Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1439/2023 21.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin - Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4883 (dörd min səkkiz yüz səksən üç) manat məbləğində verilmiş sığorta ödənişinin, 68,9 (altmış səkkiz manat 90 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat məbləğində bank xidmət haqqının əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: iddiaçı (sığortaçı) "xxxx" ASC ilə sığortalı X3 arasında bağlanmış 29 dekabr 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən sığortaçı tərəfindən sığortalanmış "Audi Q5" markalı 77DR507 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 22 noyabr 2022-ci il tarixdə Bakı şəhərinin ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi "Hyundai İX35" markalı 90XV605 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zədələnmişdir. Həmin avtomobilin zədələnməsi ilə əlaqədar 9883 (doqquz min səkkiz yüz səksən üç) manat məbləğində sığorta ödənişi verilmişdir. Qəbul edilmiş qərara əsasən Cavabdeh təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Hesab edirlər ki, sığortalanmış avtomobilin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində sığortalıya ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Araşdırma zamanı müəyyən edilmişdir ki, "Hyundai İX35" markalı 90XV605 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş Cavabdeh mülki məsuliyyəti, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə elə "xxxx" ASC-də sığortalanmışdır. Bu səbəbdən 9883 manat məbləğində olan sığorta ödənişinin 5000 manatı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə ödəniş aparılmışdır. (Azərbaycan Respublikası Mülki Məcəllənin 931-ci maddəsinin tələbinə əsasən). Beləliklə, cavabdehə qarşı subroqasiya tələbi 4883 (dörd min səkkiz yüz səksən üç) manat təşkil edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, qiymətləndirməninin “Dream avto” şirkəti tərəfindən aparıldığını, maşının həmin gün şirkətə təhvil verildiyini, şirkət tərəfindən isə maşının “Dream avto” şirkətinə təqdim edildiyini, iki gün sonra aktın tərtib edildiyini, təmir işlərinin təmir kartında göstərildiyini, təmir kartı və elektron qaimənin məhkəməyə təqdim edildiyini bildirərək iddianın təmin edilməsini xahiş etmişdir. Etirazın dəlilləri: Cavabdehə məxsus avtomobilin icrbari sığortaçısı həmin hüquqi şəxs, yəni "xxxx" ASC olmaqla yanaşı, zərər dəymiş avtomobilinin sığortaçısı həmin şirkətdir. Belə olan halda iddiaçının nəinki çəkilmiş xərclərin ödənilməsi, hətta görülməmiş işlərin ödənilməsinə dair tələbin irəli sürülməsi ehtimal olunur. Belə ki, cavabdehin icbari sığortaçısı hər hansı digər şirkət olduğu halda onların arasında rəqabət, fikir ayrılığı və fərqli yanaşma həqiqəti aşkara çıxarmağa imkan verərdi. Avtomobillərin toqquşma hadisəsi xx.xx.2022-ci il tarixində olmuşdur. Dərhal toqquşmadan sonra hadisə yerində iddiaçının əməkdaşının olub-olmadığı və olduğu təqdirdə sənədləşmə ilə bağlı hansı tədbir gördüyü sualına cavab verilməyib. Nəticə -toqquşma nəticəsində zərərin həcmini müəyyən edən ilkin sənəd yoxdur. Hadisə zamanı zərər çəkən və zərər vuran tərəflərin sığortaçısı fərqli olduqu halda isə, onlardan biri, öz maraqlarını müdafiə məqsədi ilə dərhal hadisə yerinə gəlib orada müvafiq sənədləşmə, foto və video çəkiliş edərdi. Amma tərəflərin sığortaçısı eyni hüquqi şəxs olduğundan dəymiş ziyanın həcmini müəyyən edən aktın tərtibatını iddiaçı şirkət hadisədən iki gün sonra həyata keçirmişdir. Nəticə - iddiaçının sənədlərində qeyd olunan qüsurların xx.xx.2022 il tarixində olan hadisə ilə səbəbli əlaqəsi yoxdur. 22.12.22-ci il tarixindən xx.xx.2022-ci il tarixədək zərər dəymiş avtomobil başqa yerdə və başqa şəraitdə də hadisəyə düşə bilərdi. Bu məsələyə aydınlıq gətirmək məqsədi ilə suallar verilmişdir ki: hadisə xx.xx.2022-ci il tarixində baş veribsə niyə zərərin müəyyən edilməsi xx.xx.2022-ci ildə olmuşdur? xx.xx.2022-ci ildən xx.xx.2022-ci tarixədək zərər dəymiş avtomobil harada və hansı şərayitdə saxlanılıb, kim onu idarə edib? -həmin dövrdə avtomobilə hər hansı başqa ziyanın dəymədiyinə dair sübut var? Bu sualların heç birinə cavab verilməmişdir. İddiaçının sığorta aktından görünür ki, zərər “Dream Auto“ MMC-nin qüsur aktı ilə müəyyən edilir. “Dream Auto“ MMC-yə vəkil sorğusu göndərilmiş, lakin cavab verilməmişdir. Bununla yanaşı dəyişdirilmiş hissələrin şirkətdə olub-olmadığı və sübut kimi məhkəməyə təqdim olunmasının mümkünlüyü barədə sual da cavabsız qalmışdır. Həmin qüsur aktının və "xxxx" şirkəti ilə bağlanmış müqavilənin surətinin təqdim edilməsi tələbi cavabsız qalmışdır. Nəticə-ilkin qüsur aktı təqdim edilmədiyindən və göstərilən sualların cavabsız qalması, təmir işlərin məhz bu həcmdə görülməsinə zərurətin olub-olmadığını müəyyən etmək olmamışdır. Görülmüş işlərin həcmi iddiaçı hüquqi şəxs tərəfindən bilərəkdən şişirdilmiş formada məhkəməyə təqdim edilməsi istisna olunmur. Cavabdehə zərərin qiymətləndirməsində iştirak etmək məktubu xx.xx.2023 tarixdə göndərilib. Lakin məktub gec çatdırılıb, cavabdehin mobil telefonu məlum olduğu halda ona zəng edilməyib, iştirakı təmin edilməyib. Bu cür məktubun göndərilməsi cavabdehdə işlərin guya obyektiv aparılması fikrini yaratmaq məqsədi daşıyırdı. Belə ki, zərərin qiymətləndirməsi xx.xx.2022-ci il tarixində aparıldığı təqdirdə və xx.xx.2023-cü il tarixinə bütün işlərin qurtarmış olduğu halda (“e-qaimə” 19.01.23 tarixində “Dream Auto“ MMC tərəfindən iddiaçıya göndərilmişdir-deməli həmin tarixə işlər qurtarmışdır) cavabdehin dəvət edilməsinə heç bir zərurət yox idi. Bu halda dəvət məktubu formal və aldadıcı xarakter daşıyırdı. Cavabdeh tərəfindən məhkəməyə cavabdehin dərhal hadisə yerində çəkdiyi fotolar təqdim edilib, iddiaçı tərəfindən onlara dair heç bir etiraz edilməyib. Həmin fotolarda açıq-aşkar görünür ki, vurulmuş maşın yüngül formada zədələnmişdir və onun təmirinə 9883 manat xərclənə bilməzdi. Polis əməkdaşları tərəfindən aktın tərtib olunması zamanı iddiaçının nümayəndəsi iştirak etməmişdir. Nəticə aktda “hadisə nəticəsində zədələnmişdir” qrafasında zədələnmiş, yəni təmirə və dəyişməyə ehtiyacı olan hissələr göstərilməmişdir. Beləliklə, hadisə yerində iddiaçının nümayəndəsinin olmaması, ilkin qüsur aktının guya 48 saatdan sonra tərtib olunması, həmin ilkin aktın məhkəməyə təqdim olunmaması, iddiaçının guya gördüyü işlərin görülməsinin zərurətinə dair heç bir sübutun təqdim edilməməsi, cavabdehin zərərin qiymətləndirməsinə dəvət məktubunun yalan və aldadıcı olması, polis aktında zərərə dair dəqiq məlumatın olmaması göstərir ki, iddiaçının tələbi sübut olunmuş hesab oluna bilməz. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, etirazın məzmununa uyğun izahat vermiş və "xxxx" ASC-nin Cavabdeh qarşı 4883 manat sığorta ödənişinin və 68,9 manat dövlət rüsumunun tələbinə dair iddiasının əsassız olduğundan rədd olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəfləri dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halların təfərrüatları barədə Arayışdan görünür ki, Bakı şəhər DYPİ bildirir ki, xx.xx.2022-ci il tarixdə saat 16:30 dəqiqədə Bakı Şəhərində toqquşma nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində X2 məxsus “Audi Q5" markalı 77DR507 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa sağ hissəsinə zərər dəymişdir. - Bakı şəhəri DYP tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan və inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh 22 dekabr 2022-ci il tarixdə saat 16:50 radələrində Bakı şəhəri, Yasamal rayonu, M.Əliyev küçəsində "Hyundai İX35" markalı 90XV605 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən araməsafəsi qaydalarının pozmaqda təqsirli bilinmiş və Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən barəsində 40 manat məbləğində inzibati cərimə edilmişdir. - Baş vermiş sığorta hadisəsi ilə əlaqədar həyata keçiriləcək sığorta ödənişi barədə A-AS-018/23 saylı Sığorta Aktından görünür ki, sığortalı X3 ilə bağlanmış 29 dekabr 2021ci il tarixli sığorta müqaviləsinə əsasən sığortalanmış dəyəri 105 000 AZN olan "Audi Q5" markalı 77DR507 dövlət qeydiyyat nişanlı avtomobilə Bakı şəhəri, Yasamal rayonu, M.Əliyev küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərər dəymiş, xx.xx.2022-ci il tarixli "xxxx" MMC-nin "Qüsur aktı" na əsasən sığortalanmış nəqliyyat vasitəsinə əsasən 9.983,00 AZN zərər dəymişdir. Sığortalı X3 tərəfindən 100 AZN azadolma məbləği "xxxx" ASC-nin hesabına köçürülüb (qəbz qovluğa əlavə olunub). Azərbaycan Respublikası Mülki Məcəllənin 931 maddəsinə əsasən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə (PAG 081/23) 5000 AZN ödənildikdən sonra 4983 AZN avtomobilin təmiri üçün "xxxx" MMC-yə tam ödənilir. 4.983,00 sığorta ödənişinin verilməsi nəticəsində azalmış sığorta məbləği bərpa olunmadığından ödənişin verilməsindən sonrakı müddət üçün sığorta məbləği 4.883,00 (azadolma çıxmaq şərti ilə) AZN azalaraq 100.117,00 AZN təşkil edir. Ödəniş köçürmə yolu ilə "xxxx" MMC-yə ödənilmişdir. Sığorta ödənişi həyata keçirildikdən sonra, Sığortalı subroqasiya tələbi hüququnun sığorta ödənişi məbləği həddində "xxxx" ASC-yə keçməsini təsdiq edir. - Baş vermiş sığorta hadisəsi ilə əlaqədar həyata keçiriləcək sığorta ödənişi barədə A-PAG 0083/23 saylı Sığorta Aktından görünür ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə "Hyundai İX35" markalı 90XV605 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh tərəfindən faydalanan/ zərərçəkmiş şəxs X1 “Audi Q5" markalı 77DR507 dövlət qeydiyyat nişanlı avtomobilinə vurulmuş 9.983,00 AZN zərərə görə icbari sığortalar haqqında Azərbaycan Respublikası qanununa əsasən üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5 000,00 (beş min) manat limit təyin edildiyi üçün sığorta ödənişi 5 000,00 (beş min) manat təşkil edəcəkdir. Aktda göstərilən qeydə əsasən 26 yanvar 2023-cü il tarixdə ödəniş edilmişdir. -"xxxx" MMC tərəfindən tərtib edilmiş ********** saylı Təmir aktından, "xxxx" ASC-yə ünvanlanmış elektron qaimə və hesab məlumatlarından görünür ki, 77DR507 dövlət qeydiyyat nişanlı avtomobil üzrə ehtiyat hissələri, materialların dəyəri, görülmüş işlərin dəyəri ümumilikdə hesablanaraq 9983 AZN müəyyən edilmişdir. -"xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli ödəniş sənədlərindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin bank hesabına 4237.30 AZN, 762.71 AZN, 4222.88 AZN və 760.12 AZN olmaqla, cəmi 9.983,00 AZN məbləğində vəsait köçürülmüşdür. - "xxxx" ASC tərəfindən Qiymətləndirmə ekspertinin əlaqə nömrəsi qeyd edilməklə Cavabdeh ünvanlanmış Qiymətləndirmə prossesində iştraka dair Məktubdan görünür ki, “Audi Q5” markalı ** DR *** d.q.n-lı avtomobilin xx.xx.2022-ci il tarixində baş vermiş sığorta hadisəsi nəticəsində zərər dəyməsi ilə bağlı hal-hazırda Bakı şəhəri, Babək prospektində yerləşən "xxxx" MMC-nin təmir müəsisəsində qiymətləndirmə prosesi aparılır, bununla bağlı xx.xx.2023-cü il tarixindən-xx.xx.2023-cü il tarixinədək saat 10:00-dan 18:00-dək qiymətləndirmə prossesində iştirak üçün dəvət edilmişdir. - xx.xx.2021-ci il tarixli AS-F419/21 nömrəli nəqliyyat vasitələrinin sığortası şəhadətnaməsindən görünür ki, X2 məxsus “Audi Q5" markalı 77DR507 dövlət qeydiyyat nişanlı avtomobil 1 (bir) il müddətinə 40 000 (qırx min) manat məbləğində sığortalanmış, azadolma 100 manat, sığorta obyektinin dəyəri 105 000 manat, sığorta məbləği 105 000 manat, sığorta haqqı 4158 manat müəyyən edilmişdir. - xx.xx.2022-ci il tarixli PAG********** nömrəli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X4 məxsus "Hyundai İX35" markalı 90XV605 dövlət qeydiyyat nişanlı avtomobil 1 (bir) il müddətinə əmlaka vurulan zərərə görə 5000 (beş min) manat, sağlamlığa vurulan zərərə görə 5000 (beş min) manat məbləğində sığortalanmış, sığorta haqqı 75 manat müəyyən edilmişdir. -fotoşəkillərdən görünür ki, “Audi Q5" markalı 77DR507 dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa hissəsinda zədələnmələr müşahidə olunur, arxa sağ fara qırılmışdır. - “İcraçı” "xxxx" MMC ilə “Sifarişçi” "xxxx" ASC arasında bağlanmış 01 avqust 2019cu il tarixli Avtonəqliyyat vasitələrinə texniki xidmətə dair 75/S saylı müqavilədən görünür ki, “İcraçı” öz üzərinə, sifariş əsasında “Sifarişçi”nin avtonəqliyyatına qabaqcadan razılaşdırılmış qiymətlərlə servis və texniki xidmət göstərmək üzrə öhdəlik götürür, “Sifarişçi” isə görülmüş işi qəbul edir və hazırkı Müqavilənin şərtləri ilə onu vaxtında ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1.3-cü bəndinə əsasən “İcraçı” ona tapşırılmış avtonəqliyyat vasitələrinin mühafizə və saxlanmasına görə məsuliyyət daşımağı; 2.1.4-cü bəndinə əsasən avtonəqliyyatın təmiri yerinə yetirilən zaman “İcraçı”nın günahı üzündən “Sifarişçi”yə dəyən zərəri ödəməyi öhdəsinə götürür. Əsaslandırıcı hissə: Məhkəmə tərəfindən işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı (sığortaçı) "xxxx" ASC ilə sığortalı X3 arasında bağlanmış 29 dekabr 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən sığortaçı tərəfindən sığortalanmış "Audi Q5" markalı 77DR507 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 22 dekabr 2022-ci il tarixdə Bakı şəhərinin ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi "Hyundai İX35" markalı 90XV605 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zədələnmişdir. Bakı şəhəri DYP tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokola və inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh 22 dekabr 2022-ci il tarixdə saat 16:50 radələrində Bakı şəhəri, Yasamal rayonu, M.Əliyev küçəsində "Hyundai İX35" markalı 90XV605 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən araməsafəsi qaydalarının pozmaqda təqsirli bilinmiş və Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən barəsində 40 manat məbləğində inzibati cərimə edilmişdir. xx.xx.2022-ci il tarixli "xxxx" MMC-nin "Təmir aktı" na əsasən sığortalanmış nəqliyyat vasitəsinə 9.983 AZN zərər dəymişdir. Həmin avtomobilin zədələnməsi ilə əlaqədar 100 AZN azadolma məbləği nəzərə alınmaqla 9883 (doqquz min səkkiz yüz səksən üç) manat məbləğində sığorta ödənişi verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, "Hyundai İX35" markalı 90XV605 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş Cavabdeh mülki məsuliyyəti də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC-də sığortalanmışdır. Buna görə də 9883 manat sığorta ödənişinin 5000 manat hissəsi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə aparılmışdır. Məhkəmə qeyd edir ki, "Audi Q5" markalı 77DR507 dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh idarə etdiyi "Hyundai İX35" markalı 90XV605 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zədələnməsi və baş vermiş yol-nəqliyyat hadisəsində Bakı şəhəri DYP tərəfindən tərtib edilmiş inzibati xəta haqqında inzibati tənbeh vermə haqqında qərara əsasən cavabdehin təqsirli bilinməsi işin mübahisəsiz halıdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. (MM-936.2) Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (MM-936.5) Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, iddiaçı şirkət "xxxx" ASC sığortaçı kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək baş vermiş sığorta hadisəsi nəticəsində “Audi Q5" markalı 77DR507 dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyanın əvəzi olan 9.983,00 manat məbləğində pul vəsaitini X1 avtomobilinə dəymiş zərərin qarşılanması ilə bağlı ödədiyindən, həmin vəsaitin 5000 (beş min) manat məbləğində hissəsinin "xxxx" ASC tərəfindən icbari sığorta şəhadətnaməsinə əsasən ödənildiyindən, iddiaçı haqlı olaraq ödənilmiş əvəz miqdarının (100 manat azadolma məbləği nəzərə alınmaqla) digər hissəsi olan 4883 (dörd min səkkiz yüz səksən üç) manat vəsaitin geri tələb edilməsi ilə bağlı subroqasiya qaydasında məhkəməyə müraciət etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş iş materiallarında olan digər sübutlarla yanaşı, qəzadan sonra çəkilmiş zərər dəymiş avtomobilin fotoşəkillərindən də avtomobilin hansı hissələrinə hansı həcmdə zərər dəyməsi aşkar görünür. Məhkəmə cavabdeh tərəfin iddiaya olan etirazını əsaslandırdığı hallarla bağlı məhkəməyə heç bir tutarlı və mötəbər sübut təqdim etmədiyini nəzərə alaraq, həmin dəlilləri ehtimal xarakterli olmaqla formal mülahizələr kimi qiymətləndirir və əsassız hesab edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı "xxxx" ASC tərəfindən sığota ödənişinin 4883 (dörd min səkkiz yüz səksən üç) manat hissəsi, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 68,9 (altmış səkkiz manat 90 qəpik) manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqının əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 4883 (dörd min səkkiz yüz səksən üç) manat məbləğində pul vəsaiti və 68,9 (altmış səkkiz manat 90 qəpik) manat məbləğində dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqının əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1439/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1439/2023
21.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver