Məhkəmə qərarları › İş №e-2(009)-1201/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1201/2023

25.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1201/2023 25.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Salahlı (Salahli) Seynur Səməd oğlundan iddiaçı "xxxx" ASC-nin xeyrinə 2 507,23 (iki min beş yüz yeddi manat, iyirmi üç qəpik) manat məbləğində vəsaitin, 45,08 (qırx beş manat, səkkiz qəpik) manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixində Salahlı (Salahli) Seynur Səməd oğlu tərəfindən idarə olunan ** VP *** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** AL *** dövlət qeydiyyat nişanlı “Mitsubishi L200” markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən Salahlı (Salahli) Seynur Səməd oğlu təqsirli bilinmişdir. Sığortalı ** AL *** dövlət qeydiyyat nişanlı “Mitsubishi L200” markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. ** AL *** dövlət qeydiyyat nişanlı “Mitsubishi L200” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 7 574,00 (yeddi min beş yüz yetmiş yeddi) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli “Sığorta aktı”na əsasən azadolma çıxılmaqla 7474,00 (yeddi min dörd yüz yetmiş yeddi) manat sığorta ödənişi avtomobilin təmiri üçün fiziki şəxs X2 bank hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 4 966,77 (dörd min doqquz yüz altmış altı manat, yetmiş yeddi qəpik) manat məbləğində vəsait ödənilmişdir. xx.xx.2020-ci il tarixində sığorta ödənişi çıxılmaqla qalıq məbləğ olan 2507,23 (iki min beş yüz yeddi manat iyirmi üç qəpik) manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, məbləğnən razı deyil, iş yeri yoxdur, vəziyyəti çətindir, icra mərhələsində hissə-hissə ödəməyə razıdır. Əsaslandırı hissə: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh Bakı şəhəri BPİ-in DYPİ-n rəisi polis polkovniki Rəşad Piriyevə verdiyi izahatda qeyd edilmişdir ki, cavabdeh xx.xx.2020-ci il tarixdə ona məxsus olan opel markalı **-VP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bayıl istiqamətindən Azneft istiqamətinə gedərkən hava şəraitini nəzərə almamış, nəticədə idarə etməni itirmiş və **-AL-*** dövlət qeydiyyat nişanlı mitsubishi markalı avtonəqliyyat vasitəsinin hərəkətdə olduğu zolağa çıxaraq yol nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarında olan **-AL-*** dövlət qeydiyyat nişanlı mitsubishi markalı X3 Bakı şəhəri BPİ-in DYPİ-n rəisi polis polkovniki Rəşad Piriyevə verdiyi izahatda qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixdə AZFEN şirkətinə məxsus **-AL-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi L200” markalı nəqliyyat vasitəsini Azneft istiqamətindən Bayıl istiqamətinə hərəkətdə olduğu zaman onunla qarşı zolağdan hərəkət edən **-VP-*** dövlət qeydiyyat nişanlı “Opel” markalı avtonəqliyyat vasitəsi hava şəraitini nəzərə almayaraq idarə etməni itirmiş nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarında olan Avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsinə əsasən "xxxx" Birgə Müəssisəsinə məxsus “Mitsubshi L200” markalı 99AL 235 nömrəli dövlət qeydiyyat nişanlı avtomobil 27000 azn dəyərində sığortalanmışdır və sığorta haqqı 615.60 azn müəyyən olunmuşdur. (50 manat şərtsiz azadolma). İş materiallarında olan Səbail Rayon Polis İdarəsinin 02.05.20-ci il tarixli № 065- 12821-1220 saylı Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə arayışa əsasən AZFEN Birgə Müəssisəsinə məxsus X3 idarə etdiyi **-AL-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi L200” markalı avtonəqliyyat vasitəsinə dəyən zərərin xüsusiyyətləri kapot, qabaq sol qanad və sol qapı, ön hamper, sol far, sol təkər və disk kimi müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Paşa Sığorta tərəfindən verilmiş sığorta aktına əsasən “Mitsubshi L200” markalı **-AL-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 7524 (yeddi min beş yüz iyirmi dörd) manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli № 9/6445 saylı Ekspert rəyinə əsasən “Mitsubshi L200” markalı **-AL-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 7022,47 (yeddi min iyirmi iki manat qırx yeddi qəpik) müəyyən edilir. (aparılmış tədqiqatın dəyəri 60 manat). İş materiallarında olan ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X4 7524 manat ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə idarə etdiyi ** VP *** dövlət qeydiyyat nişanlı Opel Astra markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** AL *** dövlət qeydiyyat nişanlı Mitsubishi L200 markalı avtonəqliyyat vasitəsi toqquşmuş, nəticədə sığortalı avtomobilin sahibi maddi ziyan vurmuşdur, sığorta aktına əsasən sığorta şirkəti tərəfindən avtomobilə dəymiş zərər ödənilərək sığorta ödənişi həyata keçirilmiş, təqsirli tərəfin icbari sığortası "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 4966,77 (dörd min doqquz yüz altmış altı manat yetmiş yeddi qəpik) manat məbləğində vəsait ödənilmişdir. Hazırda isə sığorta şirkəti sığortalı avtomobilə görə ödədiyi pulu subroqasiya qaydasında cavabdehdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.6-cı maddəsinə əsasən həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobil Cavabdeh istifadəsində olduğundan, həmçinin, onun Bakı şəhər DYPİ inzibati tənbeh vermə haqqında qərarına əsasən təqsirli olması sübuta yetirildiyindən, həmin mənbənin vurduğu zərərə görə Cavabdeh məsuliyyət daşımalıdır. Məhkəmə hesab edir ki, ekspertin rəyi əsas götürülərək avtomobilə vurulmuş 7022,47 manat zərərdən "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ödənilən 4966,77 manat çıxılmalıdır. Odur ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh subroqasiya hüququ əsasında 2055.7 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 1000 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən ********** saylı qəbz üzrə iddiaçı "xxxx" ASC tərəfindən 45.08 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 40.56 manatı cavabdehə aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası xərcləri -60 (altmış) manatın 20 (iyirmi) manatı iddiaçı "xxxx" ASC-dən, 40 (qırx) manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəllilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissə: Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T ET D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2055.7 (iki min əlli beş manat, yetmiş qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 40.56 (qırx manat, əlli altı qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası xərcləri -60 (altmış) manatın 20 (iyirmi) manatı iddiaçı "xxxx" ASC-dən, 40 (qırx) manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar