Məhkəmə qərarları › İş №e-2(009)-1250/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1250/2023

27.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1250/2023 27.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, «KATV1» əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının «Televiziya və radio yayımı haqqında» Qanununa uyğun olaraq, X1 tərəfindən verilmiş UPO-001 nömrəli, xx.xx.2022-ci il tarixli xüsusi lisenziya almışdır. İddiaçı Bakı şəhərinin rayonlarında kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Bakı şəhəri Səbail rayonu ərazisində son zamanlar belə vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan və ya müqavilə münasibətlərinə xitam verildikdən sonra qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Qeyd edilən qanunsuz qoşulmaların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında “hüquqi xidmətlərin göstərilməsi” barədə xx.xx.2014-cü il tarixdə müqavilə bağlanmışdır. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2015-ci il tarixli, 193 saylı 116 nömrəli MKİS tərəfindən verilmiş arayışdan görünür ki, cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 69 saylı evin, 23 No-li mənzilində qeydiyyatdadır və yaşayır. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında yaşamış Namiq Nağıyev ilə iddiaçı arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2013-cü il tarixdə bu ünvan KATV1 kabel televiziyasının şəbəkəsinə qoşulmuş, xx.xx.2013-cü il tarixədək son ödəməsini etmiş və xx.xx.2013-cü il tarixdə 24.30 manat borcla şəbəkədən ayrılmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında 2275 N saylı akt tərtib olunanadək sonuncu dəfə xx.xx.2014-cü il tarixdə həmin binaya baxış keçirilmişdir. Bundan sonra, xx.xx.2014-cü il tarixdə "xxxx" hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 2275 N saylı akt tərtib olunmuşdur. Akt tərtib edildikdən sonra qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Tərtib edilmiş aktdan görünür ki, özünü mənzildə yaşayan kirayəşin kimi təqdim edən Bahar adlı şəxs mənzilə köçdüyündən KATV1-in göstərdiyini bildirmişdir. Akt tərtib edilərək həmin şəxsə verilmişdir. Beləliklə, tərtib edilmiş aktdan görünür ki, cavabdehə məxsus mənzil “KATV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmuş və həmin qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Eyni zamanda qeyd edirlər ki, baxış keçirilən zaman tərtib edilmiş aktda qeyd edilənlər video qeydə alınmışdır. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı xx.xx.2015-ci il tarixədək 9 manat və xx.xx.2015-ci il tarixdən isə 10 manat təşkil edir. Mənzilə baxış keçirildiyi xx.xx.2014-cü ildən, qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2014-cü ilədək olan müddət 263 gün təşkil edir. Bu da günü hər jün üçün 30 qəpik maddi ziyan hesablamaq şərti ilə ümumilikdə 78,90 manat təşkil edir. Eyni zamanda, mülki hüquq pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə keçirilməsə idi,mənzil bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Vurulmuş maddi ziyanın ödənilməsi məqsədilə cavabdehə qeydiyyatda olduğu ünvana tərtib edilmiş akt əlavə edilməklə pretenziya məktubu göndərilmiş və məktub cavabdeh tərəfindən qəbul edilmişdir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə əsasında xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilmək nəzarət baxışı zamanı binaların yoxlanması üçün 100 manat pul ödəyir. Cavabdeh qanunsuz və əsassız olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulmuş, bununla da MMC-yə maddi ziyan vurmuşdur. Cavabdehin bu mülki hüquq pozuntusu haqsız rəqabətə yol açmaqla yanaşı MMC-nin göstərdiyi xidmətlərdən əsassız və qanunsuz istifadəyə gətirib çıxarmışdır. Cavabdehin bu hərəkətlərinin qarşısı alınmayaca digər fiziki şəxslərə pis bir nümunə olmaqla yanaşı qanunsuz istifadə hallarının artmasına gətirib çıxara bilər. Bununla da sahibkar kimi müəssisənin normal iş fəaliyyəti, habelə dövlət qarşısında vergi öhdəliklərin icrası və işçilərin əmək haqqısının ödənilməsi mümkünsüz olacaqdır. Həmçinin qeyd edilən halın kütləvilik təşkil etməsi ehtimalı da böyükdür. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh “KATV1” əmtəə nişanı ilə göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 78,90 manat məbləğində abunə haqqı qismində vurulmuş zərərin, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün "xxxx" MMC-yə ödənilmiş 100 manat pulun və ödənilmiş 30,40 manat dövlət rüsumunun, ümumilikdə 209,30 manat məbləğində vurulmuş maddi ziyanın alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, lakin məhkəməyə ünvanlandığı ərizəsində işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh iddia tələbinin mahiyyətindən kənara çıxaraq etirazında müqavilə öhdəliklərindən bəhs etmişdir. Halbuki iddia tələbi ona vurulmuş maddi zərərlə əlaqədardır. Eyni zamanda cavabdeh etirazında guya mənzilini kirayəyə verdiyini qeyd etsə də, buna dair kirayə müqaviləsini məhkəməyə təqdim etməmişdir. Müqavilə məhkəməyə təqdim etmədiyinə görə cavabdehin etirazında qeyd etdiyinin mötəbər hesab edilməsi mümkün deyildir. Bundan əlavə cavabdehin guya onun mülkiyyət hüququnun pozulması ilə bağlı qeyd etdikləri də hesab edirlər ki, əsassızdır. Belə ki, əgər cavabdehin mülkiyyət hüququ pozulmuş olsa idi, bu günə kimi bununla bağlı məhkəməyə müraciət edə bilərdi. Göründüyü kimi cavabdeh məhkəməyə etiraz təqdim edərkən yalnız şifahi mülahizələrə istinad etmiş etirazının əsasını təşkil edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki tərəflərdən məhkəməyə təqdim edilmiş aktdan görünür ki, akt tərtib edilən zaman mənzildə kirayəşin kimi yaşadığını təqdim edən mənzil sakininin (kirayə müqaviləsi təqdim edilməyib) iştirakı təmin edilmiş və o, mənzilə köçdüyü gündən KATV1-in göstərdiyini bildirmiş və akta imza ataraq aktı qəbul etmişdir. Bu hal tərəflərindən təqdim edilmiş DVD diskdə olan video görüntü ilə də öz təsdiqini tapır. Cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsi ilə bağlı qeyd edir ki, iddiaçının iddia tələbi deliktlə bağlıdır. Yəni mülki hüquq pozuntularından əmələ gələn öhdəliklərə aiddir. Hazırki iddia tələbinə 10 illik iddia müddəti tətbiq edildiyini nəzərə alsalar iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman iddia müddəti ötürülmədən müraciət etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək və iddiaya qarşı yazılı etiraz məhkəməyə təqdim edərək izahatında göstərmişdir ki, vaxtı ilə mülkiyyətində olmuş Bakı şəhəri, Ə.Əliyev küçəsi, ev 69, 23 saylı mənzildə (təxminən 2021-ci ilin may ayında həmin mənzil satılmışdır) televiziya xidmətlərinin göstərilməsi üçün İddiaçı MMC tərəfindən onun xəbəri və razılığı olmadan onun mənzilində yaşayan kirayəçi ilə müqavilə bağlanılmış, bununla da onun mülkiyyəət hüququ pozulmuşdur (iddiaçı qanunsuz olaraq mülkiyyətindən istifadə etmişdir). Müqavilənin mülkiyyətçinin xəbəri və razılığı olmadan digər şəxslər tərəfindən imzalanması buna əyani sübutdur. Müqavilədən göründüyü kimi, o, həmin müqavilədə iştirakçı (tərəf) deyil, bununla da hər hansı öhdəlik daşıya bilməz, müqavilə qanunvericiliyə uyğun bağlanılıbsa, həmin öhdəliyi (aylıq xidmət haqqının ödənilməsi, öhdəliyin lazımi qaydada yerinə yetirilməməsi nəticəsində dəymiş maddi ziyanın ödənilməsi və s.) müqavilə üzrə televiziya xidmətindən istifadə etmiş və müqaviləni imzalamış iştirakçı (tərəf) yerinə yetirməli, dəymiş maddi ziyanı ödəməlidir. Digər tərəfdən onun tərəfindən iddiaçıya məxsus kabel şəbəkəsinə qoşulması halı da mövcud deyil. Digər tərəfdən kabel şəbəkəsi ilə qanunsuz olaraq kirayəçi Namiq Nağıyev qoşulmuş və bunu etiraf edən onun həyat yoldaşı Bahar adlı şəxs qanunsuz qoşulma barədə iddiaçı tərəfindən xx.xx.2014cü il tarixdə tərtib edilmiş 2275 saylı aktda imza atmışdır. Yəni onun tərəfindən kabel xəttinə qoşulma faktı yoxdur. Cavabdeh həmçinin izahatında göstərmişdir ki, iddiaçı bu tələblə yalnız qanunsuz qoşulma edən şəxsə qarşı tələb irəli sürməkdə haqlı ola bilərdi. Onun nə müqavilənin bağlanmasından, nə də ona qanunsuz qoşulmadan xəbəri olmamışdır. Dövlət qulluqçusudur, aylıq ödənişlər kiçik məbləğdədir, həmin məbləği ödəmək imkanındadır. Lakin o, mülkiyyətində olduğu evdə heç vaxt yaşamamış, həmin ev həmişə kirayə verilmişdir. Digər tərəfdən iddiaçı tərəfindən iddia ərizəsi müddət ötürülməklə verildiyinə görə iddia tələbi bu əsasla da rədd edilməlidir. Göstərilənləri nəzərə alaraq cavabdeh iddia müddətini tətbiq edib iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə İddiaçı MMC-yə hüquqi xidmət göstərən "xxxx" MMC-nin, «KATV1» kabel televiziyasının və Rabitə Nazirliyinin nümayəndələrinin iştirakları ilə tərtib edilmiş 2275 N nömrəli, xx.xx.2014-cü il tarixli aktın surətindən görünür ki, həmin tarixdə Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 69 ünvanında kabel şəbəkəsinə baxış keçirən zaman, həmin binanın 23 saylı mənzilin sakini tərəfindən «KATV1» kabel şəbəkəsinə lazımi müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğunu aşkar olunmuşdur. Bununla əlaqədar akt tərtib olunmasında mənzilin sakini iştirakını təmin etmək və tərtib edilmiş aktı təqdim etmək məqsədilə həmin mənzilin qapısını döyərkən qapını açan Əhmədova Bahar adlı şəxs mənzildə kirayəşin kimi yaşamasını, mənzilə köçərkən KATV1 göstərdiyini bildirmiş, akta imza atmış və qəbul etmişdir. İş üzrə 116 saylı MKİS tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən 69 saylı evin 23 saylı mənzilində qeydiyyatdadır. İş üzrə Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsində yerləşən 11 saylı evin 18 saylı mənzilində qeydiyyatdadır. İş üzrə İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışın surətinə əsasən İddiaçı MMC ilə ünvan 2 ünvanında yaşayan Nağıyev Namiq arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2013-cü il tarixində bu ünvan KATV1 Kabel Televiziasının şəbəkəsinə qoşulub. xx.xx.2013-cü il tarixinədək isə son ödəməsini edib. xx.xx.2013-cü il tarixində 24,30 manat borc ilə şəbəkədən ayrılıb. İş üzrə İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışın surətinə əsasən ünvan 2 ünvanında 2275 N saylı akt tərtib olunana qədər sonuncu dəfə xx.xx.2014-cü il tarixində həmin binaya baxışı keçirilmişdir. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh iddiasına görə "xxxx" MMC-nin hesabına 100 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakılar qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehin vaxtı ilə mülkiyyətində olmuş mənzildə yaşamış kirayəşin Namiq Nağıyev ilə İddiaçı MMC arasında xx.xx.2013-cü il tarixdə KATV-1 Kabel Televiziyası xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanılmış və xx.xx.2013-cü il tarixdə müqavilə üzrə son ödəniş aparılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdehin vaxtı ilə mülkiyyətində olmuş mənzil xx.xx.2013-cü il tarixdə kabel televiziyasından 24,30 manat borcla şəbəkədən ayrılmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2014-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 69 saylı evin 23 saylı mənzilinə müqavilə bağlamadan qanunsuz olaraq kabel şəbəkəsinə qoşulma faktı aşkar edilmiş, akt tərtib edilmiş və akt həmin ünvanda kirayəşin kimi yaşayan Bahar Əhmədova tərəfindən imzalanmışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, ünvan 2 ünvanında 2275 N saylı akt tərtib olunana qədər sonuncu dəfə xx.xx.2014-cü il tarixində həmin binaya baxışı keçirilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakılar qeyd edir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh qanunsuz olaraq KATV1 Kabel Televiziasının şəbəkəsinə qoşularaq kabeldən qanunsuz olaraq istifadə etmişdir. Həmin qoşulma faktı xx.xx.2014-cü il tarixdə kabel şəbəkəsinə baxış keçirilərkən aşkar olunmuş və bununla bağlı 2475N saylı akt tərtib olunmuşdur. İddiaçı cavabdehin mülkiyyətində olmuş mənzilə çəkilmiş xəttin xx.xx.2013-cü il tarixdən kabel şəbəkəsindən ayrılmasını, sonuncu dəfə mənzilə xx.xx.2014-cü il tarixdə baxış keçirilməsini və kabel şəbəkəsinə qoşulma faktının xx.xx.2014-cü il tarixdə aşkar olunmasını nəzərə alaraq, 263 gün üçün qanunsuz qoşulma nəticəsində təşkilata 78,90 manat ziyan dəyməsini iddia edir. Bu səbəbdən iddiaçı həmin ziyanı, hüquqi xidmətlərin göstərilməsi və nəzarət baxışı zamanı binaların yoxlanılması üçün sərf olunmuş 100 manatın və ödənilmiş dövlət rüsumunun tutulması barədə həmin mənzilin mülkiyyətçisi olmuş cavabdehə qarşı iddia qaldıraraq, həmin pul vəsaitlərinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2014-cü il tarixli aktın surətindən görünür ki, həmin aktın tərtib edilməsində cavabdehin iştirakı təmin edilməmişdir. Aktın tərtib edilməsində yalnız İddiaçı MMC-nin, RYTN-nin, İddiaçı MMC-yə hüquqi xidmət göstərən "xxxx" MMC-nin əməkdaşları və həmin mənzildə kirayəşin qismində yaşayan Əhmədova Bahar adlı şəxs iştirak etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2014-cü il tarixli aktla və CD diskə baxış keçirilməklə həqiqətən cavabdehin mülkiyyətində olmuş mənzilə İddiaçı MMC-yə məxsus şəbəkəyə qoşulmuş kabel xəttinin çəkilməsi sübut olunsa da, həmin kabel xəttinin çəkilməsinin və şəbəkəyə qanunsuz qoşulmanın məhz mənzilin mülkiyyətçisi -hazırki cavabdeh tərəfindən yerinə yetirilməsi iş materialları ilə sübut olunmur. Tərtib edilmiş aktın özündə də həmin mənzildə kənar şəxsin – kirayənişin yaşaması təsdiq olunur. Bu səbəbdən məhkəmə iddiaçının cavabdehin mülkiyyətində olan mənzildə kirayəşinin yaşamasını təsdiq edən sübutların olmaması barədə dəlillərini əsaslı hesab etmir. Digər tərəfdən məhkəmə qeyd edir ki, cavabdeh mənzilin mülkiyyətçisi kimi iddiaçı ilə KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair hər hansı müqavilə bağlanmamışdır. Eyni zamanda cavabdehin kabel şəbəkəsinə qoşularaq həmin xidmətlərdən faktiki olaraq istifadə etməsi də hər hansı mötəbər sübutla təsdiq olunmur və təqdim edilmiş akt cavabdehin kabel şəbəkəsinə qoşulmasını faktı kimi qəbul edilsə də, həmin kabel şəbəkəsindən cavabdehin istifadə etməsi hər hansı sübutla təsdiq olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməldir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. AR MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə hesab edir ki, cavabdehin kabel şəbəkəsinə qoşulmasını və həmin kabel şəbəkəsindən 263 gün ərzində fasiləsiz olaraq istifadə etməsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmadığından, təqdim edilmiş akt və CD disk isə qoşulma faktını təsdiq etsə də, bu halın cavabdeh tərəfindən yerinə yetirilməsini təsdiq edən sübut kimi qiymətləndirilməli olmadığından, iddia tələbi vurulmuş ziyana görə 78,90 manat məbləğində pulun tutulması hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi vurulmuş zərərin tutulması hissəsində təmin edilmədiyindən, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün çəkilən xərcin əvəzi kimi 100 manatın və 30,4 manat dövlət rüsumunun tutulması hissələrində də təmin edilməməlidir. Məhkəmə cavabdehin hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olduğuna təminat verilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmə hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Pozulmuş hüquq və azadlıqların məhkəmə müdafiəsi onların konstitusiya təminatının reallaşdırılmasına xidmət edən hüquqi tədbirlərdən biri kimi çıxış edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır”. Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında qeyd olunmuşdur ki, hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı, mübahisəyə aid digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi barədə ərizədə cavabdeh hazırkı tələblə iddiaçının məhkəməyə müqavilə münasibətləri üzrə 3 illik müddət ötürülməklə verildiyini göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (Mülki Məcəllənin 373.1- 373.3-cü maddələri). Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 373.4-ci maddəsi). Məhkəmə qeyd edir ki, hazırkı tələb müqavilə münasibətləri ilə bağlı deyil, ziyan vurma, əsassız varlanma ilə bağlı olduğundan, bu münasibətə ümumi iddia müddətinin (10 il) tətbiq edilməli olması nəzərə alınmaqla qiymət verilməlidir. Yəni iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş müddəti ötürməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki mübahisəyə iddia müddətinin tətbiq edərək onun ötürülməsi əsası ilə rədd edilməsi barədə cavabdehin dəlilləri əsaslı hesab edilə bilməz. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı Cavabdeh “KATV1” əmtəə nişanı ilə göstərən İddiaçı MMCnin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 78,90 manat məbləğində abunə haqqı qismində vurulmuş zərərin, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün "xxxx" MMC-yə ödənilmiş 100 manat pulun və ödənilmiş 30,40 manat dövlət rüsumunun, ümumilikdə 209,30 manat məbləğində vurulmuş maddi ziyanın alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar