Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1140/2023 13.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2910/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Səadət Sarayında bağlanmış və 4225 No-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2008-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X3 onun yanında qalmaları, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2011-ci il tarixdən başlayaraq Cavabdeh hər ay sabit pul məbləğində 152 manat alimentin tutularaq ona verilməsi qərara alınmışdır. Qətnamə qanuni qüvvəyə minmişdir. Hal-hazırda Xadicənin 15, Zəhranın isə 14 yaşı var. Məhkəmə tərəfindən uşaqların saxlanması üçün müəyyən edilmiş 152 manat aliment məbləği hazırda uşaqların saxlanılmasının təminatı üçün yetərli hesab edilə bilməz. Belə ki, aldığı aliment məbləğinin miqdarı müəyyən olunduğu tarixdən bu günədək istehlak qiymətləri və həyat standartları dəyişmişdir. Qətnamənin çıxarıldığı tarixdən isə 13 ilə yaxın müddət keçmişdir. Bu illər ərzində uşaqlar da böyümüş, onların müvafiq olaraq tələbatları da artmışdır. Düşünür ki, qeyd etdiyi hallar maddi vəziyyətində dəyişiklik kimi qəbul edilməlidir. Həmçinin, həm mətbuatdan oxuduğu, həm də televiziyadan eşitdiyi məlumatlara görə 2023-cü il üçün ölkə ərazisində yaşayış minimumu da artırılmışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞB/10-00199 nömrəli arayış tərtib edilmişdir. Mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərc də onun tərəfindən ödənilib. Hesab edir ki, bu məbləğ də məhkəmə xərci kimi cavabdehdən tutularaq ona ödənilməlidir. Məhz qeyd etdiyi səbəblərdən “alimentin məbləğinin artırılması barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Ölkə üzrə yaşayış minimumu, minimal aylıq əmək haqqının miqdarını, istehlak qiymətlərinin dəyişkən olmasını, həyat standartlarının dəyişməsini, övladlarının qida təminatının yaxşılaşdırılması zərurətini nəzərə alaraq düşünür ki, cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər bir uşağa görə 220 manat məbləğinə qaldırılmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2910/2011 saylı, xx.xx.2011ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq Cavabdeh xx.xx.2008-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay sabit pul məbləğində 440 manat alimentin, 50 manat mediasiyaya dair xərcin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili həmçinin göstərmişdir ki, iddiaçı ona bildirmişdir ki, cavabdehin rəsmi iş yerindən başqa əlavə gəlir mənbəyi var, “moyka” və dükan işlədir, nikahın pozulması haqqında qətnamədə də bu hallar əksini tapmışdır. Cavabdeh tərəfindən alimentdən başqa uşaqların maddi tələbatı ilə bağlı hər hansı yardım edilməmişdir. 2011-ci ildən sonra keçən uzun müddət ərzində iddiaçı tərəfindən aliment artımı ilə bağlı məhkəməyə ona görə müraciət olunmayıb ki, iddiaçının bacısı da həmin evdə gəlin olub, sonradan o, da boşanıb. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qismən qəbul edərək öz izahatında göstərmişdir ki, o, ikinci dəfə ailə qurmuşdur, bir övladı var. Alimentdən başqa uşaqlara əlavə nə lazımsa alır. Onun əmək haqqı 560 manatdır, iki uşağa görə 250 manat hər ay aliment ödəyə bilər. Ondan artıq ödəmək imkanı yoxdur. Onun əvvəllər avtoyuma yeri olub, hazırda işləmir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə doğum haqqında şəhadətnamənin surətinə və elektron məhkəmə portalında olan məlumata əsasən tərəflərin birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X6 adlı uşaqları var. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-2910/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Səadət Sarayında bağlanmış və 4225 No-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahı pozulması, xx.xx.2008-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X3 anaları Ərəbxanova (Nəcəfova) Ülkər Aslan qızının yanında qalması, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2011-ci il tarixdən başlayaraq Cavabdeh hər ay sabit pul məbləğində 152 manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş üzrə Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 70 No ilə qeyd edilmişdir. İş üzrə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020ci il tarixli nikah haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə X1 arasında xx.xx.2020ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 2358 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Ərəbxanov, arvada Qurbanova-Ərəbxanova soyadı verilmişdir. İş üzrə Bakı 10 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli MŞB/10- 00199 nömrəli ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışın surətindən görünür ki, İddiaçı tərəfindən təsvir edildiyi kimi “alimentin artırılması” mübahisəsi üzrə xx.xx.2023cü il tarixdə saat 14.30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İş üzrə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə anadan olmuşdur. İş üzrə elektron məhkəmə portalında olan məlumata əsasən Cavabdeh “X11 Azerbaijan” MMC-də fotoqraf vəzifəsində işləyir, onun aylıq əmək haqqı 567 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü Xədicə və xx.xx.2009-cu il təvəllüdlü Zəhra adlı uşaqları var. Tərəflər arasında olan nikah Səbail rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(009)-2910/2011 saylı qətnaməsi ilə pozulmuş, uşaqların anaların yanında saxlanılmış və cavabdehdən uşaqların saxlanılması üçün sabit pul məbləğində hər uşağa 76 manat, cəmi 152 manat aliment tutulmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, məhkəmə qətnaməsi ilə müəyyən olunan aliment miqdarı uşaqların saxlanılması və maddi tələbatlarının ödənilməsi üçün yetərli deyil, yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuş və bu səbəbdən iddiaçı məhkəmədən uşaqların saxlanılması üçün cavabdehdən hər uşaq üçün 220 manat sabit pul məbləği şəklində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə araşdırılması zamanı cavabdehin işləyib müntəzəm qazanca malik olması və aylıq əmək haqqının 567 manat təşkil etməsi, cavabdehin ikinci dəfə ailə həyatının qurması və ikinci nikahından da bir azyaşlı uşağın olması, həmçinin iddiaçının da ikinci ailə həyatının qurması da müəyyən edilmişdir (elektron məhkəmə sistemindən tərəflərə aid qohumluq məlumatları əsasında əldə edilmişdir). Məhkəmə qeyd edir ki, iddiaçı mübahisənin məhkəmədənkənar qaydada mediator vasitəsi ilə həll edilməsini istəsə də, cavabdeh mediasiya sessiyasına gəlmədiyindən, iddiaçı mübahisənin həll edilməsi ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb aşağıdakı əsaslara görə təmin edilməlidir. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin tələblərindən göründüyü kimi uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsindən görünür ki, məhkəmə tərəfindən yetkinlik yaşına çatmayan hər uşağa görə müəyyən edilmiş alimentin məbləği 76 manatdır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 220 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır (bənd 8.13). Məhkəmə Azərbaycan Respublikası Konstitusiyanın və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarını və həmin qərarlarda formalaşan hüquqi mövqeyi, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin miqdarını, həmçinin Azərbaycan Respublikasında 2023-cü il üçün uşaqlar üçün yaşayış minimumunun 220 manat məbləğində müəyyən edilməsini, tərəflərin maddi vəziyyətini (iddiaçının işləməməsini) nəzərə alaraq hesab edir ki, sabit pul şəklində müəyyən edilən aliment məbləğinin artırılması barədə iddia təmin edilməli və cavabdehdən uşaqların saxlanılması üçün hər uşağa görə tutulmalı olan sabit pul şəklində aliment 220 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, alimentin artırılması ilə bağlı cavabdehdən tutulmalı olan hər uşağa görə 220 manat, cəmi 440 manat məbləğində pul iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan deyil, hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra başlamalı və həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8-2/2016 saylı qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələrin dərhal icra olunması nəzərdə tutulsa da, hazırki tələb alimentin artırılması ilə bağlıdır. Bu səbəbdən göstərilən qanunun tələbləri alimentin artırılması ilə bağlı tələbə aid edilə bilməz. AR MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” AR Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən, iddiaçı qaldırılan tələblə bağlı mübahisəni məhkəməyədək həlli qaydasını nəzərdə tutan mediasiya prosesində iştirakı ilə bağlı mediatora müraciət etdiyindən və mediasiya xərcləri kimi 50 (əlli) manat ödədiyindən, həmin pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad edildiyindən, cavabdehdən bir il ərzində tutulacaq alimentin ümumi məcmusu – 5280 manat nəzərə alınaraq, dövlət rüsumunun əvəzi kimi 72,80 manat məbləğində dövlət nəfinə pul tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(009)-2910/2011 saylı qətnaməsi ilə tutulması müəyyən edilən aliment miqdarı artırılsın və hər uşağa görə 220 manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin artırılması ilə bağlı Cavabdeh hər uşağa görə 220 manat, cəmi 440 (dörd yüz qırx) manat məbləğində pul məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılsın və tutma həmin vaxtdan hesablansın. Cavabdeh dövlət nəfinə dövlət rüsmunun əvəzi kimi 72,80 (yetmiş iki manat, səksən qəpik) manat məbləğində pul tutulsun. Cavabdeh İddiaçı xeyrinə mediasiya xərcləri kimi ödənilən 50 (əlli) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev