Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1521/2024 02.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi X.İ.İbrahimovun iştirakı ilə İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı torpaq sahəsinə dair icarə haqqı borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı torpaq sahəsinə dair icarə haqqı borcunun ödənilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 6116/712 nömrəli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən dövlət mülkiyyətində olan 12500,00 kv.m. torpaq sahəsi Cavabdeh icarəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. Müqavilə ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə xx.xx.2024-cü il tarixinə ödənilməli olan 11.265,75 manat icarə haqqı borcu mövcuddur. Cavabdehə xx.xx.2024-cü il tarixli, 3-21-3/2-6687/2024 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilməsinə baxmayaraq cavabdeh məktubu qəbul etməkdən və icarə haqqı borcunu ödəməkdən imtina etmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh xx.xx.2024-cü il tarixinə ödənilməli olan 11.265,75 manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X2 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə “İcarəyə verən” qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə “İcarəçi” qismində Cavabdeh arasında bağlanmış 28 sentyabr 2023-cü il tarixli özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 6116/712 nömrəli müqaviləsinə əsasən ünvan 1 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 12500,00 kv.m. torpaq sahəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh illik icarə haqqı 15021,0 manat, aylıq icarə haqqı 1251,75 manat olmaqla xx.xx.2025-ci il tarixədək icarəyə verilmişdir. İş üzrə Xırdalan şəhəri, Sənaye Zonası/Xırdalan şəhəri, Niyazi Əsgərov küçəsi, 40 saylı ünvanda sahəsi 12500 kv.m. olan torpaq sahəsinin Cavabdeh adına olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş şəxsi hesab vərəqəsinin surətindən görünür ki, cavabdehin icarəyə götürdüyü əmlak üzrə icarə haqqı üzrə borcu 11.265,75 manat təşkil edir. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-3/2-6687/2024 saylı məktubun surətindən görünür ki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq Abşeron rayonu, Xırdalan şəhəri, Sənaye zonası/ Xırdalan şəhəri, Niyazi Əsgərov küçəsi, 40 ünvanında yerləşən 12500 kv.m. torpaq sahəsinin icarəyə verilməsinə dair xx.xx.2023-cü il tarixli, 6116 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2024-cü il tarixə 8.762,25 manat məbləğində icarə haqqı borcu yaranmışdır. Nəzərinə çatdırırlar ki, 7 iş günü müddətində dövlət büdcəsinə yaranmış icarə haqqı borcunun ödənilməsi təmin edilməlidir. Əks halda yaranmış icarə haqqı borcunun ödənilməsinin təmin edilməsi üçün məhkəməyə müraciət olunacaqdır. İş üzrə Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi şöbəsinin əməkdaşları - məsləhətçi O.F.Bayramov, məsləhətçi M.Ş.Ağayev, məsləhətçi İ.N.Quliyev tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli aktın surətindən görünür ki, Cavabdeh 6116 saylı icarə müqaviləsi üzrə yaranmış borcu ödəməkdən və Dövlət büdcəsinə yaranmış icarə haqqı borcunun ödənilməsi tələbi barədə məktubu qəbul etməkdən imtina etmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qeyd edilən Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə bağlandıqdan sonra orada nəzərdə tutulmuş şərtlər hər iki tərəf üçün məcburi olduğundan, lakin cavabdeh həmin müqavilə üzrə yerinə yetirməli olduğu öhdəliyi yerinə yetirmədiyindən, iddiaçı haqlı olaraq mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 398.1-ci maddəsindən görünür ki, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Eyni Məcəllənin 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Qeyd edilən Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. «İcarə haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. Həmin Qanunun 7-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. Həmin Qanunun 12-ci maddəsinə əsasən icarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 28 sentyabr 2023-cü il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən sahəsi 12500 kv.m. olan torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh aylıq icarə haqqı 1251,75 manat məbləğində pul ödənilməklə xx.xx.2025-ci il tarixədək icarəyə verilmiş, lakin cavabdeh tərəfindən icarə haqqları vaxtında ödənilməmiş, nəticədə icarə haqqı üzrə borc 11.265,75 manat təşkil etmişdir. Cavabdeh icarə borcunun odənilməsi ilə əlaqədar xəbərdar olunsa da, onun tərəfindən borc ödənilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən icarə müqaviləsinin şərtləri pozularaq icarə haqqı vaxtında ödənilmədiyindən, iddia təmin edilməli və cavabdehdən 11.265,75 manat icarə haqqı üzrə borc tutulmalıdır. AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” AR Qanunun 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizələrinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda dövlət rüsumu 30 manatdır. “Dövlət rüsumu haqqında” AR Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizələrinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə qeyd edir ki, iddiaçı qaldırılan tələblə bağlı məhkəməyə müraciət etmək üçün dövlət rüsumunun ödəməkdən azad olduğu üçün və iddia tələbi təmin olunduğu üçün, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 123,80 manat məbləğində pul tutulmalıdır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə 11.265,75 (on bir min iki yüz altmış beş manat, yetmiş beş qəpik) manat məbləğində pul tutularaq Xidmətin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülsün. Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 123,80 (yüz iyirmi üç manat, səksən qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1521/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1521/2024
02.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver