Məhkəmə qərarları › İş №e-2(009)-1486/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1486/2024

29.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1486/2024 29.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin cavabdehlər Cavabdeh1 Sığorta Şirkəti ASC-yə və Cavabdeh2 qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi cavabdehlər Cavabdeh1 Sığorta Şirkəti ASC-yə və Cavabdeh2 qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixdə, saat 08.30 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdən olan “MAN 19403” yük markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə, “Schwarzmuller SPA” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu avtomobillə Ələt-Astara-İran sərhədi yolunun Cəlilabad rayonu ərazisindən keçən 105-ci km-də hərəkətdə olarkən avtomobilin idarəetməsini itirərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq sağ zolaqda dayanmış vəziyyətdə olan Daxili İşlər Nazirliyinə məxsus “BMW 328İ” minik markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa sol hissəsi ilə toqquşaraq sonuncu avtomobilə maddi zərər dəyməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Faktla bağlı Cəlilabad rayon Məhkəməsində təqsirləndirilən şəxs Cavabdeh2 Azərbaycan Respublikası CMnin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmiş, 1(073)-200/2021 saylı, xx.xx.2021-ci il tarixli qərar ilə tərəflərin barışması ilə əlaqədar cinayət işi üzrə icraata xitam verilmiş və iş üzrə zərərçəkmiş qismində tanınmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Avtomobil Təsərrüfatı”na dəymiş ziyanla bağlı məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququnun olması izah edilmişdir. İşə əlavə olunmuş materiallardan aydın olur ki, Cavabdeh2 təqsirli hərəkəti nəticəsində DİN-ə məxsus “BMW 328İ” minik markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomaşına zərər vurulmuşdur. “Avtomotoservis və Ticarət” müəssisəsi tərəfindən “BMW 328İ” minik markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəyən maddi zərər yerində tədqiq edilmiş və tərtib edilən rəy aktına əsasən maddi zərər aşağıdakı kimi müəyyən edilmişdir:

1. Dam -3.169 AZN

2. Kapot – 1.833 AZN

3. Ön şüşə - 803 AZN

4. Qabaq bufer – 1.331 AZN

5. Oblisovka – 285 AZN

6. Qabaq sol qapı – 1.388 AZN

7. Arxa sol qapı – 1.388 AZN

8. Arxa sol qanad – 3.220 AZN

9. Şit pribor – 3.580 AZN

10. Arxa baqaj – 1.802 AZN

11. Arxa bufer – 1.590 AZN

12. Arxa şüşə - 747 AZN

13. Qabaq asqı – 2.023 AZN

14. Arxa asqı – 2.512 AZN

15. Ön faralar – 3.214 AZN

16. Arxa stoplar – 2.158 AZN

17. Su radiatoru – 1.010 AZN

18. Yağ radiatoru – 386 AZN

19. Sol təkər diski – 1.054 AZN

20. Təkər – 540 AZN

21. Akumlyator – 740 AZN

22. Sol qapı güzgüsü – 1.190 AZN

23. Salon güzgüsü – 482 AZN

24. Arxa sağ qanad – 3.220 AZN

25. Arxa təkər diski – 1.054 AZN

26. Təkər 540 – AZN

27. Qabaq amartizatorlar – 1.300 AZN

28. Arxa amartizatorlar – 910 AZN

29. Prujinlər – 1.436 AZN

30. Mühərrik – 29.091 AZN

31. Sürətlər qutusu – 11.600 AZN

32. Damın obşivkası – 245 AZN

33. Arxa balka – 2.512 AZN

34. Qabaq traves – 2.023 AZN

35. Arxa balka – 2.512 AZN

36. Kapotun petlələri – 285 AZN

37. Arxa baqajın petlələri – 378 AZN

38. Kapotun obşivkası – 245 AZN

39. Qabaq sol qapı ruçkası – 97 AZN

40. Arxa sol qapı ruçkası – 97 AZN

41. Sağ spoyler – 415 AZN

42. Sol spoyler – 415 AZN

43. Qabaq sol podkrılnik – 300 AZN

44. Qabaq sağ podkrılnik – 300 AZN

45. Qabaq buferin alt qoruyucusu – 325 AZN

46. Arxa buferin alt qoruyucusu – 325 AZN

47. Qabaq sağ bakavin – 850 AZN

48. Qabaq sol bakavin – 850 AZN

49. Qabaq ekran – 1.870 AZN

50. Yük yeri – 790 AZN

51. Arxa baqajın obşivkası – 190 AZN

52. Qapıların obşivkası – 960 AZN, cəmi 102.512 AZN. Təmir və bərpa üzrə dəyən maddi ziyan:

1. Armatur işi – 600 AZN

2. Elektrik işi – 500 AZN

3. Dəmirçi işi – 2.000 AZN

4. Rəngsaz işi – 1.500 AZN, cəmi 4.600 AZN. Ümumilikdə hadisə zamanı “BMW 328İ” minik markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyanın məbləği 107.112 manat təşkil etmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin əmlakına zərər vurulması mübahisəsizdir və yol-nəqliyyat hadisəsi zamanı “BMW 328İ” markalı avtomobilə ciddi zərər vurulması iddia ərizəsinə əlavə edilmiş “Avtomotovervis və Ticarət” müəssisəsi tərəfindən təqdim olunmuş ekspert rəyindən müəyyən olunur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”na əsasən sığorta ödənişi 5000 manat məbləğində müəyyən edildiyi halda Cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən ödəniş həyata keçirilməmişdir. Beləliklə, Cavabdeh2 mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıdığından, 107.112 manat maddi zərər cavabdehlərdən Cavabdeh2 və Cavabdeh1 Sığorta Şirkəti ASC-dən tutularaq DİN-nin hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh2 təqsirli hərəkəti nəticəsində DİN-ə məxsus “BMW 328İ” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərərin – 107.112 manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Sığorta Şirkəti ASC-dən tutularaq Daxili İşlər Nazirliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, ekspert rəyi ilə razı deyil, hesab edir ki, onlar tərəfindən təqdim edilmiş qüsur aktında qeyd edilən qiymətlər daha realdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh1 Sığorta Şirkəti ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Cavabdeh1 Sığorta Şirkəti ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasına gəlməmişlər, lakin cavabdehin nümayəndəsi Vəkil2 məhkəməyə ünvanlandığı ərizəsində etirazını müdafiə edilməsini və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir . Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən məhkəməyə iddiaya dair yazılı etiraz göndərilmiş və etirazında göstərmişdir ki, hər bir konkret halda mülki hüquqi məsuliyyət tədbirləri tətbiq edilərkən, onların törədəcəyi nəticələr (həm zərərçəkən, həm də zərərvuran şəxslərə münasibətdə) dəymiş zərərə mütənasib olmalı, eyni zamanda fərdi və ümumi maraqların tarazlığı təmin edilməlidir. Əks yanaşma mülki hüququn ümumi əsaslarına zidd olmaqla, ədalət və mütənasiblik prinsiplərinin pozulmasına səbəb olar. Nəzərə alınmalıdır ki, müvafiq halı sübutetmə yükü iddiaçının üzərinə düşməsinə baxmayaraq, iddiaçının hazırkı iş üzrə təqdim etdiyi heç bir mötəbər sübut olmadan qeyd edilən məbləğdə vurulmuş zərərin ödənilməsini tələb edilmişdir. Sübutetmə dedikdə iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin ) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hallar təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olubolmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansına halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s.kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Lakin, iddiaçı tərəfindən məhz həqiqətən cavabdehin təqsirli hərəkəti nəticəsində onun 107.112 manat məbləğində zərər vurulduğunu təsdiq edən heç bir mötəbər sübut iş materiallarında mövcud deyildir. İddiaçının yalnız iş üzrə təqdim etdiyi və iddia ərizəsində “ekspert rəyi” kimi təqdim edilmiş “Avtomotoservis və Ticarət müəssisəsi” tərəfindən verilmiş rəy mövcuddur. Həmin rəy üzrə qiymətləndirmənin hansı metodlar əsasında aparıldığı qeyd edilməmiş, ümumi bazar üzrə həmin avtomobilin qiyməti və onun ehtiyat hissələrinin dəyəri müəyyən edilməmişdir. İşin mübahisəsiz halıdır ki, hazırkı iş üzrə təqdim edilmiş “rəy” ekspert rəyi deyil, mütəxəssis rəyi olmuşdur. Çünki həmin rəy həqiqətən də ekspert rəyi olsa idi, ekspertə qabaqcadan məlum olardı ki, o, bilə-bilə yalan rəy verməyə görə məsuliyyət daşıyır. Halbuki müvafiq xarici və yerli bazar araşdırmasına nəzər saldıqda görünür ki, “BMW 328Q” markalı avtomobilin özünün real dəyəri (heç bir zədəsi olmayan və qısa məsafə qət etmiş avtomobillər də daxil olmaqla) iddiaçının zərər məbləği kimi tələb etdiyi məbləğin təxminən 1/3 hissəsi qədərdir. Ağlabatan olmamaqla bərabər absurd olan haldır ki, avtomobilin öz dəyəri ona vurulmuş zərərdən dəfələrlə aşağı olsun. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddiaya dair yazılı etirazları elan edib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 08.30 radələrində Ələt-Astara yolunun 103-ci km-də yol-nəqliyyat hadisəsinin baş verməsində “MAN 19403” yük markalı, 44BN988 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh2 təqsirli olan şəxs qismində, X4 (sağlamlığa dəyən zərərə görə) zərərçəkən qismində, “Hyundai Santa FE” minik markalı, 99ZV588 dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən X5 (mülkiyyətçi X6) zərərçəkən qismində müəyyən edilmişdir. İş üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əlavə edimiş yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərərçəkən qismində müəyyən edilən digər şəxs barədə məlumatın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 08.30 radələrində Ələt-Astara yolunun 103-ci km-də baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Azərbaycan Respublikası DİN-nin Avtomobil Təsərrüfatının “BMW 328” minik markalı,99YP945 dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İş üzrə DİN-nin MTTBİ-nə bilavasitə tabe Avtomobil Təsərrüfatının rəis müavini polis mayoru Samir Ağayev, YHT üzrə mühəndis polis baş leytenantı Zamir Talıbov, mühəndis-mexanik polis leytenantı Rəsul Rəsulov ATE rəisi polis baş serjantı Zaur Haqverdiyev və BDYPİ-nin YPXA-ın inspektoru polis baş serjantı Cahandar Məmmədov tərəfindən tərtib edilmiş və DİN-nin MTTBİ-nə bilavasitə tabe Avtomobil Təsərrüfatının rəisi polis polkovnik-leytenantı Sahib İskəndərov tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, DİN-nin Avtomobil Təsərrüfatının balansında olan BDYA-nın YPXA-nın xidməti istifadəsinə verilmiş BMV-328 markalı, 99YP945 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə Ələt-Astara-İran sərhəddi yolunun Cəlilabad rayonu ərazisində xidmət apararkən MAN-19403 markalı, 44BN988 dövlət qeydiyyat nişanlı, 44ZA368 qeydiyyat nişanlı yarımqoşqulu yük avtomobili idarəetməni itirərək sağ zolağda dayanmış vəziyyətdə olan BMV-328 markalı, 99YP945 dövlət qeydiyyat nişanlı patrul avtomobilinə çırpılmış, bundan sonra hər iki avtomobil qəzalı vəziyyətdə dayanmış Hyundai Santa FE markalı, 99ZV588 dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmış nəticədə piyada YPX inspektoru Elgün Ağazadə müxtəlif bədən xəsarətləri ilə Cəlilabad RMX-na yerləşdirilmiş, patrul avtomobili isə tamamilə istismara yararsız vəziyyətə düşmüşdür. Avtomobilin sınmış, qırılmış və əyilmiş hissələri bu günkü bazar qiymətlərinə uyğun olaraq aşağıdakı kimi qiymətləndirildi: 1.Dam -3.169 manat 2.Kapot – 1.833 manat 3.Ön şüşə - 803 manat 4.Qabaq bufer – 1.331 manat 5.Oblisovka – 285 manat 6.Qabaq sol qapı – 1.388 manat 7.Arxa sol qapı – 1.388 manat 8.Arxa sol qanad – 3.220 manat 9.Şit pribor – 3.580 manat 10.Arxa baqaj – 1.802 manat 11.Arxa bufer – 1.590 manat 12.Arxa şüşə - 747 manat 13.Qabaq asqı – 2.023 manat 14.Arxa asqı – 2.512 manat 15.Ön faralar – 3.214 manat, 2 ədəd 16.Arxa stoplar – 2.158 manat, 4 ədəd 17.Su radiatoru – 1.010 manat 18.Yağ radiatoru – 386 manat 19.Sol təkər diski – 1.054 manat 20.Təkər – 540 manat 21.Akumlyator – 740 manat 22.Sol qapı güzgüsü – 1.190 manat 23.Salon güzgüsü – 482 manat 24.Arxa sağ qanad – 3.220 manat 25.Arxa təkər diski – 1.054 manat 26.Təkər 540 – manat 27.Qabaq amartizatorlar – 1.300 manat, 2 ədəd 28.Arxa amartizatorlar – 910 manat, 2 ədəd 29.Prujinlər – 1.436 manat, 4 ədəd 30.Mühərrik – 29.091 manat 31.Sürətlər qutusu – 11.600 manat 32.Damın obşivkası – 245 manat 33.Arxa balka – 2.512 manat 34.Qabaq traves – 2.023 manat 35.Arxa balka – 2.512 manat 36.Kapotun petlələri – 285 manat, 2 ədəd 37.Arxa baqajın petlələri – 378 manat,2 ədəd 38.Kapotun obşivkası – 245 manat 39.Qabaq sol qapı ruçkası – 97 manat 40.Arxa sol qapı ruçkası – 97 manat 41.Sağ spoyler – 415 manat 42.Sol spoyler – 415 manat 43.Qabaq sol podkrılnik – 300 manat 44.Qabaq sağ podkrılnik – 300 manat 45.Qabaq buferin alt qoruyucusu – 325 manat 46.Arxa buferin alt qoruyucusu – 325 manat 47.Qabaq sağ bakavin – 850 manat 48.Qabaq sol bakavin – 850 manat 49.Qabaq ekran – 1.870 manat 50.Yük yeri – 790 manat 51.Arxa baqajın obşivkası – 190 manat 52.Qapıların obşivkası – 960 manat, 4 ədəd, cəmi 102.512 manat. Avtomobilin yığılması üçün dəmirçi işinə 2.000,0 manat, rəngsaz işinə 1.500,0 manat, artmatur işinə 600,0 manat, elektrik işinə 500,0 manat vəsait tələb olunur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində BMV-328 markalı, 99YP945 dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 107.112,0 manat vəsaiti tələb olunur. Qeyd: avtomobilə vizual baxış keçirildiyindən təmir zamanı avtomobilin detalları və aqreqatları söküldüyündə əlavə yeni yararsız detallar və işçilik meydana çıxa bilər. Bunun nəticəsində də yuxarıda qeyd olunan məbləğin 5000-7000 manata qədər dəyişməsinə, yəni artmasına səbəb ola bilər. İş üzrə Cəlilabad rayon Məhkəməsinin 1(073)-200/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs Cavabdeh2 tərəflərin barışması ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işinin icraatına xitam verilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkanın ləğv edilməsi, təqsirləndirilən şəxs Cavabdeh2 əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olub-olmaması məsələsinin araşdırılması üçün qərarın surətinin Cəlilabad rayon prokuroruna göndərilməsi, iş üzrə ekspertiza xərci olan 200 manatın təqsirləndirilən şəxs Cavabdeh2 alınaraq dövlət büdcəsinə keçirilməsi, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış X2 və Azərbaycan Respublikası DİN-nin “Avtomobil Təsərrüfatı”na dəymiş ziyanla bağlı mülki qaydada məhkəmədə iddia qaldırmaq hüquqlarının olmasını izah edilməsi qərara alınmışdır. İş üzrə Cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş PAT********** saylı sığorta aktının surətinə əsasən xx.xx.2021-ci il tarixdə sığortalanmış «MAN 19 403» markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil “BMW” markalı,99YP945 dövlət qeydiyyat nişanlı avtomobillə doqquşmuş, nəticədə “BMW” markalı,99YP945 dövlət qeydiyyat nişanlı avtomobilə 40.000,00 manat ziyan dəymiş, bununla bağlı 3.448,00 manat mütənasib qaydada sığorta ödənişi həyata keçirilmişdir. İş üzrə "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 4468 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, Cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən X1 (DİN-nin MTTBİ-nə bilavasitə tabe Avtomobil Təsərrüfatının YHT üzrə mühəndis) 100496 saylı sığorta aktına əsasən 3.448,00 manat sığorta ödənişi ödənilmişdir. İş üzrə Cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş PAT********** saylı sığorta aktının surətinə əsasən xx.xx.2021-ci il tarixdə sığortalanmış «MAN 19 403» markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil “Hyundai” markalı, 99ZV588 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Hyundai” markalı, 99ZV588 dövlət qeydiyyat nişanlı avtomobilə 18.000,00 manat ziyan dəymiş, bununla bağlı 1.552,00 manat mütənasib qaydada sığorta ödənişi həyata keçirilmişdir. İş üzrə "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, RPR**********686 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, Cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən X3 1.552 manat sığorta ödənişi ödənilmişdir. İş üzrə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin arayışın surətindən görünür ki, 2014-cü il buraxılışlı «BMW 328İ» minik markalı 99YP945 dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2015-ci il tarixdən AR DİN-nin Təchizat İdarəsinin balansında olmuş, xx.xx.2016-cı il tarixdən DİN-nin Avtomobil Təsərrüfatının balansında olmuş, xx.xx.2021-ci il tarixdən avtomobilin 99YP945 dövlət qeydiyyat nömrəsi dəyişilmiş - 77PD604 dövlət qeydiyyat nömrəsi verilmiş və həmin tarixdən avtomobil DİN-nin Avtomobil Təsərrüfatının balansındadır. İş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəkili və nümayəndəsi Vəkil1 tərəfindən Cavabdeh1 Sığorta Şirkəti ASC-yə ünvanlanmış bildirişin (pretenziyanın) surətindən görünür ki, vətəndaş Cavabdeh2 xx.xx.2021-ci il tarixdə, saat 08.30 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdən olan “MAN 19403” yük markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə, “Schwarzmuller SPA” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu avtomobillə Ələt- Astara-İran sərhədi yolunun Cəlilabad rayonu ərazisindən keçən 105-ci km-də hərəkətdə olarkən avtomobilin idarəetməsini itirərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq sağ zolaqda dayanmış vəziyyətdə olan Daxili İşlər Nazirliyinə məxsus “BMW 328İ” minik markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa sol hissəsi ilə toqquşaraq sonuncu avtomobilə maddi zərər dəyməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı “BMW 328İ” minik markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyanın məbləği 107.112 manat təşkil etmişdir. Hadisə baş verən zaman “MAN 19403” yük markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı, “Schwarzmuller SPA” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu Cavabdeh1 Sığorta Şirkəti ASC şirkəti tərəfindən sığortalanmışdır. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sğorta qaydaları”na əsasən sığorta ödənişi 5000 manat məbləğində müəyyən edildiyi halda Cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən ödəniş həyata keçirilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən Sığorta Şirkəti tərəfindən ödənilməli olan 5000 manat sığorta ödənişinin 5 iş günü ərzində ödəməsini, əks halda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət olunacaqdır. İş üzrə təyin edilmiş məhkəmə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/6585 saylı, xx.xx.2024-cü il tarixli rəyinə əsasən: - Respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərdən, yerli internet saytlarında və eləcə də Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərardadda qeyd edilən 2014-cü il buraxılışlı “BMW- 328” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə 2021-ci ilə orta bazar qiyməti nəzəri qaydada təxminən 34.500,00 manat müəyyən olunur. - Qeyd edilir ki, zədələnməmişdən əvvəlki orta bazar qiyməti 34.500,00 manat olmuş, avtomobilin təmirinə 107.112,00 manat xərc çəkilib təmir edilməsi məqsədə müvafiq və rentabelli hesab edilmir. - Təqdim edilmiş iş materiallarında olan “DİN-in MTTBİ-nə bilavasitə tabe Avtomobil Təsərrüfat” tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktına qeyd edilən məlumatlar müqayisə olunduqda salamat qalmış hissələr faiz ifadəsi ilə avtomobilin dəyərinin təxminən 10%-ni təşkil etməsi ehtimal olunur. - Beləliklə, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 34.500,00 manat olmuş 2014-cü il buraxılışlı “BMW-328” markalı, **- YP-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla 2021-ci ilə təxminən 31.050,00 (34.500,0-10%) manat müəyyən edilir. Sözügedən avtomobil avtoservis şəraitində söküldükdən, hissələri diaqnostika olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra, müəyyən edilmiş salamat hissələrin dəyərində dəyişiklik olması istisna edilmir. Qeyd: avtobazarlarda mövcud olmuş qiymətlərdən, tələb və təklifdən eləcə də motosikletin əmtəə keyfiyyət göstəricilərindən asılı olaraq, yuxarıda müəyyən edilmiş bazar qiymətində qismən dəyişiklik olması istisna edilmir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 07.00 radələrində X5 idarə etdiyi “Hyundai Santa FE” minik markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən idarəetməni itirdiyindən beton səddə çırpmaqla dayanmış, hadisədən bir neçə dəqiqə sonra hadisə yerinə BDYPİ-nin YPXA-nın polis serjantı E.Ağazadə, YPX inspektoru C.Məmmədovun idarə etdiyi “BMW 328” minik markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hadisə yerinə gəlmişdir. Daha sonra saat təxminən 08.30 radələrində Cavabdeh2 idarə etdiyi “MAN 19 403” yük markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı “Scharzmuller Spa” markalı, **-ZA-*** qeydiyyat nişanlı yarımqoşqulu nəqliyyat vasitəsi ilə Astara rayon istiqamətində hərəkətdə olarkən, əvvəlcə sağ zolaqda dayanmış vəziyyətdə olan “BMW 328” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsinə, daha sonra qəzalı vəziyyətdə dayanmış “Hyundai Santa FE” minik markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmış, nəticədə “Hyundai Santa FE” markalı və AR DİN-nin “Avtomobil Təsərrüfatı”na məxsus “BMW 328” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobillərə maddi ziyan dəymişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə DYP tərəfindən tərtib edilən arayışa (forma 4) əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli Cavabdeh1 SŞ-də sığortalı olan Cavabdeh2 olduğundan Sığorta Şirkəti tərəfindən yolnəqliyyat hadisəsi zamanı zərər vurulmuş, “Hyundai Santa FE” minik markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilə mütənasib qaydada 1.552 manat və “BMW 328” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobilə mütənasib qaydada 3.448 manat, hər iki nəqliyyat vasitəsinə 5000 manat məbləğində sığorta ödənişi müştərək qaydada ödənilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Cəlilabad rayon Məhkəməsinin 1(073)-200/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmiş, tərəflərin barışması ilə əlaqədar cinayət işi üzrə icraata xitam verilmiş və iş üzrə zərərçəkmiş qismində tanınmış X2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Avtomobil Təsərrüfatı”na dəymiş ziyanla bağlı məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququnun olması izah edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Cavabdeh2 təqsirli hərəkəti nəticəsində DİN-ə məxsus “BMW 328İ” minik markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomaşına zərər vurulmuşdur. “Avtomotoservis və Ticarət” müəssisəsi tərəfindən “BMW 328İ” minik markalı, **-YP- *** dövlət qeydiyyat nişanlı avtomaşına dəyən maddi zərər yerində tədqiq edilmiş və tərtib edilən rəy aktına əsasən maddi zərər 107.112 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”na əsasən sığorta ödənişi 5000 manat məbləğində müəyyən edildiyi halda Cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən ödəniş həyata keçirilməmişdir. Bu səbəbdən iddiaçı Cavabdeh2 təqsirli hərəkəti nəticəsində DİN-ə məxsus “BMW 328İ” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərərin – 107.112 manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Sığorta Şirkəti ASC-dən tutularaq Daxili İşlər Nazirliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, məhkəmə iclasında təqdim olunan yazılı sübutla müəyyən edilmişdir ki, Cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən sığorta hadisəsi ilə bağlı iddiaçı təşkilata mütənasib qaydada 3.448 manat və “Hyundai Santa FE” minik markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilə mütənasib qaydada 1.552 manat (hər iki nəqliyyat vasitəsinə 5000 manat) sığorta ödənişi ödənildiyindən, bununla da sığorta təşkilatı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam icra etdiyindən, iddia tələbi "xxxx" ASC-yə qarşı olan hissədə təmin edilməməlidir. İş materiallarında olan Cəlilabad rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmiş, tərəflərin barışması ilə əlaqədar cinayət işi üzrə icraata xitam verilmişdir. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu törətmiş Cavabdeh2 baş vermiş hadisədə təqsirli olması iş materiallarında olan sübutlarla tam təsdiq olunduğundan, iddiaçı hazırki tələblə ona qarşı iddia qaldırmaqda tam haqlı olmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş “DİN-in MTTBİ-nə bilavasitə tabe Avtomobil Təsərrüfat” tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən yol-nəqliyyat hadisəsi nəticəsində “BMW-328” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 107.112 manat təşkil etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, 2014-cü il buraxılışlı “BMW-328” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə 2021-ci ilə orta bazar qiyməti nəzəri qaydada təxminən 34.500,00 manat müəyyən olunmuş, zədələnməmişdən əvvəlki orta bazar qiyməti 34.500,00 manat olmuş, avtomobilin təmirinə 107.112,00 manat xərc çəkilib təmir edilməsi məqsədə müvafiq və rentabelli hesab edilməmişdir. Təqdim edilmiş “DİN-in MTTBİ-nə bilavasitə tabe Avtomobil Təsərrüfat” tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktına qeyd edilən məlumatlar müqayisə olunduqda salamat qalmış hissələr faiz ifadəsi ilə avtomobilin dəyərinin təxminən 10%-ni təşkil etməsi ehtimal olunur. Beləliklə, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 34.500,00 manat olmuş 2014-cü il buraxılışlı “BMW-328” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla 2021-ci ilə təxminən 31.050,00 (34.500,0-10%) manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktı mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, aktdan görünür ki, həmin akt iddiaçı təşkilatının əməkdaşları tərəfindən tərtib edilərək təsdiq edilmişdir. İddiaçı tərəfindən təqdim olunan xx.xx.2021-ci il tarixli aktı tərtib etmiş “Avtomobil Təsərrüfatı” DİN-in MTTBİ-nə bilavasitə tabe olduğundan ziyan məbləğinin hesablanmasında maraqlı tərəf hesab olunur. Lakin ekspertiza tərəfindən zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 34.500,00 manat olmuş 2014-cü il buraxılışlı “BMW-328” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla 2021-ci ilə təxminən 31.050,00 (34.500,0-10%) manat məbləğində olması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, ziyan məbləğinin ekspert rəyi ilə müəyyən edilmiş həddə olması nəzərə alınmalıdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı Məhkəmə Ekspertiza Mərkəzənin eksperti tərəfindən verilmiş rəydə müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə məhkəmə “BMW-328” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyan məbləğinin 31.050 manat həddində olmasını nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. AR Mülki Məcəlləsinin 1096-ci maddəsinə (Mülki Hüquq pozuntuları (deliktlər) anlayışı) əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1097-ci maddəsinə (mülki hüquq pozuntuları üçün məsüliyyətin əsasları) əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işguzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Qeyd edilən Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. AR Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi yuxarıda göstərilən mülki qanunvericiliyin, həm də Konstitusiya Məhkəməsinin qərarında zərər vuranın üzərinə vurulmuş real ziyanın ödənilməsi öhdəliyi qoyula bilər. Beləliklə məhkəmə “BMW-328” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyan məbləğinin 31.050 manat həddində olmasını, həmin həddə ziyanın ödənilməsinə məsul olan şəxsin isə yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli olan nəqliyyat vasitəsinin sürürücü Cavabdeh2 olmasını, həmin ziyan məbləğindən sığorta təşkilatı tərəfindən 3.448 manat ödənilməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 vurulmuş ziyanın əvəzi kimi iddiaçının xeyrinə 27.602 manat məbləğində pul tutulmalıdır. AR MPM-nin 119.2-ci madəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” AR Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı qaldırılan tələblə bağlı məhkəməyə müraciət etmək üçün dövlət rüsumunun ödəməkdən azad olduğu üçün və iddia tələbi qismən təmin olunduğu üçün, Cavabdeh2 dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 173 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza xərci də Cavabdeh2 aid edilməlidir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xeyrinə vurulmuş maddi ziyanın əvəzi kimi 27.602 (iyirmi yeddi min altı yüz iki) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə və Cavabdeh1 Sığorta Şirkəti ASC-yə münasibətdə əsassız olduğu üçün təmin edilməsin. Cavabdeh2 dövlət nəfinə keçirilmiş ekspertiza xərci – 50 (əlli) manat və dövlət rüsumunun əvəzi kimi 173 (yüz yetmiş üç) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar