Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1385/2024 05.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X5 Rüstəmlinin sədrliyi Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi ilə, İddiaçı ASC-nin - Cavabdeh qarşı «borc» tələbi barədə mülki işə 05 iyul 2024-cü il tarixdə Bakı şəhərində Səbail rayon Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC - Cavabdeh qarşı «borc» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən (Tağıyeva Natəvan Namik qızının qanun üzrə vərəsəsi və yetkinlik yaşına çatmamış vərəsə X2 himayəçisi) iddiaçının xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 10914,49 manat əsas borc, 668,85 manat faiz borcu və 1160,54 manat dəbbə borcu olmaqla cəmi 12743,88 manat məbləğində pulun və 129 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Nərimanov filialı ilə borclu Tağıyeva Natəvan Namik qızı arasında bağlanmış 10 Mart 2023-cü il tarixli, NRNPU- 10916 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 15 % olmaqla 36 ay müddətinə 12 000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 10-dan gec olmayaraq hər ay 415,98 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən 10 Mart 2023-cü il tarixli, NRNPU-10916 saylı kreditmüqaviləsi üzrə borcun məbləği əsas borcuna görə 10914,49 (on min doqquz yüz on dörd manat 49 qəpik) manat, faiz borcuna görə 668,85 (altı yüz altmış səkkiz manat 85 qəpik) manat, dəbbə borcuna görə 1160,54 (bir min bir yüz altmış manat 54 qəpik) manat, cəmi 12743,88 (on iki min yeddi yüz qırx üç manat 88 qəpik) manat təşkil edir. Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli Ölüm haqqında şəhadətnaməsinə əsasən, Tağıyeva Natəvan Namik qızı xx.xx.2023-cü ildə vəfat etmişdir. Hal-hazırda Bank Azərbaycan Respublikası MM-nin 1306.1. madddəsinə (vərəsələrin kreditorlar qarşısında məsuliyyəti) əsaslanaraq, borclu Tağıyeva Natəvan Namik qızının xx.xx.2023-cü ildə vəfat etdiyini nəzərə alaraq, onun yuxarıda adı çəkilən 10 Mart 2023-cü il tarixli, NRNPU-10916 saylı kredit müqaviləsinə görə borcunu onun qanun üzrə 1-ci dərəcəli vərəsəsindən tələb edir. 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin sorğumuza verdiyi xx.xx.2024-cü il tarixli 508/2024 saylı cavab məktubu ilə xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surəti göndərilmişdir. 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin verdiyi xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən borclunun qanun üzrə vərəsəsi - Cavabdeh və X3r. Bu səbəbdən 10 Mart 2023-cü il tarixli, NRNPU-10916 saylı kredit müqaviləsi üzrə qalıq borc tam şəkildə Tağıyeva Natəvan Namik qızının qanun üzrə vərəsələri Cavabdeh və X4 tərəfindən ödənilməlidir. X2 təvəllüdü xx.xx.2008-ci il tarixi olduğu üçün, bugün 18 yaşı tamam olmadığından, yetkinlik yaşına çatmadığından onun atası Cavabdeh (onun himayəçisi və Tağıyeva Natəvan Namik qızının digər vərəsəsi) tərəfindən kredit ödənilməlidir.. İddiaçının nümayəndəsi ərizə göndərərək, iddia tələbini müdafiə etdiklərini göstərmiş və məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Az. Resp. MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. İş üzrə təqdim olunmuş sübutlar sırasına daxil olan: Tağıyeva Natəvan Namik qızının ərizə-anketinin və Tağıyeva Natəvan Namik qızı ilə "xxxx" ASC arasında xx.xx.2023-cü il tarixdə imzalanmış Nağd pul kreditinin götürülməsinə dair Razılaşmanın surətindən görünür ki, həmin sazişə uyğun olaraq illik 15 % ödəniş olmaqla bank tərəfindən 36 ay müddətinə 12000 manat məbləğində Tağıyeva Natəvan Namik qızına kredit limiti ayrılmışdır. AZ-İİ № 368681 Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Tağıyeva Natəvan Namik qızı xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 22 yanvar 2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd edilmişdir ki, Tağıyeva Natəvan Namik qızının miras əmlakına dair vərəsəsi əri Cavabdeh və xx.xx.2008-ci il təvəllüdlü X3r. "xxxx" ASC-nin maliyyə arayışından görünür ki, hazırda cavabdehin bank qarşısında 10914,49 manat əsas borc, 668,85 manat faiz borcu və 1160,54 manat dəbbə borcu olmaqla cəmi 12743,88 manat borcu vardır Beləliklə işin halları ilə müəyyən edilmişdir ki, Tağıyeva Natəvan Namik qızı ilə iddiaçı arasında qanunla müəyyən edilmiş qaydada Kredit Müqaviləsi bağlanılmış, həmin Müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, Tağıyeva Natəvan Namik qızı xx.xx.2023-cü il tarixdə vəfat etmiş, onun vərəsələri isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə kredit müqaviləsindən irəli gələn ödənilməmiş əsas borcun ödənişin gecikdirilməsinə görə hesablanmış 1160,54 manat cərimə (dəbbə) pulu məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunu azaldaraq 100 manat müəyyən edilməsini tərəflərin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə Müqavilə yalnız digər tərəf Müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya Müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin Müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, Müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə eyni zamanda hazırki iş üzrə cavabdehin iddia tələbinə cavab verməsi, yəni ki N.Tağıyevanın hüquqi varisi olduğuna münasibətdə qeyd edir ki, N.Tağıyeva vəfat etdikdən sonra cavabdeh və onun oğlu qanun üzrə vərəsəlik hüququ əsasında artıq hüquqi varis statusu qazanmışdır. X1 yetkinlik yaşına çatmadığından onun himayəçisi kimi digər Cavabdeh hazırki kredit müqaviləsi üzrə yaranmış borc tutulmalıdır. Mülki Məcəllənin: 30.1-ci maddəsinə əsasən 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. 33.6-cı maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilir 1133.1-ci maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi). 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia tələbi qismən təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 70 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 10914,49 manat əsas borc, 668,85 manat faiz borcu və 100 manat dəbbə borcu olmaqla cəmi 11683,34 manat məbləğində pul vəsaiti, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun 70 manat hissəsi Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №e-2(009)-1385/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1385/2024
05.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver