Məhkəmə qərarları › İş №e-2(009)-1312/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1312/2022

01.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1312/2022 01.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı “X5” Bakı filialının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “X5” Bakı filialının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit üzrə borc tələbi” barədə iddiası üzrə mülki işə 01 iyul 2022-ci il tarixdə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “X5” Bakı filialı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit üzrə borc tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 4663,33 manat əsas borc, 342,75 manat faiz borcu olmaqla ümumilikdə 5006,08 manat borcun və 70,06 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh1 09 iyun 2021-ci il tarixli kredit müqaviləsinə əsasən illik 15 faizlə 36 ay müddətinə 5,000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 eyni tarixli zaminlik müqaviləsinə əsasən sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyəti öz üzərinə götürmüşdür. Lakin xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd olunanlara əsaslanaraq iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnın 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: «X5» Bakı filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli «Kredit Müqaviləsi»ndən görünür ki, Bank Borc alana 5,000 AZN məbləğində kredit verməyi, Kredit alan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə Banka illik 15 faiz ödəməyi öhdəsinə götürür. Kredit 36 ay müddətinə verilmişdir. «X5» Bakı filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli «Zaminlik Müqaviləsi»ndən görünür ki, zamin bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh1 ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. «X5» Bakı filialının xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, hazırda cavabdehin «X5» Bakı filialı qarşısında 4663,33 manat əsas borc, 342,75 manat faiz borcu vardır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada Kredit Müqaviləsi bağlanılmış, həmin Müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 421.2, 428.4, 442-ci, 445, 449.4, 462.3-cü maddələrinə müvafıq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Tərəflərdən birinin tələbi ilə Müqavilə yalnız digər tərəf Müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya Müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin Müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, Müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. İşin faktiki hallarına qiymət verib və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış, bununla da cavabdeh Kredit Müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirməmişdir. Ona görə də, iddia təmin edilərək tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilməli və əsas borc məbləği hesablanmış faiz borcu ilə birgə cavabdehdən ümumi qaydada tutulmalıdır. Məhkəmə həmçinin digər cavabdehlərin hazırkı iddia tələbinə cavabdehliyi ilə bağlı qeyd edir ki, Cavabdeh1 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmadığı üçün, zamin Cavabdeh2 isə zaminlik müqaviləsinə əsasən kredit üzrə əsas öhdəliyə görə məsuliyyəti öz üzərinə götürdüyü səbəbindən, bununla da cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklərini yerinə yetirməmişlər. Ona görə də, borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni zamanda hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi təmin olduğu halda isə, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. «X5» Bakı filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli «Kredit Müqaviləsi» üzrə yaranmış 4663,33 manat əsas borc, 342,75 manat faiz borcu olmaqla, ümumilikdə 5006,08 manat məbləğində pul vəsaiti və 70,06 manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub «X5» Bakı filialına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar