Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1103/2023 27.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onunla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli borc müqaviləsi əsasında cavabdehlərə 6 ay müddətə - 30 iyun 2022-ci ilədək qaytarılması şərtilə 30.000 ABŞ dolları borc vermişdir. Borc alanlar borc məbləğini 6 ay ərzində tam qaytarmağı qeyd şərtsiz olaraq öhdələrinə götürmüşlər. Müqavilədə bu öhdəliyin hər hansı halla əlaqədar dəyişdirilə və ya azaldıla və ya aradan qalxa bilməyəcəyi razılaşdırılmış və borc alan təsdiq və bəyan etmişdir ki, bu müqavilə üzrə öhdəliklərinin təminatı kimi onun və ailə üzvlərinin Azərbaycan Respublikasında evləri (mənzilləri), torpaq sahələri, avadanlıqları, avtomaşınları və s. əmlakı vardır və borcun qaytarılmasında hər hansı çətinlik yarandığı halda, əmlakları dərhal realizəyə başlayıb borc məbləğini vaxtında qaytaracaqdır (müqavilənin 11-ci bəndi). Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müqavilə üzrə öhdəliklərini icra etməmiş, borc məbləğini qaytarmamışlar. Borc alan borc məbləğini qaytarmağı gecikdirdikdə, borc məbləğindən əlavə gecikdirən hər gün üçün vaxtında qaytarılmayan borcun 0,2 faizi məbləğində borc verənə cərimə ödəməlidir. Gecikdirmə müddəti xx.xx.2023-cü ilə 10 ay təşkil etmişdir. Öhdəliyin icra edilməsi və mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehlərə dəfələrlə şifahi, o cümlədən xx.xx.2023-cü ildə yazılı müraciət etsə də, cavabdehlər öz öhdəliklərini icra etməkdən açıq-aşkar yayınır, müxtəlif vədləri yalan çıxır, son aylar telefon zənglərinə belə cavab vermirlər. Göstərilənləri nəzərə alaraq iddiaçı 30.000 ABŞ dolları borcun, 243 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən 30.000 ABŞ dolları məbləğindən 20.000 ABŞ dolları həcmində pulun ödənildiyindən, cavabdehlərdən 10.000 ABŞ dolları məbləğində borcun və dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və onun nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmişlər, lakin məhkəməyə ünvanlandığı ərizəsində həcmi azaldılmış iddia tələbinin təmin edilməsini, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə işə iddiaçının və onun nümayəndəsi və vəkilin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə “Borc verən” qismində İddiaçı ilə “Borc alan” qismində Cavabdeh1 və Cavabdeh2 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli borc müqaviləsinin surətinə əsasən İddiaçı Cavabdeh1 və Cavabdeh2 6 ay müddətinə 30.000 ABŞ dolları məbləğində borc pul vermiş, Cavabdeh1 və Cavabdeh2 borcu xx.xx.2022-ci il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşlər. Müqavilənin 7-ci bəndinə əsasən Cavabdeh1 və Cavabdeh2 borc məbləğini sərbəst və öz riski ilə istifadə etməyi, borc məbləğini, yəni 30.000 ABŞ dollarını xx.xx.2022-ci ilədək tam həcmdə İddiaçı qaytarmağı öhdəsinə götürmüşlər. Bu öhdəlik hər hansı halla əlaqədar dəyişdirilə və ya azaldıla və ya aradan qalxa bilməz. Müqavilənin 9-cu bəndinə əsasən Cavabdeh1 və Cavabdeh2 borc məbləğini qaytarmağı gecikdirdikdə, borc məbləğindən əlavə, gecikdirilən hər gün üçün vaxtında qaytarılmayan borcun 0,3 faizi məbləğində İddiaçı cərimə ödəməlidir. Müqavilənin 11-ci bəndinə əsasən borc alan təsdiq və bəyan edir ki, bu müqavilə üzrə öhdəliklərinin təminatı kimi onun və ailə üzvlərinin Azərbaycan Respublikasında evləri, mənzilləri, ticarət və kommersiya obyektləri, torpaq sahələri, avadanlıqları, avtomaşınları və s.əmlakı vardır və borcun qaytarılmasında hər hansı çətinlik yarandığı halda, əmlakları dərhal realizəyə başlayıb borc məbləğini vaxtında qaytaracaqdır. İş üzrə iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2023-cü il tarixli təkrar pretenziyanın surətindən görünür ki, Borc verənlə Borc alan Cavabdeh1 və Cavabdeh2 arasında razılaşmaya əsasən Cavabdeh1 və Cavabdeh2 30.000 ABŞ dolları borc məbləğini xx.xx.2022-ci ildə almışlar. Həmin borc məbləğinin xx.xx.2022-ci ilədək tam qaytarmaq öhdəliyini bu günədək yerinə yetirməmişlər. Borc alan borc məbləğini qaytarmağı gecikdirdikdə, borc məbləğindən əlavə gecikdirilən hər gün üçün vaxtında qaytarılmayan borcun 0,3 faizi məbləğində Borc verənə cərimə ödəməlidir. Gecikdirmə müddəti xx.xx.2023-cü ilə 9 ay, gecikdirmə faizi 76,2 faiz təşkil etmişdir. Ona görə də 3 gün müddətində borcun tam qaytarılmasının, cərimənin ödənilməsinin təmin olunması, əks təqdirdə çəkilmiş xərclər Cavabdeh1 və Cavabdeh2 aid edilməklə hüquqi tədbirlərə başlanılacağını nəzərə almasını xahiş olunmuşdur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehlər arasında xx.xx.2022-ci il tarixədək qaytarmaq şərti ilə xx.xx.2022-ci il tarixdə borc müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehlərə 30.000 ABŞ dolları məbləğində pul verilmişdir. Cavabdehlər isə pulu müqavilədə nəzərdə tutulmuş müddətdə qaytarmalı olduqları halda bunu etməmiş və bununla da borc müqaviləsi ilə üzərinə düşən öhdəlikləri pozmuşlar. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iş məhkəmə icraatında olduğu müddətdə cavabdehlər tərəfindən pul məbləğindən 20.000 ABŞ dolları iddiaçıya ödənilmiş, bu səbəbdən iddiaçı iddia tələbinin həcminin 10.000 ABŞ dolları həddinədək azaldılması barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə cavabdehlərin xx.xx.2022-ci il tarixli borc müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirilməməsini və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehlər müqavilə şərtlərinin yerinə yetirmədiyindən, iddiaçı borc müqaviləsi üzrə ödənilməyən pulun cavabdehlərdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc müqaviləsi üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsi, həmin müqavilə üzrə ödənilməmiş borcun mövcud olması təsdiq olunduğundan, həcmi azaldılmış iddia tələbi təmin edilməli və cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 10.000 ABŞ dolları məbləğində pul tutulmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləği qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə habelə qeyd edir ki, cavabdehdən tutulması tələb olunan pul məbləği xarici valyuta ilə göstərildiyindən, tutulacaq məbləğ AR Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Həmin maddənin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğundan, cavabdehlərdən müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 243 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə 10.000 (on min) ABŞ dolları məbləğində pul vəsaiti tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 243 (iki yüz qırx üç) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1103/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1103/2023
27.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver