bağlı hər zaman rəhbərlik tərəfindən təşəkkürnamələr, təltiflərə nail olmuşdur. Buna baxmayaraq ona rəhbərlik etmiş menecerlər iddiaçının şərəf və ləyaqətini alçaltmışlar, onun haqqında böhtan xarakterli sözlər işlətmişlər, ona əsassız töhmət verilmişdir. Bununla bağlı aidiyyatı üzrə Əmək Müfəttişliyinə müraciət əsasında həmin töhmət aradan götürülmüşdür. Bütün bu baş verən hadisələr onun sağlamlığından da yan keçməmişdir. İşdə yaşadığı bütün bu əsəb, stress sinirlərinə mənfi təsir göstərərək onda xəstəlik yaranmasına səbəb olmuşdur. Bu səbəbdən iddiaçı cavabdeh tərəfindən onun işgüzar nüfuzuna və sağlamlığına dəymiş ziyanı nəzərə alaraq ona 150.000 manat məbləğində maddi və mənəvi ziyanın ödənilməsini xahiş etmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə ilk növbədə iddiaçının şərəf, ləyaqət və işgüzar nüfuzunun pozulması ilə bağlı dəlillərinə qiymət verərək aşağıdakıları qeyd edir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli 3 nömrəli qərarında Plenum qeyd etmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Göründüyü kimi yuxarıda göstərilən qərara əsasən, şərəf və ləyaqətə toxunan məlumatlar yalnız kütləvi informasiya vasitələrində və kütləvi çıxışlarda yayıldıqda mülki məsuliyyət yarada bilər. İddiaçı onun şərəf və ləyaqətinin pozulmasını onunla əsaslandırır ki, cavabdeh təşkilatın əməkdaşları onun haqqında “rüşvət alan şəxs kimi” mənfi imic formalaşdırmışlar. Lakin bununla bağlı, yəni həmin məlumatların kütləvi şəkildə yayılmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilə bilməmişdir. İddiaçının rəhbərlərinin ona şəxsən pul müqabilində işçiləri dənizə göndərilməsi barədə məlumatın olması barədə məlumat verməsi həmin məlumatın onlar tərəfindən ictimailəşdirilməsi və yayılması kimi qiymətləndirilə bilməz. Eyni zamanda məhkəmə hesab edir ki, hazırkı tələb üzrə də şirkət cavabdehlik daşıyan şəxs kimi qəbul edilə bilməz. İddiaçı eyni zamanda yayılan məlumatlara görə onun Azərbaycanda işə götürülməməsi barədə sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı məhkəmə iclasında onun haqqında mənfi fikirlərin və məlumatların yayılmasına dair sübutları təqdim edə bilmədiyindən, iddiaçı tərəfindən ehtimal olunan yayılan məlumatın onun işgüzar nüfuzuna, şərəf və ləyaqətinə toxunan məlumat olması qəbul edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında ədalət mühakiməsi irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər bir şəxsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir. Ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilir. Azərbaycan Respublikasında məhkəmə icraatı tərəflərin hüquq bərabərliyi təmin olunmaqla Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin Vİİ hissəsinə uyğun olaraq çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən də göründüyü kimi yalnız zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş ziyanı tələb edə bilər. Ziyanın isə tələb edilməsi üçün ilk növbədə zərərvuran qismində göstərilən şəxsin hərəkətlərində zərərçəkmiş şəxsə qarşı yönəlimiş hüquqi zidd hərəkətləri sübut olunmalı və vurulmuş ziyanın məhz həmin hərəkətlər nəticəsində əmələ gəlməsi təsdiq olunmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə qeyd edir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Zərərin əvəzinin ödənilməsinin mütləqlik xarakteri şəxsiyyət və mülkiyyət toxunulmazlığı haqqında Konstitusiya müddəalarına əsaslanır. Şəxsiyyət və mülkiyyət toxunulmazlığı hüquqlarını pozan hər cür hərəkətin qarşısı qətiyyətlə alınmalı və onun nəticəsində dəymiş zərərin əvəzi mütləq ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir. Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulduğu kimi hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir. Real zərər adlanan faktiki itkilərə zərər çəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnəmsi aiddir. Əldən çıxmış fayda dedikdə şəxsin hüququ pozulmayacağı halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən məhrum olması anlaşılır. Göründüyü kimi qanunvericilik real zərərə görə hər şeydən əvvəl şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri aid edir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində işlədiyi müəssisədə ona rəhbərlik etmiş menecerlərin onun şərəf və ləyaqətini alçaltmalarını onun haqqında böhtan demələrini qeyd etmiş, işəgötürənə qarşı tələblə məhkəməyə müraciət etmiş, tələbinin 150.000 manat olmasını göstərsə də, hansı hissəsinin mənəvi və hansı hissəsinin maddi tələb olmasını açıqlamamışdır. Yalnız məhkəmə iclasında iddiaçı izahatında tələbinin 100.000 manatının maddi, qalan hissəsinin mənəvi ziyan kimi dəyərləndirdiyini bildirmişdir. Məhkəmə digər tərəfdən qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən hər bir tərəf irəli sürdüyü tələblərin əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı ona maddi ziyan vurulmasını iddia etsə də, belə bir ziyanın ona vurulması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Yəni iddiaçı ümumiyyətlə ona maddi ziyanın vurulmasının mövcudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması ilə bağlı hər hansı mötəbər sübut təqdim olunmadığından, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə mənəvi zərərin ödənilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslı hesab edilə bilməz. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı ilə işəgötürən arasında əmək mübahisəsi ilə bağlı məhkəmə araşdırması mövcud olmamış, işəgötürən tərəfindən iddiaçıya hər hansı bir ziyanın (maddi və mənəvi) vurulması məhkəmə araşdırması zamanı müəyyən edilməmiş, bununla bağlı sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, mənəvi ziyanın tutulması hissəsində də tələb təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməldir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələblərin əsaslı olması müəyyən olunmadığından, həmin tələblər əsassız hesab olunmalı və təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR Mülki-Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdeh “X8” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı cavabdeh tərəfindən onun işgüzar nüfuzuna və sağlamlığına dəymiş ziyanı nəzərə alaraq ona 150.000 manat məbləğində maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia tələbi əsassız olduğundan təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1062/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1062/2025
05.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver