Məhkəmə qərarları › İş №e-2(009)-1092/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1092/2022

11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1092/2022 11.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 31.07.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, sonuncu, aldığı «Samsung A325» markalı mobil telefona görə 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 60 manat olmaqla cəmi 710.8 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, 31.07.2021-ci il tarixli müqavilə üzrə heç bir ödəniş etməmiş və qalıq qalmış 649.8 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin No1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq gecikdirilən borc məbləğinin 1% dərəcisi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdiridiyi günlərin faktiki cərimə borcu 974 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 974 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğini 90%-ı güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-ı yəni, 97,4 manat "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh 15.03.2022-ci il tarixədək "xxxx" MMC-yə olan borcu 649.8 manat əsas, 97.4 manat cərimə, cəmi 747.2 manat təşkil etmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı 31.07.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 15.03.2022-ci il tarixinə yaranmış 649.8 manat əsas borcun, 97,4 manat cərimə, cəmi 747,2 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 31 iyul 2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh «Samsung A325» markalı telefon 12 ay müddətinə, aylıq 60 manat ödəmək şərti ilə nisyə satılmışdır. Əşyanın alqı-satqı qiyməti 710.8 manat təşkil edir. İş üzrə "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh 31.07.2021-ci il tarixli müqavilə üzrə 15.03.2022-ci il tarixə 649.8 manat ödənilməmiş əsas borcu və 974 manat cərimə məbləği, cəmi 1623,8 manat borcu vardır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 657-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 465-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 31.07.2021-ci il tarixdə nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən cavabdeh aldığı «Samsung A325» markalı mobil telefona görə 12 ay ərzində hər ay 60 manat pulu iddiaçıya ödənilməsi barədə öhdəlik götürmüşdür. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilmiş, yəni telefon cavabdehə təhvil verilmiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi, yəni hər ay ödəməli olduğu pulu iddiaçıya ödəməmişdir. Nəticədə cavabdehin müqavilə üzrə ödənilməmiş 649.8 manat əsas borcu və gecikdirmə ilə əlaqədar 97,4 manat cərimə borcu yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən müqavilə üzrə ödənilməmiş qalmış 649.8 manat əsas borc, 97,4 manat cərimə, cəmi 747.2 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə 31.07.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə 15.03.2022-ci il tarixə yaranmış 649.8 manat əsas borc, 97,4 manat cərimə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 777,2 (yeddi yüz yetmiş yeddi manat, iyirmi qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar