Məhkəmə qərarları › İş №e-2(009)-1469/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1469/2023

25.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1469/2023 25.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2066.59 (iki min altmış altı manat əlli doqquz qəpik) manat məbləğində əsas borc və 51.92 (əlli bir manat doxsan iki qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2118.51 (iki min yüz on səkkiz manat əlli bir qəpik) manat borc və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 41,59 (qırx bir manat əlli doqquz qəpik) manat dövlət rüsumu ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin iki min manatdan az olduğu üçün hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin maddənin tələblərinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən qeyd olunan mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərpoçt vasitəsi ilə məktub göndərilmişmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasmda bağlanmış 24 may 2019 il tarixli, 100821-134105/10 nömrəli Güzəştli kredit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 2724.33 (İki min yeddi yüz iyirmi dörd manat otuz üç qəpik) manat məbləğində kredit verilmişdir. Eyni zamanda, bank və digər cavabdeh - Cavabdeh1 arasında 24 may 2019 il tarixli, 100821- 134105/10 nömrəli zaminlik müiqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (borcalan tərəfindən 24 may 2019 il tarixli, 100821-134105/10 nömrəli kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə) borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 22 iyun 2023-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 2066.59 manat məbləğində əsas borcu və 51.92 manat faiz borcu olmaqla, ümumilikdə 2118.51 (İki min bir yüz on səkkiz manat əlli bir qəpik) məbləğində kredit borcu yaranmışdır.Güzəştli kredit müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki. Borcalanlar krediti vaxtmda ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, iş üzrə təqdim olunmuş sübutlar sırasına daxil olan Expressbank” ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 24 may 2019 il tarixli, 100821-134105/10 nömrəli Güzəştli kredit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 2724.33 (İki min yeddi yüz iyirmi dörd manat otuz üç qəpik) manat məbləğində kredit verilmişdir. Eyni zamanda, bank və digər cavabdeh - Cavabdeh1 arasında 24 may 2019 il tarixli, 100821-134105/10 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarından görünür ki, cavabdehlərə borcunun ödənilməsi, əks halda həmin borcun məcburi qaydada ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq göndərilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, 22 iyun 2023-cü il tarixə borcalanın banka 2066.59 manat əsas borc və 51.92 manat faiz borcu olmaqla, cəmi 2118.51 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 857 gün təşkil edir. oğlundan xx.xx.2022-ci il tarixli müqavilə üzrə cəmi 332 manat əsas məbləğ üzrə qalıq borc təşkil edir. Məhkəmə hesab edir ki, tərəflər arasında Kredit Müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin Müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada Kredit Müqaviləsi bağlanılmış, həmin Müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci və 472.2-ci maddələrinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, öhdəliyinə uyğun olaraq ödəniş etməmiş və bununla da, öhdəliyin lazımınca icra etməmiş və müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Ona görə də, iddiaçı müqavilə üzrə yaranmış ödənilməmiş borcu tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2066.59 (iki min altmış altı manat əllli doqquz qəpik) manat məbləğində əsas borc və 51.92 (əlli bir manat doxsan iki qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2118.51 (iki min yüz on səkkiz manat əlli bir qəpik) manat borc tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 41,59 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2066.59 (iki min altmış altı manat əlli doqquz qəpik) manat məbləğində əsas borc və 51.92 (əlli bir manat doxsan iki qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2118.51 (iki min yüz on səkkiz manat əlli bir qəpik) manat borc və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 41,59 (qırx bir manat əlli doqquz qəpik) manat dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar