Məhkəmə qərarları › İş №e-2(009)-1395/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1395/2022

14.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1395/2022 14.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 60 ay müddətinə, illik 1% olmaqla 8693,37 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən İddiaçı ASC-nin xeyrinə 8017,82 manat məbləğində əsas borcun, 5,49 manat məbləğində faiz borcunun, cəmi 8023,31 manat borcun və 101 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə iddiaçının nümayəndəsi X1 məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlandığı ərizədə məhkəmə proseslərinin çox olması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməməsini və təqdim edilmiş sübutlar əsasında işə onların iştirakı olmadan baxılmasını və işə mahiyyəti üzrə baxıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qismən qəbul edərək öz izahatında göstərmişdir ki, övladının xeyir işi üçün bankdan pul götürmüş, sonra 2019-cu ildə bank həmin borcu restrukturizasiya edərək yeni müqavilə bağlanmışdır. Özü xəstədir, maddi vəziyyəti borcu vaxtlı-vaxtında ödəməyə imkan vermir, lakin müəyyən qədər imkanı daxilində ödənişlər etmişdir. O, işləyir, borcun əmək haqqının 30%-i həddində aylıq ödənilməsinə razıdır. Dəfələrlə banka problemləri ilə bağlı müraciət etsə də, ona müsbət cavab verilməmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin izahatını dinləyib iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə İddiaçı ASC ilə digər tərəfdən Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, FR/22657/72 saylı güzəştli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 1 il güzəşt müddəti olmaqla 5 il müddətinə, illik faiz dərəcəsi 1% ödənilməsi şərti ilə 8693,37 manat məbləğində kredit verilmişdir. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh banka 8017,82 manat əsas, 5,49 manat faiz, 0 manat cərimə borcu yaranmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 1% dərəcəsi tətbiq edilməklə, 1 il güzəşt müddəti olmaqla 5 il müddətinə 8693,37 manat məbləğində kredit verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və banka 8017,82 manat əsas, 5,49 manat faiz borcu yaranmışdır. AR Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən мüqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən тərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə qeyd edir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün, bu hal müqavilənin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulması kimi qiymətlənir. Belə olan halda bank kredit müqaviləsinin ləğv edilməsi və yaranmış borcun cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh bağlanılmış kredit müqaviləsi üzrə kredit vəsaiti almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə borc məbləğini və müəyyən edilmiş faizləri qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır. Lakin Cavabdeh kredit vəsaitini ödəməli olmasına aid vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi təmin edilməli, kredit müqaviləsi ləğv edilməli və cavabdehdən 8017,82 manat əsas və 5,49 manat faiz borcu tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 101 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, FR/22657/72 saylı “Güzəştli kredit müqaviləsi” ləğv edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli güzəştli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə yaranmış 8017,82 manat əsas borc, 5,49 manat faiz borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 101 manat, cəmi 8124,31 (səkkiz min yüz iyirmi dörd manat, otuz bir qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar