Məhkəmə qərarları › İş №e-2(009)-1564/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1564/2025

09.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1564/2025 09.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi L.T.Abbaszadənin iştirakları ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı ("xxxx" MMC 3-cü şəxs qismində cəlb edilməklə) sığorta ödənişinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onun qızı X3 xx.xx.2024-cü il tarixdə etibarnamə ilə idarə etdiyi “Faw HONGQ” markalı, 77YK592 dövlət nömrə nişanlı avtomobillə Qəbələ rayonu Savalan kəndi ərazisində Qəbələ şəhər istiqamətində hərəkətdə olduğu zaman əyləc sistemində yaranmış nasazlıq səbəbindən idarəetməni itirərək yol nəqliyyat hadisəsi törətmiş və nəticədə avtomobilə ciddi ziyan dəymişdir.İş materillarında olan xx.xx.2024-cü il tarixli, 0248 nömrəli alqı-satqı müqaviləsinə əsasən “Faw HONGQ” markalı, 77YK592 dövlət nömrə nişanlı avtomobil lizing müqaviləsinə əsasən İddiaçı 48000 manata satılmışdır. İş materillarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli K0002 nömrəli etibarnamədən görünür ki, X1 “Faw HONGQ” markalı, 77YK592 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsini idarə etmək üçün xx.xx.2033-cü il tarixədək qüvvədə olan etibarnaməsi olmuşdur. Yol hərəkəti qaydaları, Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında Qəbələ rayon DYPŞ-nin lXP seriyalı ******* saylı xx.xx.2024-cü il tarixli protokolundan və avtomobil vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan göründüyü kimi X3 xx.xx.2024-cü il tarixdə saaat 13:33-də “Faw HONGQ” markalı 77YK592 dövlət qeydiyyatı nişanlı avtomobili Qəbələ rayonu Savalan kəndi ərazisində idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş bu səbəbdən barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materallarında olan xx.xx.2024-cü il tarixli **********81 nömrəli Avtonəqliyyat Vasitəsinin Sığorta şəhadətnaməsindən görünür ki, “Faw HONGQ” markalı 77YK592 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh Sığorta Şırkəti ASC-də xx.xx.2024-cü ildən xx.xx.2026-cı ilədək 45000 manat məbləğində könüllü sığortalı olmuşdur. İş materillarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli O-AP- 2025/0936 nömrəli məktubda qeyd olunmuşdur ki, hadisə yerinin raportuna əsasən Faw HONGQ markalı 77YK592 dövlət nömrə nişanlı avtomobilin əyləc sistemində nasazlıq olduğu qeyd olunmuşdur. Buna görə də həmin "xxxx" ASC bu hadisə ilə bağlı sığorta ödənişi edilməsindən imtina etmişdir. Lakin iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli No/592/CM/24 nömrəli arayışdan görünür ki, edilmiş DNN “Faw HONGQ H55” markalı, 77YK592 dövlət qeydiyyat nişanlı istehsal ili 2022-ci il tarixli olan avtomobil sonuncu dəfə xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin rəsmi servis mərkəzində texniki xidmət göstərilmiş və avtomobildə heç bir texniki qüsur aşkar edilməmişdir. Hadisə nəticəsində avtomobilinə əhəmiyyətli dərəcədə ziyan dəymişdir. Belə ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Qüsur Aktından görünür ki, “Faw HONGQ” markalı 77YK592 dövlət qeydiyyat nişanlı avtomobilə 42.201.52 manat ziyan dəymişdir. Avtonəqliyyat vasitələrinin könüllü sığortası haqqında” xx.xx.2009-cu il tarixli qaydalara əsasən Avtonəqliyyat vasitəsinin tam məhv olması - Sığorta hadisəsi nəticəsində Avtonəqliyyat vasitəsinə dəymiş zərərin aradan qaldırılması (təmiri) ücün tələb olunan pul vəsaitinin ümumi məbləğinin sığorta məbləğinin 75%-ni və ya ondan daha artıq məbləği təşkil etməsi halında Avtonəqliyyat vasitəsi tam məhv olmuş sayılır. Şığorta şəhadətnaməsindən də göründüyü kimi nəqliyyat vasitəsinin ümumi sığorta məbləği 45000 manat təşkil edir. Göründüyü kimi avtomobilə dəymiş ziyan sığorta məbləğinin 75%-dən artığını təşkil edir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh "xxxx" ASC-dən dəymiş zərər sığorta məbləğinin 75%-dən artıq olduğu və avtonəqliyyat vasitəsi tam məhv olmuş sayıldığı üçün avtomobilin dəyəri olan 48000 manat və hazırkı iddianın ərizəsinin verilməsinə görə ödənilmiş 234 manat məbləğində dövlət rüsumun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı əsl iddiaçı "xxxx" MMC ilə əvəz edilmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, ümumiyyətlə nəqliyyat vasitəsinin sürücüsündən sığorta təşkilatının nümayəndəsinin suallarına cavab kimi əldə etdiyi sübutu sübutlar siyahısından çıxarılmasını xahiş edir. Belə ki, ilkin olaraq hadisədən sonra sığorta təşkilatının nümayəndəsi sürücü Nəzrin Əliyevaya çəkilişdən əvvəl bildirmişdir ki, sığorta ödənişinin verilməsi üçün nəqliyyat vasitəsinin əyləc sistemində nasazlığın olmasını bildirsin. Aydındır ki, hadisədən sonra sürücü şok vəziyyətinə düşmüş, bu hal hadisə yerinə gələn həkimlər tərəfindən də müayinə zamanı müəyyən edilmişdir. Ona görə də həmin görüntünü əks etdirən sübutu sübut əhəmiyyəti kimi hesab etmir. Digər tərəfdən cavabdehin məhkəməyə təqdim etdiyi müstəqil ekspert rəyi də sübut kimi qiymətləndirilə bilməz. Həmin ekspertin belə rəy vermə səlahiyyətinin olması müəyyən olunmur. Qalıq rəyinin 6000 manat qəzadan əvvəlki orta bazar qiymətinin 42.000 manat təşkil etməsini təsdiq edən sübutlar da təqdim olunmamışdır. Sığorta müqaviləsində sığorta məbləği 45000 manat həddində müəyyən edilmiş, alqı-satqı isə 48.000 manata rəsmiləşdirilmişdir. İstismar zamanı avtomaşın maksimum 1000-2000 manat dəyərdən düşə bilər. Həmin rəydə əyləc sistemində nasazlığın olması müəyyən edilsə də, həmin nasazlığın hadisədən sonra və yaxud əvvəl olmasına qiymət verilməmişdir. Ona görə də həmin rəyi də sübut kimi dəyərləndirmir. Doğrudur, məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər qarşılıqlı razılığa gəlmişlər ki, sığorta təşkilatı hadisə ilə bağlı təxminən 41.000-42.000 manat ödəniş edir, iddiaçı qalıq dəyəri 5000 manat, sığorta təşkilatı isə 6000 manat qiymətləndirmişdir. Sığorta təşkilatı tərəfindən yalnız sürücünün suallara cavabını əks etdirən flaş-kart məhkəməyə təqdim edilmişdir. Cavabdeh ümumiyyətlə hadisə yerinin fotoşəkillərinin həqiqətən hadisə baş verənədək nəqliyyat vasitəsinin tormozlama aparmaması, yol səthində iz buraxılmamasını əks etdirən sübutlar təqdim edilməmişdir. Bu halları nəzərə alaraq iddiaçının nümayəndəsi cavabdehin dəlillərini və gətirdiyi sübutları əsassız hesab etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, sığorta təşkilatının nümayəndəsinin tam hüququ vardır ki, hadisədən sonra hadisənin real vəziyyəti barədə məlumat əldə etsin. Bu səbəbdən hadisənin baş vermə səbəbi ilə bağlı sığorta təşkilatının nümayəndəsi hadisə yerində olmuş, sürücüyə suallar verilmiş, bununla əlaqədar çəkiliş aparmış və çəkiliş zamanı sürücü əyləc sistemində nasazlığın olmasını, bu vəziyyətdə idarə etməsini, tormozun tutmaması nəticəsində hadisənin baş verməsini göstərmişdir. Ona görə də sığorta təşkilatı olaraq onlar qanunvericiliyin tələblərinə istinad edərək sığorta ödənişinin verilməsindən imtina etmişlər. Əyləc sisteminin texniki cəhətdən saz olmaması məhkəməyə təqdim olunan müstəqil ekspert rəyi ilə də təsdiq olunur. Eyni zamanda həmin rəydə avtomaşının qəzadan sonrakı vəziyyətdə qalıqlarının dəyəri 6000 manat, əvvəlki vəziyyətdə orta bazar qiymətinin 42000 manat olması qənaətinə də gəlinmişdir. Sığorta müqaviləsində azadolma məbləği 200 manat, 24 yaşından aşağı yaşı olan sürücü tərəfindən idarə olunduğu təqdirdə hadisənin baş verməsi halında azadolma məbləği həmçinin 500 manat da tətbiq olunması nəzərdə tutulmuşdur. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, flaş-karta baxış keçirib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş üzrə xx.xx.2024-cü il tarixli, **********81 saylı Avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsinin surətinə əsasən Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən sığortalı Maraqlı şəxs MMC-yə məxsus nəqliyyat vasitəsi xx.xx.2024-cu il tarixdən xx.xx.2026-cı il tarixədək sığortalanmışdır. Ümumi sığorta məbləği 45.000 manat, ümumi sığorta haqqı 2052 manat, hər bir sığorta hadisəsi üçün azadolma məbləği 200 manat, yol-nəqliyyat hadisəsi zamanı avtomobili idarə edən səlahiyyətli şəxsin yaşı 24-dən az olarsa və ya sürücülük təcrübəsi 2 ildən aşağı olarsa 500 manat əlavə şərtsiz azadolma məbləğinin tətbiq olunması nəzərdə tutulmuşdur. İş üzrə “Satıcı” qismində "xxxx" MMC ilə “Alıcı” qismində İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli 0248 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı “FAW HONGQİ” markalı, 77YK592 dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı 48.000 manata satmışdır. İş üzrə xx.xx.2024-cü il tarixli K0002 nömrəli etibarnamənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən “FAW HONGQİ” markalı, 77YK592 dövlət qeydiyyat nişanlı avtomaşına dair xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək X2 etibarnamə verilmişdir. İş üzrə "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olan **-YK-*** dövlət qeydiyyat nişanlı “FAW HONGQİ HS5” markalı, istehsalı ili 2022-ci il olan qara rəngli avtomobil sonuncu dəfə xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin rəsmi servis mərkəzində xidmət göstərilmiş və avtomobildə heç bir texniki qüsur aşkar edilməmişdir. İş üzrə Qəbələ rayonu Yol Patrul Xidmətinin inspektoru tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolun surətinə əsasən X3 xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli hesab olunaraq inzibati məsuliyyətə cəlb edilmişdir. İş üzrə "xxxx" MMC-nin servis mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktının surətindən görünür ki, “HONGQİ HS5” markalı, **-YK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 42201,52 manat vəsait hesablanmışdır. İş üzrə Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh Sığorta Şirkəti ASC-də **********81 saylı avtonəqliyyat vasitəsinin könüllü sığorta müqaviləsi əsasında sığortalanmış “FAW HONGQİ H5” markalı, 77YK592 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər ilə bağlı şirkətə daxil olmuş müraciətə baxılmışdır. Şirkət tərəfindən tərtib olunmuş hadisə yerinin raportuna əsasən məlum olmuşdur ki, avtonəqliyyat vasitəsinin əyləc sistemində nasazlıq olduğu qeyd edilmişdir. Avtonəqliyyat vasitəsinin sürücüsü Əliyeva Nəzrin nasaz avtonəqliyyat vasitəsi ilə başqa şəhərə getmiş və əyləc sistemində qeyd olunan nasazlıq səbəbindən idarəetməni itirmiş və avtonəqliyyat vasitəsinə ciddi zərər dəyib. Baş vermiş hadisənin təfərrüatından da məlum olduğu kimi sürücüyə avtonəqliyyat vasitəsində olan nasazlığının hələ aradan qaldırılmadığı və avtonəqliyyat vasitəsinin idarə edilməsinin təhlükəli olduğu bildirsə də deyilənlərə əməl edilməmiş və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. “Avtonəqliyyat vasitələrinin könüllü sığortası haqqında” xx.xx.2009-cu il tarixli qaydalarının 21.9-cu maddəsinə əsasən qanunvericiliyə əsasən avtonəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə əsasən verən nasazlıqları olan avtonəqliyyat vasitəsinin istismar olunması nəticəsində ortaya çıxan istənilən zərərlərin bu sığorta ilə əvəzi ödənilmir. Belə ki, həmin Qaydaların 38.1.12-ci maddəsinə əsasən yerinə yetirmədiyi təqdirdə sığorta hadisəsinin baş verməsinə və ya zərərin həcminin artmasına gətirib çıxaran, Sığortalı tərəfindən Sığorta müqaviləsinə, bu Qaydalara və ya qanunvericiliyə əsasən ona həvalə edilən öhdəlik və şərtlərin yerinə yetirilməməsi səbəbi ilə Cavabdeh Sığorta Şirkəti ASC bu hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.4-cü maddəsinə əsasən sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi nəticəsində bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı. Qeyd olunanları nəzərə alaraq Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən N.Əliyevaya sığorta ödənişinin verilməsindən imtina olunur. İş üzrə Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən X2 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh Sığorta Şirkəti ASC-də **********81 saylı avtonəqliyyat vasitəsinin könüllü sığorta müqaviləsi əsasında sığortalanmış “FAW HONGQİ H5” markalı, 77YK592 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər ilə bağlı şirkətə daxil olmuş müraciətə baxılmışdır. Şirkət tərəfindən tərtib olunmuş hadisə yerinin raportuna əsasən məlum olmuşdur ki, avtonəqliyyat vasitəsinin əyləc sistemində nasazlıq olduğu qeyd edilmişdir. Avtonəqliyyat vasitəsinin sürücüsü Əliyeva Nəzrin nasaz avtonəqliyyat vasitəsi ilə başqa şəhərə getmiş və əyləc sistemində qeyd olunan nasazlıq səbəbindən idarəetməni itirmiş və avtonəqliyyat vasitəsinə ciddi zərər dəyib. Baş vermiş hadisənin təfərrüatından da məlum olduğu kimi sürücüyə avtonəqliyyat vasitəsində olan nasazlığının hələ aradan qaldırılmadığı və avtonəqliyyat vasitəsinin idarə edilməsinin təhlükəli olduğu bildirsə də deyilənlərə əməl edilməmiş və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. “Avtonəqliyyat vasitələrinin könüllü sığortası haqqında” xx.xx.2009-cu il tarixli qaydalarının 21.9-cu maddəsinə əsasən qanunvericiliyə əsasən avtonəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə əsasən verən nasazlıqları olan avtonəqliyyat vasitəsinin istismar olunması nəticəsində ortaya çıxan istənilən zərərlərin bu sığorta ilə əvəzi ödənilmir. Belə ki, həmin Qaydaların 38.1.12-ci maddəsinə əsasən yerinə yetirmədiyi təqdirdə sığorta hadisəsinin baş verməsinə və ya zərərin həcminin artmasına gətirib çıxaran, Sığortalı tərəfindən Sığorta müqaviləsinə, bu Qaydalara və ya qanunvericiliyə əsasən ona həvalə edilən öhdəlik və şərtlərin yerinə yetirilməməsi səbəbi ilə Cavabdeh Sığorta Şirkəti ASC bu hadisə ilə bağlı N.Əliyevaya sığorta ödənişinin verilməsindən imtina edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.4cü maddəsinə əsasən sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi nəticəsində bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı. Qeyd olunanları nəzərə alaraq Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən N.Əliyevaya sığorta ödənişinin verilməsindən imtina olunur. İş üzrə Cavabdeh Sığorta Şirkəti ASC-nin sifarişi əsasında müstəqil ekspert Elçin Allahverdiyev tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli müstəqil ekspert rəyinin surətindən görünür ki, “FAW HONGQİ H5 Hibrid” markalı, 77YK592 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin əyləc sisteminin texniki cəhətdən saz olmadığı qənaətinə gəlinir. Aşkarlanmış nasazlıqlar əyləc sisteminin normal işləməsinə mane olmaqla toromozlamanın zəifləməsinə və ya tam baş verməməsinə real texniki risk yaradır. Aşkar edilmiş texniki nasazlıq qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olan amillərdən biri kimi qiymətləndirilə bilər. Bu vəziyyət yol hərəkəti təhlükəsizliyi tələblərinə ziddir və nəqliyyat vasitəsinin istismarı üçün təhlükəli hesab olunur. Avtomobilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində maddi ziyan dəymişdir. Avtomobilə xx.xx.2026-cı il tarixdə baxış keçirilmiş və müəyyən edilmişdir ki, avtomobilin qəzadan əvvəlki vəziyyətə bərpası texniki və iqtisadi baxımından səmərəlidir və təmirə yararsızdır. Avtomobilin qəzadan dərhal əvvəlki orta bazar dəyərinin müəyyən edilməsi məqsədilə mövcud bazar qiymətlərinin araşdırılması aparılmış, eyni model, marka, buraxılış ili, mühərrik həcmi və təchizatı olan ölkənin avtomobil bazarında real satışa çıxarılmış bir neçə avtomobilin orta satış qiyməti hesablanmış, habelə bir neçə avtomobil satıcıları ilə real satış qiymətləri barədə razılaşma danışıqları aparılmış, nəticədə bu rəydə göstərilən orta bazar dəyəri əldə edilmişdir. Avtomobilin qəzadan sonrakı qalıqlarının qiymətləndirilməsi üçün avtomobilin yararlı elektrocihazları, ban və salon hissələri, təhlükəsizlik sistemi, asqısı və mühərrik hissəsi nəzərə alınıb, yararlı ehtiyyat hissələrinin qeydiyyatı aparmış, həmçinin qəzalı vəziyyətdə avtomobilin qalıqlarla birlikdə satılması imkanları araşdırılmışdır. Nəticədə bu ekspert rəyi ilə müəyyən edilmişdir ki, avtomobilin qəzadan dərhal əvvəlki orta bazar dəyəri 42.000 manat və qəzadan sonrakı vəziyyətdə qalıqlarının orta bazar dəyəri 6000 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" MMC-yə məxsus olmuş “FAW HONGQİ HS5” markalı, **-YK-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cu il tarixdən xx.xx.2026-cı il tarixədək Cavabdeh Sığorta Şirkəti ASC-də xx.xx.2024-cü il tarixli, **********81 nömrəli “Avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsini” üzrə sığortalanmış, sığorta məbləği 45.000 manat, azadolma məbləği 200 manat miqdarında müəyyən edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC “FAW HONGQİ HS5” markalı, 77YK592 dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı 48.000 manata satmışdır. Həmin avtonəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək etibarnamə əsasında X1 istifadəsində olmuşdur. Həmin avtomobil qanuni əsaslarla Nəzrin Əliyevanın istifadə olan zaman xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yararsız vəziyyətə düşmüşdür. İddiaçı sığorta şirkətindən **********81 saylı avtonəqliyyat vasitəsinin könüllü sığorta müqaviləsinə əsasən sığorta ödənişi tələb etsə də, sığorta şirkəti hadisənin sığorta hadisəsi hesab edilməməsi (sürücünün nəqliyyat vasitəsini əyləc sistemində nasazlıq olduğu halda idarə etməsi) səbəbi ilə sığorta ödənişinin verilməsindən imtina etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" servis mərkəzi tərəfindən avtomaşına vurulmuş ziyan məbləğini 42.201,52 manat hesablamışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, “Faw HONGQ” markalı 77YK592 dövlət qeydiyyat nişanlı avtomobilə 42.201.52 manat ziyan dəymişdir. Avtonəqliyyat vasitələrinin könüllü sığortası haqqında” xx.xx.2009-cu il tarixli qaydalara əsasən Avtonəqliyyat vasitəsinin tam məhv olması - Sığorta hadisəsi nəticəsində Avtonəqliyyat vasitəsinə dəymiş zərərin aradan qaldırılması (təmiri) ücün tələb olunan pul vəsaitinin ümumi məbləğinin sığorta məbləğinin 75%-ni və ya ondan daha artıq məbləği təşkil etməsi halında Avtonəqliyyat vasitəsi tam məhv olmuş sayılır. Şığorta şəhadətnaməsindən də göründüyü kimi nəqliyyat vasitəsinin ümumi sığorta məbləği 45000 manat təşkil edir. Göründüyü kimi avtomobilə dəymiş ziyan sığorta məbləğinin 75%-dən artığını təşkil edir. Bu səbəbdən iddiaçı cavabdeh "xxxx" ASC-dən dəymiş zərər sığorta məbləğinin 75%-dən artıq olduğu və avtonəqliyyat vasitəsi tam məhv olmuş sayıldığı üçün avtomobilin dəyəri olan 48000 manat və hazırkı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 234 manat məbləğində dövlət rüsumu alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, sığorta şirkəti tərəfindən təqdim edilmiş müstəqil ekspert rəyinə əsasən “FAW HONGQİ H5 Hibrid” markalı, 77YK592 dövlət qeydiyyat nişanlı avtomobilin əyləc sisteminin texniki cəhətdən saz olmadığı qənaətinə gəlinmişdir. Aşkar edilmiş texniki nasazlıq qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olan amillərdən biri kimi qiymətləndirilə bilər. Avtomobilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində maddi ziyan dəymişdir. Avtomobilə xx.xx.2026-cı il tarixdə baxış keçirilmiş və müəyyən edilmişdir ki, avtomobilin qəzadan əvvəlki vəziyyətə bərpası texniki və iqtisadi baxımından səmərəlidir və təmirə yararsızdır. Avtomobilin qəzadan dərhal əvvəlki orta bazar dəyəri 42.000 manat və qəzadan sonrakı vəziyyətdə qalıqlarının orta bazar dəyəri 6000 manat təşkil etmişdir. Məhkəmə ilk növbədə baş vermiş yol-nəqliyyat hadisəsinin sığorta hadisəsi hesab olunubolunmaması ilə bağlı dəlillərə hüquqi qiymət verilməyi zəruri hesab edir. «Sığorta fəaliyyəti haqqında» AR Qanununun 1.1.4-cü maddəsinə əsasən sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi hesab edilir. Həmin Qanunun 1.1.6-cı maddəsinə əsasən faydalanan şəxs - icbari sığorta qanunvericiliyinə və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ olan şəxs hesab edilir. “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” Qaydalarının 4.1,4.1.2 və 4.1.2.1-ci maddələrinə əsasən avtonəqliyyat vasitələrinin tam məhv olunması halında sığortaçı avtonəqliyyat vasitəsinin qalıqlarına olan hquqlarından imtina etməsi şərtilə, avtonəqliyyat vasitəsinin sığorta hadisəsinin baş vermə anından sonrakı vəziyyətinə uyğun gələn bazar qiyməti çıxılmaqla, onun sığorta hadisəsinin baş vermə anından əvvəlki bazar qiymətini ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. - 898.2-ci maddəsinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. -903.2-ci maddəsinə əsasən sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. - 904.2-ci maddəsinə əsasən sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir. - 915-ci maddəsinə əsasən sığortaçının təklif etdiyi könüllü sığorta növünün aparılmasının əsaslandığı, həmin sığorta növü üzrə qayda və şərtlərin məcmusu olan sığorta qaydaları bu Məcəllənin və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, sığortaçının özü tərəfindən və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16.5-ci və 16.6-cı maddələrində nəzərdə tutulmuş digər qaydada müəyyən edilir. - 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. - 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 904.1-ci maddəsinə və “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” Qaydalarının 5.1-ci maddəsinə əsasən sığorta məbləği sığorta müqaviləsində təsbit edilmiş və sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir. Həmin Qaydaların anlayışlar bölməsinə əsasən avtonəqliyyat vasitəsinin tam məhv olması – sığorta hadisəsi nəticəsində avtonəqliyyat vasitəsinə dəymiş zərərin aradan qaldırılması (təmiri) üçün tələb olunan pul vəsaitinin ümumi məbləğinin sığorta məbləğinin 75%-ni və ya ondan daha artıq məbləği təşkil etməsi halında avtonəqliyyat vasitəsi tam məhv olmuş sayılır. Məhkəmə cavabdehin nümayəndəsinin sığorta ödənişinin verilməsindən imtinanın əsası kimi sürücünün əyləc sistemində nasazlıq olduğu vəziyyətdə və bunu bildiyi halda idarə etməsi və belə vəziyyətdə baş verən hadisənin sığorta hadisəsi hesab edilməməsi barədə dəlilləri üzrə qeyd edir ki, həmin dəlillər əsaslı hesab edilə bilməz. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi törədən nəqliyyat vasitəsi zəmanətli olaraq sonuncu dəfə hadisədən 3 gün qabaq, yəni xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-də servis mərkəzində xidmətdən keçmiş və xidmət göstərilməsi zamanı avtomobildə heç bir texniki qüsur aşkar edilməmişdir. Cavabdehin nümayəndəsi hadisədən dərhal sonra sürücünün sığorta təşkilatının əməkdaşı tərəfindən verilən suallara cavabını və həmin cavabda əyləc sistemində nasazlığın olması barədə verdiyi məlumata istinad edərək iddianın əsassız olmasını qeyd etmişdir. Qeyd edildiyi kimi, nəqliyyat vasitəsi hadisədən 3 gün qabaq texniki baxışdan keçirilmiş, sürücü Bakıdan 220 km aralı yerləşən Qəbələ rayonuna gedib geri qayıdarkən, yəni təxminən 300 km-ə yaxın məsafə qət etmişdir. Məhkəmə 3 gün ərzində istismar olunan kifayət qədər böyük məsafə qət edən nəqliyyat vasitəsinin əyləc sistemində hər hansı bir qüsurun bu müddət ərzində özünü biruzə verməməsini məntiqli və əsaslı hesab etmir. Yəni əyləc sistemində nasazlıq şəraitində nəqliyyat vasitəsi istismar olunardırsa, o, çox qısa müddət ərzində aşkara çıxmalı idi. Ona görə də məhkəmə cavabdehin nümayəndəsinin həmin dəlillərini əsaslı hesab etmir, həmçinin məhkəmə sürücünün hadisədən dərhal sonra şok effekti halında sığorta təşkilatının nümayəndəsinin verdiyi suallara cavabını da sığorta ödənişinin verilməsindən imtinanın əsası kimi qiymətləndirilməli olmaması qənaətinə gəlir. Eyni zamanda hadisə baş verən günü həkim tərəfindən müayinə olunan sürücünün səhhətində də hadisə ilə bağlı gərginliyin yaranması da müayinə nəticəsində tərtib edilmiş sənəddə qeyd olunmuşdur. Məhkəmə eyni zamanda cavabdeh tərəfindən müstəqil ekspert rəyi kimi məhkəməyə təqdim olunan sənədi də sübut kimi qiymətləndirmir. Belə ki, həmin rəyi tərtib edən Elçin Allahverdiyevin belə rəy vermək üçün müvafiq ixtisasa malik olmasını təsdiq edən sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Rəyin özündə isə əyləc sisteminin texniki cəhətdən saz olmadığı gənaətinə gəlinmiş, həmin nasazlığın hadisədən əvvəl və ya sonra yaranmasına qiymət verilməmişdir. Məhkəmə eyni zamanda həmin rəydə avtomobilin qəzadan əvvəlki orta bazar qiymətinin 42.000 manat təşkil etməsi barədə məlumatı da mötəbər hesab etmir, rəydə bunu təsdiq edən hər hansı bir sübut (eyni buraxılış ili və eyni markada olan nəqliyyat vasitəsinin həmin vaxta olan qiyməti ilə bağlı sübutlar və s.) məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə həmin rəydə avtomaşının texniki vəziyyəti və orta bazar qiyməti ilə bağlı gəlinən nəticəni mötəbər hesab etmir. İddiaçı cavabdehdən sığorta ödənişinin əvəzi kimi 48.000 manat məbləğində pulun tutulmasını tələb edir. İddiaçı həmin məbləği alqı-satqı müqaviləsində avtomobilin həmin qiymətə satıldığı üçün göstərdiyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, sığorta müqaviləsində sığorta məbləği 45.000 manat tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edildiyindən, məhkəmə həmin məbləği real məbləğ kimi qəbul edir. Lakin hadisənin sığorta müqaviləsi bağlandıqdan 7 ay sonra baş verməsini və bu müddət ərzində aşınma ilə əlaqədar dəyərdən düşə bilməsini də nəzərə alaraq hesab edir ki, sığorta məbləği kimi nəqliyyat vasitəsinin qəzadan əvvəlki bazar qiyməti 43.000 manat həddində olması müəyyən edilməlidir (iddiaçının nümayəndəsi istismarla bağlı avtomobilin 1000-2000 manat dəyərdən düşməsini məntiqli hesab etmişdir). Məhkəmə qəzadan sonrakı vəziyyətdə nəqliyyat vasitəsinin qalıqlarının orta bazar dəyərinin 6000 manat həddində olmasını ağlabatan hesab edir. İddiaçının nümayəndəsi də məhkəmədə tərəflər arasında məhkəməyədək danışıqlar zamanı iddiaçı tərəfindən həmin məbləğin 5000 manat, cavabdeh tərəfindən 6000 manat olması ilə bağlı ilkin razılığın olmasını bildirmişdir. Məhkəmə eyni zamanda müqavilədə azadolma məbləğinin 200 manat, yol-nəqliyyat hadisəsi zamanı avtomobili idarə edən səlahiyyətli şəxsin yaşı 24-dən az olarsa və ya sürücülük təcrübəsi 2 ildən aşağı olarsa 500 manat əlavə şərtsiz azadolma məbləğinin tətbiq olunmasının nəzərdə tutulmasını əsas götürərək hesab edir ki, ödənilməli sığorta məbləğinin müəyyən edilməsi zamanı bu hal nəzərə alınmalıdır. Belə ki, nəqliyyat vasitəsinin idarə edən sürücünün yaşı 24-dən az olmuşdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, sığorta təşkilatı tərəfindən sığorta hadisəsi ilə bağlı ödənilməli olan məbləğ avtomobilin hadisədən əvvəlki orta bazar dəyərindən (43.000 manat) avtomobili qalıqlarının dəyəri (6.000 manat), həmçinin 200 manat (azadolma məbləği) və 500 manat (sürücünün yaşı 24-dən az olduğu üçün azadolma məbləği) çıxılmaqla yerdə qalan məbləğ (43.000-6.000-200-500=36.300 manat) 36.300 manat real ziyan məbləği kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, cavabdehdən sığorta hadisəsi ilə bağlı iddiaçının xeyrinə 36.300 manat məbləğində pul tutulmalıdır. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi vurulmuş ziyanın tutulması hissəsində qismən təmin olunduğu üçün, məhkəmə xərcləri - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (199 manat) Cavabdeh Sığorta Şirkəti ASC-dən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Sığorta Şirkəti ASC-dən "xxxx" MMC-nin xeyrinə sığorta ödənişi kimi 36.300 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 199 manat, cəmi 36.499 (otuz altı min dörd yüz doxsan doqquz) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar