Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1330/2025 08.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6052 (altı min əlli iki) manat məbləğində pul və ödənilmiş 80,52 manat (səksən manat 52 qəpik) məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: cavabdehi tanışı vasitəsilə tanımış və sonradan səmimi münasibətləri yaranıb və etibarını qazanıb. Cavabdeh ondan müxtəlif vaxtlarda ümumilikdə 1000 ABŞ dolları və 1702 manat məbləğində pul alıb. 05 dekabr 2024-cü ildə 1.000 ABŞ dolları alarkən ona söz verdi ki, hər ay saxladıqca pulun üstündə pul verəcək, yəni hər ay üstündə 500 manat ödəyəcək. O da başqasından borc alaraq, ona həmin məbləği vermişdir. Həmin pula görə o, onun sözünə inanaraq borc aldığı adama hər ay 500 manatdan ödəmişdir. Dekabrın 5-dən bəri həmin 1000 dolların üstündə borc götürdüyü şəxsə yanvar-may ayları üçün hər ay 500 manat olmaqla, ümumilikdə 2500 manat ödəmişdir (yəni 1700 manat (1000 dollar) + 2500 manat = 4200 manat ödəməli olmuşdur). Sonra dekabrın 16-da aldığı 500 manat məbləği üçün isə üstündə 150 manat qaytaracağını söz verdi. Hazırda cavabdeh ondan aldığı pulları qaytarmır, ona deyir ki, ondan pulunu tələb etsə onu polisə şikayət edəcək. Onun hərəkətləri nəticəsində əsəbləri, yuxu pozulub, aldığı borcu necə qaytarmaq fikrindən gecə-gündüzü yoxdur. Ona bütün bunları bildirdikdə isə söyləyir ki, “əsəbdən adama heç nə olmur, elə olsa mən əsəbdən partlayıb ölərdim”. Ona deyir ki, “mənə neyləyə bilərsən, nə polisə, nə məhkəməyə verə bilərsən”. İki aydan çoxdur ki, zəng etdikdə nömrəsini bloklayaraq cavab vermir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə baxış iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş votsap yazışmalarından görünür ki, Cavabdeh İddiaçı 1000 ABŞ dolları borc almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024cü il tarixli qəbzlərdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh hesabına müvafiq olaraq 402, 500, 400, 400 və 500 manat olmaqla, cəmi 2202 manat ödənilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı müxtəlif vaxtlarda borc pul götürmüşdür. İş materialları ilə müəyyən edilir ki, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli qəbzlərə əsasən İddiaçı Cavabdeh müvafiq olaraq 402, 500, 400, 400 və 500 manat olmaqla, cəmi 2202 manat borc pul vermişdir, həmçinin votsap yazışmalarından müəyyən edilir ki, cavabdeh iddiaçıdan 1000 ABŞ dolları borc istəmiş və götürmüşdür. Hazırda iddiaçı ödənilməli borc məbləğinin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. (MM 427.2.) - 739.1-ci maddəsinə əsasən, (münasibətlər yaranan vaxt qüvvədə olan yeni redaksiya) Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, borc münasibətinə əsasən, Cavabdeh iddiaçıdan borc aldığı 1000 ABŞ dolları və 2202 manat məbləğində pulu iddiaçıya qaytarmağı öhdəsinə götürsə də, öhdəliyini lazımı qaydada icra etməməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlar və iş materialları ilə öz təsdiqini tapır. Qeyd olunan maddi hüquq normalarına və işin hallarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh yerinə yetirməli olduğu öhdəliyi icra etmədiyi üçün, qaytarmalı olduğu borcu vaxtında qaytarmadığı üçün İddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, 1000 ABŞ dolları və 2202 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə 6052 manat pul verməsini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2202 (iki min iki yüz iki) manat və 1000 (bir min) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaiti və 59 (əlli doqquz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2202 (iki min iki yüz iki) manat və 1000 (bir min) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaiti və 59 (əlli doqquz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1330/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1330/2025
08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver