Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1403/2022 27.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh «KATV» əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 115.29 manat abunə haqqı qismində vurulmuş maddi zərərin, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün "xxxx" MMC-yə ödənilmiş 150 manat pulun və ödənilmiş 30.40 manat dövlət rüsumunun, ümumilikdə 295 manat 69 qəpik məbləğində vurulmuş maddi ziyanın alınaraq iddiası İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “KATV1" əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır, iddiaçı Bakı şəhərinin müxtəlif rayonlarında, o cümlədən Yasamal rayonunda kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Yasamal rayonu ərazisində bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan və ya müqavilə münasibətlərinə xitam verdikdən sonra qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuz qoşulmaların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında “xidmətlərin göstərilməsinə dair" xx.xx.2018-ci il tarixli müqavilə imzalanmışdır. İddia ərizəsinə əlavə olunmuş 418İK-SAB/2019 saylı, xx.xx.2019-cu il tarixli alqı-satqı və ipoteka müaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 26 K Şəms MTK, mənzil 213A satılan tarixədək cavabdehin mülkiyyətində olmuşdur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, “AG Telekom" MMC ilə ünvan 1 ünvanında yaşamış Novruz Məmmədov arasında bağlanmış müqavilə əsasında qeyd edilən mənzil xx.xx.2012-ci il tarixdə İddiaçı MMC-nin şəbəkəsinə qoşulmuş, xx.xx.2014-cü ilədək son ödənişini etmiş və xx.xx.2014-cü il tarixdə 12 manat borcla şəbəkədən ayrılmışdır. Bundan sonra, xx.xx.2015-ci il tarixdə "xxxx" hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin yaşavıs sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 3606 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanında 7559 N savlı akt tərtib edilənədək sonuncu dəfə xx.xx.2018-ci ildə baxış keçirilmişdir. Daha sonra, xx.xx.2019-cu il tarixdə, "xxxx" hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin vaşayıs sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 7559 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Tərtib edilmiş aktlardan görünür ki, mənzil “KATV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmuş və həmin qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Eyni zamanda qeyd edir ki, baxış keçirilən zaman tərtib edilmiş aktda qeyd edilənlər video qeydə alınmışdır. Həmçinin qeyd edir ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat və 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Həmin mənzilin iddiaçıya məxsus şəbəkədən ayrıldığı xx.xx.2014cü ildən, qanunsuz qoşulma barədə tərtib olunmuş xx.xx.2015-ci ilə qədər olan müddət 260 gün, həmin mənzilə sonuncu baxıs keçirildiyi xx.xx.2018-ci il tarixdən qanunsuz qoşulma barədə tərtib olunmuş xx.xx.2019-cu ilə qədər olan müddət isə 113 gün təşkil edir. Yəni ümumilikdə 373 gün iddiaçının xidmətlərindən qanunsuz istifadə edilmişdir. Qanunsuz istifadə edilmiş 373 gündən 260 günü hər gün üçün 30 qəpik, 113 günü isə hər gün üçün 33 qəpik maddi ziyan hesablamaq şərti ilə ümumilikdə 115.29 manat təşkil edir. Vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə cavabdehə pretenziya məktubu göndərilmiş, məktub qəbul edilmişdir. Eyni zamanda, mülki hüquq pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, mənzil iddiaçıya məxsus xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Tələbin cavabdehə yönəldilməsinə səbəb cavabdehin qeyd edilən mənzilin sahibi olmasıdır. Məhkəmə iclasında izahatı alınmış İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək onun rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 26 K, mənzil 213A ünvanın olan mənzili 2015-ci ildə almış və həmin mənzili xx.xx.2019-cu il tarixdə alqı-satqı və ipoteka müqaviləsi əsasında satmışdır. Onun iddiaçı ilə aralarında heç vaxt müqavilə olmayıb, iddiada qeyd olunduğu arayışda “mənzil 213 ünvanda yaşayan Məmmədov Nobruz arasında bağlanmış...” yazıları qeyd olunmuşdur. O həmin şəxsi, yəni Məmmədov Novruzu tanımır və həmin şəxs onun mənzilində heç vat yaşamayıb. İddiada qeyd olunduğu 7559 N saylı akt 213 nömrəli mənzilə aiddir. Ona məxsus mənzil isə 213A nömrəli mənzildir. 213 nömrəli mənzil isə ona deyil, onun qonşusuna məxsusdur. Eləcə də, bildirir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara təmin edilməməlidir. İş materiallarında olan 418İK-SAB/2019 saylı, xx.xx.2019-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında olan mənzilin X1. İş materiallarında olan 3606 №-li aktdan görünür ki, xx.xx.2015-ci il tarixdə İddiaçı MMC-nin və ona müqavilə əsasında hüquqi xidmət göstərən "xxxx" MMC-nin (hüquq firmasının) əməkdaşları tərəfindən ünvan 4 ünvanında kabel şəbəkəsinə nəzarət baxış keçirilən zaman, həmin binanın 213A mənzilin sakini tərəfindən “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğunu aşkar etmişlər. Bu binada yoxlama aparan zaman müəyyən etmişlər ki, 213A söndürülmüş abonent olduğu halda, qanunsuz olaraq “KATV1” şəbəkəsinə qoşulmuşdur. İş materiallarınd olan 7559 №-li aktdan görünür ki, xx.xx.2019-cu il tarixdə AG Telekom» MMC-nin və ona müqavilə əsasında hüquqi xidmət göstərən "xxxx" MMC-nin (hüquq firmasının) əməkdaşları tərəfindən ünvan 5 ünvanında kabel şəbəkəsinə nəzarət baxış keçirilən zaman, həmin binanın 213 mənzilin sakini tərəfindən “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğunu aşkar etmişlər. Bu binada yoxlama aparan zaman müəyyən etmişlər ki, 213 söndürülmüş abonent olduğu halda, qanunsuz olaraq “KATV1” şəbəkəsinə qoşulmuşdur. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, “AG Telekom" MMC ilə ünvan 6 ünvanında yaşayan Novruz Məmmədov arasında bağlanmış “KATV1” kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2012-ci il tarixində bu ünvan “KATV1” Kabel Televiziyasının şəbəkəsinə qoşulub. xx.xx.2014-cü il tarixinədək isə son ödəməsini edib. xx.xx.2014-cü il tarixində 12 manat borc iləşəbəkədən ayrılıb. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, ünvan 2 ünvanında 7559 N saylı akt tərtib olunana qədər sonuncu dəfə xx.xx.2018-ci il tarixində həmin binaya baxış keçirilmişdir. Təqdim olunmuş daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı, xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, ünvan 7 ünvan xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına qeydiyyata alınmışdır. Məhkəmə verilmiş tələb üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı isə iddia tələblərini belə əsaslandırmışdır ki, əvəllər şirkətin abonenti olmuş cavabdeh xx.xx.2012-ci il tarixdə şəbəkədən ayrılmış, lakin sonradan qanunsuz olaraq yenidən kabel xəttinə qoşulmuşdur. İddiasının sübutu kimi iddiaçı, öz əməkdaşlarının və ona hüquqi xidmət göstərən şirkətin əməkdaşının tərtib etdikləri akta istinad etməkdədir. İddiaçı isə iddia tələblərini belə əsaslandırmışdır ki, əvəllər şirkətin abonenti olmuş cavabdeh xx.xx.2014-cü il tarixdə şəbəkədən ayrılmış, lakin sonradan qanunsuz olaraq yenidən kabel xəttinə qoşulmuşdur. İddiasının sübutu kimi iddiaçı, öz əməkdaşlarının və ona hüquqi xidmət göstərən şirkətin əməkdaşının tərtib etdikləri akta və video görüntüyə istinad etməkdədir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə hesab edir ki, sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan şəxsin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Bununla bağlı ilk növbədə nəzərə alınmalıdır ki, MPM-in 81-ci maddəsinə müvafiq olaraq qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Kabel şəbəkəsinə qanunsuz qoşulma və onları zədələmə İXM-in 170 və 172-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkiblərini yaradır və bununla bağlı müvafiq inzibati protokol tərtib etmək səlahiyyəti Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə aiddir. Bu mənada konkret şəxsin, o cümlədən cavabdehin sözügedən hüquq pozuntusuna görə təqsirli olması yalnız səlahiyyətli orqanın qanunvericiliyin tələbinə uyğun qəbul etdiyi müvafiq qərarla təsdiq oluna bilər. İddiaçının istinad etdiyi aktın tərtibində Rabitə Nazirliyinin nümayəndəsinin iştirak etdiyi qeyd olunsa da, həmin nümayəndənin hansı səbəblə təmsil etdiyi qurumun səlahiyyətində olan tədbiri görərək müvafiq inzibati protokol tərtib etmədiyi izah olunmamışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən baxılan inzibati xətaların törədilməsinə görə inzibati tənbehlərin tətbiqi haqqında Qaydalar”a görə, həmin nazirliyin əməkdaşı təsbit edilmiş müvafiq pozuntu barədə kommersiya hüquqi şəxslərinin əməkdaşları ilə birlikdə akt tərtib etmək əvəzinə, həmin inzibati xətanın müvafiq qaydada protokollaşdırılmasını təmin etməli idi. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının istinad etdiyi aktın tərtibində nə cavabdeh, nə də mübahisədə maraqlı olmayan üçüncü şəxs iştirak etməmişdir. Digər tərəfdən, məhkəmə tərəfindən videogörüntüyə baxış zamanı yalnız 213 saylı mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulma halı müəyyən olunmuşdur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları isə məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddiaçı Cavabdeh qarşı pul tələbinin olmasını kifayətedici aydınlıqla sübut edə bilməmişdir. Buna görə, məhkəmə iddia tələbini əsassız hesab edir. Məhkəmə cavabdehin iddia müddətinin ötməsi ilə bağlı ərizəsi üzrə qeyd edir ki, iş üzrə iddia müddətinin keçməsi məhkəmə tərəfindən aşkarlanmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-1403/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1403/2022
27.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver