Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1156/2025 22.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil3, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı mənzilə su axıdılması nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə su axıdılması nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi, 1160-cı məhəllə, 17, mənzil 160 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Təxminən xx.xx.2025-ci il tarixdə ona məxsus mənzilə bir mərtəbə yuxarı 163 saylı mənzildən su axıdılması nəticəsində təxminən 15.000 manat dəyərində ziyan dəymişdir. Belə ki, suyun axıdılması asma tavanı, divar kağızlarını, mebelləri xabar etmiş, laminatın altına çızaraq onun şişməsinə və sıradan çıxmasına səbəb olmuşdur. Ona məxsus mənzilə yuxarı mənzildən su axıdılmasını mənzilin yerləşdiyi "xxxx" MTK tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli akt və onun tərəfindən çəkilmiş fotoşəkillər bir daha təsdiq edir. xx.xx.2025-ci il tarixdə cavabdehə dəymiş maddi ziyanın ödənilməsi barədə xəbərdarlıq də göndərilmiş, lakin heç bir nəticəsi olmamışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh onun xeyrinə 15.000 manat məbləğində əsas borcun, 325 manat məbləğində vəkilin göstərdiyi yardıma görə xərcin və 135 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, tərəfindən dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün mütəxəssis rəyi əldə edilmişdir. Belə ki, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən su axmadan sonra təmir-bərpaya çəkilən xərcin ümumi məbləği 22.307 manat təşkil etmişdir. Odur ki, tələbin artırılmasına zərurət yaranmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh X1 onun xeyrinə 22.307 manat məbləğində əsas borcun, 235 manat məbləğində vəkilin göstərdiyi yardıma görə xərcin və 135 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil3 həcmi artırılmış iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, yerli baxış keçirildi, asma tavan yenilənmişdir, pol dəyişdirilmişdir, yeni divar kağızı vurulmuşdur, mebelin bir hissəsi dəyişilmişdir, təmirə çəkilən xərc iddia tələbi həddindədir. Həmçinin iddiaçı mənəvi ziyanı da çəkmişdir. Ailənin uşağı xəstə olduğu üçün məhkəmədə mübahisə yekunlaşmamış təmir işləri həyata keçirilmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, su axıtma baş versə də, ziyan tələb olunan həddə deyil. İlk növbədə qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi ziyanın 22.307 manat olması barədə rəy sübut kimi qəbul edilə bilməz. Rəy verən şəxs qiymətləndirmə palatasının üzvü deyil. 2-ci rəy 7.000 manat ziyanla bağlıdır. Məhkəmə hazırlıq iclasından sonra məhkəməyə təqdim edildiyi üçün sübut kimi qiymətləndirilə bilməz. Onların təqdim etdiyi ziyan aktı nisbətən real ziyanı əks etdirir. Lakin yerli baxış zamanı da yalnız polun dəyişilməsi müəyyən edilmişdir, nə divar kağızı, nə mətbəx mebeli, nə də tavan yenilənməmişdir. Təmizlik və kiçik restavrasiya işi həyata keçirilmişdir. İddiaçı tərəfindən vurulmuş ziyanla bağlı sübut məhkəməyə təqdim olunmadığından və təqdim edilən rəylər sübut kimi dəyərləndirilməli olmadığından məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, flaş-kartda olan video görüntüləri və fotoşəkilləri nəzərdən keçirib, mübahisəli mənzilə yerli baxış keçirib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın xx.xx.2020-ci il tarixli surətinə əsasən Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi, 1160-cı məhəllədə yerləşən 17 saylı evin, giriş 3, ümumi sahəsi 89,71 kv.m. olan 160 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə "xxxx" MTK-nın sahibkarı S.S.Nəsirov, komendant vəzifəsində işləyən N.R.Məmmədov, gözətçi vəzifəsində işləyən İ.M.Həşimli tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktından görünür ki, ünvan 1 ünvanında "xxxx" MTK-ya məxsus olan çoxmənzilli yaşayış binasında İddiaçı məxsus 3-cü blok, 15-ci mərtəbədə yerləşən 160 nömrəli mənzilə baxış keçirtmiş, baxış zamanı müəyyən edilmişdir ki, 1 mərtəbə yuxarıda yerləşən, yəni 16-cı mərtəbədə yaşayan Cavabdeh məxsus 163 nömrəli mənzildən su axması nəticəsində İddiaçı məxsus mənzilin mətbəxinə və hollunun bir hissəsinə ziyan dəymişdir. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 sifarişinə əsasən "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 401/05-25 nömrəli mütəxəssis rəyinin surətindən görünür ki, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus mənzilə 1 mərtəbə yuxarıda yerləşən 163 saylı mənzildən ("xxxx" MTK-ya məxsus binada yerləşən mənzilə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli akta əsasən) su axmasından sonra təmir-bərpasına çəkilən xərcin ümumi məbləği yuvarlaq rəqəmlə 22.307 manat müəyyənləşdirilmişdir. İş üzrə "xxxx" MMC tərəfindən verilmiş hesabatdan belə məlum olur ki, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus mənzilə vurulmuş ziyan 7.008,16 manat təşkil edir. İş üzrə "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus mənzilə vurulmuş ziyan 1935,2 manat təşkil edir. Məhkəmə verilmiş tələb üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi, 1160-cı məhəllədə yerləşən 17 saylı evin, giriş 3, 160 saylı mənzili iddiaçının mülkiyyətindədir. Cavabdeh isə 1 mərtəbə yuxarıda yerləşən 163 saylı mənzildə yaşayır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə iddiaçının yaşadığı mənzilinə su cavabdehin yaşadığı mənzilindən axıdılması nəticəsində mənzilin mətbəxinə və hollun bir hissəsinə ziyan dəymişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun mülkiyyətində olan mənzilinə su cavabdehin yaşadığı mənzildən axıdılmış və bunun nəticəsində mənzilə və mənzildə olan avadanlıqlara maddi ziyan dəymişdir. Onun tərəfindən dəymiş ziyanın müəyyən edilməsi üçün mütəxəssis rəyi əldə edilmiş, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən su axmadan sonra təmir-bərpaya çəkilən xərcin ümumi məbləği 22.307 manat təşkil etmişdir. Bu səbəbdən iddiaçı cavabdehdən onun xeyrinə 22.307 manat məbləğində əsas borcun, 235 manat məbləğində vəkilin göstərdiyi yardıma görə xərcin və 135 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş etmişdir . İddiaçının mülkiyyətində olan mənzilə cavabdehin yaşadığı mənzildən su axması işin mübahisəsiz halıdır. Lakin tərəflər arasında su axıtma nəticəsində dəymiş ziyan məbləği ilə bağlı mübahisə var. İddiaçının müraciəti əsasında "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus mənzilə 1 mərtəbə yuxarıda yerləşən 163 saylı mənzildən ("xxxx" MTK-ya məxsus binada yerləşən mənzilə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli akta əsasən) su axmasından sonra təmir-bərpasına çəkilən xərcin ümumi məbləği 22.307 manat məbləğində müəyyən olunmuşdur. İddiaçının müraciəti əsasında "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli hesabata əsasən Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi, 1160-cı məhəllə, ev 17, 160 saylı mənzilə su axmasından sonra təmir-bərpasına çəkilən xərcin ümumi məbləği 7008,16 manat məbləğində müəyyən olunmuşdur. Cavabdehin müraciəti əsasında "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi, 1160-cı məhəllə, ev 17, 160 saylı mənzilə su axmasından sonra təmir-bərpasına çəkilən xərcin ümumi məbləği 1935,2 manat məbləğində müəyyən olunmuşdur. Eyni zamanda iddiaçının mənzilinə su sızmasının cavabdehin yaşadığı mənzilindən baş verməsi "xxxx" MTK tərəfindən tərtib edilmiş aktla da öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan mənzilinə su axıdılması cavabdehin hərəkətləri nəticəsində baş verdiyindən və həmin su axıdılması nəticəsində iddiaçının mənzilinə ziyanın vurulması təsdiq olunduğundan, iddiaçı həmin su axıdılmanın nəticəsində vurulmuş maddi ziyanın əvəzinin cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Təqdim olunan mütəxəssis rəyi və hesabatları arasında su sızma nəticəsində iddiaçının mülkiyyətində olan mənzilinə dəymiş zərər məbləği ilə bağlı fərqlər mövcuddur. İddiaçının özü tərəfindən təqdim olunan 2 hesabatdakı məbləğlər belə fərqlidir. Məhkəmə qeyd edilən ziddiyyətlə bağlı mübahisəli mənzilə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, mənzilin döşəməsi yenilənmiş, mətbəx mebeli hissəvi dəyişdirilmiş, tavan tamamilə deyil, restavrasiya olunaraq hissəvi yenilənmiş, qaz plitəsi yenisi ilə əvəz edilmişdir. Baxış zamanı iddiaçı tərəf mətbəxin divar kağızının dəyişdirildiyini və dəyişən kağızında əvvəllər mövcud olmuş kağızdan alınaraq yenilənməsini qeyd etmişdir. Məhkəmə iddiaçı tərəfindən divar kağızının alınmasını, onun yenilənməsi və bu işlərin görülməsinə sərf olunan xərclə bağlı sübutu, həmçinin məhkəməyə təqdim edə bilmədiyi üçün divar kağızının dəyişdirilməsi və bununla bağlı həmin hissədə hər hansı təmir-bərpa işlərinin həyata keçirilməsinə vəsait xərclənməsini qəbul etmir. Beləliklə məhkəmə iddiaçı tərəfindən evin mübahisəyə məhkəmədə baxılanadək təmir olunmasını, lakin təmirə real çəkilən xərclə bağlı sübutun məhkəməyə təqdim edilə bilməməsini nəzərə alsa da, yerli baxış zamanı faktiki yenilənmiş və görülmüş işlərə uyğun hesab edir ki, döşəmənin sökülüb yenisi ilə əvəz edilməsi (cavabdehin nümayəndəsi yenilənməni yerli baxışda təsdiq etmişdir) ilə bağlı çəkilən xərc kimi – sökülməsinə - 100 manat, yenilənən laminatın dəyərinin – 675 manat, vurulma xərci – 250 manat, cəmi 1025 manat, qaz plitəsinin yenilənməsi ilə bağlı xərci – 700 manat, tavanın hissəvi dəyişilməsi və restavrasiya üçün ağlabatan məbləğ kimi 300 manat, mətbəx mebelinin hissəvi yenilənməsi üçün 1200 manat, əlavə işlərə (daşıma xərcləri və s.) 225 manat, cəmi 3500 manat təşkil etməsini məntiqli hesab edərək cavabdehdən vurulmuş maddi ziyanın əvəzi kimi həmin məbləğ həddində iddiaçının xeyrinə pul tutulmalıdır. Məhkəmə iddia tələbinin hüquqi yardım xərcinə görə 325 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardıma görə 325 manat ödənilmişdir. Məhkəmə hesab edir ki, hüquqi xidmətə görə ödənilmiş 325 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, məhkəmə xərcləri - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (55 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə vurulmuş maddi ziyanın əvəzi kimi 3500 manat, hüquqi xidmət üçün ödənilən 325 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 55 manat, cəmi 3880 (üç min səkkiz yüz səksən) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1156/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1156/2025
22.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver