Məhkəmə qərarları › İş №e-2(009)-1539/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1539/2023

01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1539/2023 01.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmli, iddiaçı QSC "xxxx" KB-nın - Cavabdeh Böyükağa qızına qarşı «kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimənin ödənilməsi» tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat üzrə mülki işə Bakı şəhərində məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC "xxxx" KB - Cavabdeh Böyükağa qızına qarşı «kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimənin ödənilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh Böyükağa qızı arasında bağlanmış 18 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 183,84 ABŞ dolları məbləğində əsas borc, 142,64 ABŞ dolları məbləğində faiz borcu, 2208,40 ABŞ dolları məbləğində cərimə borcu, 58,80 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə isə 2593,68 ABŞ dollar məbləğində pulun və 64,10 manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğu üçün hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin maddənin tələblərinə əsasən əsasən Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən qeyd olunan mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh Böyükağa qızına Azərpoçt vasitəsi ilə məktub göndərilmiş, lakin cavabdeh iddiaya qarşı etirazını məhkəməyə göndərməmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, QSC “Bank Standard” KB (bundan sonra - Bank) ilə Cavabdeh Böyükağa qızı (bundan sonra - cavabdeh) arasında 18 fevral 2015-ci il tarixində kredit verilməsi haqqında müqavilə (bundan sonra - Kredit Müqaviləsi) bağlanmış, müqaviləyə əsasən Bank tərəfindən cavabdehə illik 24 faiz ödənilməsi şərti ilə 16 ay, 29 gün müddətinə 1900 ABŞ dollar məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmişdir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə bank tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfındən yerinə yetirilməmiş və öhdəliklər lazımmca icra edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş üzrə təqdim olunmuş sübutlar sırasına daxil olan QSC "xxxx" KB ilə Cavabdeh Böyükağa qızı arasında bağlanmış xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsindən görünür ki, Bank kredit alana 16 ay 29 gün müddətinə 1,900 ABŞ dolları məbləğində kredit ayırır, borcalan istifadə etdiyi kreditə görə Banka illik 24 faiz ödəyir. İş materiallarından görünür ki, cavabdehə Banka olan borcunun ödənilməsi, əks halda həmin borcun məcburi qaydada ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq göndərilmişdir. İş materiallarında olan Bank tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışı ilə müəyyən olundu ki, Cavabdeh Böyükağa qızının xx.xx.2015-ci il tarixinə Banka 183,84 ABŞ dolları məbləğində əsas borc, 142,64 ABŞ dolları məbləğində faiz borcu, 2208,40 ABŞ dolları məbləğində cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 58,80 ABŞ dolları, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 2593,68 ABŞ dolları məbləğində təşkil edir. Məhkəmə hesab edir ki, tərəflər arasında Kredit Müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin Müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada Kredit Müqaviləsi bağlanılmış, həmin Müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Mülki Məcəllənin 385.1, 421.2, 428.4, 442-ci, 445.1 və 445.2.1-ci, 449.4 və 462.3-cü maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Tərəflərdən birinin tələbi ilə Müqavilə yalnız digər tərəf Müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya Müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin Müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, Müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İcrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məcəllənin 462.3-cü maddəsinə görə Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. İşin faktiki hallarına qiymət verib və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh Böyükağa qızı iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış, bununla da cavabdeh Kredit Müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Ona görə də, iddia təmin edilərək borc məbləği cavabdehdən ümumi qaydada tutulmalıdır. İddia tələbinin cavabdehin borcunu vaxtında qaytarmadığına görə iddiaçıya dəymiş gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 58,80 ABŞ dolları zərərin tutulması hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 449.2-ci maddəsinə görə bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, “Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir.” Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarına əsasən, “Pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən MM-in 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.” Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarına əsasən, “Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.” Mülki Məcəllənin 449.3-cü maddəsinə əsasən, əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbinin ödənişi gecikdirməyə görə hesablanmış 2208,40 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması hissəsi qismən təmin edilməlidir. Məhkəmə kredit müqaviləsindən irəli gələn ödənilməmiş əsas borcun 183,84 ABŞ dolları məbləğində müəyyən olunduğu halda, ödənişin gecikdirilməsinə görə hesablanmış 2208,40 ABŞ dolları cərimə (dəbbə) pulu məbləğini qeyri-mütənasib hesab edir və həmin dəbbə pulu məbləğinin 20 ABŞ dolları müəyyənləşdirilməsini tərəflərin mənafeyi baxımından məqsədəuyğun olması nəticəsinə gəlir Məhkəmə həmçinin iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul vəsaiti manatla ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. MM-nin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Məhkəmə tələbin 64,10 manat ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia qismən təmin olunduğu halda isə məhkəmə xərclərinə aid edilən ödənilmiş 64,10 manat dövlət rüsumunun 30 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" QSC KB ilə Cavabdeh Böyükağa qızı arasında bağlanmış xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsindən yaranmış 183,84 ABŞ dolları məbləğində əsas borc, 142,64 ABŞ dolları məbləğində faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 58,80 ABŞ dolları zərər və 20 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 405,28 ABŞ dolları məbləğinin ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi Cavabdeh Böyükağa qızından tutulub ləğv prosesində olan QSC "xxxx" KB-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar