Məhkəmə qərarları › İş №e-2(009)-1483/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1483/2024

30.08.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1483/2024 30.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı "tikinti işlərinin aparılmasının qadağan edilməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı "tikinti işlərinin aparılmasının qadağan edilməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanının torpaq sahəsinin qonşu torpaq sahələrinin səviyyəsindən artıq qaldırılmasının və ətraf mühitin pozulması ilə aparılan tikinti təmir işlərinin aparılmasının cavabdehə qadağan edilməsi, həmçinin torpaq sahəsinin cavadehin hesabına əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən aparılan qazıntı və tikinti işləri nəticəsində ünvan 1 ünvanında əmələ gəlmiş kütlənin, həmçinin torpaq sahəsinə əlavə gətirilmiş torpağın cavabdeh tərəfindən oradan çıxarılması, həmin ünvanda yerləşən torpaq sahəsinin səthinin cavabdeh tərəfindən əvvəlki (ilkin) vəziyyətinə qaytarılması vəzifəsinin qoyulması, cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivindəki 1-ci dalan sakinlərinin ümumi istifadəsində olan yoldan zəbt olunaraq mövcud tikinti sahəsinə əlavə edilmiş hissənin həmin yola qaytarılması və həmin dalanda yol ilə tikinti sahəsini ayıran hasarın cavabdehin hesabına sökülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər “barışıq sazişinin təsdiq edilməsi və icraata xitam verilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək mülki iş üzrə aralarında barışıq sazişi bağlandığından həmin barışıq sazişinin təsdiq edilməsi və mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Cavabdeh Məhdud Məsuliyytli Cəmiyyəti (nümayəndəsi Vəkil2 vasitəsilə), digər tərəfdən İddiaçı (nümayəndəsi Nümayəndə vasitəsilə) arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişindən görünür ki, tərəflər bu sazişi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan e-2(009)-1483/2024 saylı mülki iş üzrə bağlayırlar və aşağıdakı şərtlərlə razılaşırlar:

1. Cavabdeh tərəfindən ünvan 1 ünvanında qazıntı və tikinti tullantıları hesabına əmələ gəlmiş kütlə (əlavə gətirilmiş torpaq) nəticəsində həmin torpaq sahəsinin səthi ətrafdaki yaşayış evlərinin yerləşdiyi torpaq sahələrindən xeyli hündürlüyə qalxdığından Cavabdeh öz öhdəsinə götürür ki, ünvan 1 ünvanında qazıntı və tikinti tullantıları hesabına əmələ gəlmiş kütləni (əlavə gətirilmiş torpağı) oradan çıxartmaqla həmin ünvanda yerləşən torpaq sahəsinin səthini öz hesabına əvvəlki (ilkin) vəziyyətinə qaytaracaq. Tikinti zərurəti ilə bağlı yer səthinin düz olması üçün həmin ərazidə tikinti normalarına uyğun olaraq çuxurların doldurulması mümkündür. 2. Cavabdeh öz öhdəsinə götürür ki, onun tərəfindən ünvan 1 ünvanında aparılan tikinti işləri davam etdiyi müddət ərzində yüksək səsli texnika və avadanlıqların istifadəsi zamanı ətrafda yerləşən evlərdəki sakinlərin rahatçılığına həssasiyət göstərəcək, sakinləri narahat edəcək həddə yüksək səsin qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə edəcəkdir. Fövqəladə və ya təxirəsalınmaz hallar istina olmaqla (qəza, təbiət hadisəsi), saat 20:00 dan sonra yüksək səsli texnika və avadanlıqların ətrafda yerləşən evlərdəki sakinlərin rahatçılığı təmin olunacaq uzaqlıqda istifadəsi mümkün hesab edilir. 3. Cavabdeh öz öhdəsinə götürür ki, onun tərəfindən ünvan 1 ünvanında aparılan tikinti işləri davam etdiyi müddət ərzində tikinti nəticəsində yaranan tozun mövcud qaydalarına uyğun olaraq ətrafda yerləşən evlərə yayılmamasının qarşısını almaq üçün real mümkün vasitələrdən istifadə edəcək. 4. İddiaçı öz üzərinə öhdəlik götürür ki, Cavabdeh bu Sazişin 1,2,3-cü bəndlərində qeyd edilən şərtləri yerinə yetirəcəyi təqdirdə ona qarşı hazırki iddia tələbində qeyd edilənlərlə bağlı heç bir tələbi və şikayəti olmayacaqdır. 3. Bu saziş, tərəflər imzaladıqdan və məhkəmə qərarı ilə təsdiq edildikdən sonra qüvvəyə minir. 4. Barışıq sazişi üç nüsxədə tərtib edilir və tərəflərdə bir nüsxə olmaqla, bir nüsxəsi məhkəməyə təqdim edilir. Bu saziş heç bir kənar təsir olmadan tərəflərin könüllü iradəsinin ifadəsini təsdiq edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtlərini və işin hallarını müzakirə edərək, barışıq sazişinin təsdiq edilməməsi üçün əsasların olmadığını və bu sazişin onların mənafeyinə uyğun olmasını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflər barışıq sazişini təsdiq etdikdə bu barədə məhkəmə qərardad çıxarır, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. (MPM 191.2) Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. (MPM-262.4) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin məzmunu tərəflərə izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Eyni zamanda «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 5.1.3-cü maddəsinə əsasən məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Yuxarda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

I. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli aşağıdakı məzmunda olan Barışıq Sazişi təsdiq edilsin:

1. Cavabdeh tərəfindən ünvan 1 ünvanında qazıntı və tikinti tullantıları hesabına əmələ gəlmiş kütlə (əlavə gətirilmiş torpaq) nəticəsində həmin torpaq sahəsinin səthi ətrafdaki yaşayış evlərinin yerləşdiyi torpaq sahələrindən xeyli hündürlüyə qalxdığından Cavabdeh öz öhdəsinə götürür ki, ünvan 1 ünvanında qazıntı və tikinti tullantıları hesabına əmələ gəlmiş kütləni (əlavə gətirilmiş torpağı) oradan çıxartmaqla həmin ünvanda yerləşən torpaq sahəsinin səthini öz hesabına əvvəlki (ilkin) vəziyyətinə qaytaracaq. Tikinti zərurəti ilə bağlı yer səthinin düz olması üçün həmin ərazidə tikinti normalarına uyğun olaraq çuxurların doldurulması mümkündür.

2. Cavabdeh öz öhdəsinə götürür ki, onun tərəfindən ünvan 1 ünvanında aparılan tikinti işləri davam etdiyi müddət ərzində yüksək səsli texnika və avadanlıqların istifadəsi zamanı ətrafda yerləşən evlərdəki sakinlərin rahatçılığına həssasiyət göstərəcək, sakinləri narahat edəcək həddə yüksək səsin qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə edəcəkdir. Fövqəladə və ya təxirəsalınmaz hallar istina olmaqla (qəza, təbiət hadisəsi), saat 20:00 dan sonra yüksək səsli texnika və avadanlıqların ətrafda yerləşən evlərdəki sakinlərin rahatçılığı təmin olunacaq uzaqlıqda istifadəsi mümkün hesab edilir.

3. Cavabdeh öz öhdəsinə götürür ki, onun tərəfindən ünvan 1 ünvanında aparılan tikinti işləri davam etdiyi müddət ərzində tikinti nəticəsində yaranan tozun mövcud qaydalarına uyğun olaraq ətrafda yerləşən evlərə yayılmamasının qarşısını almaq üçün real mümkün vasitələrdən istifadə edəcək.

4. İddiaçı öz üzərinə öhdəlik götürür ki, Cavabdeh bu Sazişin 1,2,3-cü bəndlərində qeyd edilən şərtləri yerinə yetirəcəyi təqdirdə ona qarşı hazırki iddia tələbində qeyd edilənlərlə bağlı heç bir tələbi və şikayəti olmayacaqdır.

5. Bu saziş, tərəflər imzaladıqdan və məhkəmə qərarı ilə təsdiq edildikdən sonra qüvvəyə minir.

6. Barışıq sazişi üç nüsxədə tərtib edilir və tərəflərdə bir nüsxə olmaqla, bir nüsxəsi məhkəməyə təqdim edilir. Bu saziş heç bir kənar təsir olmadan tərəflərin könüllü iradəsinin ifadəsini təsdiq edir.

II. İddiaçı Cavabdeh MMC-yə qarşı "tikinti işlərinin aparılmasının qadağan edilməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair 2(009)- 1483/2024 saylı mülki işin icraatına xitam verilsin. III. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. IV. Məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2024-cü il tarixli **********14 saylı qəbz) ona geri qaytarılsın. V. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar