Məhkəmə qərarları › İş №e-2(009)-1279/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1279/2024

28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1279/2024 28.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi R.E.Eldarovun iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli GARA- 28624-3434 saylı kredit müqaviləsinə əsasən sonuncuya illik 27% faizlə 24 ay müddətinə 3.100 manat kredit verilmiş və kreditin aylıq 169 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. Qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımi qaydada icrasını təmin etmək məqsədilə "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli GARA-28624- 3434+GARA-28643 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün "xxxx" MMC məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh2 xx.xx.2024-cü il tarixədək verilmiş kredit üzrə 2.126,02 manat əsas borc, 137,13 manat cari faiz borcu və 103,04 manat cari dəbbə borcu olmaqla, cəmi 2.366,19 manat məbləğində borcu yaranmış və ödənilməmişdir. Kredit müqaviləsinin 3.1.4.1-ci maddəsinə əsasən müqavilə üzrə öhdəliklərin müəyyən edilmiş vaxtlarda yerinə yetirilmədiyi hallarda MM-nin 445.2-ci maddəsinə uyğun olaraq kredit verən birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə borcun geri ödənilməsini tələb edə bilər. Həmin kredit müqaviləsinin 4.3-cü maddəsinə görə kredit verən gecikdirilən günlər üçün də hesablanmaqla birlikdə hər gecikdirilən gün üçün kreditin ödənilməli olan hissəsinin 1%-i miqdarında dəbbə pulu tətbiq edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3,399.4,445 və 449-cu maddələrinin müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il Qərarında qeyd edilir ki, öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən kimi cəbbə pulu çıxış edir. Bu vasitənin xüsusiliyi ondan ibarətdir ki, o, həm də mülki-hüquq məsuliyyət tədbiridir. Lakin mülkihüquq məsuliyyət tədbiri kimi dəbbə pulu borcunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada onun xeyrinə ümumilikdə 2.126,02 manat əsas borc, 137,13 manat cari faiz borcu və 103,04 manat cari dəbbə borcu olmaqla, cəmi 2.366,19 manat kredit borcunun və 44,40 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi X2 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə “Kredit verən” qismində "xxxx" MMC ilə “Borcalan” qismində Cavabdeh2 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, GARA-28624-3434 saylı kredit müqaviləsinə əsasən Kredit verən Borlana 24 ay müddətinə qaytarmaq şərti ilə, illik 27% ödəmək şərti ilə 3.100 manat məbləğində kredit vermişdir. İş üzrə “Kreditor” qismində "xxxx" MMC ilə “Zamin” qismində Cavabdeh1 və “Borclu” qismində Cavabdeh2 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli GARA-28624-3434+GARA-28643 saylı zaminlik müqaviləsinə əsasən zamin kreditorla Cavabdeh2 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş üzrə "xxxx" MMC tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlığa əsasən həmin tarixə Cavabdeh2 kredit təşkilatı qarşısında olan öhdəliyi – gecikdirilmiş cari əsas borc üzrə 229,25 manat, faiz borcu üzrə 114,96 manat və dəbbə borcu üzrə 86,27 manat təşkil etmiş, kredit təşkilatı tərəflərə 5 iş günü müddətində həmin öhdəliyi icra etməyi, əks təqdirdə müqavilənin xitam verilib məhkəmədə iddia qaldırılacağı barədə məlumat vermişdir. İş üzrə "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən X1 xx.xx.2024-cü il tarixə kredit təşkilatına 2126,02 manat əsas, 137,13 manat faiz, 103,04 manat cərimə, cəmi 2366,19 manat borcu yaranmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə, illik 27%-lə 3.100 manat məbləğində kredit verilmiş və həmin kredit müqaviləsinin təminatı kimi digər Cavabdeh1 iddiaçı qarşısında zamin kimi çıxış etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş və onun kredit təşkilatına 2.126,02 manat əsas, 137,13 manat faiz, 103,04 manat cərimə, cəmi 2.366,19 manat borcu yaranmışdır. Məhkəmə qeyd edir ki,Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün, bu hal müqavilənin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulması kimi qiymətlənir. Belə olan halda iddiaçı yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh2 bağlanılmış kredit müqaviləsi üzrə kredit vəsaiti almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə borc məbləğini və müəyyən edilmiş faizləri qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır. Lakin Cavabdeh2 kredit vəsaitini ödəməli olmasına aid vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi kredit müqaviləsi üzrə yaranmış əsas borcunun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Lakin məhkəmə hesab edir ki, cavabdehdən faiz borcu iddia tələbində qeyd edilən həddə deyil, müqavilənin ləğv edildiyi tarixinə hesablanmış həddə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair“ xx.xx.2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. X3 göstərilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (pul vəsaitindən istifadə haqqını (faizləri)) ödənilməsini tələb edə bilər. Qeyd edilən Konstitusiya Məhkəməsi Plenum Qərarında formalaşan hüquqi mövqeyə görə müqavilənin ləğv edilməsi bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi (ona bildirişin göndərilməsi) ilə həyata keçirilir və müqavilə üzrə pul vəsaitindən istifadə haqqı – faiz, həmin tarixə (müqavilənin birtərəfli qaydada ləğv olunduğu tarix) hesablanmalıdır. Həmin tarixdən sonra bank yalnız zərərin - pul vəsaitindən istifadə haqqının (faizləri - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin) ödənilməsini tələb edə bilər. Məhkəmə Plenum Qərarında formalaşan hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı olan faiz borcu maliyyə arayışında qeyd edilən tarixə xx.xx.2024-cü il tarixə yaranmış borc (137,13 manat) deyil, bildirişin göndərildiyi, müqavilənin birtərəfli qaydada ləğv edildiyi tarixə - xx.xx.2024-cü il tarixə yaranmış faiz borcu həddində (114,96 manat) olması nəzərə alınmalıdır. Məhkəmə iddia tələbinin dəbbə borcunun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. AR Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdeh İ.Şatanov tərəfindən götürülmüş kredit məbləğinin miqdarını, hesablanmış dəbbə borcunun ödənilməmiş qalmış borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin cavabdehin digər əmlak və əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə tutulacaq dəbbə pulunun miqdarı 59,02 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə kredit müqaviləsi üzrə borcun cavabdehlərdən müştərək qaydada tutulması tələbi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən və digər Cavabdeh1 onun öhdəliklərinin yerinə yetirilməsinə zamin durduğundan, həmin hissədə tələb təmin edilməli və yaranmış borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 2.126,02 manat əsas, 114,96 manat faiz, 59,02 manat cərimə, cəmi 2300 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, məhkəmə xərcləri - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (43 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə xx.xx.2023-cü il tarixli GARA-28624-3434 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə yaranmış 2.126,02 manat əsas borc və həmin tarixə yaranmış 59,02 manat cərimə, xx.xx.2024-cü il tarixə yaranmış 114,96 manat faiz borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 43 manat, cəmi 2343 (iki min üç yüz qırx üç) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar