Məhkəmə qərarları › İş №e-2(009)-1346/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1346/2022

08.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1346/2022 08.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2014-cü il tarixdə Cavabdeh ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2015-ci il tarixdə Elmir və xx.xx.2017-ci il tarixdə Ruqəyyə adlı övladları dünyaya gəlmişdir. O, Cavabdeh qarşı “aliment tələbi barədə” Ucar rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, birgə nikahdan olan xx.xx.2015-ci il tarixdə Elmir və xx.xx.2017-ci il tarixdə Ruqəyyənin saxlanılması üçün hər bir uşaq üçün hər ay 160 manat sabit pul məbləğində alimentin və Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ucar rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(063)- 520/2019 saylı qətnaməsi ilə iddia tələbini qismən təmin edərək xx.xx.2015-ci il təvəllüdlü Elmirin və xx.xx.2017-ci il təvəllüdlü Ruqəyyənin yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019cu il tarixdən başlayaraq sabit pul məbləğində hər bir uşaq üçün hər ay 100 manat olmaqla, cəmi 200 manat məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda alimentin artırılması iddia qaldıraraq bildirir ki, birgə nikahlarından doğulmuş övladları saxlanılması üçün cavabdeh mütəmadi yardımlar etməmiş çox az məbləğ olan 200 manat alimenti isə mütəmadi olaraq ödəmir. Özü övladları ilə birlikdə Bakı şəhəri, Səbail rayonunda kirayə yaşayırlar. Hazırki iqtisadi çətinlik dövründə övladların saxlanması üçün məhkəmə tərəfindən təyin olunmuş məbləğ yetərli deyildir və uşaqların tələbatlarını heç cür ödəmir. Bütün maddi və mənəvi yük onun üzərindədir. Cavabdeh hazırda Rusiya Federasiyasında yaşayır və işləyir. Hazırki dövrə qədər cavabdeh öz azyaşlı övladlarının təlim tərbiyəsi ilə maraqlanmamış, saxlanılması və böyüdülməsində iştirak etməyərək, əlavə maddi yardım göstərməmişdir. Buna görə də aliment artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir.Əlavə olaraq bildirir ki, cavabdeh Rusiya Federasiyasında sahibkarlıq fəaliyyəti ilə məşğuldur və maddi vəziyyəti çox yaxşıdır və aylıq müntəzəm qazanca malikdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh birgə nikahdan doğulan xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində hər bir uşaq üçün hər ay 193 manat olmaqla, cəmi 386 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, cavabdehlə heç bir əlaqə yoxdur, ödənilməmiş aliment borcu var, cavabdeh Rusiya Federasiyasında işləyir. Uşaqların maddi təminatında çətinlik çəkir, ödənilən aliment kifayət etmir, ona görə hazırki tələblə məhkəməyə müraciət edib, alimentin artırılmasını istəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cabbarlı Elmir xx.xx.2015-ci ildə Bakı şəhərində və Cabbarlı Ruqəyyə xx.xx.2017-ci ildə Bakı şəhərində anadan olmuşlar, atası Cavabdeh, anası Lalə Cabbarovadır. İş üzrə Ucar rayon Məhkəməsinin 2(063)-520/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X6 ilə Cavabdeh arasında bağlanmış və xx.xx.2014-cü ildə Ucar rayon İcra Hakimiyyəti başçısının Qazyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 13 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2015-ci ildə doğulmuş X4 və xx.xx.2017-ci ildə doğulmuş X2 iddiaçı X3 yanında qalmaları, Cavabdeh xx.xx.2019-cu ildən başlayaraq xx.xx.2015-ci ildə doğulmuş X4 və xx.xx.2017-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər birinə görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulub iddiaçı X5 verilməsi, qətnamənin alimentin tutulması hissəsinin dərhal icra edilməsi, aliment tələbi barədə iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. İş üzrə Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli MŞB/2-00560 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın surətindən görünür ki, İddiaçı tərəfindən təsvir edildiyi kimi “alimentin artırılması” mübahisəsi üzrə xx.xx.2022-ci il tarixdə 14.30-15.00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikahdan yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü Elmir və xx.xx.2017-ci il təvəllüdlü Ruqəyyə adlı uşaqları var. Tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulmuş, uşaqların ananın yanında qalması müəyyən edilmiş və cavabdehdən uşaqların saxlanılması üçün sabit pul məbləğində hər uşağa görə 100 manat, cəmi 200 manat aliment tutulmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, hər iki uşaq üçün məhkəmə qətnaməsi ilə müəyyən olunan aliment miqdarı, yəni 200 manat uşaqların saxlanılması və maddi tələbatlarının ödənilməsi üçün yetərli deyil, yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən olunmuş və bu səbəbdən iddiaçı məhkəmədən uşaqların saxlanılması üçün cavabdehdən hər uşağa görə 193 manat sabit pul məbləği şəklində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə araşdırılması zamanı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü Elmir və xx.xx.2017-ci il təvəllüdlü Ruqəyyə adlı uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat sabit məbləğində alimentin tutulması, həmçinin cavabdehin hazırda hələ də ödənilməmiş aliment öhəliyinin olması (iddiaçının özünün izahatı ilə də) müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, alimentin tutulması ilə bağlı mübahisələr davam edən xarakter daşıdığı üçün, həmin tələblə yenidən məhkəməyə müraciət edilməsinə yol verilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb aşağıdakı əsaslara görə qismən əsaslı hesab edilməlidir. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin tələblərindən göründüyü kimi uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ucar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, məhkəmə tərəfindən yetkinlik yaşına çatmayan hər uşağa görə müəyyən edilmiş alimentin məbləği 100 manatdır. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 193 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyanın və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarını və həmin qərarlarda formalaşan hüquqi mövqeyi, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin miqdarını, həmçinin Azərbaycan Respublikasında 2022-ci il üçün uşaqlar üçün yaşayış minimumunun 193 manat məbləğində müəyyən edilməsini, cavabdehin rəsmi işləyərək müntəzəm əmək haqqı alması barədə sübutların mövcud olmamasını, lakin qanuni qüvvəyə minmiş Ucar rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulması müəyyən edilən aliment öhdəliyinin cavabdeh tərəfindən hazırda da tam ödənilməməsini, digər tərəfdən cavabdehin maddi vəziyyətində dəyişikliyin baş verməsini təsdiq edən hər hansı sübutlar da məhkəməyə təqdim olunmamasını nəzərə alaraq hesab edir ki, sabit pul şəkilində müəyyən edilən aliment məbləğinin artırılması barədə iddia qismən təmin edilməli və cavabdehdən uşaqların saxlanılması üçün hər uşağa görə tutulmalı olan sabit pul şəklində aliment 150 manat məbləğində müəyyən edilməlidir. İddiaçı iddia ərizəsində cavabdehin Rusiya Federasiyasında sahibkarlıq fəaliyyəti ilə məşğul olması və maddi vəziyyəti çox yaxşı olması və aylıq müntəzəm qazanca malik olmasına dair məlumatı qeyd etsə də, bunu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə mövcud qətnamə qəbul edildikdən sonra iddiaçının maddi vəziyyətində hər hansı dəyişkənliyin olması barədə iddiaçının dəlillərini əsaslı hesab etmir. Məhkəmə həmçinin hesab edir ki, alimentin artırılması ilə bağlı cavabdehdən hər uşağa görə tutulmalı olan 150 manat məbləğində pul iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan deyil, hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra başlamalı və həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qararının 8- 2/2016 saylı qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələrin dərhal icra olunması nəzərdə tutulsa da, hazırki tələb alimentin artırılması ilə bağlıdır. Bu səbəbdən göstərilən qanunun tələbləri alimentin artırılması ilə bağlı tələbə aid edilə bilməz. AR MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad edildiyindən, cavabdehdən bir il ərzində tutulacaq alimentin ümumi məcmusu – 3600 manat nəzərə alınaraq, dövlət rüsumunun əvəzi kimi 56 manat məbləğində dövlət nəfinə pul tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay Ucar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(063)-520/2019 saylı qətnaməsi ilə tutulması müəyyən edilən aliment miqdarı artırılsın və hər uşağa görə 150 manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin artırılması ilə bağlı Cavabdeh hər uşağa görə 150 manat, cəmi 300 (üç yüz) manat məbləğində pul məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılsın və tutma həmin vaxtdan hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə dövlət rüsmunun əvəzi kimi 56 (əlli altı) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar