Məhkəmə qərarları › İş №e-2(009)-1591/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1591/2022

06.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1591/2022 06.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcu” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 478.80 manat (dörd yüz yetmiş səkkiz manat, səksən qəpik) əsas borc, 739.99 manat (yeddi yüz otuz doqquz manat, doxsan doqquz qəpik) faiz, 3406.37 manat (üç min dörd yüz altı manat, otuz yeddi qəpik) cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 73.85 manat (yetmiş üç manat, səksən beş qəpik) faiz borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 67 manat (altmış yeddi manat) dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı ASC-nin Bayıl filialı ilə Cavabdeh1 arasında bağlanmış 24 noyabr 2014-cü il tarixli, 581-14USD nömrəli kredit müqaviləsinə əsasən 18 ay müddətinə illik 32% dərəcəsi ilə 3700 ABŞ dolları (üç min yeddi yüz ABŞ dolları) məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 581-14USD-ZN nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2016-cı il tarixli Əlavə Sazişə əsasən kredit öhdəliyinin qalığı kapitallaşdıralaraq 4096.16 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2020-ci il tarixə kimi uzadılmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmış və kredit öhdəliyinin qalığı 5457.97 manat hesablanmışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh1 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2022-ci il tarixə Cavabdeh1 kredit üzrə 478.80 manat əsas borc, 739.99 manat faiz, 3406.37 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 73.85 manat faiz borcu yaranmışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 xx.xx.2022-ci il tarixdə iddiaya etiraz edərək bildirmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq iddiaçıya olan borcu restrukturizasiya olunaraq 478.80 manat borcu qalmışdır. Həmin borcu o, 31 may 2022-ci il tarixdə tam ödəmiş, daha sonra ərizə ilə iddiaçıya müraciət etsə də, heç bir rəsmi cavab almamışdır. Məhkəmə bildirişini aldıqdan sonra ona məlum oldu ki, onun müraciətinə əhəmiyyət verilmədən və ödəniş qəbzinə fikir verilmədən ödənişdən 1 ay sonra məhkəməyə müraciət edilib. İddiaçının nümayəndəsilə əlaqə saxladıqdan sonra banka borcunun olmaması ona bildirilib. Borcun olmaması barədə arayış almaq üçün Əmanətlərin Sığortalanması Fonduna müraciətinə cavab olaraq arayışın 10 günə veriləcəyi bildirilmişdir. O, məhkəmə bildirişini və iddia ərizəsini xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə almışdır. Qeyd edilənlərə əsasən, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ona qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsinin əsassız olmasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 etiraz ərizəsinə uyğun izahat verərək işə mahiyyəti üzrə baxıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə cavabdehləri dinləyib, araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 18 ay müddətinə 3700 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə Əlavə Sazişdən görünür ki, kredit öhdəliyinin qalığı 2883.32 ABŞ dolları əsas borc, 1206.84 ABŞ dolları ilə birlikdə cəmi 4090.16 ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsi üzrə Əlavə Sazişdən görünür ki, kredit öhdəliyinin qalığı 4090.16 ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə Əlavə Sazişdən görünür ki, kredit öhdəliyinin 3898.55 ABŞ dolları təşkil edən qalığı konvertasiya edilməklə 5457.97 manat təşkil edir. Məbləğ illik 17% olmaqla xx.xx.2019-cu il tarixədək restrukturizasiya edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi üzrə Əlavə Sazişdən görünür ki, kredit öhdəliyinin 3898.55 ABŞ dolları təşkil edən qalığı konvertasiya edilməklə 5457.97 manat təşkil edir. Məbləğ illik 17% olmaqla xx.xx.2019-cu il tarixədək restrukturizasiya edilmişdir. İş materiallarında olan Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin Məhkəmələrlə iş şöbəsinin xx.xx.2022-ci il tarixli, **********361 saylı bildirişindən görünür ki, Cavabdeh1 4697.19 AZN məbləğində borcun ödənilməsinin 3 gün ərzində təmin olunması tələb olunub. Əks təqdirdə Bankın məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalacağı qeyd olunub. İş materiallarında olan Cavabdeh1 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, borcun olmaması barədə arayışın verilməsinə və borc məbləğinin MKR-dən silinməsinə dair göstəriş verilməsini Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyindən xahiş etmişdir. İş materiallarında olan Cavabdeh1 xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, o, Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktorunun müavini, İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən Vüqar Abdullayevdən 478.80 manat məbləğində borcunun 6 ay müddətinə restrukturizasiya olunmasına və bankın elektron sistemi üzrə ona hesablanmış faizlərin silinməsinə göstəriş verməsini xahiş etmişdir. İş materiallarında olan LPO İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, məhkəmədən yaranmış zərurətlə əlaqədar olaraq mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, iddiaçı tərəfindən ödənilmiş 67 AZN məbləğində dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********911 saylı cavab məktubundan görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixinə xx.xx.2017-ci il tarixli KM030T07170004S01 nömrəli kredit müqaviləsi üzrə bank qarşısında öhdəliyi mövcud deyildir. İş materiallarında olan Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin Problemli kreditlərlə iş idarəsinin 13 iyun 2022-ci il tarixli, **********093 saylı arayışından görünür ki, xx.xx.2022-ci il tarixə Cavabdeh1 kredit üzrə 478.80 (dörd yüz yetmiş səkkiz manat səksən qəpik) əsas borc, 739.99 manat (yeddi yüz otuz doqquz manat doxsan doqquz qəpik) faiz, 3406.37 manat (üç min dörd yüz altı manat otuz yeddi qəpik) cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 73.85 manat (yetmiş üç manat səksən beş qəpik) faiz borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Məhkəmə hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, cavabdeh isə həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilmə bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 67 (altmış yeddi manat) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəllilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar