Məhkəmə qərarları › İş №e-2(009)-1243/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1243/2025

04.06.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1243/2025 04.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı «mülkiyyətə qəsd nəticəsində yaranmış maneələrin aradan qaldırılması» tələbinə dair mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsi binasında 04 iyun 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mülkiyyətə qəsd nəticəsində yaranmış maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən və mülkiyyətimdə olan mənzilin ümumi həyətə baxan pəncərəsinin qarşısını kəsən taxta parçasının Cavabdeh tərəfindən sökülərək çıxarılması və orada olan manelərin tam aradan qaldırılması, eləcə də bir daha bu cür halların təkrar edilməməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən və mülkiyyətimdə olan mənzilin ümumi həyətə baxan pəncərəsinin üzərinə Lermontov küçəsi 119, mənzil 8 ünvanda yaşayan Cavabdeh tərəfindən təxminən 3 metr hündürlüyündə mebel materialından olan taxta parçası məndən icazəsiz və xəbərsiz olaraq bərkidilmişdir. Bununla da həyətə baxan bu pəncərəmin qarşısı tamamilə bağlanmış, bu pəncərəmdən mənzilimin həmin hissəsinə təmiz hava və günəş işığının düşməsinin qarşısı tamamilə alınmışdır. Cavabdeh qonşuluq münasibətlərinə hörmət etmədən mənim mülkiyyət hüquqlarımı kobud şəkildə pozmuş, mənim əmlakıma müdaxilə etmiş, mənzilimin fasadına özbaşına şəkildə taxta parçası bərkitmişdir. Bununla da mənə məxsus mənzilin həmin hissəsinin havalandırılmasının və ora gün işığınını düşməsinin qarşısını almaqla yanaşı, baş vermə ehtimalı ola bilən yanğın təhlükəsizliyi qaydalarına da məhəl qoymadan pəncərəmdən istifadəyə əngəl yaratmışdır. Ehtimal edirəm ki, cavabdeh bu cür qanunsuz hərəkətləri ilə başqalarının mülkiyyət hüquqlarını açıq-aşkar qəsb etməklə özünə həmin hissədə əlavə istifadə yeri düzəltmək məqsədini güdür. Nəticə etibarilə, mənzilimin pəncərəsindən istifadə etməyimi tam şəkildə məhdudlaşdırmaqla, mənə ciddi maneələr yaratmış olur. Bununla əlaqədar, ərazi üzrə polis orqanına və müvafiq mənzil istismar sahəsinə yazılı və şifahi müraciətlərim olmuş, həmin idarələr tərəfindən müvafiq məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Onu da xüsusilə vurğulamaq istəyirəm ki, cavabdeh artıq neçənci dəfədir ki, həyət sakinlərinin mülkiyyət hüquqlarına müdaxilə edir. Cavabdehin bu cür qanunsuz hərəkətlərinə son qoyulması və qonşuların pozulmuş mülkiyyət hüquqlarının təmin edilməsi ilə əlaqədar məhkəmə qərarları qəbul edilmiş və məcburi icra qaydasında qərarların icrası təmin edilmişdir. Eyni zamanda cavabdehin həyət ərazisini qeyriqanuni zəbt etməsi ilə əlaqədar da məhkəmə qərarları qəbul edilmiş və yalnız məhkəmənin qərarından sonra həyət cavabdehin “işğalından” qurtulmuşdur. Bundan əlavə, qonşuların hüquqlarına müdaxilə etməsinə son qoyulması ilə əlaqədar cavabdehə rayon icra hakimiyyətinin qurumları tərəfindən rəsmi xəbərdarlıq da edilmişdir. Lakin təəssüf ki, cavabdeh bu qərar və xəbərdarlıqlardan düzgün nəticə çıxarmamış, mümkün olan hər fürsətdə qonşunun mülkiyyət hüququna özbaşına müdaxiləni davam etdirməkdədir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddiasını müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, 119 saylı evin 9 nömrəli mənzili xx.xx.2022-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı tərəfindən təqdim edilmiş videoçəkilişdən görünür ki, iddiaçının mənzili 2-ci mərtəbədə yerləşməklə cavabdehin yaşadığı mənzillə üzbəüz çıxışa da qapısı mövcuddur. İddiaçının mənzilinin həmin qapısının yanından evin həyətinə mənzilin pəncərəsi açılır. Lakin cavabdeh taxta parçasını həmin pəncərənin qarşısına bərkitməklə pəncərənin qarşısını tamamilə qapatmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, 119 saylı evin 9 nömrəli mənzili xx.xx.2022-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil 2-ci mərtəbədə yerləşir. Cavabdeh iddiaçının razılığı olmadan ona məxsus mənzilin həyətə açılan pəncərəsinin qarşısına taxta parçası bərkitməklə pəncərənin qarşısını tamamilə qapatmışdır. Cavabdehin bu hərəkəti nəticəsində iddiaçı özünə məxsus mənzilin pəncərəsindən istifadə etmək imkanından məhrum olmuşdur. Cavabdeh bu hərəkəti ilə iddiaçının mülkiyyətindən sərbəst istifadə etmək hüququnu kobud surətdə pozmuşdur. Bu səbəbdən iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. AR Mülki Məcəlləsinin: 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya daşınmaz əmlak özbaşına tikili sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, ünvan 1 ünvanda yerləşən və iddiaçının mülkiyyətində olan mənzilin ümumi həyətə baxan pəncərəsinin qarşısını kəsən taxta parçasının sökülərək çıxarılması vəzifəsi cavabdehin üzərinə qoyulmalı və eyni halın təkrarlanması cavabdehə qadağan edilməlidir. AR MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPMnın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. AR Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə MPM-nin 115-ci və 119-cu maddələrinə əsaslanaraq hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia təmin olunduğu halda isə məhkəmə xərclərinə aid edilən iddianın verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi 119 saylı evin 9 saylı mənzilinin ümumi həyətə baxan pəncərəsinin qarşısını kəsən taxta parçasının sökülərək çıxarılması vəzifəsi Cavabdeh üzərinə qoyulsun və eyni halın təkrarlanması cavabdehə qadağan edilsin. İddia ilə bağlı ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar