Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1402/2024 18.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 60 ay müddətinə, illik 20,5% olmaqla 15000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh İddiaçı ASC-nin xeyrinə 12.954,45 manat məbləğində əsas borcun, 2.280,42 manat məbləğində faiz borcunun, 322,99 manat məbləğində cərimə borcunun, cəmi 15.557,86 manat və 137 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçının nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh öz izahatında göstərmişdir ki, banka olan borcunu inkar etmir. Borcu 2 övladı xəstə olduğu üçün onların müalicəsi məqsədi üçün götürmüşdür. Həmin bankda onun digər krediti də mövcuddur. 2 kredit müqaviləsi üzrə ödənişləri yerinə yetirməyə maddi imkanı yoxdur. 2-ci qrup əlildir, bir gözü yoxdur, uşağından biri sudorqalıdır, digər isə aparatla yaşayır. Aylıq gəliri 1000 manat həddindədir. Onun borcu birdəfəyə bağlamağa imkanı yoxdur. Əgər ödənişlər az həddə müəyyən edilərsə, aylıq ödənişləri edə bilər. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə cavabdehin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli CC/71560/86/15 nömrəli kredit sazişinə əsasən bank tərəfindən Cavabdeh 60 ay müddətinə, illik faiz dərəcəsi 20,50% ödənilməsi şərti ilə 15.000 manat məbləğində kredit verilmişdir. İş üzrə İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişə əsasən həmin tarixə Cavabdeh bank qarşısında olan öhdəliyi - əsas borc üzrə 12.954,45 manat, faiz borcu üzrə 2.051,64 manat və cərimə borcu üzrə 322,99 manat təşkil etmiş, bank tərəfə həmin öhdəliyi icra etməyi, əks təqdirdə müqavilənin ləğv edilib məhkəmədə iddia qaldırılacağı barədə məlumat vermişdir. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2024-cü il tarixə banka 12.954,45 manat əsas, 2.280,42 manat faiz, 322,99 manat cərimə borcu yaranmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 60 ay müddətinə, illik faiz dərəcəsi 20,50% ödənilməsi şərti ilə 15.000 manat məbləğində kredit verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və banka 12.954,45 manat əsas, 2.280,42 manat faiz borcu, 322,99 manat cərimə borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank yaranmış borcun cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh bağlanılmış kredit müqaviləsi üzrə kredit vəsaiti almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə borc məbləğini və müəyyən edilmiş faizləri qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır. Lakin cavabdeh kredit vəsaitini ödəməli olmasına aid vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi kredit müqaviləsi üzrə yaranmış əsas borcunun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Lakin məhkəmə hesab edir ki, cavabdehdən faiz borcu iddia tələbində qeyd edilən həddə deyil, müqavilənin ləğv edildiyi tarixinə hesablanmış həddə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair“ xx.xx.2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. X2 göstərilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (pul vəsaitindən istifadə haqqını (faizləri)) ödənilməsini tələb edə bilər. Qeyd edilən Konstitusiya Məhkəməsi Plenum Qərarında formalaşan hüquqi mövqeyə görə müqavilənin ləğv edilməsi bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi (ona bildirişin göndərilməsi) ilə həyata keçirilir və müqavilə üzrə pul vəsaitindən istifadə haqqı – faiz, həmin tarixə (müqavilənin birtərəfli qaydada ləğv olunduğu tarix) hesablanmalıdır. Həmin tarixdən sonra bank yalnız zərərin - pul vəsaitindən istifadə haqqının (faizləri - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin) ödənilməsini tələb edə bilər. Məhkəmə Plenum Qərarında formalaşan hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı olan faiz borcu maliyyə arayışında qeyd edilən tarixə xx.xx.2024-cü il tarixə yaranmış borc (2.280,42 manat) deyil, bildirişin göndərildiyi, müqavilənin birtərəfli qaydada ləğv edildiyi tarixə - xx.xx.2024-cü il tarixə yaranmış faiz borcu həddində (2.051,64 manat) olması nəzərə alınmalıdır. Məhkəmə iddia tələbinin dəbbə borcunun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. AR Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdeh tərəfindən götürülmüş kredit məbləğinin miqdarını, hesablanmış dəbbə borcunun ödənilməmiş qalmış borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin cavabdehin digər əmlak və əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə tutulacaq dəbbə pulunun miqdarı 13,91 manat məbləğində müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehdən müqavilə üzrə ödənilməmiş qalmış 12.954,45 manat əsas, 2.051,64 manat faiz, 13,91 manat cərimə borcu olmaqla, cəmi 15.020 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, məhkəmə xərcləri - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (135 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli CC/71560/86/15 saylı kredit sazişi üzrə xx.xx.2024-cü il tarixə yaranmış 12.954,45 manat əsas borc və həmin tarixə yaranmış 13,91 manat cərimə, xx.xx.2024-cü il tarixə yaranmış 2.051,64 manat faiz borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 135 manat, cəmi 15.155 (on beş min yüz əlli beş) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1402/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1402/2024
18.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver