Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1266/2022 01.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, cavabdeh ilə xx.xx.2013-cü il tarixdə Səbail rayon Qeydiyyat şöbəsində bağlanmış və 381 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-1745/2021 saylı qətnaməsinə əsasən pozulmuşdur. Cavabdehlə rəsmi nikahdan xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X5 adlı uşaqlar var. O, ailə daxilində olan söz-söhbətlərə dözə bilmədiyi üçün Səbail rayon Məhkəməsinə “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbinə dair” iddia ərizəsi ilə müraciət etmişdir. Səbail rayon Məhkəməsi isə öz növbəsində 2(009)-1745/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi əsasında hazırki iddia ərizəsi üzrə cavabdeh ilə onun arasında olan nikah münasibətlərinin pozulması, uşaqların onun yanında saxlanılması və xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün hər ay, hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsini qət etmişdir. Sözügedən məhkəmə qətnaməsi əsasında nikahları pozulduğu vaxtdan da bir müddət əvvəldən övladları onun himayəsindədir, onların gündəlik məişət xarakterli təlabatlarını o, təmin edir və onlara o, baxır, övladlarının bütün qayğılarını və ehtiyaclarını tamamilə o, çəkir. Böyüdükcə uşaqlarda atalarına qarşı ehtiyac və təlabat artsa da, cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Hal-hazırda övladlarının təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Onların təhsil, tibbi və digər əlaqədar xərclərinin çəkilməsi onun üçün bir sıra əlavə çətinliklər yaradır ki, buna da maddi rifahı yetmir. Övladının gündəlik xərclərini təmin edə bilmir. O, hal-hazırda heç bir yerdə işləmir, evdar xanımdır, övladlarının maddi tələbatlarını valideynlərinin maddi yardımları əsasında ödəyir. Buna görə də o, aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ölkədə yetkinlik yaşına çatmamış şəxslər üçün yaşayış minimumu da dəyişdirilmiş və 2022-ci ildə yetkinlik yaşına çatmayanlar (uşaqlar) üçün 193 manat məbləğində müəyyən edilmişdir. Ona görə hesab edir ki, hazırki iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan övladları xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1745/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında tutulan alimentin məbləği artırılaraq hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğinə alimentin Cavabdeh tutulmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan övladları xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğinə alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki,o, heç bir yerdə işləmir, kirayədə qalır, məhkəmə qətnaməsi ilə tutulan aliment aylıq xərci ödəmir. Ona görə hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti hər ay çətinliklə də olsa, ödəyir. Ondan artıq ödəmək imkanı yoxdur. O, əlildir, bağban işləyir, 300 manat əmək haqqı alır. İddiaçı 180 manat dövlətdən pul alır, hətta alver edir və pul qazanır, ondan yaxşı yaşayır. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə məcburi köçkün vəsiqələrindən görünür ki, Cavabdeh və İddiaçı Füzuli rayonundan məcburi köçkundürlər. İş üzrə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X6 xx.xx.2014-cü ildə Füzuli rayonunda və X5 xx.xx.2016-cı ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-1745/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsində bağlanmış və 381 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 anaları İddiaçı yanında saxlanılması, Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 130 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi, Cavabdeh 30 manat dövlət rüsumunun tutulması, aliment tələbi hissəsində qətnamənin dərhal icra edilməsi qət edilmişdir. İş üzrə Səbail rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı ilə arasında olan nikahı Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 228 No ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Hüseynov, qadına Tahirova soyadı verilmişdir. İş üzrə fiziki şəxs Z.M.Nuriyev tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən (əmr No 25, xx.xx.2021) hal-hazıradək fiziki şəxs X4 məxsus “Dərya-Şəfa” restoranında bağban vəzifəsində işləyir və aylıq əmək haqqı 300 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikahdan yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü Havin və xx.xx.2016-cı il təvəllüdlü Səadət adlı uşaqları var. Tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulmuş, uşaqların ananın yanında qalması müəyyən edilmiş və cavabdehdən uşaqların saxlanılması üçün sabit pul məbləğində hər uşağa görə 130 manat aliment tutulmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, məhkəmə qətnaməsi ilə müəyyən olunan aliment miqdarı, yəni hər uşağa görə 130 manat uşaqların saxlanılması və maddi tələbatlarının ödənilməsi üçün yetərli deyil, yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən olunmuş və bu səbəbdən iddiaçı məhkəmədən uşaqların saxlanılması üçün cavabdehdən hər uşağa görə 193 manat sabit pul məbləği şəklində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə araşdırılması zamanı cavabdehin işləyib aylıq 300 manat əmək haqqı alması, o cümlədən iddiaçı ilə cavabdeh məcburi köçkün olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, alimentin tutulması ilə bağlı mübahisələr davam edən xarakter daşıdığı üçün, həmin tələblə yenidən məhkəməyə müraciət edilməsinə yol verilir. Lakin məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının irəli sürdüyü tələbin qismən əsaslı olması ilə bağlı müəyyən olunan hallar hazırda da aradan qalxmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh işləyib aylıq 300 manat əmək haqqı alır, cavabdehin maddi vəziyyətində Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra hər hansı maddi dəyişiklik olmamışdır. AR Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi alimentin artırılmasına o halda yol verilir ki, tərəflərdən birinin maddi vəziyyətində hər hansı dəyişiklik olsun. İddiaçı aliment miqdarının artırılmasını tələb etsə də, cavabdehin maddi vəziyyətində hər hansı dəyişikliyin olması ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Yəni cavabdehin maddi vəziyyətində dəyişikliyin olması, onun qazancının və gəlirlərinin daha da yaxşılaşması və artması məhkəmə tərəfindən müəyyən olunmadığından, iddiaçının yalnız yaşayış minimumunun artırılmasına istinad edərək aliment məbləğinin artırılmasını tələb etməsi əsaslı hesab oluna bilməz. Məhkəmə digər tərəfdən qeyd edir ki, beynəlxalq hüquq normalarında bir çox dövlətlərin ailə qanunvericiliyində, o cümlədən Azərbaycan Respublikasının Ailə Məcəlləsində (maddə 56.1) valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olması təsbit olunmuşdur. Valideynlər öz uşaqlarının tərbiyəsinə və inkişafına görə ümumi və bərabər məsuliyyət daşıma prinsipi BMT-nin “Uşaq hüquqları” Konvensiyasında da öz əksini tapmışdır. “Uşaq hüquqları Konvensiyasının” 18-ci maddəsinə əsasən uşağın ən ümdə mənafelərinin əsas qayğıkeşi olan valideynlər onun tərbiyəsi və inkişafına görə də özləri əsas məsuliyyət daşıyırlar. AR Konstitsiyasının 17-ci maddəsinin İİ bəndində göstərilmişdir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, uşaqların saxlanılması və maddi təminatının təmin edilməsi valideynlərin yalnız birinin üzərinə düşən məsuliyyət deyil, valideynlərinin hər ikisinin bərabər vəzifəsidir. Məhkəmə tərəfindən alimentin məbləği müəyyənləşdirilərkən tərəflərin əmlak vəziyyəti nəzərə alınaraq bərabərlik qaydasına mümkün qədər riayət olunması təmin olunmalıdır. Beləliklə məhkəmə cavabdehin işləyib aylıq 300 manat əmək haqqı almasını, tərəflərin maddi vəziyyətini, diqqətəlayiq olan digər maraqlarını, habelə aliment təyin olunduqdan sonra keçən müddət ərzində cavabdehin maddi vəziyyətində əhəmiyyətli dərəcədə dəyişikliyin olmamasını və yuxarıda qeyd olunan digər halları nəzərə alaraq hesab edir ki, iddia təmin olunmamalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan övladları xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün məhkəmə qətnaməsi ilə tutulması müəyyən edilən aliment məbləğinin artırılaraq Cavabdeh hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğinə alimentin tutularaq İddiaçı ödənilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1266/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1266/2022
01.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver