Məhkəmə qərarları › İş №e-2(009)-1249/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1249/2023

23.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1249/2023 23.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi Hüseynova Mələk Bəxtiyar qızının katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin - Cavabdeh qarşı «pul» tələbi barədə mülki işə 23 iyun 2023cü il tarixdə Bakı şəhəri Səbail rayon Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 220,50 manat abunə vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamaı binaların yoxlanılması üçün 100 manat, 30 manat dövlət rüsumu və 40 qəpik məbləğində bank xidməti haqqının, ümumilikdə 350,90 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədilə İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə imzalanmışdır. xx.xx.2010-cu il tarixdə cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil "xxxx" xidmətlərinin göstərilməsi üçün kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2011ci il tarixinədək etmiş və həmin ünvan xx.xx.2011-ci il tarixdə 18 manat borc ilə şəbəkədən ayrılmışdır. xx.xx.2012-ci və xx.xx.2013-cü il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Lakin həmin tarixlərdə tərtib olunmuş aktlar üzrə tələb etmə müddəti keçdiyindən zərər tələb edilmir. Bundan sonra xx.xx.2014-cü və xx.xx.2015-ci il tarixdə baxış keçirilən zaman həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə müvafiq olaraq 0766 N və 2336 N saylı aktlar tərtib olunmuşdur. Beləliklə, qanunsuz qoşulmalar nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. İş materiallarında olan 0766 N saylı, 16 may 2014-cü və 2336 N saylı, 23 yanvar 2015-ci il tarixli Aktların surətindən görünür ki, həmin aktlarda ünvan 1 mənzilində şəbəkəyə qeyri-qanuni qoşulma faktının aşkar edildiyi qeyd edilmişdir. Mülki Məcəllənin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin ünsürlərdən hər hansı birinin aşkar edilməməsi deliktə söykənən tələbin rədd edilməsi üçün əsasdır. Hazirki işdə iddiaçı cavabdehin hüquqa zidd əməlinə istinad edərək zərərə düşdüyünü iddia etdiyi üçün yuxarıda göstərilən şərtləri sübuta yetirmək yükü iddiaçının üzərinə düşür. Baxılan işdə iddiaçı ərizəsində göstərdiyi halları – Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov küçəsi 7 saylı binaya 2010-ci ildən xidmət göstərdiyini və həmin binada yerləşən 35 saylı mənzildən kabel şəbəkəsinə qanunsuz qoşulmanı təsdiqləyən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Belə ki, məhkəmə qeyd edir ki, 0766 N saylı, 16 may 2014-cü il tarixli və 2336 N saylı, 23 yanvar 2015-ci il tarixli aktlar iddiaçı və onun nümayəndələri tərəfindən imzalanmışdır. İddiaçı 2336 N saylı, 23 yanvar 2015-ci il tarixli aktı imzalamış şəxslərdən Mais Səmədovun cavabdehin ailə üzvü olduğunu bildirsə də, iş materiallarında bu halı təsdiq edə biləcək mötəbər sübuta rast gəlinməmişdir. 0745 KA saylı, 18 yanvar 2013-cü il tarixli aktı cavabdehin imzalamasına münasibətdə isə məhkəmə qeyd edir ki, həmin akt üzrə borc hazırki iddia tələbinin predmeti deyil və həmin aktı cavabdehin imzalaması hazırda tələb olunan borc məbləğinin cavabdeh tərəfindən qəbul olunması anlamına gəlmir. Belə ki, iddia ərizəsindən də görünür ki, hazırki mülki iş üzrə iddiaçı 0766 N saylı, 16 may 2014cü il tarixli və 2336 N saylı, 23 yanvar 2015-ci il tarixli aktlar üzrə yaranmış borcun cavabdehdən tutulmasını xahiş edir. Qeyd edilən hallara dair təqdim edilmiş və iş materiallarında olan ünvan 1 ünvanında kabel televiziyası xidmətlərin göstərilməsinə dair arayış, habelə qanunsuz qoşulmanın aşkar edilməsinə dair 0766 N və 2336 N saylı Aktlar iddiaçının özü və ona hüquq xidməti göstərən şirkətin əməkdaşları tərəfindən tərtib olunmuş sənədlərdir. Başqa sözlə, binaya kabel televiziyası xidmətinin göstərilməsini təsdiqləyən aidiyyəti dövlət orqanının məlumatı təqdim olunmamış və ya qanunsuz qoşulmanın aşkar edilməsinə dair aktın tərtib olunmasında mənzil kommunal istismar sahəsinin əməkdaşının, binanın komendantının və ya hal şahidi kimi qonşuların iştirakı təmin edilməmişdir. Yəni, həmin sənədlərdə əks olunmuş məlumatlar qeyd edilən tərəfsiz qurumlar və ya şəxslər tərəfindən təsdiqlənmədiyi üçün onlar mötəbər (həqiqətə uyğun) sübut sayıla bilməz. Belə olan halda, iddiaçının istinad etdiyi sənədlər cavabdehin qeyri-hüquqi əməl törətməsini təsdiqləyən mötəbər sübut kimi qəbul edilmir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi onun əsaslarına dair kifayət qədər mötəbər sübutlar təqdim edilmədiyindən təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar