Məhkəmə qərarları › İş №e-2(009)-1273/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1273/2023

17.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1273/2023 17.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onunla “Vilardi” studiyanın sahibi Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə kredit (borc) müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən o, studiyanın inkişafı məqsədi ilə cavabdehə 126.000 manat borc pul məbləği vermiş və cavabdeh həmin pul məbləğini tərtib olunmuş siyahı üzrə hər ay 6300 manat (gündəlik 210 manat) olmaqla 20 ay ərzində, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ödəməyi öhdəliyinə götürmüşdür. Həmin kredit müqaviləsi Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş və 3M-732 No ilə reyestrə daxil edilmişdir. Belə ki, Cavabdeh ona olan ümumilikdə 126.000 manat borc puldan 52.500 manat pul məbləğini ona geri qaytarmış, lakin geridə qalan 73.500 manat məbləğində borc pulu indiyədək ödəməmiş və müqavilə üzrə üzərinə öhdəliyi göstərilən müddət ərzində yerinə yetirməmişdir. Cavabdeh onun cavabdehə olan etibarından suiistifadə edərək həmin borc pul məbləğindən əlavə olaraq 32.450 ABŞ dolları pul məbləğində borc pul məbləği verməsini xahiş etmiş və o, cavabdehə həmin pul məbləğini vermiş, cavabdeh isə borc pulu geri qaytarmaq öhdəliyi götürmüşdür. Cavabdeh 32.500 ABŞ dolları borc pul məbləğindən 4500 ABŞ dolları borc pulu geri qaytarmış, lakin indiyədək geriyə qalan 28.000 ABŞ dolları borc pulu iddiaçıya geri qaytarmamışdır, həmin borcun mövcudluğunu öz razılığı ilə videoçəkilişlə təsdiq etmişdir (notarial orqanları mövcud borcun etirafı haqqında müqaviləni rəsmiləşdirməkdən imtina etdiklərindən onlar belə videoçəkilişə üstünlük vermişlər). Beləliklə, Cavabdeh ona ümumilikdə 73500 manat və 28.000 ABŞ dolları borc pul məbləğini indiyədək ödəməmişdir və bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh 73.500 manat və Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə olan məzənnəsinə əsasən 28.000 ABŞ dolları pul məbləğinin, eləcə də iddiaçı tərəfindən ödənilmiş 511 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, cavabdeh tərəfindən götürdüyü kredit hər ay onun "xxxx" ASC-də olan bank hesabına köçürülmüş, köçürülən məbləğlər çıxıldıqdan sonra cavabdehin ona 73.500 manat müqavilə üzrə verdiyi puldan borcu qalmışdır. Cavabdeh həmin pulu aybaay hissə ilə ödədiyi üçün etibar qazanmış, ona 28.000 ABŞ dolları əlavə borc pul vermiş və həmin pulun verilməsini cavabdeh özü etiraf etmiş və etiraf diskini də məhkəməyə sübut kimi təqdim etmişdir. Cavabdeh pulu ödəmədiyi vaxtdan onun iş yerinə getmiş, hər dəfə cavabdeh pulu ödəyəcəyi barədə vəd vermiş, bir dəfə də onun iş yerinə gedərkən orada tanımadığı şəxsin oturduğunu görmüş, cavabdehi ondan soruşduqda o, bildirmişdir ki, Əfruzun ona külli miqdarda borcu var, bu səbəbdən buranı özü idarə edir. Ona da bildirmişdir ki, artıq 5-ci şəxsdir ki, Əfruzdan borc pul almaq üçün yaxınlaşır. Həmin şəxs demişdir ki, Əfruz onlarla şəxsdən 1,5 – 2 milyon borc almışdır. Sonradan bilmişdir ki, Əfruz etdiyi dələduzluğa görə də 8 il həbsdə yatmışdır. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, CD diskə baxış keçirib, iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Cavabdeh tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli iltizamın surətindən görünür ki, o, “Vilardi” studiyasının inkişafı məqsədilə İddiaçı 126.000 manat pul məbləğini almışdır. Bu məbləği hər gün 210 manat olmaq şərtilə xx.xx.2021-ci il tarixdən etibarən 20 ay ərzində, yəni xx.xx.2023-cü il tarixədək, otaqlarda işləyən 7 ustanın gəlirindən ödəməsi öz öhdəsinə götürmüşdür. İş üzrə “Borc verən” qismində İddiaçı ilə “Borc alan” qismində Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin surətinə əsasən Salayev X1 Əfruz Nazim oğluna 126.000 manat məbləğində borc pul vermiş, Cavabdeh krediti xx.xx.2023cü il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023cü il tarixədək qaytarmaq şərti ilə xx.xx.2021-ci il tarixdə kredit müqaviləsi bağlanılmış, müqavilə notariat qaydada rəsmiləşdirilmiş, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 126.000 manat məbləğində pul verilmişdir. İddiaçı ddia ərizəsində cavabdeh tərəfindən pulun müqavilədə nəzərdə tutulmuş müddətdə qaytarmalı olduğu halda, bunu etmədiyini, həmin məbləğdən 52.500 manat qaytarıldığını, qalan 73.500 manat qaytarmadığını və bununla da kredit müqaviləsi ilə üzərinə düşən öhdəlikləri pozmasını göstərmişdir. Cavabdeh tərəfindən elektron sistemi vasitəsi ilə yerləşdirilmiş etirazdan məlum olur ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü borcdan 55.400 manat pulun qaytarılmasını etiraf edir. Məhkəmə cavabdehin xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam yerinə yetirilməməsini, bu halın cavabdehin məhkəməyə ünvanlandığı etirazda da etiraf olunduğunu, lakin borcdan 52.500 manat deyil, 55.400 manat pulun qaytarılmasını bildirdiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdehdən kredit müqaviləsi üzrə ödənilməmiş 70.600 manat məbləğində pul tutulmalıdır. Məhkəmə iddia tələbinin 28.000 ABŞ dolları məbləğində borcun tutulması tələbi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (maddə 740.2). Azərbaycan Respubblikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktların ədalətli olmasını şübhə altına alır. Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. İddiaçı cavabdehə 28.000 ABŞ dolları məbləğdə borc pulun verilməsinin sübutu kimi məhkəməyə CD disk təqdim etmişdir. Məhkəmə Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında formalaşan hüquqi mövqeyə əsasən qeyd edir ki, CD diskdə olan məlumat sübut əhəmiyyətli məlumat kimi qəbul edilməli, cavabdeh tərəfindən 28.000 ABŞ dolları məbləğində borcun alınması etiraf olunduğundan, həmin hissədə tələb təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki–prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü tələblərini sübut etməlidir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim olunan sübutlar kifayət qədər mötəbər olduğundan, dəfələrlə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da cavabdehin məhkəməyə gəlmədiyindən və qaldırılan iddianı (28.000 ABŞ dolları məbləğində borcun alınmasını) təkzib edən sübutları məhkəməyə təqdim etmədiyindən, bu hissədə tələb əsaslı hesab edilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləği qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə habelə qeyd edir ki, cavabdehdən tutulması tələb olunan pul məbləği xarici valyuta ilə göstərildiyindən, tutulacaq məbləğ AR Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Həmin maddənin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğu üçün cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq iddiaçının xeyrinə 408 manat məbləğində pul tutulmalıdır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 70.600 (yetmiş min altı yüz) manat və 28.000 (iyirmi səkkiz min) ABŞ dolları məbləğində pul vəsaiti tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 408 (dörd yüz səkkiz) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar