Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1125/2025 18.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3000 (üç min) manat məbləğində pulun və dövlət rüsumu kimi ödədiyi 50 manat məbləğində vəsaitin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: onun 75 yaşı vardır, o, təqaüddədir, heç yerdə işləmir. O, mülkiyyətində olan VAZ 2102 markalı 10DZ230 dövlət qeydiyyat nişanlı avtomaşına dair cavabdehin adına etibarnamə vermiş, cavabdeh həmin etibarnamədən istifadə etməklə maşını xx.xx.2022-ci ildə oğlu X1 adına rəsmiləşdirmiş və onun bundan xəbəri olmamışdır, belə ki, həmin maşını cavabdeh idarə etdiyi üçün onun onun mülkiyyətində olan avtomaşını başqa şəxsin adına rəsmiləşdirməsindən xəbəri olmamışdır. Bundan başqa o, mülkiyyətində olan digər Mercedes Benz 320 minik markalı 10KZ008 dövlət qeydiyyat nişanlı avtomaşını bir müddət idarə etmək üçün Cavabdeh Xəlil oğluna vermiş və o, həmin maşınla arabir onu istədiyi ünvana da aparıb gətirirdi, əvəzində o, maşının benzin təchizatını özü edirdi və ona xidmət haqqı da ödəyirdi. Lakin bir müddət sonra o, maşının nasaz olduğunu görmüş və başa düşmüşdür ki, cavabdeh bu maşına yaxşı qulluq etmir və buna görə də həmin maşını ondan geri almışdır. Onun bu hərəkəti cavabdehin xoşuna gəlməmiş və ona bildirmişdir ki, indi görərsən başına nələr gələcək. Bir müddət sonra isə onun telefonuna zəng vuraraq onu nalayiq söyüşlərlə təhqir etmiş, hədələmişdir. O, həmin maşınını ondan alıb yaşadığı evin həyətində saxlamış və bir müddət sonra isə görmüşdür ki, maşının üstü bir neçə yerdən cızılıb. Sonra isə maşının rezinlərinin də kəsildiyini görmüş və bu qanunsuz əməllər nəticəsində ona 1000 (bir min) manat ziyan dəymişdir. Göründüyü kimi cavabdehin onun bir maşınını ələ keçirməkdən kifayətlənməyərək digər maşınına da ziyan vurmuşdur. Belə olan halda o, VAZ 21012 markalı 10DZ230 DQN-lı avtomaşının dəyərini, yəni 2000 (iki min) manat pulu və hazırda istifadəsində olan «Mercedes Benz 320 minik» markalı 10KZ008 dövlət qeydiyyat nişanlı avtomaşına vurduğu zərərə görə 1000 (bir min) manat məbləğində pulu tələb edir. Ümumilikdə cavabdehin ona vurduğu maddi ziyan 3000 (üç min) manat təşkil edir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə prosesinin iştirakı olmadan keçirilməklə iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı ilə dost olmuşlar. İddiaçının avtomobili onun istifadəsində olmuşdur. Avtomobilin satılması üçün iddiaçı ona etibarnamə vermişdir. İddiaçı avtomobili onun oğluna 2000 manata satmış və pulu iddiaçıya vermişdir. Digər avtomobilə isə onun tərəfindən zərər yetirilməmişdir. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X5 iddia tələbinə etiraz edərək bildirmişdir ki, atası iddiaçı ilə dost olmuşdur. İddiaçının avtomobili atasının istifadəsində olmuşdur. Avtomobilin satılması üçün iddiaçı atasına etibarnamə vermişdir. Avtomobili iddiaçıdan 2000 manata almışlar və pulu iddiaçıya vermişdir. Digər avtomobilə isə atası tərəfindən zərər yetirilməmişdir. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 08 may 2021-ci il tarixli, 747609 nömrəli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, İddiaçı tərəfindən “Vaz 2102 minik” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh 1 il müddətinə etibarnamə verilmişdir. 13 aprel 2022-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı Ötürən oğlu “Vaz 2102 minik” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobili alıcı X2 1500 manata satmışdır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı özünə məxsus avtomobilə dair Cavabdeh etibarnamə vermişdir. Cavabdeh isə etibarnamə üzrə 13 aprel 2022-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən (satıcı İddiaçı Ötürən oğlu olmaqla) “Vaz 2102 minik” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobili alıcı X2 1500 manata satmışdır. Hazırda iddiaçı cavabdehdən həmin avtomobilin dəyəri kimi 2000 manatın ona ödənilməməsini və cavabdehdən onun xeyrinə tutulmasını iddia edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. -385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Məhkəmə işin faktiki hallarını, məhkəmə iclasında tədqiq edilmiş sübutları və iş materiallarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdeh etibarnamə əsasında iddiaçının avtomobilini oğluna satmış, əvəzində 2000 manat iddiaçıya ödənilməsini göstərsə də, avtomobilə görə iddiaçıya hər hansı bir məbləğdə pul ödənilməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Müqavilədən isə görünür ki, avtomobil 2000 manata deyil, 1500 manata satılmışdır. Odur ki, 1500 (bir min beş yüz) manat məbləğində pulu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı cavabdeh tərəfindən hazırda istifadəsində olan «Mercedes Benz 320 minik» markalı 10KZ008 dövlət qeydiyyat nişanlı avtomaşına 1000 (bir min) manat zərər vurulmasını göstərsə də, bu ziyanın vurulması və həcminin də 1000 manat təşkil etməsinə dair heç bir sübut növü məhkəməyə təqdim etməmişdir. Buna görə də iddia bu hissədə əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 35 (otuz beş) manat hissəsi tutularaq İddiaçı ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 35 (otuz beş) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1125/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1125/2025
18.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver