Məhkəmə qərarları › İş №e-2(009)-1434/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1434/2022

05.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1434/2022 05.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12000 ABŞ dolları məbləğində əsas borcun, hüquqi xidmət üçün ödənilmiş 500 manat, etibarnamə üçün ödənilmiş 17.25 manat və ödənilmiş 152.75 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında xx.xx.2021-ci il tarixli notariat qaydada təsdiqlənmiş kredit müqaviləsinə əsasən cavabdehə 12000 ABŞ dolları məbləğində borc pul vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən Cavabdeh Aəsf oğlu krediti xx.xx.2022-ci il tarixinədək 12000 ABŞ dolları olaraq ona qaytarmağı öhdəsinə götürmüşdür. Lakin qarşı tərəf müqavilə öhdəliklərini vaxtında yerinə yetirməmiş və müqavilədə göstərilən tarixdə qaytarmalı olduğu borc pulu bu günə kimi qaytarmayıb. xx.xx.2022-ci il tarixdə cavabdehə pretenziya qaydasında müraciət edərək borcu qaytarması barədə məlumatlandırmışdır. xx.xx.2022-ci il tarixində Cavabdeh pretenziya məktubunu özü şəxsən təhvil almışdır. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməkdən dolayısı ilə yayınır. Bu səbəbdən cavabdeh tərəfindən pozulmuş hüququnu bərpa etmək üçün məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanılmış və Bakı şəhəri 54 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, “Borc verən” İddiaçı “Borc alan” Cavabdeh 12000 ABŞ dollarıa məbləğində pulu notariusun banka açılmış depozit hesabı vasitəsi ilə borc vermişdir. “Borc alan” Cavabdeh krediti xx.xx.2022-ci il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan cavabdehə iddiaçıya olan borcunun ödənilməsi, əks halda həmin borcun məcburi qaydada ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli BPM**********30 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Azərbaycan Beynəlxalq Bankın Abşeron filialına hüquqi xidmət üçün ödənilmiş 500 manat məbləğində pul ödənilmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə xx.xx.2022-ci il tarixədək qaytarmaq şərti ilə 12000 ABŞ dolları məbləğində borc pulun verilməsi barədə kredit müqaviləsi bağlanılmışdır. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri pozaraq xx.xx.2022-ci il tarixədək götürmüş pulu iddiaçıya ödəməmiş və bununla da müqavilənin şərtini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə 12000 ABŞ dolları məbləğində pulun müqavilədə göstərilən müddət ərzində iddiaçıya qaytarılması öhdəliyini üzərinə götürsə də, bu öhdəliyi icra etmədiyindən, irəli sürülmüş iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddiaçının, hüquqi xidmət üçün ödənilmiş 500 manat, etibarnamə üçün ödənilmiş 17,25 manat məbləğinin cavabdehdən tutulması tələbi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsində nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin xeyrinə qətnamə çıxarılan tərəfə verilməsi nəzərdə tutulsa da, bunun konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla müəyyənləşdirildiyi göstərilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə sübut təqdim edildiyindən tələbin həmin hissəsi də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 12000 (on iki min) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) əsas borc, hüquqi xidmət üçün ödənilmiş 500 (beş yüz) manat, etibarnamə üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) pul və ödənilmiş 152,75 (bir yüz əlli iki manat yetmiş beş qəpik) manat dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar